Yetənə sofu deməzlər…
… cəmi – aşiqlərin cəmi neçədi?
Məndən soran olsa cəm ustasıyam…
… gülgün şərab üçün badə gərəkdi!
Badə nədi, yahu, cam ustasıyam…
… yaraşır hay əyri, haray dikinə!
Mən hər gün, hər saat, hər ay tikirəm –
bağlı könüllərə saray tikirəm,
tikməyin dostuyam, həm ustasıyam…
Paşam der, sofudu ruhu təmizlər…
… qulun da haqqı var, haqqı yeməzlər!
… yetənə qəm dostu, sofu deməzlər!
Mən dərviş deyiləm, qəm ustasıyam…
Gecə məşqi…
… baxmır qaramatdı göyün üzündə,
baxmır qaranlıqdı küçələr – gəlir!
Mənim ürəyimin yerini bilir,
dərd mənim üstümə gecələr gəlir…
… dünyanın gözündə dərdim gülməli;
dünya öz dərdiynən gülür üstümə!
… gecələr daş olur dərdlərim, Allah,
ağır dərd daşları gəlir üstümə!
Dərdnən qolboyunam, dərdi sevirəm,
mənim ürəyimdə dərdin eşqidi…
Dərd mənnən oynayır bütün gecəni,
həyatım dərdlərin gecə məşqidi…
Öz köynəyimdə doğuldum..
… mənimki təklik, tənhalıq!
Hərəsindən bir az keçdim…
… soyudu bütün sevdalar –
sevməkdən belə vaz keçdim.
Bu təklik və tənhalıqda
vaz keçdiyim nələr yoxdu?..
Vaz keçdim sevməkdən belə…
Ta “sənsiz gecələr” yoxdu!
Özüm özümlə savaşdım,
yıxıldım, uçdum, dağıldım…
… hamıya öz köynəyi – can,
öz köynəyimdə doğuldum.
Doğulmuşdum… artıq gecdi!
Yaşamalı, ölməliydim…
Yarı vardım, yarı yoxdum,
yarı bir cür… gülməliydim!
Mənimki tənhalıq, təklik!
Hərəsindən bir az keçdim…
… soyudu bütün sevdalar –
sevməkdən belə vaz keçdim.
Bəlkə ona görə artıram belə…
Mən bütün gecəni oyaq qalıram…
… su indi qızıldı leysan hesabı.
Necə dinsin, susmaq istəmədikcə –
ya Vəli, bax budu insan əzabı!
… tarixin əyarı şair dövrümü?
Ya gümüş bazubənd ya sırğa dövrü?
Bəlkə ona görə artıram belə…
Gecə – əzabımın qasırğa dövrü!..
… dərdli-dərdli baxan göz görmüsənmi?
Dərdi dəftərimdə yaşıl yazılı!..
Mən belə baxanda çox qaranlığam…
Şer də gecələr yaxşı yazılır!..
Aşiq tənhalığı…
… mən hardayam, mənə göstər
mən olan yeri görmürəm.
… gözümü qaranlıq tutub,
gün olan yeri görmürəm.
… səninlə yola getdikmi?
Üstümə tökülür kirin!
Boşdu, bomboşdu aramız –
barmağın gözümə girir!..
… qandığım bura qədərdi,
bu qədər qanıram, Tanrım!
Sən – aşiq tənhalığısan,
qəmindən tanıram, Tanrım!
Gülü göstər – od oynasın!..
Bu torpağı dənə göstər!..
… Sən məndən yuxarıdasan,
mən hardayam, mənə göstər!
Daha havam çatmır havalanmağa…
(Atamın xatirəsinə)
… baxıram bir dərdin yaxınlığından,
bir ovuc torpaqnan ölçürəm vaxtı.
… ölümün haqqımı öldürə kim var?
İlahi, haqlısa bu necə haqdı?
Nə qədər susan var, danışmayan var…
Qalxa məzarları, dinə daşları.
Var-gəl eləyirəm qəbristanlığı,
sinəmi göynədir sinə daşları…
Atamı çağırdım dilsiz kədərnən,
göy üzünə bir də atasız baxdım…
Atalı vaxtlarım göynən biriydi,
bir ovuc torpaqdı atasız vaxtım.
… süzürəm alnından çənəsinəcən
halımı yer çəkir, göy çəkir… yoxdu!
Var-gəl eləyirəm qəbristanlığı,
atamın qəbrindən göyçəyi yoxdu!..
Daha havam çatmır havalanmağa…
Havasız qalmışam gör nə vaxtacan!
Bir gün bir qəbir də artacaq burda –
atamın yanında, bu torpaqdaca!
Çağırılmamış qonaq…
… məni heç kim çağırmadı,
səbəb də yox heç qınağa.
… “bir qonağam bu dünyada” –
çağırılmamış qonağam.
… gəldim yorula-yorula,
usana-usana gəldim.
Çağırılmamış qonağam,
bir dəli ozanam, gəldim!..
… yüyürüb qonşu səsinə,
çəpəri basıb gəlmişəm.
Gəlməzdim yolunu bilsəm,
dünyaya azıb gəlmişəm…
Son nəfəsdə yoruldum…
… dünya bir dar qəfəs kimi, İlahi,
dar-daracaq bu qəfəsdə yoruldum.
Şükür, yenə bu aldığım nəfəsə,
şükür, yenə son nəfəsdə yoruldum…
Bu dünyadı – min dayaz var, yüz dərin…
… çalxalandı, keç dəryanı, üz dərin!
… yordu məni bir gözəlin gözləri,
gəlib-gəlib axır gözdə yoruldum.
Fərq eləməz, ya qar-ayaz… dincəlim!
… ya bir payız, ya da bir yaz… dincəlim!
… aç qəbrimi, girim bir az dincəlim,
inan, Tanrım, ayaq üstdə yoruldum.
Başqa bir mən…
… necə anlamağım gərək?
Kim deyir ki, hazır birik!
Başqa bir mən, sən də mənəm –
qışı birik, yazı birik!
O kimiydi dedi, getdi;
– bir gün güldün, bir gün ağla.
… bir günahla xatırlandıq,
unudulduq bir günahla.
Mənim günah şərikimsən,
bu ölçüyə yenə yalvar…
… bir günahla da çataram –
bir günahlıq sənə yol var.
Səfa gördün?… cəfa çəkdin?
Bəlkə mən yox, sən haqlısan!..
Ey başqa mən, başqa mən tək
məndən daha maraqlısan!..
Mahnı dağlarda qaldı…
(təcnis)
… ayın on üçündə dünyaya gəldim,
üçdə səni gördüm, birdə sarı, gül!
Ey Gül, ağ bələyə bir sarımışdın,
məni ağ kəfənə bir də sarı, Gül!
Hökmmü: əri də – bu qara… dam da!
Adam yox, soyuyur bu qar adamda!..
Bir mənəm dünyada – bu qara damda,
bu damın altında bir də Sarıgül!
Başında duman var – dağlarda qaldı!
… getmədi duman da, dağlar da qaldı!
… bir mahnı da vardı, dağlarda qaldı –
“ağ gül, qırmızı gül, bir də sarı gül!”
Paşa Talıblı