Xaliq Bahadır. Dəyərləri qorumaq gərəyi

Rejim sorunları üzündən bu gün istər Türkiyədə, istər Azərbaycanda Türkçülük-Ulusalçılıq çox çətin, ağrılı görəvə dönüşüb. Ancaq kimlər üçün? Dəngəsi pozuq yapay yarımçıq kimsələr üçün deyil, bu yoliun dönməz-gerçək yolçuları üçün.Türkçülük-Ulusalçılıq kimi dəyərlərə yalanın üstünlük qazandığı ortamda yer olmur, ola bilmir. Bu isə Türkçülüyün-Ulusalçılığın özünə-özlüyünə, başqa sözlə, xarakterinəbağlı qaçılmaz görsənişlərdəndir. Türkçülük-Ulusalçılıq yalanla, özgüdükçülüyə bağlı dəngəsiz, nala-mıxa vuran  yalançı yolçuluqla, ilkələrə ayqırı, prinsipsiz barışqanlıqla bir araya sığmır, sığamaz.

Bəlli olduğu kimi, diktatura rejimləri özünüyaşatma faktoru olaraq ölkə boyu yalan, yaltaqlıq, aşağıdan yuxarıya qulluq ortamı doğurur: qulluq et, payını al. Başqa sözlə, qulluq et, pay qazan. Demək, ən aşağılardan ən yüksək dövlət görəvlərinədək. Mandat almaq da eləcə. Təkəlçiliyin dövlət yöntəminə (yöntəm-sistem) dönüşdüyü ortamda sözdə “dövlətə, dövlətçiliyə qulluq” adı verilsə də, gerçəkdə“dövlət, dövlətçilik” adı altında dövləti ələ keçirən gücə qulluq yolu tutulur. Burada özgüdükçü düşüncə “dövlət-dövlətçilik” ritorikası ilə pərdələnir.

Türkçülük-Ulusalçılıq özgüdükçülüyə ayqırı olduğundan “palaza bürün, elnən sürün”, “hamı necə, sən də elə”kimi yayğın alışqanlıqlara yaxın da getmir. Gedə bilməz. Nədən? Gedərsə, başqalaşar, özü olmaz. Özü olmaq, ən çətin durumlarda belə özlüyünü, başqa sözlə, özgürlüyünü qoruyub saxlamaq Türkçü-Ulusalçı ideolojinin başlıca özü deməkdir. Nələrə görəsə o özdən qopub ayrılanlar, uzaqlaşıb yan gedənlər yalnız sözdə “türkçü-ulusalçı” adını daşıya bilərlər-bu isə eləcə pərdələnmə deməkdir. Bu gün bizdə belələri yetərincədir: sözdə “türkçü-turançı”, işdə özgüdükçü. Dəyərlərə belə dönüklük görsənişləri genəl olaraq dəyərləri gözdən salır, tək-tək dəyər qoruyucularına isə istər-istəməz güvənsizlik yaradır.

“4 iyun qiyamının” yalançı xarakter daşıdığını illərlə yazdım, faktlar göstərməklə ona aydınlıq gətirdim. 31 ildən bəri müxalifətin  başında duranlar “4 iyun qiyamı” ilə bağlı illərlə yalan danışırkən hamı onları, onların yalanlarını  illərlə susaraq dinlədi. Mən yapay “4 iyun qiyamı” ilə bağlı gerçələri yazırkən, dilə gətirirkən məni yer-yerdən, dörd bir yandan söyüş, yamanlama oxuna tutudular. Məni o gerçəklərdən yana bəlli birilərilə bağlı “qərəzli” olmaqda, “yalançılıqda”, onlara “şər-böhtan” atmaqda suçladılar.

Kəlbəcərdən olan keçmiş polis o gerçəkçi çıxışlarımdan biriylə bağlı yazırdı: “Gündə bir əqidə dəyişən Nurçu Xaliq Bahadır…” Belə bir deyim var: “Keçmiş kqbeşnik olmur”. Görünür, keçmiş polis də olmur. Bu keçmiş polis, ola bilsin, soy-kökündən, ailəsindən gələn alışqanlığa, ola da bilsin, polis olarkən görüb götürdüklərinə, etdiklərinə uyğun olaraqməni şərləyib tutdurmaq üçün çoxqatlı suçlama taktikası seçir: “biri alınmasa, o biri alınsın”.

Orta oxul çağlarından ta sonuncu iş yerimə-“Azadlıq” qəzetinədək ən çətin durumlarda belə itirəcəklərimi düşünmədən əzilənlərə arxa durmuşam, hüququ tapdananların hüququnu qorumuşam. Bütünlükdə isə ardıcıllıqla xalqın hüquqularını qoruyanlardan olmuşam. Teleradio verilişləri komitəsi kimi respublikanın ən böyükideoloji qurumunda işləsəm də, prinsipial olaraq kompartiyadan uzaq durmuşam. Bu isə mənim işdə irəli getməyimdə başlıca əngəllərdən biri olub. Xalq hərəkatını başlayanlardan, AXC, AXCP-ni yaradanlardan, yaşadanlardan olmuşam. 2012-ci il yanvarın 8-də ortadakı bir sıra dönüklük-satqınlıq faktlarına görə AXCP-dən də, İctimai palatadan da getmişəm. Elə belə getməmişəm, İctimai palata tribunasından sözümü deyərək getmişəm. O gedişdən sonra hakimiyətin çoxsaylı çalışmalarına baxmayaraq, hakimiyət tribunasından müxalifətə qarşı bircə çıxış belə etməmişəm. Kimlər üçünsə ola bilər, ancaq mənim üçün bunlar qəhrəmanlıq deyil, eləcə öz ideyalarıma, sevib seçdiyim, yolçusu olduğum ideallara bağlılıqdır.

Hərəkat dönəmindən bu günlərədək satqınlıq-dönüklük yolu tutanları adbaad tanıyıram, adbaad faktlarla tanıdıram.Fakt qorxusundan qarşıma özləri deyil, əlaltıları, trolları çıxır. Onlar da necə? Faktlardan yayınaraq, “qərəzli”, “yalançı”, “şər-böhtan” kimi damğalara əl atmaqla.

Özünün, ola bilsin, qandan-gendən gəlmə alışqanlığıyla məni yox yerdən “Nurçu” deyə şərləyən o keçmiş polis də, onun kimi yolsuzlar da Türkçü-Ulusalçı olmağın, o ideala bağlı qalmağın indiki çətinliklərini, hansı itkilərlə başa gəldiyini duymaz-anlamazlar. Bəlkə də, ondan ötrü onlara qan, qana bağlı ideya dəyişikliyi gərəkdir. Bu isə qanköçürmə qurumuna üz tutmaqla düzələcək işlərdən deyil. Ola bilsin, işverənlik də bir anatomik yaranış özəlliyidir…

Belə yerdə gerçəyi ortaya çıxarmaq üçün düzgün yarğı (məhkəmə) gərəkir, o isə indilər bizdə yoxdur.

Bugünlərdə bəlli düşərgəni silkələyib sarsıdıb yerindən oynadacaq bir fakt bəlirləndi. Bir çağlar AXC hakimiyətində yüksək yer tutan, illərdən bəri ölkənin aparıcı müxalifət partiyalarından birinin başında duran buyurdu: ”4 iyun qiyamının qarşısını almaq olardı”. Biz illərlə nə deyirdik? Bəlkə, biz illərlə keşişi, mollanı söyürdük? Yox, biz illərlə xalqı aldatmağa yönəlik böyük bir yalana qarşıçıxaraq elə bunu deyirdik: “4 iyun qiyamının qarşısını almaq olardı”. Özü də biz bunu elə belə, boşuna demirdik, bir az obrazlı desək, dəmir-beton konstruksiyalı, el diliylə,  daşdan keçən faktlar göstərməklə deyirdik. Çoxsaylı faktlara söykənərək, AXC hakimiyətinin dışdan daha çox içdən yıxıldığını, içdən yenildiyini deyirdik.Biz hansıtərbiyəsizcəsinə, əxlaqsızcasına təpkilərlə üzləşəcəyimizi bilə-bilə gerçəy bildirməyi özümüzə borc bilirdik. Bəlli bilinsin: umacaqsız Ulus, Ölkə sevgisi belə olur- özünün strateji yoluna-güdüyünə, başqa sözlə, Türkçü-Ulusalçı ideallara uyğun olaraq, itirəcəklərini, necə acımasızca təpkilərlə qarşılaşacağını bilə-bilə gerçəkləri dilə gətirməkdən, yazmaqdan qorxmur, çəkinmirsən.

Sizi bilmirəm, 30 il bilə-bilə xalqa yalan danışıb 31-ci il özü öz yalanına qarşı çıxmağın “fəlsəfəsi” mənə çatmır. Görünür, Sovetlər dönəmindən bu yana ardıcıl olaraq politikayla uğraşsam da, gerçək-uğurlu politikanın nə olduğunu indiyədək qanmamışam. Siz Allah, məni bağışlayın!

FB dostluğumda olanların böyük çoxluğu müxalifətçidir. Guya demokratiya üçün çalışan bu adamlar gerçəkləri yazdığım üçün, demək olar, hamılıqla yazılarımı görməzdən gəlirlər. Demokratiya prinsipcə yalan yolçuluğu deyil, doğruluq yolçuluğudur. Demokratiyanın diktaturadan başlıca özəlliyi, başlıca gözəlliyi, başlıca üstünlüyü də bundadır. Ancaq bunu bilib dəyərləndirmək üçün demokratiyanı öyrənmək, mənimsəmək gərəkir. Bu olmayan yerdə- yalana öyrəncəli toplumla “top-top” oynayanlar uğur qazanır. Gerçəkçi kimsələr isə qaçılmaz olaraq uğursuzluğa uğrayır. Nə etməli, biliksizliyin, biliksizlikdən qaynaqlanan bütsevərliyin geniş yayıldığı toplumüçün yalanın dili dadlı, doğrunun dili acı olur. Mövlana deyir: “Günün adamı olmağa çalışma, gerçəyin adamı olmağa çalış: gün dəyişər, gerçək dəyişməz”.Gün dəyişdi, gerçək dəyişmədi-30 il sonra belə!

30 illik yalanların üstündən gerçək dilə gətirildi. (Uzun sürə kəsilmək bilməyən sürəkli, gurultulu alqışlar. Hamı ayağa qalxır-komunist rejimində olduğu kimi). Yalanı da, doğrunu da alqışlayanlar, demək olar, birdir. Kimsə sorğulamadı: nəyə görə bizi 30 il aldatdınız, nəyə görə bizə 30 il çevriliş yalanları sırıdınız? Kimsə sorğulamadı, nədən? Sorğulama demokratik ortamda olur, o üzdən.Burada 30 illik aldatma da yüksək “bəyəni” qazanır, 30 illik aldatmalara ayqırı yalanlama da.

 

 

Keçək “4 iyun qiyamı” ilə bağlı faktlara

 

1992-ci il dekabrın 30-da studiya direktoru olaraq Az TV ekranından etdiyim çıxışda tezliklə KQB arxivləri açılmasa, KQB parlamenti buraxılmasa bizim hakimiyətimizin devriləcəyini bildirdim. “Bizim hakimiyətimiz” – onda mən o hakimiyəti bizim hakimiyətimiz sayırdım. Yanıldığımı mənə tezliklə anlatmağa başladılar. O çıxışdan bir neçə gün sonra mənə qarşı sürəkli dışlama kampaniyası başladıldı.  Parlament, hökumət mənimlə savaşa qalxdı. 1993-cü il aprelin 14-də məni qondarma suçlamayla görəvdən aldılar. O suçlamalar arasında “dövlətə xəyanət” şərləməsi də vardı. Necə də gülünc idi: prezident məni “teleşirkətdə çevriliş planlaşdırmaqda”, baş nazir “dövlətə xətanətdə”, parlament “bacarıqsızlıqda, studiya direktoru olaraq işimin öhdəsindən gələ bilməməkdə” suçlayırdı. Sonra bəlli oldu: yuxarıda sözügedən çıxışla AXC hakimiyətində geniş, üstəlik, yüksək yer tutan agentir şaykanı təkbaşına dağıtmaq istəmişdim.Arxasında ələ keçirilmiş dövlət gücünün dayandığı agentura mənə üstün gəldi.

Müdafiə naziri postundan yenicə getmiş Rahim Qazıyev də prezidentə göndərdiyi məktubunda (15 aprel 1993-çü il) ölkədə hakimiyət çevrilişi ola biləcəyi ilə bağlı uyarıda bulunmaqla onu qabaqlama işləri görməyə çağırmışdı. Mənim üç ay öncəki çağırışım kimi bu çağırış da qulaqardına vurulmuşdu…

AXC-nin üst qatındakı bir sıra dəyişikliklərdən çıxış edərək, AXC hakimiyətinin H.Əliyevə ötürüləcəyini 1 il 2 ay öncədən-1992-ci ilin martında yazmışdım. Məni kimlərəsə qarşı “qərəzli” olmaqda, “yalan, böhtan” yazmaqda suçlayanlara analiz-proqnoz nə olduğunu anlatmağa dəyməz-onsuz da anlamaq istəməyəcəklər!

Yeri gəlmişkən, 92-ci il fevralın ilk günlərində, AXC-nin çox güclü çağlarında,  Xocalı ilə bağlı bir sıra ilginc uyarılarda bulunmuşdum, onda Xocalıya gərəkənləri etmək yerinə mənim AXC yığıncaqlarında çıxışım yasaqlanmışdı.Ağdamın, Xocalının, bütünlükdə Qarabağın qorunması isə Cəbhə ideyalarından çox uzaq olsa da, hansı göstərişləsə AXC Ali Məclisinin başına gətirilmiş Tamerlan Qarayevə tapşırılmışdı. Birbaşa Kremlə bağlı V.P.Polyaniçkodan sonra Ağdamın qonaq evində oturan T.Qarayev sonralar yüksək kateqoriyalı “əbədi” diplomat mandatı qazandı. Xocalının sonu isə  4 iyun kimi uğursuz oldu…

Mən eləcə də 2003-cü il prezident seçkisindən çox öncə, 2001-ci ilin fevralında, İ.Əliyevin hakimiyətə gələcəyi ilə bağlı yazı yazıb müxalifəti, müxalifət başdaduranlarını uyarıda bulunmuşdum. Üç partiya sədri yiyəlik etdiyi qəzetdə o yazının çapını yasaqladı.  Topluma az qala dahi lider kimi sırınan P.Hüseynov mənim o analitikama belə qarşılıq vermişdi: “əhəmiyyətsiz, qeyri-mümkün fərziyyə”. Keçici prezidentin sevimlilərindən olan, öncə dövlət katibi, sonra baş nazir görəvlisinə dönüşdürdüyü P.Hüseynovun indi hansı düşərgədə yer aldığını deməyə gərək yoxdur.

Müxalifətin böyük birliyi olaraq yaradılmış İctimai palatanın başlıca amacı 2013-cü ilin prezident seçkisini qazanmaq idi. Mənim bir sıra bəlli çıxışlarım, başlıcası da 2011-ci il fevralın 26-da, sonra martın 24-də İP tribunasından etdiyim uyarıcı çıxışlar böyük alqışlarla qarşılansa da, başda duran birilərinin dönüklüyü-satqınlığı üzündən gərəkənlər edilmədi.Bir daha vurğulamaq gərəkir: başda duran birilərinin dönüklüyü-satqınlığı üzündən İP-in Koordinasiya şurasınıa qurğulu seçki yoluyla, gerçək kimlikləri bəlli bilinən “troya atları” gətirildi.

Mənim sözügedən iki riskli çıxışımı böyük sevgi, sayqı, coşqu ilə alqışlayanlar az sonra, 2012-ci il yanvarın 8-də Koordinasiya şurasına keçirilən yapay seçkidə fevral, mart çıxışlarını hamılıqla alqışladıqlarına deyil, onun adbaad göstərdiyi “troya atlarına” səs verdilər.

Ən acınacaqlısı nə idi: onlar gizli danışıqlar yoluyla onları Koordinasiya şurasına seçdirən bəlli partiya başçılarından qat-qat artıq səs toplamışdılar. Beləliklə, mən sistem müxalifətindən ayrılası oldum. Onda başda duran birilərinin dönüklüyü-satqınlığı üzündən İctimai palatanın tezliklə dağılacağını bildirmişdim. Hakimiyətin qurğu-planlarına, müxalifətin başında duran birilərinin hakimiyətdən qaynaqlanan çalışmalarına uyğun olaraq, prezident seçkisinə az qalmış İctimai palata dağıldı.Müxalifətin qabaqlama işləri görməklə uğura çalışması üçün bir çox uyarıda (bizim dildə uyarı ərəbin dilində “xəbərdarlıq”  deməkdir) bulunmuş mənim üçün bu fakt ayrıca uyarı oldu- “çıx get” uyarısı. Gerçəyi bilə-bilə “troya atlarının” başaçıxarıldığı SİSTEM içində olmaq o sistemə qulluq etmək olardı.Getdim…

 

***

 

Çağı keçmiş-çox keçmiş!- gerçəyə (gerçəklərə) yüklənmək ocağı söndürüb külüylə oynamaqdır: azman Xalq hərəkatının doğiurduğu böyük güc o gücü oluşduranların yoxluğa varması, enerjisini, güvənini itirib sıradan çıxması üzündən uzaq, çox uzaq keçmişə çevrilib.

İlləri yalanlarla yola verən liderlərə bundan belə bir iş qalır: yalanlarla aldadıb yaman günə qoyduqlarını çağı keçmiş gerçəklərlə ovundurmaq…

Özü dəyişməz dəyərlərə bağlı olan Vatslav Havel deyirdi: “Praqmatiklər çoxdur. Adamlara dəyişməz dəyərləri unutdurmayacaq bir kimsə də gərəkdir”. Nə yazıqlar, bizdəki özgüdükçü biriləri özlərinin aşırı ambisiyaları üzündən dəyişməz dəyər qorçusunun (qorçularının) varlığına qısqanclıqla yanaşmaya bilmirlər: özlərində olmayanın başqalarında olması onlarda dözümsüzlük kompleksi doğurur.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv