xxx
Elə şeylər var intellektdən ala bilmirsən, ruhdan alırsan. Bəşəriyyət bu gün daha çox intellektə (ağıla) üstünlük verir, ruha arxa çevirir. Ancaq intellektdə ədalət məsələsi anlayış səviyyəsindədir, məzmun səviyyəsində deyil. Bu isə yoxdur deməkdir. Ədalət ruhda var, ruh ədaləti intellektə təqdim edir. İntellekt bunu tam da qəbul edər, qismən də. Heç qəbul etməyə də bilər. İntellekt ruhu sadəcə eşitsə (yəni onunla birləşmədən eşitsə) qismən qəbul edə bilər, eşitməsə heç qəbul etməz. Bütün davranışları ilə ədalətsizliyi təsdiq edər. İntellekt ruhla birləşsə ədaləti tam qəbul edə bilər. Asif Atanın fəlsəfəsinə görə bunun üçün intellekti ruha tabe eləmək gərəkdir. Bunun üçün gərək ruhu yüksək gəlişmə düzeyinə qaldırasan. İntellekt ruha tabe olanda onunla birləşə bilir. Çünkü ruh intellekti rədd eləmir. Ruh intellektə tabe olsa birləşə bilmirlər. Çünkü intellektdə eqoizm, özünəyararlıq kimi keyfiyyətlər güclüdür. Ruhda isə özünü dərketmə, böyütmə keyfiyyətləri güclüdür.
xxx
Tolstoy 50 yaşına kimi intellektlə yaşayıb. Sonra ruha, ruhaniyyata üz tutub, üzü ağarıb…
xxx
Bəzən hər birimiz bəlli bir yerə qədər, ya da axıra qədər intellektlə yaşayırıq. Ona görə İnsanlığa heç nə verə bilmirik. Ən yaxşı halda, yaxın çevrəmizə, ailəmizə maddi baxımdan nələrsə veririk.
xxx
İntellekt – ağıllılıqdır. Ağılda savad, bilik olur. Bu bilik faydalı bilikdir. Bu biliklə özünüdərk olumsuzdur. Ruhda faydalı yox, xeyirli biliklər olur. Bu biliklə biz dünyanı, özümüzü dərk edirik.
Dünyaya nəsə verə bilməyən onu dərk eləyə bilməz. Ruh Dünyaya anlam verir, onu mənalandırır.
İntellekt Dünyadan faydalanır. Dünyanı öz faydasına bərabər saymaq dünyadan ayrılmaqdır. Dünyadan ayrılmaq onu dərk eləməkdən məhrum olmaqdır.
xxx
Özümüzün özülümüz maddi, cismi deyil, yəni faydaya sığar deyil. Yalnız cismi yaşamaq – faydadan başqa həqiqət görməməkdir. Yalnız cismi deyil, ruhlu yaşayanda fayda olmur, faydaçılıq olmur, dünya xeyirə bərabər götürülür…
xxx
Ata-ana uşağa intellekt verir, ruh vermir. Hamı uşağını təhsillə yükləyir, onun öz ruhunu görməyə, böyütməyə vaxtı qalmır. Ona görə uşaq böyüdükcə öz faydasını düşünür. Çünkü böyüyənə qədər faydalı ilə uğraşdırılır. Başqasını, ən başlıcası, ata-anasını düşünməsi üçün ona ruh vermək, onun ruhunu böyütmək gərəkdir. Bunu eləmirlər, sonra deyirlər uşaq tərbiyəsiz böyüyüb…
xxx
Hər kəs deyir gələcək elmdədir. Asif Ata deyir ruhaniyyatdadır. Doğrunu Asif Ata deyir.
xxx
Elm həyatı qurudur. Ruhaniyyat həyata mənəviyyat verir, ədalət, həqiqət verir. Elm ruhaniyyatla birlikdə olanda həyata, insana gərək olur. Ruhaniyyatdan qıraqda elm həyata gərək olur, insana gərək olmur. (Elmin icad elədiyi kotan dolanışığa qulluq edir, ancaq heç bir “icad” umacaqsız deyil, insana mənəviyyatın yolunu göstərmir)…
xxx
Mən elmi dərin olana yox, ruhu sağlam olana güvənirəm. Ata deyir, insana inanmaq gərəkdir.
Söz yox, insana elə-belə inanmaq olmur, bunun üçün onun ruhunu yaratmaq gərəkdir.
xxx
İntellekti dərin olana sonacan güvənmək olmur. Ruhlu intellekti olana isə güvənmək olar…
Qar Ayı, 46-cı il.
(yanvar, 2024).