Günəşin çəkilib gedib yer üzünə dinclik verdiyi an, min cür dən-düş, geyim-görüm çabaları etdiyimiz gündüzdən qurtulub ruhumun dincliyində xoş duyğulara qoşulduğum an bir səsin, bir nəğmənin harayına boylandım. Hardan gəlirdi bu səs?
Həzin ladlar üstündə bir qız oxuyurdu.
Elə bil bu səs qeybdən gəlirdi, elə bil bu səs ilkindən sonuna qismət verilmiş bir taleyin bayatısı idi.
Bir dur, toxta, qəlbim. Bu nəğmənin sözləri oğlanın qıza xitabıdır, deyəsən. Bu şeri oğlan qoşub. Amma oğlanın dilindən deyilənləri bu qız özünün könül duyğuları kimi oxuyur. Bu şərqi Tanrının qadın deyə yaratdığının ömür nəğməsi kimi oxunur. Bu qız özünə, öz ömrünə, öz ruhuna lay-lay deyir, elə bil. Bu nəğmə qadın dünyasının ruhani təsviridir, deyəsən. Elə bil mələklər öxuyur. Aman, Tanrım!
Oxucum, axtar tap o nəğməni. Adamların sabahkı yürüşləri, çabaları üçün Günəşin ardıyca yatdığı vaxt, təbiətin adamlardan can qurtarıb nəfəs dərdiyi vaxt, təbiətin dincliyinə Ayın təbəssüm səpələdiyi vaxt dinlə o nəğməni. Onda…
Onda özündən xəbərsiz pəncərəyə yaxınlaşacaqsan. Otağın təbiətlə təmasının qarşısını kəsən pərdəni yana siyirəcəksən, insan cütlüyünün yarandığı uzaqlar qədər uzaqlara boylanmaq istəyəcəksən, o nəğmənin ruhsal melodiyasında sevən cütləri görəcəksən. Dənizdən əsən mehin cənnət havasında göz önünə gələn serial mənzərələrə göz qırpmadan baxacaqsan. O mənzərələrin sevgi ilğımında sənin ruhunun, sənin düşüncələrinin, sənin özünün bəşər ömrü boyda təsvirini görəcəksən.
Bax! O qıza sevən oğlanın gözləriylə bax,. O qıza sevən qızın gözləriylə bax. Bax ki:
“Sahil sakit, çəkilibdir ayaqlar.
Coşan dalğa qayaları qucaqlar!”…
…Təbiət oluşlarında sevgi mənzərəsi, insan istəklərində təbiətə uyğun gedişlər! Qayaların su istəyi, dalğaların bu istəyə çırpılması! Cınqır-cınqır baxışlarla coşan insan oğlunun qaya kimi dayanmış qıza qol açmaq istəməsi!
Amma:
“Deyəndə ki: – Gəl qayıqda üzək, yar!”…
Qaya kimi dayanmış…
Yox, abırdan, ardan don geyinmiş insan qızının ruhsal sevgi qatından enmək istəməməsi! Bədən təmasına meyl etməməsi! Uzandıqca uzanan ruhsal, yaxud mələk sevgisinin dalğalarında, duyğularında qalıb əbədi sevgi yaşamaq istəməsi! “Deyəndə ki, gəl qayıqda üzək…” təklifindən diksinməsi! Tanrımın ruhumuzla duyğularımıza hopdurduğu kəhkəşan ucalığında mələk sevgini qayığın ağuşuna sığışdırmaq istəməməsi,
Çatıb qara qaşlarını nədənsə…
Olmaz, olmaz, olmaz, olmaz! – deməsi…
Ayılma bu duyğulardan, insan deyə yaradılmış! Geriyə, otağına boylanma! Sən xoşbəxtsən bu an! Bu an sənə zəng etmirlər, cəmiyyətin çağırışları ruhunu qapsamır, boğmur.
Sən xoşbəxtsən bu an! Mələkdən törənmiş insan adınla, insan ovqatınla ruhunu görürsən, Tanrımın sənə verdiyi uca duyğuların sonsuz və kamil zövqünü yaşayırsan! Burada baxışlar danışır. Burada ruhlar birləşir. Burada duyğular bütövləşir. Burada düşüncələr ülviləşir… Bir unudulmaz gecə yaşanır.
Beləcə:
“Ay ucalır, gecə olur tən yarı…”
Amma… Oğlanın təbiətən, kişi xislətinin qayğılanmasından törəyən tələb kimi düşünməsi ki:
“Əyin nazik, əsir payız rüzgarı.”
Və buna görə də bir daha qol açıb:
“Deyəndə ki: – Bir yaxına gəl barı,
Qəzəbdənmi alovdan don geyirsən,
Olmaz, olmaz, olmaz, olmaz! – deyirsən!”
Həəə…
Pəncərəyə söykənmisən, duyğuların bu serial gecə mənzərəsinin seyrindədir. Pak sevgi görsənişlərindən gözlərində təbəssüm görürəm, insan övladı! Bu nəğmənin alov dilləri kimi yayılan ahəngindən düşüncələrinə şəfəq saçılır, xoş görülər yaşayırsan, bu cürdümü?!
Yaşayırsan o vaxtacan ki, vədə çatacaq! Dədəm Günəş dan yerini sökəcək, bizə yeni qayğılar, tələblər, istəklər gətirəcək, ruhumuzu yatızdıracaq…
Ayılma hələ, ayrılma bu təsvirlərdən. Ora, o mənzərəyə bax!
Və bu gecənin sevgi melodiyası ilə mələk olma fürsətini qaçırma!
Fəqət! Artıq:
“Sübh şəfəqi boyayanda aləmi,
Töküləndə çiçəklərin şəbnəmi,
Deyəndə ki: – Çatdı ayrılıq dəmi…
Buraxmayıb əllərimi nədən sən –
“Olmaz, olmaz, olmaz, olmaz!” – deyirsən!”
Aman, Tanrım! Bu qız bu cürmü etdi? Beləmi dedi?! Mələklikdən qayıdışmı? Adamların sırasına qoşulmamı?!
Bax, bax! O qız Sevginin əllərindən necə yapışıb! Necə kədərli hıçqırıqla “Olmaz, olmaz!” deyir!
Ax, bu Təbiət!
Bu gecə nənəm Ayın bələdçiliyi ilə İnsan adından da ucada olmuşdu bu qız! Doymadı! Usanmadı! Yox! Sevgi adlı ruhunu itirməmək üçün, nəhayət, gərək olmayanı qurban verdi, canını verdi, bədənini verdi!
Sən də kövrəldinmi? Sevgi ömrünün sonumu? Mələklik uçub getdimi?
Ax, bu Təbiət!
İndi çiçəklər almaz-almaz şəbnəmləri içəcək! Günəşin istisində yetişəcək, toxumlayacaq, solacaq, torpağa qarışacaq! Tanrının göndərdiyi şəbnəmlər qonub almaz-almaz nurunu göstərməkdən sevinmək üçün sevməyə çiçək tapmayacaqlar. Torpağa hopub heç olacaqlar!..
Ax, bu İnsan!
O qız artıq Sevginin əllərindən tutub! Ona təmas edib. İsinib, qızınıb! O əllərin istisində yetişib… Çiçək olub da qalmayıb! Mələk olub da qalmayıb…
Ax, bu Gecə! Hansı təbərriknən başlamışdı… Bitdi!
Ax, bu haray səsi – qadın istəklərinin əbədi olum-qalım tələbi! Gözləriylə sevdiyini əlləriylə itirmək qorxusu!
Ax, bu İnsan oğlu – çevrimçi, dəyişdirici! Günəş övladı!
Ax, bu İnsan qızı – sakitləşdirici, qoruyucu! Çevrilməyə, dəyişməyə, doğulmağa, doğmağa məcbur! Ay övladı!
Ax, bu melodiya – mələk ola bilməyən insanın sevgisinə matəm marşı!
Hardasan, oxucum?! Pəncərənin önündəmi? Pərdən bükülümü? Pəncərən təbiətə açıqmı?
Deyirsən, kim yazıb bu şeiri? Kimdi bu Tanrı sözünün yiyəsi?
Deyirsən, kim bəstələyib bu nəğməni? Kimdir insan ruhunu bu qədər sevən bəndə?
Bilmirəm, vallah!
Nə gərək ki? Bu hal, bu ovqat, bu tale Tanrımın buyruğudur, eləcə!
Yaxşı ki, heç bu oxuyanın kim olduğunu da bilmirəm…
Qeybdən gələn səs Tanrıya məxsus olur…
Qaravəlli. 2012.