Soylu Atalı. Var Olmağı İstəmək gərəkdir

(Amaldaşlarla dialoq silsiləsindən)

Ağlın sevinməsi fiziki yaşama daha çox bağlıdır. Ürək (əslində duyğular) bəsit durumda olanda ağıl həyat üçün qazandıqlarından sevinir. Bütün varlığını həyat üçün qazanmağın peşində göstərənlər mənəvi dünyanı tanıya bilmirlər. Ancaq ürəyin sevinməsi o vaxt başlayır ki, insan öz varlığını anlayır, öz varlığını həyata keçirir (öz varlığını yaşama gətirir), öz varlığını sonsuzluq ortamına qoşur, sonsuzluğa çatır. İnsan onda var olur, onda fərəhlənir, onda yaşayır. Bilirsən ki, sən doğrudan da, həyatla, gerçəkliklə sonsuzluğun arasında daim sonsuzluğa doğru hərəkətdəsən. Həyatın içində, belə deyək, həyatın orbitində fırlanmaqla insan var olmur. Həyatın orbitindən çıxmaq gərəkdir. (Bunu obrazlı olaraq deyirəm). Həyatın özündə insanı var edən sonsuzluq yoxdur. Həyatın tələblərindən yüksəkliyə qalxanda sonsuzluq var. Sonsuzluq yüksəklikdədir, dərinlikdədir, həyat üzdəkidir, insan üzdə ilişib qalmamalıdır, dərinliklərə baş vurmalıdır. Ona görə insan gərək ağlın istəkləri ilə (balaca arzularla) yetərlənməyə, ürəyini hərəkətə keçirə. Yaşamı boyu insanın hər şeyi hərəkətdədir, ürəyindən başqa.
Bizim də Ocaq olaraq, ağlımız hərəkətdədir, düşüncələrimiz hərəkətdədir, bilik toplayırıq, iş görürük, arxiv yaradırıq, xalqa ədəbiyyat veririk, söz deyirik… Bunların hamısı gərəkdir. Ancaq bunların hamısı bir yerdə çox azdır. Gərək sən özün yaşayasan, özün yaşadığını biləsən. Dərk edəsən ki, sən yaşayırsan. Mən bir yazımda yazmışam:  “Dünya gözəldir, insan bu gözəlliyi düşünəndə, duyanda, görəndə, yaşayır”. Bu gözəlliyi duyuruqmu, görürükmü, düşünürükmü?! Əgər gözəlliyi görmürüksə, duymuruqsa, düşünmürüksə yaşamırıq. Tutaq ki, hansısa məqamda bədii esse yazırsan, bir məqalə yazırsan, bir bədii məqama qapılıb şeir yazırsan. Bu bir məqamdır, bir andır. Yaşamaq ayrı-ayrı anlarda özünü tapmaq deyil. Yaşamaq – əbədilik axarında özünü görməkdir. Hansısa anlarda özünü görmək çox azdır. Müsəlmana deyilir, daim Allahı xatırla, Allahı düşün. O da edə bilir, səhərdən axşama təsbeh çevirib “sübhanallah” deyəndə Allahı düşünür, xatırlayır. Allahı xatırlamaq o deyil. Allah anlamına aid olan məzmun var. O məzmun ədalət, xeyirxahlıq, dürüstlük, səmimilik… kimi keyfiyyətlərdən oluşur. (Burada biz Allah deyəndə göyel dinlərin adamabənzər qüvvə kimi tanıtdıqlarını gözə almırıq, Allah anlamını – Mütləq olanı deyirik). Allahı xatırlamaq istəyirsənsə, hər an ədalətli ol, hər an xeyirxah ol, hər an səmimi ol, hər an doğruçu ol. Hər an busansa artıq sən elə Allahlasan, Allahı xatırlayırsan, Allahdan ayrılmırsan. Yoxsa sən sağ-sol gedirsən, orda oğurluq edirsən, burda filan şeyi edirsən, sonra da “Allah-Allah” deyirsən, elə bilirsən Allahı xatırlayırsan. Elə deyil. Yaşamaq budur – hər an ədalətli olursan. Yəni əbədilik axarında sənin ədalətliliyin, xeyirxahlığın, səmimiliyin, doğruluğun… qırılmamalıdır. Qırılırsa nisbi ədalətlisən, mütləq ədalətli deyilsən. Qırılırsa mütləq xeyirxah deyilsən, nisbi xeyirxahsan. Nisbilər axarında insan var olmur. Nisbi anlarda yaşayırsan, ancaq var olmursan. Çünkü nisbilik var olmaq deyil. Nisbilik “gah-gah”dır. Gah olursan, gah olmursan. Qırılır, bütövləşmirsən. Bütövləşməyən var olmur. Yaşamaq odur – bütövləşmək.
Əslində yaşamağın başqa anlamı da yoxdur. İnsan doğulduğu gündən öldüyü günədək öz varlığını anlamağa, kimliyini tanımağa çalışmalıdır. Yoxsa həyat insanın imkanlarını heçə çevirir.
Bütün gücünü maddi nemətləri əldə etməyə həsr edən insan sözdə imtinadan-filandan danışır, ancaq ömründə ləyaqətinə mane olanlardan imtina edib dünyanın gözəlliyinə doğru yürüməyi bacarmır, ya da istəmir.
İnsan bilir ki, filan şey yaxşıdır, filan addım yaxşıdır. Bunu deyir də. Ancaq eləmir, yəni istəmir. Eləmirsə, istəmir deməkdir. Sözdə deyə bilərsən, ancaq addım atmırsansa olmursan. Deməli, olmaq istəmirsən. Atalar deyir, “niyyətin hara, mənzilin ora”. Bu sözlər boşuna deyil. Burda durub səyahət haqqında çox şey danışa bilərsən. Ancaq çölə çıxıb yeriməsən səyahətə getmiş olmursan. Nə qədər istəyirsən danış. Sözü əməl doğruldur. Əməl yoxdursa söz havadan asılı qalır. Əməlin birinci şərti onu istəməkdir…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv