Alternativsizlik. O necə yaranır?
Azərbaycanda geniş alternativsizlik görsənişləri yaşanmaqdadır: hakimiyətdə də, müxalifətdə də. Bu isə genəldə ideya-politik, ideya-sosial qısırlıq doğuran görsənişlər toplusu deməkdir.
Hakimiyətdən başlayaq. Otuz ildən artıqdır ölkədə Yeni Azərbaycan yapay adı altında çağı çoxdan keçmiş yönətimə bağlı bir partiya hakimiyətdədir. Bu, gerçəkdə bir ailə partiyasıdır. Başqa sözlə, bəlli bir ailənin istəncinə (iradəsinə), istəyinə bağlı partiyadır. Partiyanın kadr bazası da o ailənin klançı baxışlarına uyğun olaraq oluşdurulub, oluşdurulur. Kadrlar da iş başına o bazadan klan gərəklərinə, başqa sözlə klançı dəyərlərə uyğun olaraq gətirilir. Klan düşüncəsi DƏYİŞMƏZLİYƏ hakimiyətin qorunub saxlanmasının başlıca güvəmncəsi olaraq baxdığından, partiyuanın adındakı “yeni” anlayşı bütünlüklə aldadıcı, yalançı xarakter daşıyır.
YAP-ın sözdə ayrıca “gənclər siyasəti” olsa da, gerçəkdə belə bir politika yoxdur. O üzdən də 31 il öncə ölkədə hakimiyətə yiyələnmiş partiya ortaya çıxardığı yaşlı-gənc bütün kadrlarıyla Azərbaycanı çağdaş dünya düzənindən uzaqlaşdıraraq…feodalizm bataqlığına batırıb.20 il bundan öncə Nyu-York Tayms qəzetində çıxmış bir yazıda YAP hakimiyəti (başqa sözlə, Əliyevlər rejimi) belə xarakterizə edilmişdi: “Ölkənin yarımfeodal yönətim sisteminin başında cinayətkarlar, oğrular, vulqar nuvorişlər sinfi dayanır”. Dünyalarca ünlü Nyu-York Tayms qəzetinin Yeni Azərbaycan partiyası ilə bağlı bu dəyərləndirməsi günsəlliyini günü bu gün də bütün parlaqlığıyla qoruyub saxlamaqdadır.
Ölkənin yarımfeodal yönətim sistemi bu gün özünü bütünlüklə Tək adam sistemi olaraq göstərməkdədir.Deyildiyi, yazıldığı kimi, İ.Əliyev YAP-ın, ölkənin, dövlətin alternativsiz lideridir. Bu alternativsizliyi doğuran yönətim sisteminin əlli ildən ötə yaşı var.
Uzağa getməyə gərək yoxdur, son otuz ildə hakimiyətdə alternativsizliyin necə yaradıldığı ilə bağlı bir az fakta baxmaq da yetər.Yeni Azərbaycan partiyasının qurucularından olan jurnalist Sirus Təbrizlini ötən yüzilin yetmişinci illərindən tanıyırdım. Aramızda bir az yaxınlıq da vardı. Sirus Sovetlər dönəmində belə, qorxulara qısılıb susanlardan deyil, susmayan,çağın olanaqlarına uyğun, sözünü dik-dikinə deyən tək-tək qorxmazlardan biriydi. M.S.Qorbaçovun gətirdiyi Yenidənqurma atmosferində yeni nəfəs qazanan Sirus televiziyada ölkədəki bir çox qaranlıqlara işiq salmaqla geniş izləyici auditoriyası qazanan “Aşkarlıq” verilişiylə respublikanın ən ünlü jurnalistinə çevrilmişdi.
Xalq hərəkatı dönəmində isə Sirus Təbrizli Azadlıq meydanın tribunasından meydanı titrədən alovlu çıxılarıyla tanınan, sevilən başlıca çıxışçılardan idi. Sirus o çağlar, uzun illər ardıcıllıqla uğrunda çalışdığı SÖZ ÖZGÜRLÜYÜ hüququna qovuşan, xalqın gücüylə əldə edilən bu yetənəyin mutluluğunu yaşayan bireylərin başlıcalarından idi.
Meydan hərəkatından az sonra bu Hərəkatdan doğmuş Xalq cəbhəsi hakimiyətə gəldi. Nəyə görəsə, AXC hakimiyətində Sirusa yer olmdı. Bəlkə də, ipə-sapa yatmayan, gerçəklərə göz yummayan, sözü dik üzə deyən birisi olduğu üçün. Sirusla o sayaq sayğısız davranış, sözsüz, AXC hakimiyətinin başında duran üçlüyün böyük yanlışı idi.
Dünənki Meydan yoldaşlarının “dönüklüyündən” acıqlanan Sirus Yeni Azərbaycan partiyasını yaratmaq yolçuluğna baş vurmaqla Naxçıvana yollandı.Düzgün saymadığı üçün barışmadığı komunist-KQB yönətiminə qarşı çıxan adam o yönətim sisteminin başdaduranlarından olmuş H.Əliyevlə bir araya gələrək Yeni Azərbaycan partiyasını yaratdı. H.Əliyev partiyanın sədri, Sirus Təbrizli yardımçısı (müavin) oldu.
H.Əliyev hakimiyətə yiyələndikdən az sonra Sirusu Mətbuat komitəsinin başına gətirdi.Partiyanı yaradanlardan biri, üstəlik, partiyanın ikinci yetkilisi olaraq, sözsüz, verilən görəv onun çox da ürəyincə deyildi. Ambisioz xarakteriylə tanınan Sirus hakimiyətin daha yüksək qatında yer tutmaq istəyində idi. Gerçəyə qalsa, Sirus bir çox baxımdan ondan yüksək yerlərə gətirilənlərdən qat-qat üstün idi. Bu gerçəıyi hamıdan yaxşı bildiyindən o, başlıca qurucularından olduğu hakimiyətin də acıqlısı olmuşdu…
Sirus, görünür, ötənlərdəki alternativsizləşdirmə görkülərini unutduğundan özünü alternativə dönüşdürmək istəyində idi. Bu nədənlə də iki böyük ambisiya qarşılaşır, baş-başa gəlirdi. Üstəlik, ölkəni rüşvətxorluq bürüyür, korrupsiya faktları hızla artırdı. Bunlar isə Sirusun Sovet dönəmindən kəsinliklə qarşı çıxdığı görsənişlər idi. YAP-ın qapalı yığıncaqlarında partiya yetkililərindən biri olaraq Sirusun hansı çıxışları etdiyini, nələr danışdığını bilmirik. Ancaq YAP-ın Saraydakı yığıncağında onun tribunadan, H.Əliyevin bir addımlığından, etdiyi çıxış hamıya bəllidir: “Yeni Azərbaycan partiyası simasız quldurlar partiyasıdır”.
O çıxışdan az sonra H.Əliyevin “sərəncamıyla” Mətbuat komitəsi yox edildi. Sirus isə az sonra “ürək tutmasından” getdi. Tanıyanlar bilir: Sirus fiziksəl baxımdan çox sağlam idi. Ancaq,politika alanında fiziksəl sağlamlıq çox da güvənli olmur…
Hakimiyətin alternativsizlik yaratma yollarından biri də təhsil sistemini antitəhsil sisteminə dönüşdürməklə ölkədə toplumsal bilgisizlik doğurmaqdır.Bilgisizlikaraşdırma, aydınlaşdırma, sorğulama düşüncəsindən uzaq, yalnız gündəlik alıb-verəcəyinin qayğısı ilə yaşayan adamlar toplusuna gətirib çıxarır. Bundan başqa, biliksizlik adamları dövlət yönətimi kimi topluma çox gərəkən etkinliklərdən uzaqlaşdırmaqla böyük Mirzə Fətəlinin 200 il bundan öncə “puç və əfsanə” saydığı din yoluna yönəldir.
Avtoritar rejimlərdə asan yönətim amacıyla dinçilik dövlət politikasına dönüşdürülür. Bildirildiyinə görə, diniçi prezident Ərdoğan Türkiyəsində təkcə son iki ildə iki minədək sivil oxul qapadılıb. Qapadılan sivil oxulların yerində Ərdoğan dönəminin düzəninə uyğun olaraq, imam hatip oxulları açılır. Ərdoğan Türkiyəsində dövlət büdcəsindən Təhsil, Kültür baxanlığına ayrılandan qat-qat artıq din baxanlığına pullar ayrılır. Ərdoğan dönəminin oliqarxlarından birinə dönüşmüş Din baxanı Əli Ərbaş Türkiyə Respublikasının dünyalarca ünlü qurucusuna- Türk ulusunu Orta çağ dönəmindən qoparıb çağdaş dünya kültürünə qovuşdurmuşböyük Atatürkə “lənət” oxuyur.
Atatürk deyirdi: “Cəhalət yenilməsi gərəkən ən böyük düşməndir”. Dinçilər düzgün anlayıblar: cəhalətin özülündə ulusal dəyərlərə, evrənsəl kültürə, çağdaş düşüncəyə ayqırı, rasionallıqa yad din dayanır. Atatürk isə ulusal dəyərlər, evrənsəl kültür, çağdaş düşüncə, rasionallıq daşıyıcısı, yayıcısı idi.
Ayrıca vurğulamaq gərəkir: Atatürklə bağlı dediklərimizi Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı da deyə bilərik. Onlar ikisi də yenilikçi, çağdaşlığa yönəlik olduqlarından, dinçilər onları yağı gözündə görürlər. Görməyə də bilməzlər: yenilik, çağdaşlıq olan yerdə dəyişməzlik daşıyıcısı olaraq dinə yer qalmır. Dəyişikliyə-yenilənməyə, çağdaşlığa qarşı olan avtoritarizmin dinlə bağrıbadaşlığı başlıca olaraq buna görədir.
Amerika prezidenti Tomas Cefferson deyirdi: “Başqa cür düşünmək yurdsevərliyin ən yüksək formasıdır”. Bəlli olduğu kimi, başqa cür düşünmək olanağı demokratik hakimiyətlərə özgü olanaqlardandır. Başqa cür düşünmək gec-tez hansısa dəyişikliyə nədən olduğundan, demək, hansısa yeniliyə gətirdiyindən, istər avtoritar rejimlər, istərsə də dinçilər üçün yolverilməz görsənişlərdəndir.
Avtoritar rejimlər başqa cür düşünməyi alternativsizliyin alternativi olaraq dəyərləndirdiklərindən, bir çağlar H.Əliyevin Ədliyə naziri Südabə Həsənovanın “demokratiyanı beşiyindəcə boğmaq” çağırışında olduğu klimi , onu beşiyindəcə boğmaq, başqa sözlə, cücərti ikən kökünü kəsmək o rejimlər üçün qaçılmazlıq sayılır.
Türkiyəli tarixçi İlbər Ortaylı deyir: “Hər şəhərdə universitet açmaq əxlaqsızlıqdır”. Azərbaycanda bu gün hər şəhərdə universitet açılır. Bunlar bilik vermək üçün deyil, ölkəni genəlliklə diplomlu biliksizliyə bürümək üçündür. Universitetlərə girmə balı 150, Akademiyaya girmə balı 200 olan ölkədə hansı gerçək təhsildən- bilik qazanmaqdan danışmaq olar? Bilik yerinə biliksizlik ortamına dönüşmüş o universitetlərdə, akademiyalarda illik ödəniş pulu 1500 manatla 8 min manat arası dəyişir. Rejim Azərbaycanda təhsili çoxdan biznes aracına çevirib. Bir çağlar özəl universitetlərdə geniş yayılmış yapay diplom satışı indi döpvlət universitetlərində də, demək olar, özəl unibversitetlərdəki kimidir. Arxada böyük pullar dayandığından indi dövlət qurumlarında daha çox yapay diplomlulara iş verilir. Beləliklə, dövlətin-dövlətçiliyin çürüdülməsi, çökdürülməsi sürəci baş verir.
Genəlliklə yazası olsaq,yararsız təhsil sistemi analitik düşüncənin yolverilməzliyi, yararsız sağlamlıq sistemi fiziksəl sağlamlığın yetərsizliyi, uyqarlıq-kültür etkinliyinin etkisizliyi- bütün bunlar avtoritar rejimləri yaşatmağa yönəlik başlıca doğrultular, sonadək göz altında tutulan görsənişlərdir.
Gələk müxalifət düşərgəsinə. Alternativsizlik yaradılması baxımından oxşar görsənişlər müxalifət düşərgəsində də (partiyalarında) baş verməkdədir.
İlkin yaranma çağlarında Xalq cəbhəsində çoxlu sayda intellektual, çoxlu sayda yurdsevər vardı. Strateji lider yoxluğundan kadrların seçilib yerləşdirilməsi başlanğıcdan sonadək daha çox özgüdükçü, başqa sözlə, özünə yararlı xarakter daşıdığı üçün qurumda böyük bir buxarlanma baş verdi. Bu sürəc partiyalaşma dönəmində daha kəskin xarakter aldı. Dünənədək çox da tanınmayanlar partiya başına keçəndən sonra özlərini keçmiş partokratlar kimi apardəılar: oxşar davranışlar, oxşar yönətim metodu- demokratiyadan danışa-danışa demokratik dəyərlərə sayğısızlıq etdilər, kəsinliklə desək, demokratik dəyərlərə dönüklük yolunu tutdular.
Partiya sədrinin dediyini deməyənlər- başqa cür düşünənlər, ortaya alternativ düşüncə faktı qoyanlar gizli-açıq gözümçıxdılarla, “saman altından su yeritmə” taktikalarıyla, “hakimiyətə işləyir” damğaları, arxa dedi-qodularıyla incidilərək partiyadan uzaqlaşdırıldılar. Əlaltılardan yararlanmaqla bir adamın, sözsüz, partiya sədrinin, alternativsizliyi üçünnələrə desən gedildi. Qurğusu öncədən qurulmuş partiyaiçi yapay seçkilərdə illərlə partiyadan yana çalışanlara- ideya adamlarına deyil, sədrin özgüdükçü istəklərinə uyğun davranış sərgiləyənlərə üstünlük qazandırıldı.
Sonuc nə oldu? Partiyaya aşınma qazandıran daşınmalar, başqa sözlə desək, partiyadan gedişlər. Başqa cür düşünənlərin gedişi hakimiyətdə olduğu kimi müxalifətdə də tək adam rejimi yaranmasına gətirib çıxardı. Sözdə demokratiya qalır, işdə isə o, çoxdan çıxdaş edilmiş durumdadır.
Bəlli bilinməlidir: hakimiyət ölkənin bugünü, müxalifət yarınları olmaq baxımından müxalifətdəki alternativsizlik görsənişləri hakimiyətdəkindən qat-qat qorxuludur.Demokratik dəyərlərə sayğısız, o üzdən demokratik dartışmalara qapalı müxalifət oxşar hakimiyət medalının o biri üzü deməkdir. Belə deyim var: ələşdiriulməyən, başqa sözlə, dartışılmayan qonu çürüyər. Ələşdirilməsi, dartışılması gərəkən qonuların “bir daş altda, bir daş üstə” yasağına uğradılması sonda hakimiyətin də, müxalifətin də çürüməsinə gətirib çıxarar. Çıxarır!
Ən azı özümüzdən soruşmağımız gərəkir: nəyə görə Amerika kimi, batı Avropa dövlətləri kimi çağdaş düzənlə yönətilən qabaqcıl, qabaqcıl olduğu üçün də güclü olan demokratiya dövlətlərində alternativsizlik olmur, o ancaq avtoritarizmə bağlı gerilikçi düşüncənin istər hakimiyət, istər müxalifət düşərgəsində geniş yayıldığı ölkələrdə olur? Bir daha: niyə?
Ən sonda bütün bunlardan ölkəmizin, dövlətimizin qazancı nədir, bilirsizmi? Deyirəm: toplumu, eləcə də dövləti, dövlətçiliyi çürüdən, ölkəni on illərlə geriyə atan dəyişməz durğunluq! Ən başlıcası da yenilgən düşüncə durğunluğu!!