Soylu Atalı. GƏNCLİYİN GƏLƏCƏYİ

Millət necə oluşur, ictimai inkişaf necə baş verir, ədalət necə özünü göstərir? Bu suallara fərqli yönlərdən cavablar vermək olar. Biz deyirik, xalqın ruhaniyyatı olmalıdır,İnsani mühit yaranmalı, İnsani qanunlar işləməlidir. Əlbəttə, bu yarananları həyata keçirmək üçün Milli Dövlətin varlığı gərəkdir. Dövləti bu məsuliyyətə yönəldən isə, yenə də təbii ki, xalqın İnsani səviyyəsidir. Deməli, xalq öz insani mahiyyətinə bərabər yaşamayanda dövləti də ona xidmət eləmir, yaxud dövlət milli xassələrini itirir. Dövlətin milli xassələrini itirməsi o deməkdir ki, o, milləti qorumur, ədalət bərqərar olunmur və ictimai inkişaf əvəzinə ictimai anarxiya baş verir. Bu məsələlərə doğru yanaşmayanda yaşanan çətinliklərin nədəni də doğru bilinmir. Bu səbəbdən də Millətçilik ideyasına bu açıdan yanaşmaq gərəkdir. Belə olarsa, onun önəmi gərəyincə dərk oluna bilər. Bəzən elə hesab edirlər ki, Millətçilik ideyası hansısa bir mərhələdə gərəkdir, ondan sonra isə başqa mərhələlər başlamalıdır. Əslində isə Millətçilik – millətin daim içdən qurulması və inkişaf eləməsi üçün mərhələ ideyası deyil, gələcəkli ideyadır. Bəlkə də millətin formalaşmasını mərhələlərə bağlamaq olar, ancaq millətin inkişafı hansısa mərhələlərlə məhdudlaşa bilməz. Nə qədər ki, İnsani Tələblərlə Millətçilik ideyası yaşadılmayacaq, heç Bəşərilik ideyası da baş tutmayacaq. Millətçilik əslində Bəşərilik deməkdir. Bəşərilik – inkişaf etmiş Millətçilikdir. Bəşəriyyət – milli-mənəvi dəyərlərlə inkişaf etmiş millətlərin vəhdəti deməkdir. Ancaq mövcud siyasi, dini doktrinalar Millətçiliyə qarşıdır, yəni Bəşəriliyə qarşıdır. Millətçiliyini itirən xalq dövlətçiliyini də itirir, gələcəyini də. Bizim xalqımız bu qəbildəndir. Dövlətimiz həm var, həm yoxdur. Formal idarəçiliyə görə var, ancaq daxili-mənəvi keyfiyyətlərinə görə yoxdur. Dövlətin milliliyi iki cəhətdə özünü aşkarlayır: – birinci, dövlətin aparıcı simalarının etnik tərkibinin milliliyə bağlı olmasıyla, ikincisi, dövlətin xarakterik olaraq milli inkişafın yetirilməsində və qabağa aparılmasında başlıca rol oynamasıyla. Bəs milli inkişaf nə deməkdir?! Millətin Gələcəyə Yolunun öz içindən başlaması; öz içində qurulması, etnik keyfiyyətlərini, insani mahiyyətini qatqısız olaraq aşkarlayıb üzə çıxartması və ifadə etməsi; yaşamaq ölçüsünü öz etnik xüsusiyyətləri əsasında tapması. Bunun üçün yeni nəsillərə yaradıcılıq imkanları yaratmaq və özünü doğrultmaq üçün zəmin hazırlamaq gərəkdir. Ancaq təəssüf ki, bu yöndə gənclik üçün demək olar ki, heç bir imkan yaradılmır. Gəncliyin bir qismi qul psixologiyası əsasında hakimiyyətin dayaqları kimi tərtiblənir və idarə olunur. Başqa bir qismi isə bütün arzularında boğulub qıraqda saxlanılır. Qıraqda saxlananlar da öz azadlığı və haqqı uğrunda mübarizəyə qalxır. Mübariz gənclik təcrübəli, peşəkar və yetgin olmadığına görə ya qıraq qüvvələr tərəfindən ələ alınıb zərərli yöndə idarə olunurlar, ya da ədalətsizliyə qarşı nifrət onları qisasçılığa, dağıdıcılığa yönəldir. İstənilən halda dövlət öz gəncliyinə qarşı məsuliyyət daşıyır. Yəni Gəncliyin zərərli əməllərinin baiskarı dövlətdir. Dövlət öz gəncliyinə sahib durmayanda başqaları sahib durur və dağıdıcı qüvvəyə çevirir. Vəhhabiliyə, eləcə də başqa sektalara, siyasi cərəyanlara aldanan gəncliyi misal göstərmək olar… Təbii ki, söhbət aktiv gəncliyin əməllərinə münasibətdən gedir. Təsadüfi fərdlərin oğurluğu, cinayəti, ictimai nizama ziyan vurması ayrı bir məsələdir. Ancaq nə yazıqlar ki, dövlət, daha doğrusu hakimiyyət aktiv gəncliyin enerjisini milli inkişafa yönəltmək əvəzinə, onları vurub sıradan çıxarır. Özünün qanunsuz varlığına və antimilli əməllərinə aydınlıq gəlməsinin qarşısını hər vasitə ilə alır. Fərdi azadlığın baş tutmaması üçün bu istəkdə bulunanları ləkələmək, böhtanlamaq, həbs eləmək adi normaya çevrilib. Gəncliyə qarşı belə bir cinayəti işləmək təkcə millətin təməlini uçurmaq deyil, bütövlükdə bəşəriyyətə qarşı durmaqdır. Cinayətlərin ünvanını dəyişirlər, günahsız insanlara qarşı yönəldirlər və buna qanunla haqq qazandırırlar. Bu cinayətlər hakimiyyəti qorumaq üçün işlədilir. Cinayət millətə qarşı yönəlir, millət qəhr olunur. Hakimiyyət xalqın içində hər cür kriminal əməllərə gedə bilir, terror törədir. Ancaq bu cinayəti təkcə işləmir, toplumun müəyyən bir kəsimi ilə birlikdə həyata keçirir. Aşağı-yuxarı vəzifə tutmuş zümrələr vəzifəyə, şöhrətə, varidata, yaxud bir tikə çörəyə görə hakimiyyətin xalqa qarşı törətdiyi qanlı əməllərə ortaq olurlar. Ən yaxşı halda göz yumurlar…
Buna görə biz dönə-dönə vurğu edirik: – Demokratiya şüarları ilə tükənmək əvəzinə Millətçilik Ləyaqətini bərpa eləmək və toparlanıb ayağa qalxmaq gərəkdir.

 Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv