Yuxudan hövlnak ayıldım. Qan-tərə batmışdım. Dilim şişmişdi elə bil. Qalxıb yerimdə oturmaq istəsəm də, soyuq mənə güc gəldi, yorğanımı təzədən başıma çəkdim. Gördüyüm röyanı yenidən xatırlamağa çalışdım.
Anamı görmüşdüm yuxumda. İllərdir nəfəsinə həsrət qaldığım anamı. Yuxumda başımı onun zəif dizlərinə qoyub uzanmışdım. Sümüyü boynumu incitsə də narahat olmurdum. İçimi rahatladırdı bu ağrı. Anam titrək barmaqlarını qıvrım saçlarımın arasında gəzdirir, pıçıltı ilə danışırdı:
– Gözlərinə qurban olum, oğul, gör gələ bilirsən evimizə? Bilirəm, çətindir. Atan da, qardaşların da deyir bu tərəflərə keçsən, ağzıma daş-torpaq, o dəfəkilər kimi səni tutarlar… Əvəz söz verib, deyir, bir az pul yığıb məni aparacaq səni görməyə. Anan sənə qurban, Səhər də adaxlanıb. Qızın könlü yoxuymuş, zorla veriblər… darıxma, balam, elə hamı bilirdi ki, onu sənə verməyəcəklər. Sən elə Tehranda zindana düşəndən Əli kişi demişdi ki, qızım o gədənin adını tutsa, başını kəsəcəyəm. Fikir eləmə, başına dönüm, qız qəhətliyi deyil ki. Sən özünə bir yuva qur, ev eşiyin olsun, qalanı düzələr.
Yuxunun bu yerində çöldə hay-həşir qopdu, deyəsən, atam naxırı gətirmişdi. Səsi həyəti başına götürmüşdü. Söyüşlər yağdırırdı kiməsə. Anam başımı ehmalca döşəyin üstünə qoyub durdu:
Gedim görüm yenə hansı itin başı qalıb ağzında.
Atam həmişəki kimi həyətimizdəki boş vedrəyə bir təpik ilişdirdi, vedrə qapımıza dəydi… Yuxum yarıda qırıldı.
Otağım soyuq idi. Durub əl-üzümü yumağa ərinirdim. Gözlərimi yumdum. Necə yuxuya getdiyimi özüm də bilmədim.
Anam idi. Anamın səsi idi:
– Gəl, başına dolanım, gəl. Gedəndə soyunduğun köynəkdən iyin də çəkilib. Gör havaxtdır gedibsən, can bala!
Diksinib ayıldım, yuxum yenə yarımçıq qaldı. Yenə anama demək istədiklərimi deyə bilməmişdim.
Yerimdən qalxıb vanna otağına keçdim. Əl-üzümü yuyub bir az özümə gəlmək istəyirdim. Dilim-ağzım qurumuşdu. Elə bil, anama demək istədiyim sözlər dilimin üstünə qalaqlanmışdı.
Anama deyə bilmədim, deyə bilmədim ki, səndən ötrü burnumun ucu göynəyir, bir dəri, bir sümük olan vücudunu qollarımın arasına alıb var gücümlə özümə sıxmaq istəyirəm, qızılı-ağ saçlarından öpmək istəyirəm. Başını sinəmə sıxıb ağlamaq istəyirəm. Yuxumda heç nə deyə bilməmişdim anama. Dilim tutulmuşdu.
Ac qaldığımı, günü yayma, ya da kartof soyutması ilə ötüşdürdüyümü deyə bilməmişdim. Qaldığım evdən şikayət də edə bilməmişdim. Üstəlik Tehranın “Evin” zindanının 209-cu bəndində “qazandığım” can ağrılarım bətərləşmişdi bu axır vaxtlar . Bunların heç birini deməmişdim anama. Heç demək də istəmirdim. Arvad ayrı cür düşünürdü. Elə bilirdi, burada mənim yaxşı şəraitim, isti mənzilim, yeməyə gündəlik çörəyim var.
İrandan qaçanda anam Bakıya getməyimi istəmişdi. “Hər necə olsa, doğma qardaşıq onlarla” demişdi. Arvad inanırdı. Azərbaycana da inanırdı, Türkiyəyə də.
Güney Azərbaycanda doğulmuşam, Saraclı kəndində. Xudafərin körpüsündən 4 kilometr qərbdə. Xəritəyə baxmayın əbəs yerə. İndi o kənd yoxdur. Saraclıları Suceyli, Mahruzlu, Cəfərabad camaatı ilə birlikdə “Xudafərin” şəhərciyinə köçürüb, yerində bənd salıblar.
Uşaqlığım, Araz qırağındakı kəndimiz, evimiz, Arazın o tayında gecə işıqları sayrışan kəndlər…
Arazın bu tayında biz idik, o tayında Zəngilan rayonu. Deyirdilər, orda qohumlarımız yaşayır, yaşlılar, hətta evlərini də tanıyırdılar, ancaq gediş-gəliş yox idi. O qohumları cəmi bir dəfə gördüm. O böyük faciə zamanı. Bu barədə bir az sonra danışacağam. Hələ sizə kəndimizdən, nağıla dönən uşaqlığımdan danışım.
Kəndimiz yadımda bir-birinin təkrarı olan evləri, bir-birinə bənzər tale yaşayan adamları ilə qalıb. Bir də evimizə yaxın olan balaca təpə ilə. O təpə uşaqlığımın, gizli arzularımın məkanı idi. Təpənin başında əllərimi boynumun dalında düyünləyib arxası üstə uzanar, xəyallar qurardım. Arazın o tayı ilə üzü Bakıya gedən qatara minib arzularıma doğru yüyürürdüm. Bakı mənim nəzərimdə ayrı aləm idi. Bakı, hər gecə dinlədiyim “Koroğlu” üvertürası idi. Hər həftə kənddə televizoru olan iki evin birinə yığışıb baxdığımız “Aşıq Pəri məclisi” idi. Bakı mənim üçün arzularımı həyata keçirə biləcəyim yeganə yer, yeganə məkan idi.
Adım Daryouşdur. Qəribə addırmı? Heç adamın dilinə də yatmır. Bu adı mənə ağam (atamı belə çağırırıq) qoyub. Qədim Fars hökmdarlarından birinin adıdır. Uşaqlıqda öz adım özümə qəribə gəlirdi. Anam evdə məni “can bala” – deyə çağırardı. Mən də həmişə düşünürdüm ki, kaş mənim adım Canbala olaydı.
Uşaqlıqda bilirdim ki, Arazın o tayında eynən bizi kimi danışan insanlar yaşayırlar. Farslar kimi deyillər. Onlarla danışmaq üçün başqa dil bilmək tələb olunmur. O vaxtlar babam rusların və farsların bir milləti necə ikiyə böldüklərindən, bizi bir-birimizə necə həsrət qoyduqlarından danışırdı. Ağlımız kəsməyə başlayandan o taydan atışma səsləri eşitməyə başladıq. Böyüklər deyirdilər ki, ermənilər Qarabağı almaq istəyirlər, müharibəyə başlayıblar. Mən o tayda nələrin baş verdiyini tam anlaya bilmirdim. O vaxta qədər ki, gecə Arazı keçən zəngilanlılar bizim kəndə pənah gətirdilər. Ermənilər onların kəndlərini dağıdıb, özlərini də didərgin etmişdilər.
Gələnlərin əksəriyyəti qadınlar, uşaqlar, qocalar idi. Bir neçə əli avtomatlı kişi də gəlmişdi. Qaçqınları kəndin məscidinə, evlərə yerləşdirib geri qayıtdılar. Hər gün qaçqınlara yemək bişirib aparırdıq. Kimin əlindən nə kömək gəlirdisə etməyə çalışırdı. Onlar bizim adamlara çox oxşayırdılar. Bizim kimi danışırdılar. Geyimləri-kecimləri, düşüncələri, hətta ağlamaqları da bizim kimi idi. Qadınları bizim arvadlar kimi dizlərinə döyür, üzlərini cırır, saçlarını yolurdular. Bu taydan o taya yanan evlərinə baxıb nalə çəkirdilər. Bizim analarımız da onlara qoşulurdu…
Bir gəlin qaçhaqaçda körpəsini kürəyinə bağlayıbmış. Çayı keçəndə şəlləyin düyünü açılır, körpə çaya düşür. Nə qədər çalışırlar, heç nə mümkün olmur. Uşaq axır çayda. O gəlinin halı lap pis idi. Naləsi gün axşama kəsmirdi. Hamı onu ovundurmaq, sakitləşdirmək istəyirdi. Amma kirimək bilmirdi yazıq.
Üç gün sonra qaçqınları yük maşınlarıyla Quzeyə – İmişli rayonuna göndərdilər. Onlar getdi, amma mən onları ömrüm boyu unutmadım. Deməli, biz bir xalqıq. Dilimiz, adətimiz, acımız bir, sınırımız ayrı olan xalq. O gündən içimdə bir etiraz baş qaldırdı. İlk etirazım adımla bağlı oldu. Ağama adımı dəyişdirmək istədiyimi dedim, özümə yeni ad da tapmışdım – Savalan. Atam çox əsəbləşdi və məni möhkəm döydü:
– Ay küçük, sən nə zibilsən, ad bəyənmirsən hə? Özünə ad seçirsən! Qoduğun ədalarına bax, hələ özünə ad da tapıb – Savalan – adına-zadına bax…
Ağam üç gün deyindi. Düzdür, sənəddə adımı dəyişdirə bilmədim, amma o gündən sonra tanış olduğum adamlara özümü belə təqdim etdim – Savalan. Evin böyük uşağı olduğum üçün bacı-qardaşlarımın gözünü qorxudub məcbur edirdim ki, məni Savalan çağırsınlar. Ancaq onlar məndən çox ağamdan qorxardılar deyə, o evdə olanda Savalan adını dillərinə almazdılar. Atam çölə, əkinə, naxıra gedəndə məni Savalan çağırardılar, özü də cümlənin əvvəlində də, axırında da adımı çəkmək şərtilə. Bundan xüsusi zövq alır, adımla xalqımın bütün düşmənlərindən intiqam aldığımı düşünürdüm.
Məni Savalan çağıran bir adam da var idi – Səhər. İndi də onun adı çəkiləndə ürəyim titrəyir. Qonşumuzun qızı idi. Uşaqlıqdan bir yerdə böyümüşdük. Həddi-buluğa çatandan sonra bir-birimizə ancaq çəpərdən baxa bilərdik. Qanunlar belə istəyirdi. Çarə yox idi.
Sonralar atası onu başqa şəhərə göndərdi, bizim məktəbin yuxarı siniflərində qızlar oxumazdı. Atası isə Səhəri təhsilli görmək istəyirdi. Bunun üçün onun bəs qədər pulu da var idi. Səhər şəhərə oxumağa gedəndən sonra kəndə tətildən-tətilə gələrdi və mən onunla yalnız baxışımla salamlaşa bilirdim. O, mənim ömrümə açılan yeganə səhər idi.
Məktəbi bitirən kimi Gilan Universitetində kişavərzi (əkinçilik) mühəndisliyi oxumağa başladım. Ana dilimdə az da olsa oxuyub-yazmağı bacarırdım. Universitetdə oxuduğum illərdə türkcə kitablar oxumağa başladım. Quzeydə “Təbriz!” deyə inləyən şairlərin kitablarını gizlicə bir-birimizə ötürürdük. Gizlicə bir dərgi də çıxarırdıq: “Qopuz” dərgisi.
Təhsilimi Gilanda başa vurub Tehrana getdim – rütbə almaq üçün. Burada da gizli fəaliyyət göstərən milli təşkilatlarla əlaqələrimi davam etdirirdim. Elə ilk dəfə burda həbs olundum. Şəbistər şəhərində milliyətçi professor Zehtabinin məzarı önündə mitinq təşkil etmişdik. Onda yüz adamı həbs etdilər. Bizi üç gün buz altında saxladıqdan sonra buraxdılar. Üç gündə verilən işgəncənin ağrısını canımda üç ay hiss etsəm də, yolumdan dönməyi ağlıma gətirmirdim.
2002-ci ildə “Babək Qalası”na yürüşdə bayrağımızı ilk dəfə üzə çıxartdıq! Gözlərim yaşla dolmuşdu: Qürur yaşı ilə! Sevinc yaşı ilə!
2003-cü ildə Təbrizdə həbs olundum. Bir həftə saxlanıldıqdan sonra məni Tehrana – dustaqxanaya göndərdilər. O günləri xatırlayanda canıma üşütmə düşür. Bütün bədənimə ağrı dolur. Soyuq hücrə, gur işıq salan lampa, hər gün keçirilən, hər dəfə də döyülməklə sonuclanan sorğular…
40 gün hücrədə saxlanıldıqdan sonra yenə Təbriz həbsxanasına göndərildim. Mənim həbs olunma xəbərimi qardaşlarım qəzetdən oxumuşdular: – Sentyabrın 30-da Kəleybər məhkəməsinin çıxardığı qərarla kişavərzi mühəndisi D.H. həbs olunub, 38 gün təkadamlıq kamerada saxlanılıb və daha 27 gün də Təbriz həbsxanasında dustaq olub. Buna görə də məhkəmə onun cəza müddəti ilə bağlı 65 gün qərar çıxarıb.
Məhkəmə D.H.-nı 1 il həbs və 5 il Kəleybər mahalına getməkdən məhrumetmə cəzasına məhkum edib.
Bax belə… Bir il həbsdə oldum. Dustaq yoldaşlarımın arasında nə dində-donda desən adam var idi. At oğrusu, adam öldürən, ev yandıran… Mənim onların sırasına düşmə səbəbimi hamı bilirdi, münasibətlər də müxtəlif idi. Orada Azərbaycan türkü olan dustaq “Niyə axmaqlıq edib öz əlinlə taleyini kor qoyursan? Cavanlığına heyfin gəlsin” – deyirdi. Elə fars da var idi ki, “Sizdəki əzmə heyranam” – deyirdi.
Həbsxanadan çıxan kimi qardaşımın köməkliyi ilə Türkiyəyə getdim. Döyülməkdən, işgəncə verilməkdən bədənimdə sağ yer yox idi. Hər dəfə sorğuya çağırır, nəinki etdiyim, hətta etmədiyim əməlləri də boynuma qoymağa çalışırdılar. Sorğudan sonra isə iki jandarm növbə ilə məni döyərdi. O qədər döyülməyin qabağında ölməməyimə hələ də təəccüb edirəm. Sonra da halsız bədənimi sürüyüb kameraya atardılar. Bu cümlələri yazarkən canımda o təpiklərin ağrısını, ağzımda qan tamını hiss edirəm.
Bakıya gələndə o qədər zəif, halsız idim ki, düzgün yeriyə də bilmirdim. Dəfələrlə küçədə polis yaxınlaşmış, sənədlərimi təqdim etməyimi istəmişdi. İran vətəndaşı olduğumu görəndə, “tiryəkin bol yerindən gəlibsən” – deyib bölməyə aparmışdılar. Hər dəfə dostlar gəlib bölmədə vəziyyəti onlara anlatmış və məni azad etmişdilər.
Bakıda küçədə, təzə tanışlar arasında, lap elə polis bölməsində də qəribə münasibətlə üzləşirdim. Sanki insanlar Azərbaycanın ikiyə bölündüyünü, İranda yaşayan Azərbaycan türklərinin soydaşları olduğunu unutmuşdular. Çoxunda bir ögeylik, biganəlik hiss etdim. Bütöv Azərbaycan ideyasının buralarda gülüş konusu olduğunu görəndə isə sarsılmışdım.
Ancaq onu da deyim: Bakıda elə insanlar tanıdım ki, Təbriz deyəndə gözləri dolurdu. Onlar Güney Azərbaycanın əsarətdən çıxmasını məndən az istəmirdilər. Amma əllərində səlahiyyətləri yox idi. Bacardıqları – mənim kimi qaçqınlara yardım etmək idi.
Bakıda üç ay qaldım. Ağrı-acı, aclıq, təəssüf dolu üç ay. Yenidən Türkiyəyə qayıtmağa məcbur oldum. BMT-nin qaçqınlar üzrə komitəsi də mənə yardım edəcəyinə söz vermişdi. Verilən bu sözün, közərən ümidin ucundan tutub Əskişəhərə gəldim. İndi Əskişəhərdə yaşayıram. Kirayə tutduğum balaca bir otaqda fəhləlikdən qazandığım pulun hesabına yaşayıram. İrana qayıda bilmərəm. Dönsəm, tutub sorğu-sualsız asacaqlar. Amma mən yaşamaq istəyirəm.
Şahnaz Kamal. SAVALAN (hekayə)
İyun 22nd, 2013 admin