Onun inauqurasiya çıxışını başdan ayağa oxumaq, o çıxışla başdan ayağa tanışlıq yersiz-gərəksiz çağ itkisi demək olardı. Arxada yalanlar, xalqı aldatmalarla dolu 10 illik bir dönəm var. Arxada qoyub gəldiyi 10 illik dönəm ölkənin ən yüksək tribunasından ən yüksək yalanlar, ən yüksək aldatmalarla yadda qalıb. Hakimiyətə yalanla, xalqı aldatmaqla gəldikləri kimi, yalanla, xalqı aldatmaqla da hakimiyətdə qalırlar – ailəiçi transfer yoluyla.
Qabaqca oğru seçkisi keçirdilər, sonra da oğru inauqurasiyası. Belə inauqurasiya görməmişdik – oğru inauqurasiyası! Andiçməsi də öz yerində. “Ölkə Konstitusiyasına əməl edəcəyimə, ölkənin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi üçün çalışacağıma and içirəm”. Bu, 10 illik prezidentlik dönəmində yalana çıxmış anddır. Ölkə Konstitusiyasını 10 il tapdayandan sonra onu xalqın gözü qarşısında qaldırıb stol üstünə qoymağın özü xalqı alçaltmaqdır. Bütöv bir korrupsiyaçı-kriminal komanda ilə altında uzun illər rüşvət alınan bir bayraq önündə diz çökməyin özü də o bayrağın arxasında dayanan xalqı, eləcə də o bayrağın qaynaqlandığı idealları bir daha əskiltmək deməkdir. Yaranışından varlı bir ölkənin yurddaşlarını oğurluq, soyğunçuluq, yerə-göyə sığmayan dargözlük axarında yoxsulluq yolçularına döndərəndən sonra “ölkənin müstəqilliyindən” danışmaq “nağıllar aləminə səyahət” seriyasından söyləmələrdir. Hakimiyətin bütünlüklə bir qrup oğru, dələduz əlində toplandığı ölkədə hansı “müstəqillikdən” danışmaq olar?! Bütün faktlar bir yana, “ərazi bütövlüyünün müdafiəsi” bircə faktla darmadağın durumuna gəlir. Bu ilin başlanğıcında “Əsgər ölümünə son!” aksiyası keçirən gənclərə üçüncü yol Konstitusiyaya, Qurana and içən kimsə “antimilli ünsürlər” damğası vurdu, sonra da onları qondarma suçlamalarla türməyə doldurdu!
“Xalqıma layiqincə xidmət edəcəyimi, milli dəyərlərə və Azərbaycan xalqının ənənələrinə sadiq qalacağıma and içirəm”. Arxada qalan 10 illik prezident praktikası – ortada olan görsənişlər – bu andın da çoxdan yalana çıxdığını göstərir. Bununla bağlı çoxlarının bildiyi çoxlu fakt var, mən çoxlarının çox da önəm vermədiyi bir fakta toxunmaq istəyirəm. Bəlli olduğu kimi, dil milli dəyərlər arasında başlıca, aparıcı dəyərlərdən sayılır. Dilimiz nə gündədir? Özü başda olmaqla İ.Əliyevin komandasında bu dili sevən, bu dilə ürəkdən bağlı olan bircə kimsə varmı? Özü, ailəsi ingilisdilli, başqaları… başqa dilli. Əliyevlər rejimində dövlət dili çoxdan antidövlət dilinə çevrilib. Bunu görmək, bilmək üçün dövlət qulluğunda olanlarla qonuşmaq artıqdır – AzTV-lərə baxın, görəcəksiz. Görəcəksiz televizyalar dilimizi necə aşındırır, necə bayağılaşdırır. Bircə fakt gətirirəm. Gündəlik hava soraqlarından: “Hal-hazırda Bakı şəhərində küləkli hava üstünlük təşkil edir”. Bu ölkənin prezidenti İ.Əliyev yox, mən olsaydım, xalqla bu sayaq ölü dilində danışan televiziyaları qapayardım – dilimizə sonsuz sevgim üzündən. İ. Əliyevə isə elə bu dildə danışan televizyalar gərəkdir: ona televiziyaların dili, milli dəyərlərimizə, gələnəklərimizə bağlı televiziyalar deyil, hamısı bir ailənin lakey-qulluqçusuna çevrilən televizyalar gərəkdir.
Onun məscidlərə pulsuz qaz verilməsi göstərişi də inauqurasiyalarda and içdiyi Qurana, o Quran yolçularına sayğıdan deyil, özünü dindar adlandıran çoxluğun çoxluq olaraq ona səs verməsinə verilən rüşvətdir. “Zalıma arxa durmaq, ona yardımçı olmaq kafirliklə birdir”, – bunu min il qabağın şeyxülislamı imam Rza deyib. Dəyərlər dəyişib: indinin şeyxülislamı kafirliyi düzgünlükdə, düzgünlük yolçusu olmaqda görür. İndiki seçki də, seçkisonrası bəlli göstəriş də əliyevçi rejimin Batıya çoxdan sırımağa çalışdığı bir yalanın üstünü açdı. Onlar Batını bizdəki dindarların İrana bağlı olduqları ilə qorxudurdular. Bu da yalan çıxdı: dindarlar İrana yox, əliyevçi rejimə bağlıdırlar.
XALİQ BAHADIR. İLHAM ƏLİYEVİN İNAUQURASİYA YALANLARI
Oktyabr 28th, 2013 admin