Dövlətçiliyimizə gərək olan Millətçiliyimiz

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli Yurddaşlarımız!
Azərbaycanımızın həyatında çox ağrılı, fəlakətli bir tarix yaranıb. Bu tarix bizim bugünkü həyatımıza da ciddi təsir göstərir. Ona görə də biz bir millət olaraq bu aqibətimizi düzgün dəyərləndirməliyik və düzgün yön almalıyıq. Nəsillər bir-birini səhvlər üzərində təkrar eləməməlidir. Nəhayət ki, milli varlığımız özünün bütün çalarlarıyla müəyyənliyini tapmalıdır.

Bizim mürəkkəb aqibətimizdə ağrılı məsələlərimizdən biri də Dövlətçilik məsələmizdir. Əlbəttə, uzaq tarixdən üzü bu yana bizim dövlətçilik ənənələrimiz olub. Və bu, tariximizin şərəfli səhifələrində öz əksini tapıbdır. Asif Ata bizim Qədimliyimizdə Midiya dövlətçiliyini xüsusi qabardır. Həm Zərdüştçülüyə bağlı bir dövr olduğuna görə, həm də kimliyimizin xüsusi bir müəyyənliyinin olmasına görə. Xüsusilər ölkəsi, Maqlar ölkəsi, Hünərlilər ölkəsi – qürurverici bir tariximizdir. Söz yox ki, burada biz tarixi dövlətçilik ənənələrimizi sadalamayacağıq. Bununla əlaqədar tarixi bilgilər işlənib, yazılıb və yazılmaqdadır. Biz yaxın tariximizin mahiyyətini vurğulamağa çalışacağıq. Bu, Azərbaycanın Quzeyində ADR-in, Güneyində ADF-nin yaran­ması və dağılmasının prinsipial səbəbləridir. Bu səbəb­ləri çözmək  bugünkü həyatımızda ondan dərs götürməyimizə işarə olacaq. Qarşıdan Azərbaycan Demokratik Respublika­sının devrilməsinin ildönümü (28 aprel) gəlir. Biz bu söhbətimizdə Quzeydə yaranan Milli Dövlətlə Güneydə yaranan Milli Hökuməti vəhdətdə dəyərləndirməyə çalışaca­ğıq. Bu hadisələr sanki fərqli ünvanlarda görünür. Əslində isə bir millətin və bir vətənin bölünmüşlüyü üzərində yaşanan faciənin təzahürləridir. Belə bir mürəkkəb aqibətimizi tarix tədqiqatçılığı səviyyəsində öyrənməkdən qabağa getməliyik, başqa sözlə, fəlakətlərimizdən dərs götürüb Azadlıq mübari­zə­mizin konsepsiyasında əks etdirməliyik. Ona görədir ki, biz bu məsələlər üzərində tərəfsiz vurğu eləməyi və təqdim eləməyi özümüzə borc bilirik. Tərəfsiz, yəni siyasi gizlənmələr bizim bu söhbətimizdə yer almır.

Beləliklə, çox mürəkkəb, ziddiyyətli bir tarixi şəraitdə M.Ə.Rəsulzadənin başçılığı altında yaranmış dövlətimiz əski dövlətçilik ənənələrimizə söykənsə də, sanki göydəndüşmə bir hadisəydi. Çünki bu hadisə bizim bir parçamızda baş verirdi, imkanımız hədsiz dərəcədə məhdud idi. Belə balaca bir dövlətin sonrası necə olacaq, onu qoruyub saxlamaq mümkün olacaqmı?! Bu sualları düşünmək özü bir maneə idi. Ancaq bu suallarla özlərinə sədd yaratmayan böyüklərimiz çox böyük ləyaqət göstərdilər və sonrakı dövrlər üçün özümüzə inanmağımız yönündə ənənə yaratdılar.

 

Abil Ulusoy: Günaydın, istəkli yurddaşlarımız!

XX əsr özünün siyasi vəziyyətinə görə hədsiz qaynar əsr adlanır. XIX əsr və ondan qabaqkı əsrlər bu qədər dövlətlərin yaranmasıyla və ictimai-siyasi hadisələrin çoxluğu ilə müqayisə oluna bilməzdi. Əslində nəyə görə bu qədər qaynar bir əsr oldu? XX əsrdə dünya iki müharibə gördü. Həm I Dünya müharibəsi, həm də II  Dünya müharibəsi. Müharibə bəşəriyyətə fəlakət gətirir. Ancaq müharibələr fonunda ayrı-ayrı dövlətlər özlərinin siyasi istəklərini də ortaya qoya bilirlər. Və nəticə etibarilə dünyanın siyasi xəritəsində yeni-yeni dövlətlər yaranır. Bu, I Dünya müharibəsindən sonra da baş verdi, İkinci Dünya Müharibəsindən sonra da. Müharibə­nin başvermə səbəblərindən asılı olmayaraq, dünyanın yenidən bölüşdürülməsi məsələsi ortaya çıxır. Qalib dövlətlər tərəfindən dünyada yeni bir siyasi düzən – Yeni Dünya düzəni yaranır. I Dünya Müharibəsi zamanı Azərbaycanın Quzeyi Rus İmperiyasının, Azərbaycanın Güneyi isə İranın tərkibində idi. Rusiya I Dünya Müharibəsində məğlub oldu. Rusiyanın I Dünya Müharibəsindəki məğlubiyyəti imperiya daxilində bütün sahələrdə sosial-iqtisadi, siyasi və s. vəziyyəti gərginləşdirmişdi. Mərkəzi Dövlətdə dövlətçilik zəifləmişdi. İdarəçilik və eləcə də dövlətin əsasları sarsılmış­dı. Və bu da Rus İmperiyasının əsarətində olan ayrı-ayrı xalqların taleyində özünü göstərirdi. Zəifləmiş imperiya artıq əvvəlki kimi idarə edə bilmirdi. İmperiya əsarətində olan xalqlar da əvvəlki kimi idarə olunmaq istəmirdilər. Tarixi dövlətçilik ənənələri olan Azərbaycan da öz müstəqil dövlətini qurmaq istəyirdi. Quzeydəki Azərbaycan dövlətinin istəyi tamamilə milli zəmində idi. Milli dövlət qurmaq istəyən o vaxtkı ziyalılarımız özlərinin imkanlarından yuxarı səviyyədə fəaliyyət göstərirdilər. Bu, artıq Azərbaycanın keçmiş tarixidir. Həm də şərəfli tarixidir. Biz tariximizin həmin dövrü ilə üz-üzə qalanda qürur duyuruq. Azərbaycan Milli dövləti hansı şəraitdə quruldu? Hadisələrin baş verdiyi yer və şəraitin özü də önəmlidir. Rus imperiyasının milli nifaq toxumu səpdiyi bir şəraitdə Milli Dövlət quruldu. Azərbaycan həmin milli nifaqın törətdiyi hadisələrin mərkəzində idi. Azərbaycanın, onun tarixi ərazisində qurul­muş Ermənistanla münaqişəsi var idi. Ermənilər bir millət olaraq Azərbaycanı təhdid edirdilər. Bu təhdidlərə baxmayaraq, ortaya çıxan ADR öz Milli Dövlətini qurmaqla bərabər, həm də yaratdığı dövləti və onun ərazilərini xarici təcavüzdən qorumaq məcburiyyətində qalmışdı. Gürcüstanın o dövrdəki Xarici İşlər Nazirindən mən bir sitat gətirmək istəyirəm: “Qafqazda bir millət var, özünün torpaqları yoxdur. Dövlət qurmaq istəyir. Biz ona öz torpaqlarımız hesabına dövlət qurmağa imkan verməliyik. Bu millət ermənilərdir”. Halbuki Ermənistan dövləti Azərbaycanın əraziləri hesabına quruldu. ADR yaşadığı 23 ayda həm ölkə daxilində, həm də beynəlxalq aləmdə özünü siyasi təsdiq eləmək üçün çox işlər gördü. Beynəlxalq səviyyədə təmsil olunmaq istəkləri var idi. Dünya birliyində özünəməxsus yer tutmaq istəyi var idi. Qonşu dövlətlərlə xoş münasibətlər qurmaq istəyi var idi. Həmçinin xarici müdaxilələri önləmək istəyi var idi. Təəssüf ki, ADR-in siyasi ömrü çox az oldu. Azərbaycanın Quzeyində qurulmuş Milli Dövlət Bolşevik Rusiyasının işğalı nəticəsində 23 aydan sonra süqut etdi.

 

Ağşın Ağkəmərli: İstər Quzeydə qurulan Milli Dövlət, istərsə də Güneydə qurulan Milli Hökumət hər ikisi bir istəkdən qaynaqlanırdı. Bu istək xalqımızın təbii haqqı olan dövlətçilik məsələsinə bağlı idi. Ona görə də Səttarxanı, Xiyabanini, Rəsulzadəni, Pişəvərini ayrı-ayrılıqda düşünmək doğru deyil. Fikir verin, bizim həm o tayda, həm bu tayda elədiyimiz cəhdlərə qarşı eyni dövlətlər, eyni qüvvələr tərəfindən basqıya məruz qalmışıq. Rusiyanın, İngiltərənin, Amerikanın, Fransanın münasibəti Azərbaycanın o tayına necə idisə, bu tayına da o cür idi. Ancaq kimin münasibətinin necə olmasından asılı olmayaraq, bizim istəyimiz dövlətçilik idi. Bəs niyə I Dünya Müharibəsinin dünyanı qarışdırdığı bir vaxtda biz öz milli düzənimizi qura bilmədik? Bunun çox özəl səbəbləri var. Və bu səbəblərə hissə-hissə toxunmaq lazımdır. XX yüzilin başlanğıcında bəllidir ki, Azərbaycan çox gərgin bir dövrünü yaşayırdı. Bilirsiniz ki,  Azərbaycanın azadlıq istəyi Səttarxançılıq Hərəkatı ilə baş qaldırmışdı. Onun ardınca az fasilədən sonra Xiyabani Hərəkatı meydana gəldi. Nəticə etibarilə 6 ay yaşamış bir dövlət quruldu. Onun rəsmi adı Azəristan idi. Əslində bu hökuməti Səttarxan Hərəkatında iştirak eləmiş adamlar, yaxud onların övladları qurmuşdu. Xiyabani Hərəkatının iştirakçıları və onların övladları isə Pişəvəri Hərəkatında Milli Hökuməti yaratdı. Yəni bunların hər biri bir-birinə bağlı şəkildə baş verib. Və bunları bir-birinə bağlı şəkildə də araşdırıb dərk eləmək mümkündür. Ortaya sual çıxa bilər ki, bəs niyə uğurlu nəticə əldə olunmayıb? Bəlkə parçalanmağımıza görədir, yaxud bir-birimizdən uzaq olmağımıza, kimliyimizi başqa təsirlər altında axtarmağımıza – deyək ki, İrançılıq, Rusçuluq, Qərbçilik daxilində axtarmağımıza görədir və s. Məncə, bu bizim sualımızın birbaşa cavabı deyil. Doğrudur, içimizdən özümüzü doğrayan baltalara sap olanlar çox olub – Rusiyaya, İngiltərəyə, İrana qulluq edənlər indi də var. Ancaq dövlətçilik sevgimiz heç vaxt ləğv olunmayıb. Nəticəsizliyin əsas səbəbi isə məncə, bizim bir millət olaraq formalaşa bilməməyimizdir. Əgər biz bir millət kimi formalaşmış olsaydıq, öz kökümüz üstündə bitmiş, öz quruluşumuzu yaratmış olsaydıq, XX yüzilin əvvəllərində istər o tayda, istər bu tayda dövlətçiliyimizi bərpa eləyib onu qoruya bilərdik. Mən bu söhbətimizdə Pişəvəri hökumətinin üzərində vurğu eləmək istəyirəm. Çünki bəlli dövrdə Pişəvəri hökuməti Azərbaycanın siyasi mahiyyətini ifadə edirdi. Habelə xalqımızın siyasi taleyinin göstəricisi idi. Burada Pişəvərinin qısaca bir bioqrafiyasını demək də yerinə düşərdi. Bilirsiniz ki, Pişəvəri Güneyin Xalxal bölgəsinin Zeyvə kəndində dünyaya gəlib. 13 yaşlarında taleyi elə gətirir ki, Bakıya gəlib çıxır. Orta məktəbi Bakıda oxuyub qurtarır. Elə burada müəllim kimi fəaliyyət göstərir. Buradakı hadisələrin şahidi olur. Dövrünün görkəmli adamlarını tanıyır. M.Ə.Rəsulzadə ilə müəyyən bağlantıları olsa da, Nərimanovun xəttini götürür. Təəssüf ki, o vaxt bu taydan Güneyə gedənlərin hamısı demək olar ki, Nərimanov kimi düşünürdülər. Yəni kommunizm psixologiyası ilə gedirdilər. Düzdür, sonradan Pişəvəri bu psixologiyanın təsirində qalmadı. Güneyə gəldiyində Məmməd Dehqani ilə birlikdə “Həqiqət” adlı qəzet buraxmağa başladı. Qəzetin ömrü çox olmasa da, Pişəvərinin öz xalqı ilə ünsiyyət qurmasında müəyyən rol oynamışdır. Sonradan o, Qəsri-Qacar zindanına atılır və 12 il həbs cəzasına məhkum edilir. Burada o, təkcə məhbus həyatı yaşamır, “Ədalət” partiyasının əsaslarını yaradır. Əlavə olaraq, Azərbaycan tarixini də özü üçün araşdırıb öyrənir. Rza şahın qaçdığı dövrdə Qəsri-Qacardan azad edilir və yeni fəaliyyətə başlayır. Sonra Güney Azərbaycandan millətin nümayəndəsi kimi seçkilərdə iştirak edir. Bu vaxt o, bir namizəd kimi çoxsaylı görüşlər keçirir. Ona görə də seçkiyə qatılmaq Pişəvəri üçün yalnız bir siyasi gediş deyildi. O, öz xalqını yenidən tanımağa fürsət qazanmışdı. Elə həmin ildə Tehranı həmişəlik tərk edir. Təbrizə – xalqının gücünün oturuşduğu ünvana gəlir. Bu, 40-cı illər idi. Təbrizdə o, Demokratik firqəni yaratdı. Təbiidir ki, Pişəvəri bu firqəni millətin istəklərinin, tələblərinin əsasında qurmuşdu. Bu firqədə xalqın müəyyən potensialı birləşirdi. Burada Səttarxan dövrünün azadlıq həsrətini içində daşıyan adamlar vardı. Təsadüfi deyil ki, Milli Hökumət qurulanda bir ildə çox illərin iqtisadi gəlişməsini gerçəkləşdirə bildilər. Sonra da, dediyimiz kimi, uğursuzluq yarandı. Bir daha vurğulayıram ki, bu uğursuzluğun üzdəki səbəblərini bir çox mövzulara bağlaya bilərik – Bakı neftinə yönəlik niyyətlərin oynadığı rolu da dilə gətirmək olar, bölgəni yönəltmək istəyənlərin siyasi oyunlarını da və s. Ancaq yenə deyirəm, məsələnin köklü səbəbini bizim millət kimi formalaşa bilməməyimizdə axtarmaq lazımdır. Söhbətimin mahiyyətini məhz bu məsələyə bağlayıram. Millət kimi formalaşmaq üçün isə müəyyən bir mərhələni keçmək lazımdır. Və ilk şərt də budur ki, biz tarixdə buraxdığımız səhvləri təkrar etməməliyik. Qəbul olunmayası məqamlardan biri budur ki, biz tariximizə başqalarının açımı ilə yanaşmışıq. Özgələr bizim üçün tarix yaratmır, öyrənib əzmək, vurub sıradan çıxarmaq gedişatı yaradır. Biz isə bu gedişata kimliyimizin ifadəsi kimi baxmışıq. Odur ki, biz ilk mərhələdə öz tariximizə, taleyimizə yenidən baxmalıyıq – öz açımımızla, öz düşüncəmizlə. Beləliklə də biz unutqanlıqdan çıxmalıyıq. Dünən bizim başımızı kəsənlərə bu gün yenidən qapı açırıq. Bu isə bizim öz taleyimizə biganəliyimizin əsasını formalaşdırır. Ona görə də unutqanlığımızı unutmalıyıq. Üçüncü bir məsələ, fərdi xarakterlərimizdə çatışmazlıqların ictimailəşməsinin qarşısını almaqdır. Daha ciddi problemimiz eqoizmdir, xudpəsəndlikdir, bir-birinə qarşı durmaqdır, bir-birini qəbul edə bilməməkdir. Bu haldan çıxmaq çox əsas şərtdir. Bu xarakterlə yol getmək, birgə addımlamaq olmur. Millətin içində yeni bir “Doğuş” yaranır – bir millət kimi formalaşmaq, bir millət kimi üzə çıxmaq öz təsdiqini tapır. Şübhəsiz ki, bundan sonra dövlətləşmə mərhələsinin əsası qoyulur. Bizim xalqımızın içində, sevgisində (özü bunu bildi, ya bilmədi) dövlətçilik yaşayır. İndiki İranın minillik taleyinə baxın, orada bizim qurduğumuz dövlətçilik ənənəmiz var, yəni tarixi köklərimiz var. Ancaq yenə də təəssüf ki, istər İranda, istər Asiya qitəsində 140-a, 150-yə qədər qurduğumuz dövlətlərin fikir, düşüncə cəhətdən başı başqa yerlərə bağlı olubdur. Faciələrimizin də əsası burdadır.

 

Abil Ulusoy: Bəli, Azərbaycanın Güneyində hadisələr baş verirdi. Həmin hadisələr özünün məntiqi sonucuna, yəni dövlətin qurulmasına gətirib çıxarmadı. Təbii ki, Güneydə milli zəmində baş verən hadisələr Səttarxan Hərəkatından sonra Milli Hökumətin qurulması yönündə irəliləyirdi. Təəssüf ki, bu istək gerçəkləşmədi. Ancaq XX əsrin əvvəlindən başlamış olan bu hərəkat sonradan davam eləməyə başladı. Səttarxan Hərəkatı İrana Məşrutə gətirdi, Xiyabani Hərəkatı İranı silkələdi və ondan sonra baş vermiş hadisələr yüksələn bir xətlə gedirdi. Təbii ki, hər il inqilab, hər il hərəkat ola bilməzdi. Azərbaycanın həm Quzeyində, həm də Güneyində hərəkatı yatıran qüvvə var idi. Bilirsiniz ki, Xiyabani də 1920-ci il sentyabrın 16-da rus kazakları tərəfindən öldürüldü. Artıq dünya başqa bir halda idi. 1939-cu il sentyabrın 4-də dünya XX əsrdə ikinci dəfə sarsıldı. II Dünya müharibəsi başlandı. II Dünya müharibəsi başlayanda artıq bəlli idi ki, I Dünya müharibəsinin dərsləri unudulmur­du. Ayrı-ayrı dövlətlər nəyin baş verəcəyini qabaqcadan hesablayırdılar. Azərbaycanın Quzeyinin bəlli bir durumu vardı. Quzey Azərbaycan SSRİ adlı kifayət qədər güclü olan bir imperiyanın tərkibində idi. İranın mövqeyi dünya siyasətində kifayət qədər zəif idi. İran özü üçün bir mövqe seçimi etməli idi. İranda bu seçim Almaniya üzərində dayandı. Və İran Almaniya ilə çox yaxın əlaqələr qurmağa başladı. Bu həm də fars millətçiliyindən irəli gələn əlaqələr qurumu idi. Farslar da almanlar kimi özlərini ali irqin nümayəndələri hesab edirdilər. Bundan başqa, İranın xarici ixracat payının əsas hissəsi Almaniyaya yönəlik idi. İranda Almaniyanın 5000 nəfərədək hərbi ekspertinin və casusunun olduğu bildirilirdi.

Almaniya SSRİ ilə müharibəyə başladı. SSRİ işğala məruz qalan bir dövlət olduğu halda, işğalçılıq yönü tutdu. 1941-ci il avqustun 25-dən 26-na keçən gecə Sovet qoşunları Güney Azərbaycanın sərhədlərindən keçərək onu işğal etdilər. Nəyə görə işğala məruz qalan bir dövlət özü işğalçılıq yolunu seçdi? Əvvəla neft amili dünya iqtisadiyyatında, dünya siyasətində əsas rol oynayırdı. XXI əsrin əvvəllərində də neftin dünya siyasətinə təsiri aydın seçilir. İran neft ehtiyatları ilə zəngin bir ölkə kimi bilinirdi. Avropanın buna ehtiyacı vardı. Konkret Almaniyanın buna ehtiyacı vardı. SSRİ Almaniyanın İrandakı varlığına son vermək istəyirdi, özünün dövlət təhlükəsizliyi naminə. Burada bir fakt önəmlidir ki, 1941-ci ildə SSRİ-nin Güney Azərbaycanı işğal etməsi ilə Azərbaycan Milli Hökumətinin qurulması arasındakı vaxt 4 ildən çox çəkir. Sual oluna bilər ki, bu işğalın ilk ayındaca Güney Azərbaycanda Müstəqil dövlət qurula bilərdimi? Mənə elə gəlir ki, qurula bilərdi. Əgər xarici dövlətin orada iştirakı bu qədər önəmli idisə?! Mən niyə bu məsələyə önəm verirəm?!. Bəzi araşdırıcılar Güney Azərbaycan türkünün Milli Hökumət qurmaq yönündə apardığı mübarizənin əsil qiymətini azaltmağa çalışırlar. Çox şeydə vurğunu SSRİ üzərində edirlər. Mən deyirəm SSRİ amili bu qədər Milli Hökumət qurmaq yönündən önəmliydisə, SSRİ işğalın elə ilk ayındaca bu istəyinə çatardı. Və onun arxasında da dayana bilərdi. Artıq onun orada hərbi qüvvələri var idi. Nəyə görə bu hadisələr baş vermirdi? Sovet işğalından 4 il sonra Milli Hökumət quruldu və qısa müddət­dən sonra siyasi ömrü başa çatdı. AMH-in qurulma­sında SSRİ-nin iştirakını tamamilə inkar etmirik, ancaq tarixi ədalət naminə Azərbaycan türkünün Güneydə Milli Hökumət qurmaq istəyini də kiçiltmək olmaz. SSRİ bəri başdan qurulacaq AMH ilə necə rəftar etməyi, məncə,  fikirləşmişdi. Güney Azərbaycan işğal olunmamışdan öncə 1941-ci ilin yanvarında Moskvada “Güney Azərbaycanın texniki-iqtisadi icmalı” hazırlanmışdı. Bu icmalda sosial-siyasi, iqtisadi, coğrafi və s. məlumatlar öz əksini tapmışdı. SSRİ İranla münasibətlərini nizamlamaq istəyirdi. Mən bunu ona görə deyirəm ki, bu günün özündə də İrana qarşı baş verəcək xarici müdaxilələrlə bağlı xəyallar quranlarımız var. İrana xarici təcavüz olacaqsa və bunun nəticəsində nələr olacaq, – təcavüzkar ölkə özü haqqında, öz mənafeyi haqqında fikirləşir. Onlar Güney Azərbaycan haqqında fikirləşməyə gəlmirlər. Sadəcə olaraq Güney Azərbaycanda olan insanlar hansı dövlətdən necə, nə vaxt və hansı şərtlərlə yardım almaq haqqında fikirləşməlidirlər. Çünki dünyada qurulan dövlətlərin əksəriyyəti xarici dəstəyin hesabına qurulur.

II Dünya müharibəsi ərəfəsində 1937–1938-ci illərdə İranın yeni inzibati-ərazi vahidlərinə bölünməsi nəticəsində Güney Azərbaycan parçalanmışdı. Həmədan, Qəzvin və s. şəhərlər, onlarla Azərbaycan mahalı, 2500-dən çox kənd Azərbaycandan alınmışdı. Güney Azərbaycanda sosial-iqtisadi, siyasi durum çox ağır idi. Güney Azərbaycan iki inqilab yaşamışdı. O, artıq bir müharibə məktəbi keçmişdi. Çox təəssüf ki, həmin dövrdə Güneydə hərəkata başçılıq edə biləcək siyasi xadimlər yox idi. Nə qədər çətin olsa da, biz bunu deməliyik. Həmin dövrdə Güneydə ayrı-ayrı təşkilatlar yaranmağa başladı. Bəzi siyasi partiyalar İranın, yəni dövlətin siyasi qurumunun tərkib hissəsi idilər. Məsələn, İXP. Onun Güney Azərbaycanda bölmələri var idi. Baş Tehrana bağlı idi, Təbrizə bağlı deyildi. Sadəcə olaraq Güney Azərbaycan əvvəldən hadisələrin əsas iştirakçısı deyildi. Güney Azərbay­can ona ayrılmış yerdən istifadə etmək məcburiyyətində qalmışdı. SSRİ-nin Güney Azərbaycanda hərbi varlığı, həm də Güney Azərbaycana müstəqil addımlar atmağa mane olurdu. Onun müəyyən köməkçiləri var idi, bu danılmaz idi. Güneyə Quzeydən ayrı-ayrı ziyalılar gedirdilər və onlar təlimatlı şəkildə gedirdilər, Güneydə işlər görürdülər, milli ruhun oyanmasında maarifçilik işləri aparırdılar. Ancaq bu yönün özü də sırf milli zəminə söykənmirdi. Çünki Quzey Azərbaycanın özünün milli dövləti olmadığı üçün verilən təlimatlar Moskvadan gəlirdi. Moskva isə Güney Azərbay­­canda Quzey Azərbaycan vasitəsiylə görmək istədi­yini görürdü. Mərkəz tərəfindən Güney Azərbaycana qarşı ayrı-seçkilik özünü bütün sahələrdə göstərirdi.

Güney Azərbaycanda siyasi təşkilatlanma işi gedirdi. Bunun nəticəsində 1945-il sentyabrın 3-də ADF – Azərbaycan Demokratik Firqəsi yarandı. Çox təəssüf ki, hadisələrin sürətli inkişafına rəğmən Güney Azərbaycan içəridən qurula bilməmişdi. Vaxt məhdudiyyəti buna imkan verməmişdi. Pişəvəri,  bildiyimiz kimi, bir jurnalist idi. “Ajar” qəzetinin baş redaktoru olmuşdu. 12 il “Qəsri-Qacar” adlanan həbsxanada siyasi məhbus həyatı keçirmişdi. Xalqı­na, millətinə sevgi telləri ilə bağlı olan böyük türk ziyalısı idi.  Ancaq nəzərə almaq lazımdır ki, istənilən insan siyasi məhbus həyatı yaşayırsa, 12 il dünyadan təcrid olunursa, o, insan kimi də çox şeyi itirir. Qazandıqları var, təbiidir. İtirdikləri də var. Əgər o, siyasi fəaliyyətlə məşğul olsa idi, ola bilər ki, AMH qurularkən onun ətrafı şaxələnmiş olardı, siyasi dillə desək, özünün bir komandası olardı. Bununla belə, dayanmadan gedən quruculuq işləri az şey demədi. Güney Azərbaycan insanı Milli Dövlətin, milli hakimiyyətin nə olduğunu anlamağa başladı. Əlbəttə, Milli Hökumətə yad baxışlar güclü idi. Çox təəssüf ki, 1946-cı ilin sonunda Milli Hökumət devrildi, – Mərkəzi hökumətin və belə deyək, birbaşa Amerikanın fəal iştirakı ilə. AMH-nin  devrilməsində SSRİ, Amerika və İngiltərə xarici güclər kimi böyük rol oynadılar. Dünya birliyinə olunan müraciətlər nəticəsiz qalırdı. 1942-ci ildə Atlantik okeanında hərbi gəmidə “Atlantiya Xartiyası” adlanan sənəd ABŞ Prezidenti T.Ruzvelt və İngiltərə Baş Naziri U.Çörçill tərəfindən imzalandı. Bu sənəddə millətlərin öz müqəddəratlarını təyin etmək hüquqları da yer alırdı. Həmçinin insan hüquqlarının qorunması bu sənəddə yer alırdı. AMH bu sənəddən irəli gələn maddələrdən istifadə edərək, Dünya birliyinə müraciətlər etdi. Həmin müraciətlər Dünya birliyi tərəfindən qəbul olunmurdu.

 

Ağşın Ağkəmərli: Bu faciələrdən çıxmaq üçün bizim həyatımızda yeni bir düzən lazımdır. Bu düzəni isə yeni bir milli ideolojilik yarada bilər. Bizi, bu üçlüyü də bir araya gətirən məhz bu istəkdir. Keçmişlə bizim çağımız arasında fərqli bir məqam var. Və bu fərqli məqam bəri başdan deyim ki, Asif Atanın ideyalarının ortada olmasıdır. Asif Atanın meydana çıxması ilə biz ideoloji boşluqdan çıxmaq şansı əldə eləmişik. Bu boşluğu biz Milli Hökumətdə də görürük, Səttarxan Hərəkatında da görürük. Bu boşluqların nəticəsində başqalarının təsirlərinin altında qalırıq və uğursuzluqlarımız davam edir. Ona görə də biz bu mərhələlərdən keçərək, ideoloji bütövlüyə yetəriksə, inamla demək olar ki, əbədi dövlətçiliyimizin əsasını qoymuş olarıq. Daha XX yüzildəki kimi, yəni yüz il ərzində bir il, altı ay ömrü olan dövlət qurub (Güney Azərbaycanda) sonra yenidən yad təsirlər altında qalmarıq. Onun da qüsurlarının artıq tarixdə qalması bizlər­dən asılıdır. Əgər biz, bu boşluqlara son qoymasaq, gələcəkdə də bu qüsurlar davam edəcək. Ona görə də ciddi şəkildə Millətləşmə mərhələsini keçməliyik. İnanıram ki, əgər Asif Atanın ideyaları XX yüzilin əvvəllərində olsaydı, bu gün biz babalarımızın səhvlərini aradan qaldırmağa yox, dövlətçili­yimizi həll etməyə çalışardıq. Yəni mərhələləri zaman baxımından xeyli qabaqlamış olardıq.

 

Soylu Atalı: Mən istəyirəm yenə söhbətin əvvəlinə qayıdam və bir neçə kəlmə Quzey Azərbaycanda yaranan Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı bir neçə məqama toxunam. Bizim bugünkü səslənişimiz Güney Azərbaycanla bağlı olsa da, XX yüzil Azərbaycanın aqibətinə vahid, bir tam kimi baxmaq lazım gəlir. Özəllikcə M.Ə.Rəsulzadənin rəhbərliyi altında yaranan dövlət, onun ictimai-siyasi əməyi, quruculuğu… Təəssüf ki, çağdaş Azər­bay­can iqtidarı tərəfindən bu əmək həzm olunmur, qəribə, qısqanc bir münasibət var. Hətta inkar var. Halbuki ölkənin rəsmi binalarının üzərində dalğalanan bayraq Rəsulzadənin bayrağıdır. Bu məsələyə kifayət qədər münasibət bildirildiyi üçün təkrar etmədən başqa məsələlərə toxunaq. Azərbaycan Demokratik Cümhuriyyəti çox mürəkkəb bir tarixi şəraitdə quruldu. Elə bir şərait ki, başdan-ayağa Azərbaycanın müstəqilliyinə qarşı idi. Bəllidir ki, artıq kommunist ideologiyası işə düşmüşdü. Əhatəsi genişlənərək gəlib Qafqaza da yerimişdi. Artıq yurdumuzda ideoloji çəkişmələr gedirdi. Millətçilərin və kommunistlərin təbliğatı gedirdi. Ancaq bir şeyə diqqət yetirmək lazımdır ki, bolşeviklərin niyyətləri, qurmaq istədikləri quruluş özlərindən öncəki Rusiyanın təməl prinsiplərinə zidd deyildi. Onlar imperiyanı devirməyə gəlməmişdilər, idarəetməni dəyişməyə gəlmiş­dilər. Sadəcə təbliğatları çox şirin idi, cazibəli idi. Əslində Bolşeviklər imperiyanı davam eləmək baxımından çar Rusiyasının varisləri idilər.

 

Ağşın Ağkəmərli: Siz çox gözəl bir məsələyə toxunduğunuz üçün yerindəcə bir neçə söz əlavə eləmək istəyirəm. Sizin dediyiniz kimi, bir imperiya o biri imperiyanı əvəz elədi. Sovet imperiyası ona görə qurulub 70 il yaşaya bildi ki, yeni bir ideolojilik ortaya çıxartdı. Bu isə Rusiyada təzədən bir canlanma əmələ gətirdi. Öz mövcudiyyətini təzədən ortaya çıxartmaq gedişi yaratdı. Bu ideologiya kommunizm idi. Bu ideolojiliyin təsiri bizə deyir ki, yurdumuzda da ideoloji boşluğu aradan qaldırmaqla hansı uğurları əldə eləyə bilərik. Bunun  mümkünlüyü ağıllara daha yaxşı çatmalıdır.

 

Soylu Atalı: Tamamilə doğrudur. Mən elə fikirlərimi ora gətirmək istəyirdim. Bəli, bolşeviklər həmin ideologiyanın əsasında Azərbaycandakı milli quruculuğu önləyə bildilər. İdeoloji təbliğatlarının üstünlüyü ilə manevr edə bildilər, yurdumuzda xalq kütləsini aldada bildilər, M.Ə.Rəsulzadəni böyük bir maneə ilə üz-üzə qoydular. Ən əsası zəhmətkeş deyilən bir qüvvəni ələ ala bildilər. Asif Ata təəssüflə bildirirdi ki, bizim cümhuriyyət quran saf ziyalılarımız Bolşe­vik­lərin yalançı fəhlə hakimiyyəti ideyasına qarşı zəhmətkeş­ləri ələ ala biləcək sanballı ideya ortaya qoya bilmədilər. Milli Hökumətin devrilməsinin başlıca səbəblərindən biri də elə bu idi. Əməkçi qüvvə aldadıldı – Bolşevizm yalanları ilə. Həm də bu təbliğat bizim içimizdə təkcə uzaqdan-uzağa eşidilmirdi, işi aparan kifayət qədər intellektual, savadlı, bacarıqlı adamlar bizim öz aramızdan idilər. Onlardan biri bayaq adı çəkilən Nərimanov idi. Nərimanov M.Ə.Rəsulzadə prinsiplərinin çökməsində çox ciddi rol oynadı. Təəssüf ki, bu gün aramızda çox ziddiyyətli, mürəkkəb təbliğatlar aparılır və çaşqınlıq yaradılır. Deyirlər Nərimanov vətənpər­vər idi, millətçi idi, o, sadəcə olaraq Leninə aldandı. Bilirsinizmi, söz yox ki, onun hansısa ziyalı keyfiyyətləri var idi. Ancaq böyük məsələlərdə – millət, dövlət məsələlərində hətta saf adam belə, elə səhvlər edər ki, bu, xəyanətə bərabər olar. Adam özüylə, öz ailəsiylə bağlı səhv eləmir ki. Bir millətin taleyiylə bağlı səhv edir və millət yüz il əsarətə girməli olur. Axı kommunizm ideyaları bəlli idi. Burada millət söhbəti yoxdur. İslamda mücərrəd ümmət söhbəti kimi burada da mücərrəd vahid bəşər ideyası vardı – cəfəng və amansız. Millətin ləğvi üzərində qurulan quruluş Nərimanov­lara nə vəd edirdi ki?! Nərimanov kimi intellektual adam bilmirdi ki, bu ideyanın insani-bəşəri əsası yoxdur?! Əgər biz Nərimanovu kommunizm yalanlarından süni şəkildə təcrid eləməyə çalışsaq, onda belə çıxır ki, o, kommunizmi dərk eləmirdi. Əlbəttə, bu yanaşma doğru deyil. O yaxşı bilirdi ki, “vahid bəşər” cəfəngiyyatında millət yoxdur. Bunu bilə-bilə o, necə millətsevər ola bilərdi. O, başqa cəhətdən aldana bilərdi, bu məsələdə isə aldanmaq üçün ciddi əsas yox idi. İdeya özü qabaqcadan konseptual olaraq bəlli idi. Ona görə də böyük qüsurları gizləməyə çalışmaq doğru deyil. Biz bayaqdan deyirik, tarixi fəlakətlərimizdən dərs götürmək lazımdır. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti tarixi fəlakətlərdən nəinki dərs götürür, əksinə, sanki fəlakətləri­mizin üzərinə pərdə çəkir. Fikir verin, M.Ə.Rəsulzadənin heykəli, heç yerdə adı-sanı yoxdur. Bu, bizə Milli Dövlət qurmuşdu. Ancaq Nərimanov milli dövlətimizi yıxanlarla çiyin-çiyinə idi, heykəli şəhərin ən görkəmli yerində, adına metro, küçə, bağ-bostan doludur. Lap elə M.Əzizbəyov olsun. Onun adını daşıyan metrostan­siyaya gündə minlərlə insan girib-çıxır. Burada metro söhbəti zahirən çox primitiv görünə bilər. Ancaq yadlığa xidmət eləyənlərin xatirələrini xalqa sırımaq, onların adlarını xalqın başının üzərinə qaldırmaq milli qüruru sındıran gedişlərdir. Belə şeylərə yol vermək olmaz. “Fəlakətli xalq” adını üzərimizdən bir qırağa qoymaq üçün zaman-zaman gərəkən addımlar atmaq lazımdır.

Ona görə də deyə bilərik ki, bugünkü dövlətimiz millətçilik baxımından M.Ə.Rəsulzadənin dövlətçilik ənənəsi üzərində formalaşmayıb. Hələ biz başqa məsələləri demirik, siyasəti, strateji hədəflərin müəyyənsizliyini demirik, ölkədəki başqa zərərli faktorları demirik. M.Ə.Rəsulzadənin ləyaqətini bu xalqa sevdirmək əvəzinə, ona qarşı olanlar başımızın üzərinə qaldırılır. Belə çıxır ki, Rəsulzadəyə qarşı olan şəxslər, hadisələr bu xalqa daha çox gərəkdir. Belə yalanlarla biz sabaha gedə bilmərik. Yuxarıda adları çəkilən­lərin Azərbaycan xalqına, dövlətinə heç bir önəmi yoxdur, imperiyaya önəmi var. Onların düşüncəsi Azərbay­can­çılıqdan qırağa çıxmışdı, bunları bilmək və bildirmək çox önəmli bir məsələdir. Bu gün həyatımızda cərəyan eləyən hadisələrin heç biri milli ənənələrin, milli istəklərin üzərində dayanmır. Lap götürək Güney Azərbaycanı. Orada gedən proseslər var. Və bu proseslər qeyrət məsələsidir, bu proseslər azadlıq istəyidir, insanlarımızın həyatında ağır durumun doğurduğu fəryaddır. Ancaq gəlin baxaq görək, bu gün gedən proseslər doğrudanmı Səttarxançılıq Hərəkatı üzərində formalaşır, yaxud Pişəvəri Hərəkatı üzərində. Məsələn, Səttarxançılıq üzərində deyəndə mən nəyi nəzərdə tuturam?! – Səttarxan­çılıq Hərəkatında vahid bir xətt vardı. Baxmayaraq ki, onun strateji səhvləri ortaya çıxdı. Ancaq ciddi birlik vardı. Elə Pişəvəri hərəkatında da hökumət qurulmasıyla sonuclanan bir xətt vardı. Bu nöqteyi-nəzərdən bu gün Güney Azərbaycanda gedən proseslərdə vahid xətt yoxdur, birlik yoxdur. Ona görə də çox işlər getməlidir. Çoxlu təşkilatlar, qruplar, partiyalar yaranır. Vahid birlik yaranmır. Onları yalnız ümumi Azadlıq məsələsi nəzəri olaraq birləşdirir. Bu da adamda bir təəssüf hissi doğurur. Və bundan da xarici qüvvələr istifadə eləyə bilirlər – bu boşluqlardan. Ona görə də Ağşın bəyin dediyi o ideoloji boşluqlar kənar qüvvələri çəkib bizim içimizə doldura bilir.

Ağşın Ağkəmərli: Məsələnin pis cəhəti onda idi ki, bizim içimizdə aldanan qüvvələr vardı. Nərimanovlar təkcə bu tayda deyildi, o tayda da vardı. Əgər o ideologiyaya aldananlar olmasaydı, hesab edirəm ki, nə Rusiyanın öz qüvvəsi, nə də II Dünya müharibəsi onu bu fəlakətdən – parçalanma fəlakətindən qurtara bilməyəcəkdi. Biz yaxın tarixdə görürürk ki, Osmanlı imperiyasının dağılması 20-yə qədər ərəb və digər dövlətlərin yaranmasına səbəb oldu. Bəs o niyə dağıldı?! – Daxildə də çox ziddiyyətli problemlərin əmələ gəlməsinə baxmayaraq, burada da ideologiya məsələsi ciddi rol oynadı. İslam ideologiyasının artıq vaxtı keçmişdi. İslam ideologiyası daha o qlobal mahiyyəti daşımırdı – ərəbi, yunanı, nigeri gətirib bir arada birləşdirmək təsiri yox idi. O artıq tarixi ömrünü başa çatdırmışdı. Ancaq mürtəceliyi baxımından İslam ideologiyasından fərqlənməyən “dünya proletarları birləşin” şüarı ilə yeni bir Rusiya imperiyası canlanmağa başladı.

 

Abil Ulusoy: Mən bir məsələyə də toxunmaq istəyirəm, Güney Azərbaycanla bağlı. Artıq bilirik ki, 1946-cı il fevralın 20-dən 7 martadək İranın baş naziri Moskvada Molotovla danışıqlar aparmışdır. Əsas məsələlər bunlar idi:

  1. Sovet qoşunlarının İran ərazisindən çıxarılması.
  2. Güney Azərbaycana milli muxtariyyətin verilməsi.
  3. İranın şimalındakı neftin Sovetlərə uzunmüddətli konsesiyaya verilməsi və s.

SSRİ həmin dövrdə çox şey edə bilərdi. Necə ki Baltikyanı dövlətləri, Qərbi Ukraynanı və Qərbi Belarusiyanı zəbt etmişdi. Niyə Güney Azərbaycanı tutmadı? Litva, Latviya, Estoniya, Qərbi Ukrayna, Qərbi Belarusiya, – Güney Azərbaycan məsələsində isə geriyə çəkilmə baş verdi. Burada önəmli amil ondan ibarət idi ki, Güney Azərbaycan əhalisi türk idi. Bu, sovet rejiminin, onun başçılarının türkə olan münasibəti idi. Əgər orada türklər yaşamasaydı, mən qəti əminliklə deyirəm ki, Güney Azərbaycandan sovet qoşunları çıxmayacaqdı, SSRİ-nin oradakı hərbi varlığı Güney Azərbaycanın SSRİ tərkibinə qatılmasına gətirib çıxara bilərdi. Amerika və İngiltərənin də öz maraqları var idi. Bu təbiidir. Bunlar öz maraqlarını ortaya qoymuşdular. SSRİ, ABŞ və İngiltərənin maraqları Güney Azərbaycanın fəlakə­tinə gətirib çıxardı. Bəzi faktları yada salaq. Amerika hərbi müşavirlər, təlimatçılar, silah-sursat və s. ilə İrana kömək edirdi. İngilislər də bu qəbildən yardımlar edirdilər. Qərbdən kömək gözləyərək, yurdun Azadlığı üçün Amerikaya, Qərbə güvənənlərə bu bir Dərs olmalıdır.

 

Ağşın Ağkəmərli: Mən burada bir məsələyə toxunum, bu çox vacibdir. O dövrdə rəsmi statistika azərbaycanlıların sayını 5 mln. deyirdi. Əslində elə deyildi. Azərbaycan türklərinin sayı 16-18 mln. civarında olub. İkinci bir məsələ, mən də qəbul edirəm ki, SSRİ-nin İrana münasibəti türk amilinə görə müəyyən olurdu. Ancaq başqa bir məsələdə isə bir az baxışlarımıza düzgün yön vermək istəyirəm. O vaxtkı İran hökumətinin başçısı Qəvvamın hansı bicliklərlə, hansı oyunları oynamasından asılı olmayaraq, onun arxasında bir ingilis məkri dayanırdı. Yəni Qəvvamın türklərə qarşı münasibəti SSRİ ilə anlaşmaqla məhdudlaşmırdı. Dediyim kimi, ingilis məkri İranda minillik türk hakimiyyətinə son qoymaq məqsədi güdürdü. İran ərazisində türk kimliyini tarixdən silmək planını işləyirdi. Təsadüfi deyil ki, bu gün də fars rejiminin apardığı təbliğat həmin məkrin davamıdır. Diqqət verin, ingilislərin təyinatı ilə 1924-cü ildə coğrafiya komissiyası yaratmışdılar. Azərbaycan-türk adlarını dəyiş­məyə girişdilər, türk millətini təhqir və təhdidlərlə aşağıla­maq əməlləri həyata keçirdilər. Adət-ənənələrini sıradan çıxartmaq, nəyi var yox eləmək qəsdi vardı. Bir daha türkün gücü, böyüklüyü, təsir imkanları üzə çıxmasın deyə, hər yerdə ona qarşı məhvetmə siyasəti yürüdülürdü. Bunun üçün də bizi bizdən yaxşı öyrənirdilər. Təəssüf ki, müəyyən nailiyyətlər də əldə eləyə bildilər.

 

Soylu Atalı: Elə buna görədir ki, biz həmişə xüsusi vurğu edirik, – Azərbaycan ümumİran hadisəsi kimi deyil, ayrıca götürülməlidir, vahid, bütöv olaraq dərk olunmalıdır. Siyasi dünya onu ümumİran hadisəsinin bir hissəsi kimi götürür, bundan sonra da bu cür götürəcək. Siyasi dünyaya gərək deyil ayrıca Azərbaycan hadisəsi, bütöv bir türk vahidliyi. Azərbaycan gərək özü-özünü heç bir bölgə içrə, təsir içrə saymasın. Nə qədər ki, farsla türk qeyri-müstəqil şəkildə iç-içə olacaq, orada ingilis olacaq, qeyriləri olacaq, pis niyyətlər qatıb-qarışdıracaq azadlığı.

İndi mən söhbəti qaytarıram ideologiya məsələsinin üzərinə. İdeologiyasız dövlət qurmaq və yaşatmaq mümkün deyil. XX yüzildə bizim dövlətimiz də oldu, hökumətimiz də oldu, hərəkatlarımız da oldu. Ancaq təəssüf ki, bunların heç birində əsaslı milli ideologiya olmayıb. Yaxud da ideologiya proqram səviyyəsində olub. Milli ideologiya əslində milli ideya əsasında formalaşa bilər. Yad ideyalar əsasında milli ideologiya formalaşdırmaq – gücün təməlsiz olması deməkdir. Mən düşünürəm ki, bizim milli ideologiyamızın olmaması səbəbindəndir ki, bu gün də biz özümüzə güvənmirik, öz səviyyəmizə güvənmirik, heç dövlətimizə də güvənmirik. Nə qədər ki, bizim öz ideologiyamız ilə dövlətimiz olmayacaq, əlbəttə, deyilən və deyilməyən problemləri biz yenidən yaşayacağıq. Dövləti dövlətə bənzədən milli ideolojiliyin gücüdür. Dövlətsiz xalq da xalq deyil, icmadır. Xalq icma səviyyəsində də hansısa dəyərlər yarada bilər, yaradır da. Ancaq icmanın yaratdığı dəyər xəlqi olmur. İcmanın yaratdığı dəyər arxivə gedir. Çünki dövlətsiz xalq əsarətdə olur, ən yaxşı halda başqa təsirlərdə olur, başqa dəyərlərin, mədəniyyətlərin icraçısı olur. Öz dəyəri ilə yaşamır, həyatını özümlü dəyərlərin tələbi ilə deyil, yad ənənələrə uyğun formalaşdırır. Bu da assimilyasiya demək­dir. Ona görə də dəyərlərin yaranmasından sonra xalqın həyat tərzində oturuşmasında dövlətin çox mühüm rolu var. Söz yox ki, dövlət millətdən aşağı hadisədir. Ancaq dövlət millətin yaşaması üçün çox mühüm hadisədir. Bununla belə bizim bir millət olaraq dövlətçiliyə münasibətimiz yetkin münasibət deyil. Çünki bizi içəridən çox dəyişiblər, özümüzə çox yadlaşdırıblar. Ən çox əsarət qatı olanda, biz dövlət qurmağa cəhdlər edirik. Biz gərək ağır əsarət altında yaşayaq ki, dövləti azadlığımızı istəyək?! Məsələn, gəlin götürək SSRİ dönəmini. 37-ci ildə düşünərlərimizi məhv elədilər və bu bir mərhələ oldu. Ondan sonrakı dönəmlərdə dövlət istəyi ilə, azadlıq istəyiylə həbs olunanlar olmadı. Çünki əsarət zahirən bizi incitmirdi. Bir var “şirin əsarət”, bir də var “qəddar əsarət”. SSRİ şirin əsarət idi. Süni xalqlar dostluğu, süni qardaşlıq görüntüsü yaradılmışdı. Torpaqlarımızı zəbt eləyənlərlə (ermənilərlə) “qardaşlaşmışdıq”. Bəşəri huma­nizm nöqteyi-nəzərindən baxanda bu çox yaxşı bir şey kimi görünə bilər. Ancaq biz ermənilərlə hansı şəraitdə, hansı şərtlər altında qardaşlaşmışdıq?! – Bizim torpaqlarımızın zəbti və insanlarımızın soyqırımı üzərində dövlətə çevrilən ermənilərlə, yağılarla birdən-birə qardaş olduq. Heç bir hesab sormadıq, heç kimi ən yumşaq şəkildə desək, xəcalətlə, məsuliyyətlə üz-üzə qoymadıq. Pis çıxmasın, iradəsi zorlanıb ərə verilmiş bir qız durumuna saldı SSRİ bizi. İmperiya bizə yalançı səadət gətirdi, yalançı səxavət göstərdi, biz də uyduq, arxayınlaşdıq. Süni doğmalıq oyunlarında əsarət görünməz oldu. Ancaq Güney Azərbaycanda necə də amansız, dözül­məz münasibət vardı soydaşlarımıza qarşı. Pişəvəri hökuməti qurulana qədər soyğunçuluq, talançılıq, istibdad elə bir səviyyədə idi ki, buna dözmək heç bir vəchlə mümkün deyildi. Mən o faktları burada sadalamaq istəmirəm, o faktlar bu gün də aradan qalxmayıb. Bax, bu qəddar əsarət kütləni səfərbərliyə məcbur edirdi ki, nəsə eləmək lazımdır.

Bizim millətimizin içində azadlıq istəyinin güclü olması, əlbəttə, həm də türkün öz xarakterindən irəli gəlir. Türk fitri azadlıqsevərdir. Ancaq dediyim kimi, bizi içəridən özünəyadlaşma həddinə gətirdikləri üçün elə bil qəddar əsarət olmayanda bir az arxayınlaşırıq. Bunun bariz nümunəsini biz Quzey Azərbaycanın bugünkü halında da görürük. Təəssüf ki, biz belə bir etiraf qarşısındayıq. Güney Azərbaycana qarşı qəddar bir əsarət hökm sürdüyü halda, Quzeydə bir arxayınçılıq formalaşıb. Hesab eləyirəm ki, bu da yenə “şirin əsarət”in başqa bir biçimdə içimizdə oturuşması ilə bağlıdır. Burada yenə milli ideologiya məsələsinin önəmi üzə çıxır. Bir məsələ ilə əlaqədar diqqətli olmaq gərəkdir. Söhbət hakimiyyət ideologiyasından deyil, milli ideologiyadan gedir. Hətta dövlət ideologiyası belə milli ideologiya demək deyil. Dövlət ideologiyası bir siyasi yöndür, o dəyişilə bilir, o taktiki gedişlərlə bağlı olduğu üçün müəyyən dövrdən bir dəyişilə bilir. Hakimiyyət ideologiyası isə müəyyən bir zümrəni – dövlətin başında duran zümrəni qorumaq üçündür. Milli ideologiya isə millətin var olmasına xidmət edən bir nizamdır – həm xarici münasibətlərin nizamıdır, həm də daxili münasibətlərin. Bu çox mühüm əhəmiyyət daşıyır. Bizim baxışımıza görə, ideologiya milli-ruhani ideya əsasın­da formalaşmalıdır. Çünki ruhani ideya millətin dəyəridir, onun mahiyyətindən yaranır. Əks halda qıraqdan ideologiya götürməklə özünü ifadə eləmək olmaz. İndi mən burada Asif Atanın milli müstəqilliklə bağlı bir açımını təqdim eləmək istəyirəm. Asif Ata deyir ki, müstəqillik üçün dövlət atributları nə qədər gərəkli olsa da, həlledici deyil. Müstəqil­liyin əsas qarantlarından biri müstəqil iqtisadiyyatın olması­dır. İqtisadi asılılığın aradan qalxması üçün “aldığın qədər verməlisən”. Belə demək mümkünsə, asılılıq qarşılıqlı olmalıdır. Qarşı tərəfdə üstünlük yaranırsa, müstəqillik getdikcə zədə götürür – asılı müstəqillik yaranır. Təbiidir ki, xalqlar bir-birindən təcrid olunmuş şəkildə yaşaya bilməzlər, yəni qarşılıqlı asılılıq labüddür. Ancaq birtərəfli asılılıq əsarətdir. Avropa tərəqqisindən də bəhrələnmək olar, ancaq iqtisadiyyatın özülü, əsası milli potensialdan formalaşmalıdır.

İkinci amil müstəqil, milli mədəniyyətin olmasıdır. Bu gün bizim mədəniyyətimiz milli və müstəqil deyil, təəssüf ki. Avropa mədəniyyəti deyilən bir mədəniyyət həyatımıza total şəkildə daxil olub. Nə üçün mən bunu xüsusi olaraq vurğulayıram?! – Çünki istər keçmişimizdə, istər bugünü­müz­də baş verən fəlakətlərimiz əsasən eyni səbəblərdən baş verir. Biz deyirik fəlakətlərimizdən dərs götürək, yəni sabah da eyni səbəblərdən meydana çıxan fəlakətləri yaşamayaq. Nə idi bizim fəlakətlərimizin səbəbi?! Əgər biz ötən yüzilin əvvəllərində xalqımızın həyatında cərəyan edən hadisələri diqqətlə izləsək, onun ictimai-siyasi, mədəni-mənəvi durumu ilə bugünkü durumu arasında elə bir əsaslı fərq tapa bilməyəcəyik. Yəni xalqımızın həyatında yad baxışlar, ideyalar, ideologiyalar oturuşduğundan, onu həmişə kənar əllər özünə qarşı idarə edib. Milli özümləşmə prosesi olmadan hərəkatlarımız yaranıb. Bizi əsarətin acısı səfərbər edir, ancaq bərkiyə bilmirik, birləşə bilmirik. Yolsuzluq girdabından çıxa bilməmişik. Ona görə də aqibətimizə məğlubiyyətlər yeriyib. Baxmayaraq ki, bu gün türk dövlət­lərinin inteqrasiyasından danışırlar, simpoziumlar keçirilir, birgə konfranslar təşkil olunur, ancaq yenə də, o dövrü­müzdən fərqli bir mərhələyə qədəm qoymamışıq, böyük mənada dəyişiklik yoxdur. Əgər bizdən kənarda dəyişik­liklərin yaratdığı mühit varsa, bizim indiki yarımmüs­təqilliyi­mizin ömrü qısa olmayıbsa, bunu həyatımızdakı əsaslı bir tərəqqi kimi qəbul edə bilmərik. Yarımmüstəqillik də ona görə deyirik ki, nə qədər ki, Azərbaycan bütövləş­məyib, gücü bir yerə toparlanıb özünə gərək ola bilmir, hegemon güclər bizim indiki müstəqilliyimizlə daim oyun oynayacaqlar.

Üçüncü bir məsələ, müstəqilliyin qarantı olan müstəqil diplomatiyanın olmasıdır. Burada dövlətin dünyada özünü ifadə eləyə bilməsi, milli zəmində yaşaması önə çıxır. Bizdə əsaslı nə deyilirsə, o, kənardan gəlir, öz içimizdə yaranmır. Bizi idarə edən mexanizmlər daşınır içimizə, biz də onun əsasında diplomatiya yürüdürük. Biz özgələrin verdiyi ideoloji baxışlarnan formalaşıb böyük mənada necə müstəqillik nümayiş etdirə bilərik?! Biz Sovet Şurasından xilas olduq, Avropa Şurasının, MDB şurasının diqtəsi ilə yaşamağa başladıq. Qarşımızda şərtlər qoyulur: belə eləməlisən, belə düşünməlisən, belə yaşamalısan. Bunun nəyi müstəqillik oldu ki?! Xalq milli özümləşmə prosesi keçmir, vahid gücə çevrilmir. Başında duranın özbaşınalığına isə qəyyumların barmaq silkələməsini umur. Qəyyumların səxa­vəti əsasında yaranan müstəqillik elə əsarətdir.

 

Abil Ulusoy: Soylu bəy çox düzgün qeyd elədi, görünür, köklü bir bəlamız var, əsrin əvvəli ilə sonu, XXI əsrin əvvəli görürük ki, yurdumuzda baş vermiş hadisələrə münasibətimiz köklü şəkildə dəyişməyib. Çıxış yolu nədədir? Azərbaycan nə o dövrdə, nə də indi millətçiliklə məşğul olmayıb. Azərbaycan millətçilik dövrünü keçirməyib. Əsas çıxış yolu bu idi! Azərbaycanda çatışmayan bu idi. Asif Ata deyirdi, əgər Azərbaycan millətçilik dövrünü keçsəydi, o bu vəziyyətdə olmayacaqdı. Xaricdən gələn istənilən ideyanı, yad baxışları və s. öz milli süzgəcimizdən keçirib ona münasibət bildirəcəydik. Bu mənim millətim üçün dəyərlidir, yararlıdır, ya yox. Biz millətçilik dövrü keçmədiyimiz üçün bu hadisələrlə üzləşirik. Milli ideologiya məsələsinə qayıdaq. Çox maraqlı bir məqam var. Milli ideologiya yaranır. Hakimiyyət tutaq ki, milli ideologiyanı götürdü. Bu artıq hakimiyyətin ideologiyası olur. Milli ideologiya hakimiyyət­ləşəndə artıq millət qalır ideologiyasız. Ona görə də möhkəm oturuşmuş millətçilik olmalıdır ki, davamlı şəkildə milli ideologiya olsun. Asif Ata söhbətlərimizin birində mənə demişdi: “Xalq dilində danışanı hökumət dilində danışan anlamaz”.

Güney Azərbaycanda Milli Hökumətin devrilməsinin nəticəsində nə oldu? Nə baş verdi?

25 min insan dar ağacından asıldı, həbs olundu. Bu əslində fars şovinizmi tərəfindən Azərbaycan türklərinə qarşı törədilən bir soyqırım hadisəsi idi. İnsanlığa qarşı törədilən bu qanlı cinayət əməli hələ bu gün də təəssüf ki, öz ədalətli hüquqi qiymətini almayıb. Biz İran ərazisini genişləndirdik. İranı müxtəlif dövrlərdə parçalanmaqdan qoruduq. İranı abad elədik. Minilliklərə bərabər olan (İran coğrafiyasında) dövlətçiliyi qoruyub saxladıq. Bir əsrdə 4 inqilab elədik. İran xalqlarına azadlıq istədik. Əvəzində fars şovinistlərinə edilən xarici dəstəklərin köməyi ilə aldığımız məğlubiyyətlər oldu. Qoy bu bizə dərs olsun!

Mən belə bir fikirlə sözümü bitirirəm: “Xalqın əsarət dövrü olur, əsarət ömrü olmur” (Asif Ata).

Ulusumuz Var olsun!

 

Ağşın Ağkəmərli: Bizim bu gün, yəni XXI yüzilin əvvəlində apardığımız bu konular əslində XIX yüzilin əvvəllərində aparılmalıydı. O tarixi faciələrə yol verməmək üçün. Bizim üzdəniraq qonşularımız bu məsələ ilə bağlı əks istəklərini 1875-ci ildə Tiflisdə həll eləmişdilər. Bu gün kimliyindən asılı olmayaraq, onlarda istər Asala terror təşkilatı olsun, istər Daşnaksütun partiyası, istər Ermənistan kommunist partiyası olsun, onların məqsədi bir yönə olub – erməni dövlətçiliyi. Fəaliyyət istiqamətləri bir-birindən fərqli olsa da, niyyət bir olub. Ona görə bu gündən baxanda biz görürük ki, bu məsələdə 300 il gecikmişik. Əgər bu gün bizi nələrəsə yönəldən amillər gündəliyə gəlirsə, bu bizim dahiliyimiz deyil, bu bizim düşmənlərdən qorxumuzdur ki, çabalar göstəririk, bir-birimizə sığınırıq. Əgər düşmənlər hardasa bizdən əl çəksə, biz yenə səpələnəcəyik. Çünki əsas mühüm problem bayaqdan vurğuladığımız ideoloji boşluq­ların olmasıdır ki, bizdən başqa bütün millətlər bu məsələnin zamanında həllinə girişir.

 

Soylu Atalı: Çox önəmli olduğu üçün sizin diqqətinizi bir məsələyə yönəltmək istəyirəm. Bu, dövlətçilik məsələsindəki fərqlərlə bağlıdır. Bir var erməni dövlətçiliyi və ona münasibət, bir də var bizim dövlətçiliyimiz və ona münasibət. Bunların çox böyük fərqi var. Belə ki, erməni dövlətçiliyini başqa qüvvələr qoruyur, bizim dövlətçiliyimizi bizim öz gücümüz qorumalıdır – Millətçiliyimizin yaratdığı gücümüz. Erməni dövlətinin olması ermənidən çox bizə qarşı olan başqa qüvvələrə gərəkdir – Türk Dünyasının arasında aranı qarışdıran erməni dövləti. Başqa mövzuda bu məsələyə toxunacağıq. Yəni dövlətçilikdən öncəki məsələlərimiz həllini tapmadığı üçün dövlətimiz bizə yar ola bilmir.

Beləliklə, istəkli yurddaşlarımız, biz bu gün milli dövlətçiliklə, millətçiliklə bağlı heç də insanlarımızın bildik­lərini onlara öyrətmək məqsədi güdmürük. Bu məsələləri tarix kimi, hadisə kimi bizdən dərin bilənlər var və bu faktları kitablarda yazıb ortaya qoyublar da. Ancaq biz məsələlərin mahiyyətinə üz tutub Mütləqə İnam Dünyabaxışımızın ölçülərindən yanaşmaqla öz açımımızı ortaya qoyuruq, qiymətləndirmələrimizi təqdim edirik. Düşünürük ki, bu yöndən toplumu maarifləndirmək çox önəmlidir və bu istək daha da genişlənməlidir. Biz hadisələrin sadalanmasını deyil, tərəfsiz dəyərləndirilməsini istəyirik. Hadisələrdən bilgi toplamaq yox, hadisələri düşünmək və dərs götürmək gərəkdir.

Yəqin ki, sağlam tənqidi baxışlar da olacaq, biz bu baxışları da sayğılarla qarşılamağa hazırıq. Təki birlikdə ciddi şəkildə hadisələrin içinə girə bilək, yön yarada bilək.

Mən sözümü Asif Atanın carı ilə bitirirəm –

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız var olsun!

Çiçək Ayı, 32-il. Atakənd.

 (aprel, 2010)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv