Üstün Atalı. GƏLƏCƏYİMİZİ DÜŞÜNƏK

İnsanlarla milli yöndə, vətənsevərlik mövzusunda söhbət etdikdə bəzən hörmət xatirinə, bəzən milli görünmək xatirinə, bəzən isə vaxtını keçirmək xatirinə sənə qulaq asırlar. Sonda isə öz həyat təcrübələrini ortaya qoyub, ya da maddi maraqlarını qabardıb səni “ayıltmağa” çalışırlar. Hər dəfə də eyni məntiq: “Zamanı, şəraiti dəyişmək bizim gücümüz dışındadır. Özümüzü zamana qarşı qoymaqla nə əldə edəcəyik? Bir az fərasətli, bir az çalışqan olmaq lazımdır ki, cəmiyyətdə özünə bir yer edəsən” və s. kimi məsləhətlər verirlər. Belə düşüncələrlə sabahı necə qurmaq olar?! Onların ağlı həyatı birtəhər yola verməyə köklənib. Deyirlər bir az biclik gərəkdir, “özünütəsdiq” üçün başqasını əzib keçmək də olar, yaltaqlıq eləmək də qaçılmaz olur…
Bu nəyə xidmət edir? İnsanlar getdikcə simasızlaşır, maddiyyat uğrunda savaşa girir. Yeni nəsil bütünlüklə bu hala köklənir.Yolsuzluq, acizlik insanı elə həddə çatdırır ki, intihar çıxış yolu olub. Vaxt var idi özümüzü qəhrəmanlara bənzədirdik, indi çarəsizlikdən ölümə tələsirik. Məişət problemlərinin içində çabalayan insanlarımız çıxış yolunu özünə qəsddə görür. Ən pis cəhət odur ki, bu hal ənənəyə çevrilir. Mənəvi boşluq, özünəyadlaşma bundan da betər hallar yarada bilər. Hər kəsin başı öz problemlərinə qarışdırılır. Millətin gələcəyini, sabahını düşünmək imkanı olanlar da, eynən, öz başının hayına qalır. Bəs bu daxili boşluğu nə ilə doldurmaq olar? Axı milli-mənəvi problemlərlə uğraşan bir ünvan yoxdur. Kim evindən çıxıb millətin içində xilaskarlıq harayı çəkir? Axı insanlarda vətən sevgisi yaratmaq, pozucu gedişata dirəniş göstərmək özündənkeçmə, fədakarlıq tələb edir. Sosial şəbəkələrdə məlumat yaymaq, problemləri sadalamaq heç nəyi həll etməz. Bəs nə vaxt milli ruhu yaratmaq haqqında düşünəcəyik, insan naminə addım atacağıq?! Nə vaxt Suriyaya boşuna ölümə göndərilən insanlarımıza sahib çıxıb onlara mübarizənin doğru yolunu tanıdacağıq? Maddi durumuna görə qruplara qoşulan, alətə çevrilən gənclərimizi xilas etmək haqqında kim düşünəcək? Bu gün sosial şəbəkələrdə ultimatum verən dini qruplaşmaların sabah Azərbaycanda terror törətməyəcəyinə kim zəmanət verir? Burada artıq “məndən ötdü, qardaşıma dəydi” prinsipi rol oynamır…
Qayıdıram sözümün əvvəlinə, məni “ayıltmağa” çalışan “ziyalılarımız”, bəs siz nə vaxt ayılacaqsınız? Nə vaxt Asif Atanın həqiqətlərini oturub düşünəcəksiniz? Aydın olmaq işıq salmaq deməkdir, çıxış yolu göstərmək, ümid vermək deməkdir ki, Azərbaycan xalqının bu gün buna çox ehtiyacı var. Buna görə də, həqiqətləri demək və yaşamaq gərəkdir, qıraqdan mənə əyilmək dərsi demək yox! Yurdumuzda gedən yadlaşmaya qarşı döyüşmək gərəkdir! Xalqın içində ciddi iş aparmaq üçün fədakarlıq eləmək vaxtıdır. Milli düşüncəli fərdlərin fəal mübarizəsi olmalıdır ki, Azərbaycan aydınlığa çıxsın!
Atamız Var olsun!

Köçəri Ayı, 35-il.
(fevral, 2014.)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv