ASİF ATA. SİYASƏT YALANI

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası

1. Əxlaqdan keçən

Ölkələr, xalqlar, təbəqələr arasında münasibətdə İnsaniyyət itir.
Siyasət Əxlaqdan keçir.
Riyaya söykənir – Həyalı görünür.
Qətlə çatdırır – Xilaskar görünür.
Yalana tapınır – Doğruçu görünür.
Zalımdır – Adil görünür.
Qəsbkardır – Hami görünür.
Yırtıcıdır – Məsum görünür.
Yaddır – Doğma görünür.
Bulanıqdır – Saf görünür.
Məkrlidir – Şəfaqətli görünür.
Nifaq salandır – Barışdıran görünür.
Xaindir – Sadiq görünür.
Sünidir – Təbii görünür.
Minsifətlidir – Birsifətli görünür.

Siyasət – Həqiqətdən keçir.
Mərhəmətdən keçir.
Məhəbbətdən keçir.
Sədaqətdən keçir.
Vicdandan keçir.
Müqəddəslikdən keçir.
Ləyaqətdən keçir.
İnamdan keçir.

Siyasətdə Həqiqət məsxərəyə qoyulur – yalana tapşırılır.
Mərhəmət məsxərəyə qoyulur – Nifrətə tapşırılır.
Məhəbbət məsxərəyə qoyulur – Şəhvətə tapşırılır.
Sədaqət məsxərəyə qoyulur – Xəyanətə tapşırılır.
Vicdan məsxərəyə qoyulur – Günaha tapşırılır.
Müqəddəslik məsxərəyə qoyulur – Çirkaba tapşırılır.
Ləyaqət məsxərəyə qoyulur – Qəbahətə tapşırılır.
İnam məsxərəyə qoyulur – Şübhəyə tapşırılır.

Siyasətdə Yalan – Həqiqət biçimində üzə çıxır.

Qəddarlıq – Mərhəmət biçimində üzə çıxır.
Nifrət – Məhəbbət biçimində üzə çıxır.
Xəyanət – Sədaqət biçimində üzə çıxır.
Günah – Vicdan biçimində üzə çıxır.
Çirkab – Müqəddəslik biçimində üzə çıxır.
Qəbahət – Ləyaqət biçimində üzə çıxır.
Şübhə – İnam biçimində üzə çıxır.

Siyasət – aldadır.
Siyasətdə Yalan qələbə çalır; bu səbəbdən də o, Yalançı qələbə olur.
Siyasət – əxlaqdan artıq sayılır; bu səbəbdən də o, İnsaniyyatdan əskik olur.

II. Təmənnalı

Siyasətdə dövlət dövlətdən, ölkə ölkədən, təbəqə təbəqədən qazanc arayır.
Ancaq özünü təmənnasız göstərməyə çalışır.
Təmənnasız köməkdən danışırlar – ancaq qazanc ələ gətirirlər.
“Bəşəriyyətin səadəti naminə” – bir dövlət digər dövləti, bir ölkə digər ölkəni, bir təbəqə digər təbəqəni öz mənafe vasitəsinə çevirir, lakin həmin dövlətin, həmin ölkənin, həmin təbəqənin havadarı kimi görünmək istəyir. Hansı “kiçik bir xalqısa hansı böyük bir yırtıcınınsa” pəncəsindən qurtarırlar. Hansı gerilik, vəhşilik, ətalət nişanəsi olan bir ölkənisə tərəqqiyə calayırlar. Hansı “məzlum bir təbəqənisə” “zülm işgəncəsindən” qurtarırlar, “insansevərlik naminə” az qala “özlərindən keçirlər”, “fədakarlıq nümunəsi” göstərirlər, “təmənnasızlıq zirvəsinə” yüksəlirlər. “Balaca xalq”, “məzlum təbəqə” müstəqillik əlaməti göstərəndə “həmin xalqın, təbəqənin bəxtiyarlığı üçün” təmənnasız şəkildə “fəlakətli sərbəstliyə” son qoyulur və “balaca xalq”, “məzlum təbəqə” bu müqəddəs əmələ öz min¬nət-darlığını bildirməli olur.
Bəşəriyyətə “yeganə düzgün yol” göstərən İdeologiya, Ehkam, Cərəyan, Təriqət və s. naminə bir ölkə, dövlət, təbəqə başqa ölkələri, dövlətləri, təbəqələri “öz ətrafında sıx birləşdirir” və bununla da onlara “misilsiz xidmət göstərir”, həmin birlikdən ayrılmağa çalışan nankorları “onların xeyrinə” cəzalandırır.
Güclü rəqibi məhv etmək üçün onun himayəsində olan gücsüz milləti rəqibə qarşı çevirir və sonralar “ilanın ağzından xilas etmək təmənnasızlığını” onun başına çırpırlar.
Xalqı, ölkəni, təbəqəni zəbt etmək üçün həqiqət, ədalət, ülviyyət elanından yapışır, “ilahi amal uğrunda döyüş müqəddəsliyinə” söykənirlər.
Ölkələrinin ərazisini genişləndirirlər, özgə xalqları, dövlətləri Yer üzündən silirlər, yaxud doğma yuvalarından didərgin salırlar və bunu “tarixi tərəqqinin labüd tələbi” kimi qələmə verirlər.
Dünyanı öz aralarında bölürlər, bir-biriylə savaşırlar, ancaq bu savaşı “tarixi ictimai zəruriyyətin ifadəsi” kimi qələmə verirlər. Hakimiyyət uğrunda amansız, yırtıcı, əxlaqsız mübarizəni tərəqqi uğrunda döyüş kimi təqdim edirlər.
Şöhrətpərəstliyi, rəyasətpərəstliyi insanpərəstlik kimi nümayiş etdirirlər.
Özlərinə xidmət edirlər – xalqa xidmət edən bilinirlər.
Siyasət – Təmənnanın Təmənnasızlıq biçimində ifadəsidir.
Bu səbəbdən də o, hədsiz dərəcədə süni bir hadisədir.
Təmənnasızlıqla Təmənna bir yerə sığmaz!

III. XUDBİN

Siyasətdə bir xalq özünü başqa xalq vasitəsiylə təsdiq edir.
Bir ölkə özünü başqa ölkə vasitəsiylə təsdiq edir.
Bir təbəqə özünü başqa təbəqə vasitəsiylə təsdiq edir.
Siyasətdə xudbinlik qələbə çalır.
Ancaq o gizlədilir; bununla da qəbahət artır. Başqa xalq təs-diq olunmur, əslində təslim olur; – ancaq təsdiq olunan sayılır.
Başqa ölkə təsdiq olunmur, əslində təslim olur; – ancaq təsdiq olunan sayılır.
Başqa təbəqə təsdiq olunmur, əslində təslim olur; – ancaq təsdiq olunan sayılır.
Siyasətdə ölkələr, xalqlar, təbəqələr arasında əsil Dostluq olmur, çünki Dostluqda hər iki tərəf – Məqsəd sayılmalıdır.
Siyasətdə bir tərəfin Ləyaqəti, Özümlüyü başqası tərəfindən mənimsənilir.
Siyasətdə ölkələr, xalqlar, təbəqələr arasında əsil İnam olmur; çünki Ləyaqəti Mənimsənilən tərəfin Ləyaqəti Mənim-səyən tərəfə inamı olmaz.
Siyasətdə ölkələr, xalqlar, təbəqələr arasında əsil birlik olmur. Çünki əsil Birlik – Ləyaqət bərabərliyi tələb edir.
Siyasətdə Ləyaqət bərabərliyi yoxdur.
Bu səbəbdən də Siyasət labüd şəkildə böyük Yalan yaradır.
Vasitəyə çevrilən xalq, ölkə, təbəqə – özünü məqsədə çevirən xalq, ölkə, təbəqə kimi qələmə verir.
Bunu ondan düşdüyü vəziyyət tələb edir: o, özünü aldatmalı və bu aldanış vasitəsiylə özünə qarşı hörməti qorumalıdır…
Məqsəd səviyyəli ölkə, xalq, təbəqə – başqa ölkəni, xalqı, təbəqəni vasitə əsarətində saxlamaq üçün həminYalana arxalanır.
Hər iki tərəf Yalanı görür, ancaq onu pərdələməyə çalışır.
Dost olmayanların “dostluğu” yaranır.
İnamsızların “inamı” yaranır.
Bir olmayanların “Birliyi” yaranır.
Hər iki tərəfdə xudbinlik hökm sürür.
Məqsədə tərəf – Özündən başqa heç kəsi görmür, çünki o biri tərəf ona xidmət edir, onun üçün mövcud olur.
Vasitə tərəf də – əslində Özündən başqa heç kəsi görmür, çünki özünü vasitəlikdə hifz etməyə çalışır.
Bu səbəbdən də hər iki tərəfin bir-birinə müdhiş yadlığı törəyir. Fəqət həmin yadlıq gizlədilir və bununla da amansız bir gücə çevrilir.
Dəhşətli düşmənçilik yaranır.
Dəhşətli şübhə yaranır.
Dəhşətli ayrılıq yaranır.
Xudbinlik gizli qalmır, aşkara çıxır, süni sütunlar qırılır, özülsüz bina uçub tökülür.

IV. Ağalıq

Siyasətdə “Ali İrq”, “Böyük xalq”, “Yüksək təbəqə”, “Hakim idrak” və “hakim Din” Ağalaşır.
İrqi Ağalıqda bir İrq dünyanın Sahibi olmaq istəyir, başqa irqlərin aqibətini öz İradəsinə tabe edir.
Milli Ağalıqda bir Millət dünyanın Sahibi olmaq istəyir, başqa millətərin aqibətini öz İradəsinə tabe edir.
İctimai Ağalıqda bir Təbəqə dünyanın Sahibi olmaq istəyir, başqa təbəqələrin aqibətini öz İradəsinə tabe edir.
İdraki Ağalıqda bir İdeologiya dünyanın Sahibi olmaq istəyir, bəşərin aqibətini öz İradəsinə tabe edir.
Mənəvi Ağalıqda bir Din dünyanın Sahibi olmaq istəyir, bəşərin aqibətini öz İradəsinə tabe edir.
Siyasət – ən bariz Ağalığı belə, pərdələməyə cəhd göstərir.
O, irqi Ağalıqdan danışmır, İrqi Üstünlüklərdən danışır və bununla da İrqlərə hakim olur.
O, milli Ağalıqdan danışmır, milli məhəbbətdən, səxavətdən, həmdəmlikdən, həmrəylikdən danışır və bununla da millətlərə hakim olur.
O, təbəqə Ağalığından danışmır, təbəqə məziyyətindən, qüdrətindən, fərasətindən danışır və beləliklə təbəqələrə hakim olur.
O, İdraki Ağalıqdan danışmır, İdraki Ləyaqətdən, Həqiqətdən, Qabiliyyətdən danışır və beləliklə də ağıllara hakim olur.
O, Mənəvi Ağalıqdan danışmır, mənəvi yüksəklikdən, saflıqdan, qeyrətdən danışır və beləliklə mənəviyyata hakim olur.
Siyasət qılınca əl atanda belə, ölkələri tar-mar qoyanda belə, qan dənizi yaradanda belə, insanpərvərlikdən, vicdan-pərəstlikdən danışır.
Siyasətdə Ağalıq Sözü çox az işlənir, ancaq Siyasət anlayışı ən çox Ağalıq sözüylə həmahəngdir.
Siyasət Ağa demir – Dayaq deyir, Qardaş deyir, Müttəfiq deyir, Müəllim deyir, Hami deyir.
İrqçi deyir ki, mən dünyaya hakim olmasam – dünya dağılar.
Hakim millət deyir ki, mənsiz dünya yox olar.
Dünyanın mənafeyi üçün mən dünyaya Sahib olmalıyam.
Hakim təbəqə deyir ki, mənsiz dünya səfalətə qərq olar. Dünyanın xatirinə dünyaya Sahib olmalıyam.
Ehkam deyir ki, məndən kənarda həqiqət yoxdur, dünyanın xeyiri üçün mən ona Sahib olmalıyam.
Din deyir ki, məndən kənarda Mənəviyyat, İnsaniyyat yoxdur, bu səbəbdən də dünyaya Sahib olmalıyam. Siyasət Ağalıq niyyətini gizlətməyə çalışır, ancaq axıra qədər buna nail ola bilmir. Yalan üzə çıxır, Ağalığın sifəti görünür, xilqəti bilinir.

V. Köləlik

Siyasətdə “Aşağı İrq”, “Balaca Xalq”, Rəiyyət, Müstəqil İdrak, Fərdi Mənəviyyat kölələşir.
Aşağı İrqə deyirlər ki, sənin müstəqil mövcudluğun qeyri-mümkündür; çünki ağlın, mənəviyyatın, iradən naqisdir, sən bizim hakimiyyətimizi qəbul eləməlisən, himayəmizdə yaşamalısan, qəyyumluğumuzdan bəhrələnməlisən və bunu ali bəxtiyarlıq saymalısan!
Bizə – “Yüksək İrqin” nümayəndələrinə məhəbbətin, sədaqətin hədsiz olmalıdır, çünki çiynimizdə sənin yükünü daşıyırıq. Ölkənin maddi sərvətlərinə yiyələniriksə, bunu təbii və zəruri say, çünki sənin onları mənimsəmək qüdrətin yoxdur.
Mədəniyyətini də bizə uyğunlaşdır, çünki yeganə qabaqcıl, müasir, zəngin mədəniyyət bizimkidir.
Taleyini bizə tapşır – səni ağ günə çıxaracağıq.
Özünə tapşırma – fəlakətə düçar olarsan!
“Balaca xalqa” deyirlər ki, aqibətinin son məqamına qədər bizdən – “böyük xalqdan” ayrılma, havadarlığımızdan imtina etmə – uçuruma düşərsən.
Səndə Var olan – Bizik.
Bizdən Kənarda – Yoxsan!
Özünə Sahib olan kimi – Yox olacaqsan!
Müstəqil siyasi mövcudluq eşqinə düşmə!
İqtisadiyyatın bizə tabe olmalıdır, çünki o, yalnız bizim sayəmizdə inkişaf edə bilər. Mədəniyyətinə biz istiqamət verməliyik, çünki o, yalnız bizim sayəmizdə inkişaf edə bilər. Yalnız bizimlə tərəqqiyə çata bilərsən!
Bizdən ayrılan kimi başı aşağı ətalətə yuvarlanacaqsan!
Özünü bizdə tap – özün olarsan!
Özünü özündə tapma – itirərsən!
Tarixi meydanda at oynatmaq iddiasına düşmə!
Həmin meydanda mən sənin yerinə də at sürürəm.
Tarix – böyük xalqların səhnəsidir.
Mənimlə bağlandığın üçün, mənim tarixi fəaliyyətimə yaradığın üçün qürrələn, fərəhlən! Mənim tarixi yaradıcılığıma xidmət etdiyin üçün özünü xoşbəxt say!
Sənin tarixi xidmətin bundan ibarətdir!
Müstəqil tarixi fəaliyyət xülyasına uyma!
Tapdanarsan, sürünərsən, sürülərsən!
Müstəqiləbənzərlik aqibətiylə kifayətlən!
Özünü inandır ki, müstəqilsən!
Özünü məndə inkar et – bu sənin ən böyük özünütəsdiqindir!
Rəiyyətə deyirlər ki, Yuxarı təbəqəyə xidmət etmək – ən böyük ləyaqətdir, çünki rəiyyət bu xidmətdə öz ali mənafeyini qoruyur.
Həmin xidmətdən əl çəkmək – özünə xəyanət etməkdir.
Çünki hakimlik üçün “Yuxarı təbəqə” yararlıdır; o daha səriştəli, daha qabil, daha səviyyəlidir.
Rəiyyətin özünə hakimlik eləməsi fəlakət törədərdi. Bu səbəbdən də xidmət, tabeçilik aqibətindən kənara çıxmaq – rəiyyəti uçuruma sürükləyər.
Özünə sahib olan rəiyyət – özünü itirər.
Təbii aqibətlə barışmaq – zəruridir, Yuxarı Təbəqəyə ehti¬ram bəsləmək – mərifət əlamətidir. Yuxarı Təbəqə sənin hakimindir, çünki o səni səndən yaxşı təsdiq edir. Müstəqilliyini itirirsən – ancaq əsarətindən faydalanırsan.
Azad İdraka deyirlər ki, sən naşı, günahkar və miskinsən, insanı yolundan çıxaransan, özündən əl çəkməli, Ehkama tapınmalısan, onun hakimliyini qəbul etməlisən!
Müstəqilliyini itirən kimi həqiqəti tapacaqsan!
Azadlığın – əsarətindir!
Özündən ayrılmağın – özünə çatmağındır!
Fərdi mənəviyyata deyirlər ki, ümumi hakim Mənəviyyatdan başqa Mənəviyyat yoxdur.
Hamının qəbul etdiyi Dini qanunlara baş əyməli, tabe olmalısan!
Özünə məxsus olan – heç kəsə məxsus olmur”.
“Hamıdan fərqlənən özünə bənzəmir”.
“Fərdiyyət – əslində mənəvi məhrumiyyətdir.
Bu məhrumiyyətdən xilas olmaq – ruhani bəxtiyarlıqdır”.
Siyasət təsir edir, təzyiq göstərir, Zora əl atır, kölələşdirir.
Ancaq köləliyi əbədiləşdirə bilmir.

VI. Fatehlik

Siyasət – Dünyanı fəth edəndə belə, fədakar görünməyə çalışır.
Siyasət – fatehlikdən danışmır, fatehlik edir.
“Fateh yardımı” yaranır.
“Fateh xeyirxahlığı” yaranır.
“Fateh sədəqəsi” yaranır.
“Fateh səadəti” yaranır.
Fatehlik – çağırılır, dəvət olunur, bəslənir. O, fəth olunan ölkələrdə öz ardıcıllarını, carçılarını, silahdaşlarını yaradır.
“Vətənin müqəddəratı naminə” Vətən fəth olunur.
“Vətənin tərəqqisi naminə” Vətən fəth olunur.
“Vətənin gələcəyi naminə” Vətən fəth olunur.
Fatehlik – Xəyanət əhvalı yaradır.
“Sənin nicatın səndən uzaqdadır!” – deyirlər.
“Fatehsiz yaşaya bilməzsən!” – deyirlər.
“Fəth olunmaqdan böyük qeyrət yoxdur!” deyirlər.
“Fəth olunmaq – ali aqibətdir!” – deyirlər.
“Fəth olunmaq – tarixi zərurətdir!” – deyirlər.
Fateh İdrakı zəbt edə bilmir, zindana salır, ağılları hakim idrakla zəncirləyir.
Fateh İnamı zəbt edə bilmir, zindana salır, ürəkləri hakim inamla zəncirləyir.
Fateh Əxlaqı zəbt edə bilmir, zindana salır, mənəviyyatı hakim əxlaqla zəncirləyir.
Fateh İradəni zəbt edə bilmir, zindana salır, iradələri Zorla zəncirləyir.
Etiqad Fatehliyini – İnam tərəqqisi adlandırırlar.
İdrak Fatehliyini – Əqli tərəqqi adlandırırlar.
Əxlaq Fatehliyini – Mənəvi tərəqqi adlandırırlar.
Zoru – İradə tərəqqisi adlandırırlar.
Fatehlik alqışlanır.

Siyasət – möhtəşəm Yalan yaradır.
Siyasət – xalqları möhtəşəm Yalan qaranlığına bürüyür.
Həqiqət Günəşi doğanda zülmət çəkilir, xülya itir, fatehliyin qanlı pəncəsi göz önündə canlanır.

VII. Zor

Siyasət Zora arxalanır, ancaq özünü könüllü niyyət tərcümanı kimi təqdim edir.
Siyasət “balaca” xalqları “böyük” xalqlara “könüllü surətdə” calayır, insanları “bu Günəş kimi həqiqətə” inandırmağa çalışır.
Siyasət kiçik ölkələri böyük ölkələrə “könüllü surətdə” birləşdirir, insanları “bu Günəş kimi həqiqətə” inandırmağa çalışır.
Siyasət xalqları “Ümumtarixi”, “Həqiqi”, “Yeganə”, “Va-hid” İdeoloji Ehkama “könüllü surətdə” tabe edir, insanları “bu Günəş kimi həqiqətə” inandırmağa çalışır.
Siyasət xalqları “ümumbəşəri” Dini Kəlamlara “könüllü surətdə” tabe edir, insanları “bu Günəş kimi həqiqətə” inan-dırmağa çalışır.
Siyasət Qılınca əl atanda belə, “könüllülük” Yalanından əl çəkmir.
Qılıncı xalqlara qarşı yox, əsil insanlara qarşı yox, asilərə, azğınlara, yolunu azanlara qarşı (könüllülərin xeyrinə) çevirməsindən danışır.
Zor – Mənəvi Zor biçimində Özünü Zor saymır, İqtisadi Zor biçimində özünü Zor saymır.
Zor ictimai qanunlardan, xəlqi vəhdətdən, dövlət imtiyazından danışır, özünün qatil, cəllad xislətindən danışmır; zəruriyyətdən danışır – bəd niyyətdən danışmır.
Zor sübut eləmək istəyir ki, o, ən böyük ədalətdir, səmimiyyətdir, səxavətdir.
Zor sübut eləmək istəyir ki, o, həmişə keşikçidir – quldur deyil!
Zor sübut eləmək istəyir ki, o, Zor deyil.
“Zora əyilənlər – vüqarlı görünürlər!”
Zor buna nail olmaq istəyir, ancaq ola bilmir.
Çünki insanlar Zora əyilsələr də, həm də Zoru əyirlər.

VIII. Hərcayilik

Siyasətin qazandığı nə varsa – ölümə məhkumdur.
“Möhtəşəm”, “Əbədi”, “Sonsuz” Hakimiyyət Tarix, Zaman, Ədalət tərəfindən rədd edilir, Yer üzündən silinir.
“Möhtəşəm”, “Əbədi”, “Sonsuz” Ümumdünyəvi Səltənət Tarix, Zaman, Ədalət tərəfindən rədd edilir, məhv edilir, Yer üzündən silinir.
“Möhtəşəm”, “Əbədi”, “Sonsuz” Ümumdünyəvi Siyasi Qüdrət Tarix, Zaman, Ədalət tərəfindən rədd edilir, Yer üzündən silinir.
“Möhtəşəm”, “Əbədi”, “Sonsuz”, “Vahid”, “Həqiqi” Ehkam Tarix, Zaman, Ədalət tərəfindən rədd edilir, Yer üzündən silinir.
“Möhtəşəm”, “Əbədi”, “Sonsuz” Siyasi Birlik Tarix, Zaman, Ədalət tərəfindən rədd edilir, Yer üzündən silinir.
“Möhtəşəm”, “Əbədi”, “Sonsuz” Maddi Qüdrət Tarix, Zaman, ədalət tərəfindən rədd edilir, Yer üzündən silinir.
Siyasət əslində heç nə yaratmır, çünki yaratdığı əbədi olmur.

IX. Oyun

Siyasət – Oyundur.
Əxlaqsızın – Əxlaq oyunudur.
Həqiqətsizin – Həqiqət oyunudur.
Məhəbbətsizin – Məhəbbət oyunudur.
Günahkarın – Saflıq oyunudur.
Quldurun – Keşikçi oyunudur.
Ağanın – Ata oyunudur.
Kölənin – Övlad oyunudur.
Siyasət – oyundur.
Siyasətdə xalqın, bəşərin, insanın taleyiylə oynayırlar.

X. İnsaniyyət

Siyasətin qələbəsi – İnsaniyyətin məğlubiyyətidir.
Əxlaqsızlıq qələbə çalan yerdə – İnsaniyyət məğlub olur.
Xudbinlik qələbə çalan yerdə – İnsaniyyət məğlub olur.
Yalan qələbə çalan yerdə – İnsaniyyət məğlub olur.
Təmənna qələbə çalan yerdə – İnsaniyyət məğlub olur.
Ağalıq qələbə çalan yerdə – İnsaniyyət məğlub olur.
Köləlik qələbə çalan yerdə – İnsaniyyət məğlub olur.
Fatehlik qələbə çalan yerdə – İnsaniyyət məğlub olur.
Zor qələbə çalan yerdə – İnsaniyyət məğlub olur.
Hərcayilik qələbə çalan yerdə – İnsaniyyət məğlub olur.
Oyun qələbə çalan yerdə – İnsaniyyət məğlub olur.
Siyasətin məğlub olması üçün – İnsaniyyətin Qələbəsi gərəkdir.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv