ASİF ATA. KOROĞLULAR VƏ HƏMZƏLƏR

KOROĞLU DÜNYASI

Koroğlu dünyası hiddətdən və üsyandan başlayır. Hiddət və üsyan mərdliklə əkizdir. Çünki onların hər ikisi zirvə səviyyəsinə qalxan, parlaq, ilkin, ehtizazlı hisslərdir. Hər ikisində böyük inkar yaşayır.
Səmanın bağrından qopan şimşəklər kimi, sahilinə sığmayan sellər kimi. Yeri göyə, göyü yerə qatan zəhmli, amansız və əzəmətli tufanlar kimi.
Üsyanda ali bir qüdsiyyət yaşayır. Dünya təmizlənir. Çayların axarı, çiçəklərin ətri, dağların vüqarı qayıdır dünyaya. Bulaq suyu kimi durulaşır aləm.
Səmadakı şimşək və yerdəki Koroğlu nərəsi əkizdir. Şimşək – səmanın hiddətidir; Koroğlu nərəsi – yerdəki qüdrətlilərin, qeyrətlilərin, xalislərin qəzəbi! Hər ikisi möhtəşəmdir!
Koroğlu Qoşabulaqdan su içmişdir, ona görə də nərəsindən aslanlar hürkür, quşlar qanad salır. Qırat – dəryadan, misri qılınc – ildırım parçasından yaranmışdır.
Koroğlunun qüdrəti təbiətdəndir. Ona görə də o, sözün böyük mənasında təbiidir, həm də qeyri-adidir. Təbiidir, çünki ilahi güc ona təbiət tərəfindən bəxş edilmişdir. Qeyri-adidir, çünki ilahi qüdrətə malikdir.
Koroğlu nərəsinin yeri-göyü titrədən əzəməti Qoşabulaq suyunun təsirindəndir. Misri qılıncın kəsəri ildırımdandır. Qıratın səmavi sürəti, dəyanəti, sədaqəti dəryadandır.
Atasının gözü çıxarılan gündən başlanır koroğluluq!
Təbiət öz qəhrəmanını sevir. Ona dünyanın ən gözəl atlarını bağışlayır, ən iti qılıncını bəxş edir, ən gözəl bulağın suyunu içirdir.
Koroğlunu döyüşə təbiət özü hazırlayır.
Şimşək göydə çaxır, Koroğlu yerdə.
Yerin də göy kimi şimşəyə ehtiyacı var.
Koroğlu – yerin şimşəyidir. O, şimşək kimi əzəmətlidir, qeyrətlidir, mərddir, sərtdir, genişürəklidir, şairanədir. Təkbaşına ordular yarır. Dost yolunda başından keçəndir. Paşanın, xotkarın, xanın dərisinə saman təpəndir. Həm də son dərəcə incə qəlbli olan Nigarla, “alma gözlü, qız birçəkli” Qıratla, mərd dəlilərlə, əzəmətli Çənlibellə bir nəfəs alan şairanə xilqətdir.
Nifrətinə bərabər – məhəbbəti var.
Hiddətinə bərabər – nəvazişi var.
Nərəsinə bərabər – kövrəlməsi var.
Sərtliyinə bərabər – zəifliyi var.
İgidliyinə bərabər – sadəlövhlüyü var.
Qəhrəmanlığına bərabər – körpəliyi var.
Dəlilərin birinin başı ağrıyanda – bağrı yarılır. Qıratın belinə sıçrayıb, düşmən üstünə cumur. Qıratla insafsız rəftar Koroğlunun ürəyini qanadır.

“Canım Həmzə, gözüm Həmzə,
Həmzə, incitmə Qıratı!”<

Both comments and pings are currently closed.

Comments are closed.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv