Bir vaxtlar Azərbaycanda ruslara “sevgi” dəbdə idi. Rusun orta səviyyəli bir yaradıcısına yarınmaq istəyənlərin içərisinə iynə atırdın yerə düşmürdü. İndi avropalıların xoşuna gəlmək yarışı başlayıb. Kim harda nə tapırsa, dərhal ona kosmetik bəzək verib öz doğmaca xalqına “ərməğan” edir. Hər vasitə ilə cəmiyyəti inandırmağa çalışırlar ki, Avropada azərbaycanlıların bilmədiyi kişi varmış. Bizim cəmiyyət onlardan xəbərsizmiş. Azərbaycana dışarıdan kişilər gətirmək gələnəyi yaradanlar elə bilirlər ki, öz əməlləri ilə bu xalqı şərəfləndirirlər. Çağdaş azərbaycanlıların öz böyüklüyü isə dışarıdakı böyükləri öz xalqına sırıya bilmək qabiliyyətindən ibarətdir. Diqqət yetirin, bir nəfər azərbaycanlı öz içimizdəki dəyərə üz tutmur, böyükləri axtarıb göstərmir. Əksinə, böyüklərimizi “qəhrəmani bir şövqlə” aşağılayırlar. Ya da vəzifəyə, mənsəbə, hökmdara, yadlara, yadlığa qulluq göstərənlərdən böyüklər uydurub təqdim edirlər. Məlumdur ki, balacaların uydurulmuş böyüklüyü heç uyduranın özü üçün də faydalı bir iş görmür, nəinki vətənin xeyrinə. Bir də ki, uydurmaçıların məqsədi heç vətən də deyil axı. Öz öləri şöhrətləri, mənfəət əldə eləmək istəkləri əsas olur onlar üçün.
Uydurmaçılar, Quramaçılar Dədə Qorquda, Babəkə, Koroğluya, Ş.İsmayıla, Atatürkə rişxənd eləməkdən, yamaq vurmaqdan belə çəkinmirlər. Azərbaycandan avropalılara klassiklərimizi, qədimliyimizi aşağılayanlar təqdim olunur. Avropalılar içimizi uçuranları bizim böyüklərimiz kimi qarşılayırlar. Bizimkilər Avropadan mükafat umurlar. Azərbaycanı aşağılayan istənilən azərbaycanlı dərhal diqqətə düşür, səfirliklərə çağrılır, onlara “sayğı” göstərilir.
Azərbaycana qarşı aşağılayıcı, inkaredici əməllər bu gün gözümüzün qabağında İran tərəfindən də həyata keçirilir. Və onun burada kifayət qədər havadarları var. Bakıətrafı kəndlərdə də, təhsil müəssisələrində də, Elmlər Akademiyasında da İranın ayağını yuyub kirini üstümüzə səpələyənlər var. Özəllikcə bir çox məscidlərdə İranın buyruğunda duran haytalı, hikkəli adamlar Yurdumuza barmaq silkələyirlər. Məsciddə hazırlanan adamlar Azərbaycan dövlətinin Anayasasına, dövlətçiliyinə “nəcis” deməkdən çəkinmirlər. “Sənət”qəzetinin başına açılan bəlli qalmaqallarla bağlı keçirilən məhkəmə iclaslarında heç bir yurddaşlıq məsuliyyəti daşımayan adamlar çox nikbin, cəsarətli davranırdılar, İranı təmsil etmələrindən qürur duyurdular. İran dövlətinin onlara maddi, fiziki, siyasi dayağı bizim yurddaşlarımızın mənliyinə qarşı yönəlib. Öz əməllərini Allaha xidmət kimi nümayiş etdirənlər əslində Yerlə Göyün arasında ən böyük küfr işlətmiş olurlar. Yurdunun sabahını düşünməyən, insana qarşı olmazın həqarətlər yağdıran, ömründə bir dəfə də olsun ali həqiqətlə görüşməyən miskin, zavallı qaragüruh Allahı öldürdüyünün fərqinə vara bilmir.
Bizim təqdim eləmək istədiyimiz mövzu ilə bu mövzunun yalnız ümumi bağlılığı var. Ona görə bu mövzunu davam etmirik. Bizim burada əsas mövzumuz alimin antielmi, hətta antiinsani gedişata bac verməsindən irəli gələn qayğılardır. Biz burada Azərbaycanın tanınmış imzalarından biri Qəzənfər Paşayevin ciddi zəhmətlərlə başa gətirdiyi “Nostradamusun möcüzəli aləmi” kitabının ayrı-ayrı məqamlarına toxunacağıq.
Doğrusu, kitab adamda elə təəccüb doğurur ki, münasibət bildirməyin də gərəksiz olduğunu düşünürsən. Kitab səviyyə baxımından çox aşağıdır. Adam belə bir səviyyəyə vaxt itirmək istəmir. Ancaq nə etməli, Azərbaycanda bu səviyyəyə enən diplomlu adamlar, necə deyərlər, bəs qədərdir. Bunların vurğunluğu sayəsində Nostradamus adlı bir falçı sadə insanların dilinin əzbəri olub. Təəssüf ki, cəmiyyət küyə öyrəşdirilib.
Bununla belə, Qəzənfər Paşayev imzası cəmiyyətə çoxdan tanış olduğu üçün onun başqa yaradıcılığı da marağımıza səbəb oldu. Müəllifin “6 il Dəclə-Fərat sahillərində” kitabını oxuyub müqayisə aparmalı olduq. Məncə, İraqın təbiətini, kənd təsərrüfatını, şəhər və kənd həyatını, mədəniyyətini, məişətini, iqlimini, milli gələnəklərini ciddi, ətraflı, dolğun, bundan da yaxşı təsvir eləmək bəlkə də mümkün deyil. Müəllif işinin gərəkliyini, zəruriliyini yaxşı anlayıb. İraq haqqında deyilənlər, Şərq mədəniyyətinin bir hissəsi, ümumbəşər mədəniyyətinə daxil olan bir keyfiyyət haqqında deyilən sözdür.
Müəllif kitabının “Füzulinin nəvə-nəticələri arasında” bölməsində ciddi məsələlərə toxunur. Buradakı araşdırma müəllifin hədəfini bildirir və yaxşı bir niyyətdə olduğunu göstərir. Azərbaycanı ikiyə bölən, türk sözünü, adını ona yasaq edən rus-sovet hökmranlığı dönəmində Kərkük niskilini Azərbaycana gətirmək və onu öz soydaşlarının qəlbinə oxumaq – bizi soydaş qayğısı ilə yaşayan bir ziyalıya yaxınlaşdırır.
Türk soyuna bağlı yurdların, gələnəklərin, folklorun unudulduğu, unutdurulduğu bir vaxtda bunları yenidən yaddaşlara qaytarmaq, sevmək çağırışıyla çıxış etmək – məlllifin ziyalı qayğılarını bizə doğmalaşdırır, onun urvatını artırır. Müəllif orada yaşayan soydaşlarımızın tarxi aqibəti ilə bağlı yayılan yanlış bilgilərə qarşı haqlı etiraz edir, və öz soykökünə münasibət yönündən bir cəsarət nümayiş etdirir. Lakin təəssüf ki, Azərbaycan və Osmanlı münasibətlərinə müəllif səthi yanaşıb. Bu iki türk qardaşı üz-üzə qoyanların niyyətlərinə aldanıb və yadlığa bac verib. Burada o, Osmanlını suçlayan əhvalla danışır. Osmanlının Azərbaycana qarşı zorakı niyyətdə olduğunu aşılayır. Halbuki bu iki qardaşı bir-birinə qarşı qaldıran niyyətlər Avropada hazırlanmışdır və bizim Şah İsmayılımız da öz qardaşına – Oğuz soyuna qarşı şübhələnməklə “Çaldıran” fəlakətinə sürüklənmişdi. “Çaldıran” türkə baha başa gəldi, türkün yağılarına fürsət qazandırdı. Sovet imperiyasının, özünə və Azərbaycana düşmən elan elədiyi Türkiyəni gözdən salmaq isə yolverilməzdir. Osmanlı Türkiyəsini öz qəlbiylə duymaq, öz ağlı ilə bilmək, çatışmazlıqlarını da ona sevgi ilə dilə gətirmək hər bir türk övladının borcudur.
Müəllif Kərkük folkloru, eləcə də yer adları arasında sübuta ehtiyacı olmayan bağlılıqdan danışarkən çaşdırıcı və inkaredici mövqeləri rədd edir, süni fərq yaradan tarixi haqsızlığa etirazını bildirir. “Bütün bunlar qəti nəticəyə gəlməyə, Əta Tərzibaşının təbirilə desək, “əkiz qardaşlar” olduğumuz, Nəsiminin, Füzulinin nəvə-nəticələri olduğumuz haqqında hökm verməyə əsas verir. Bunlar isbatına ehtiyac duyulmayan bir həqqət olsa da, tarixin amansızlığı insanı heyrətə gətirir. Zamanın vəfasızlığı adamı sarsıdır. Məcbur olursan ki, gün kimi aydın həqiqətləri bir daha təsdiqə, isbata çalışasan. İstər-istəməz fikirləşirsən ki, yoxsa bir vaxt da Arazın o tayında yaşayan qardaş-bacılarımızın Azərbaycanca danışdıqlarını, Şəhriyarın hansı bulaqdan su içib “Heydərbabaya salam” adlı şah əsərini kimin üçün yazıb-yaratmağını təsdiqə çalışacağıq?!” (“6 il Dəclə-Fərat sahillərində”, səh.65).
Müəllifin səmimiyyətlə vurğuladığı bu fikirlər saf və sadə, aydın bir qəlbin hıçqırıqları kimi oxunur. Burada gərəkli bir mövqenin ortaya qoyulduğu aydınca görünür. Özünə yadlaşmanın doğurduğu ağrılar dilə gətirilir. Biz xalq olaraq öz Dünyabaxışımızı yaratmırıq, öz gələnəklərimizlə yaşamırıq. Bu səbəbdən də varlığımızı, milli müəyyənliyimizi aydınlaşdırmaq, başqalarına isbatlamaq üçün mücərrəd tarixdən səxavət umuruq. Qonşularımız olan çağdaşlarımızdan da bizi görmələri üçün mərhəmət diləyirik. Mahiyyətimizin doğduğu gözəllikləri ömrümüzə, aqibətimizə yazmırıq, sonradan onun izlərini axtarıb tarixə çevirməyə çalışırıq. Özümlüyümüzə həsrət qalmağımız özümüzün yaratdığımız mənəvi-ruhani sərhədlərin sayəsində baş verir. Türkə qarşı olan kənar qüvvələrin işi bu sərhədləri uzun ömürlü etməkdən ibarət olur. Bizim əhvalımız bizə qarşı olan qüvvələrlə birləşir. Ağrı-acı başımızdan yağır, başımızı itiririk.
Belə ağrılı gedişlərin içində bəzən bir nəfərin belə doğmalıq təqdim edən zəhməti necə də gözəl əhval yaradır! Doğmalarla əlaqələrin yolunu axtarıb tapmaq, bu əlaqəni ədəbi mühitin fəaliyyətinə qoşmaq və inkişaf etdirmək bəzən bir institutun gördüyü işdən artıq və önəmli olur. İftixar hissi və sevgi ilə işə girişmək müəllifə əlaqələri müəyyən bir mərhələyə çatdırmaq üçün imkan yaradıb. Təbiidir ki, xalqın bütövləşməsini əhatə edən əlaqələr yaratmaq ayrı bir səviyyə və hünər tələb edir. Bu cür əməlçilik daha ciddi və əsaslı hadisədir. Bu işin başa gəlməsi isə zəhmətdən daha çox döyüş tələb edir. Döyüş vəhdət yaradır, aqibət birliyi qurur və xəlqi varolmanın təsdiqini yetirir. Bu isə nə ədəbiyyatın işidir, nə də elmin. Bu, İnamla bağlı bir mövzudur…
Kitabın 113-cü səhifəsində müəllif yazır ki, “İraqlıların adət-ənənələrinə əməl etdkdə işləmək çox asan olurdu”. Çox qəribədir, bizim yurdumuzda isə tam əksinə olub. Elə bu gün də tam əksinədir. Azərbaycana gələn hər kəs özüylə adət-ənənəsini də gətirir və bizimkiləri adət-ənənələrimizdən əl çəkib gətirilənlərə əməl etməyə yönəldə bilirlər. Biz də “qonaqpərvərliyimizin” tələblərinə uyğun olaraq, hər kəsi yuxarı başa keçirir, özümüz isə ayağa düşürük.
Təəssüf ki, Qəzənfər Paşayevin doğmalıq yolunda çəkdiyi zəhmətlər də ulusumuzun ayağa düşməsinə mane olmaq məqsədi daşımayıb. Əksinə, yuxarıda da vurğuladığımız kimi, bizi aşağılayan qüvvələrin, ideoloji baxışların qarşısında addımı dala qoyub və onların dediklərini təkrarlayıb.
Kitabın 67-68-ci səhifələrində oxuyuruq: “Məlum olduğu üzrə XVI əsrdə İraqın Osmanlı hakimiyyəti təsiri altına düşməsindən sonra az da olsa yazı dilində türk dili ünsürləri özünü göstərmişdir. Lakin bu cəhətdən xalq dilinə olan nüfuzu bir o qədər də qüvvətli olmamışdır”.
Kərküklülərin danışığında Türkiyə şivəsinin ünsürlərini müəllif elə bir təəssüflə vurğulayır ki, elə bil böyük bir tarixi fəlakət baş vermişdir.
Müəllif sonrakı fikirləri ilə oxucusuna təsəlli verməyə çalışır. “Rüstəm Əliyev “Vətəndən uzaqlarda” məqaləsində İraqlı müsahibi ilə söhbətində də bu məsələyə toxunur: “Ondan İraqda yaşayan azərbaycanlılar haqqında danışmasını xahiş etdim:
– Nə üçün siz özünüzü gah türk, gah türkman, gah da azəri türkləri adlandırırsınız? Türk mənşəli xalqlar çoxdur: türklər, özbəklər, türkmənlər, qazaxlar, biz azərbaycanlılar… Bəs siz özünüzü hansı xalqa aid edirsiniz?
– Füzuli və Nəsiminin mənsub olduğu xalqa”.
Burada rus-sovet imperiyasının tələblərinə bac verildiyi aydınca görünür. Türkiyə ilə süni şəkildə arada sərhəd yaratmaq ümumtürk hadisəsinə ziyan verməkdir. Böyük türk etnosunu özbək, qazax, türkmən, azərbaycan tərkibinə elə bölürlər ki, soydaşlarımızın ruhuna Stalin siyasəti açıq təlqin olunur. Ola bilər ki, “Sovet dönəmində başqa cür mümkün deyildi” deyə etiraz edənlər olsun. Beləysə bilmək istəyirik ki, bu etirazların məntiqi nədir və nəyə xidmət edir? Nisbi mövqe mübarizə yaratmır, nisbi gözəllik insana fərəh vermir axı. Bəs onda Ulusal dayanıqlığımızı uçuranların yeri haradır?
Mübarizə aparmaq, hətta şəhid olmaq daha böyük xidmət, daha böyük şərəfdir. Yurdumuzu, Ulusumuzu düşünənlər varsa, qoy onlar bizə şərəfliləri sevdirsinlər.
…Kərkükü Türkiyədən “qorumağı”, ayırmağı, süni yiyəlik hissini qabartmağı hansı zərurət tələb edirdi? Kərkükün taleyini Türkiyədən, Türklükdən ayırmaq onu yiyəsiz qoymaqdır. Antitürk qüvvələr, o cümlədən SSRİ də elə bunu istəyirdi. Kərküklülərə qondarma münasibətin acı nəticəsini bu gün onlar yaşayırlar, biz də müşahidə edirik. Kərküklülərin həyatında Amerika-kürd vəhşilikləri son həddə çatıb.
Sovet dönəmində Kərkükü Türkiyədən “qoruyan” bizimkilər indi Türkiyədən onlara yardım umurlar!..
Nəhayət dərk eləmək gərəkdir ki, bizim nəyimiz varsa (o cümlədən Füzulimiz, Nəsimimiz) Türkiyəyə, Türkiyənin nəyi varsa, bizə bağlıdır. “Azəbaycan türkün beyni və ürəyi, Türkiyə türkün qolu və kürəyi” (Asif Ata).
Kitabda ciddi yanlışlığa yol verilir. Müəllifin axtarışları doğmalar arasında təbii bir fərqin olduğunu deməkdən çox, Türkiyə ilə Azərbaycanın arasında guya ögeyliyin olduğunu izah eləməyə yönəlib. Bu yanaşma çoxdankı təhlükədir, – aydınlarımızın yanlışlığı ucbatından sabahımıza daşınır.
“6 il Dəclə-Fərat sahillərində” kitabı ayrı-ayrı ziddiyyətli məqamlarının da olmasına baxmayaraq, bütövlükdə Qəzənfər Paşayevin səmimiyyətini və zəhmətini yaxşı ifadə etmişdir. Amma sonradan elə bil Q.Paşayev yorulur, çaşır və bekarçılıq əhvalı yaradan gərəksiz bir işə başlayır. Özünün dediyi kimi, 7 il üzərində işlədiyi “Nostradamusun möcüzəli aləmi” kitabını başa gətirir. Acınacaqlı haldır! Alim falçılıqdan elm düzəldir və aləmin gözünə kül üfürür. Elmi falçılıq “Danabaş kəndi” deyimini hələ də qüvvədə saxlayır. Azərbaycanda bir sıra başqa alimlərin elmi xidməti də falçılığa işıq tutur.
Başqasının mövqeyində durmaq idraki hünərlə başa gələndə gözəl bir vəhdət alınır və bu vəhdət ümumi tərəqqiyə xidmət edir. Başqasının mövqeyi üçün tutuquşuluq eləmək əllaməçiliyə çevrilir və istedadsızlığı ört-basdır eləmək üçün oyunbazlıq yaradır. Alim fərdi uğurlar əldə edə bilməyəndə əksəriyyətin bilərəkdən, yaxud bilməyərəkdən fenomenləşdirdiyi (ideallaşdırdığı) birisini öyməkdən özünə nüfuz və rəğbət yaratmağa çalışır. Bizim Yurdumuzda yaradıcı sayılan bir çox adamlar başqalarının əhəmiyyətsiz bir uğuruna heyrətlə yanaşırlar. Nostradamusu öyənlər də eləcə. Adam Yurdunda belə səviyyələr görəndə xəcalət çəkir. Nəyi sübut edirlər, nəylə öyünürlər, nəyə sevinirlər, nəyi sevirlər? – bəlli deyil. Ən bayağı məchulluq, idraki kallıq, körpə naşılığı qədər təəccüblü bir səviyyə nümayiş etdirirlər – Yurdumuzun taleyini düşünməli olanlar.
Gəlin indi Qəzənfər Paşayevi heyrətləndirən səviyyənin hardan başlanğıc götürdüyünə diqqət yetirək:
“Nostradamusun iş üsulu belə olmuşdur. Axşamlar köməkçisi Jan de Şavinye ilə evin damındakı xəlvəti otağa çəkilərdilər. Mişel su ilə dolu tunc ləyəni otağın ortasında səma görünən yerdə qoyar, üstünə içində ətirli maddələr olan boşqab yerləşdirərdi. Bu maddələrə qurudulmuş çətənə və dəfnə yarpaqları qarışdırardı. Sonra onu alışdırar və oturanda çox çökən, yumşaq qoltuqlu kürsüsünə əyləşərdi. Çubuqla suyun üzünü dalğalandırardı. Tezliklə vəcdə gələrək tanınmaz hala düşər, real aləmdən uzaqlaşar, fövqəltəbii xüsusiyyətlər kəsb edər, özünün dediyi kimi, “indiki zamandan keçmişə və gələcəyə baş vurar”, əsrlərlə sonralar baş verəcək hadisələrdən danışardı”. (“Nostradamusun möcüzəli aləmi” səh.19-20)
Ləyənlərdə, qazanlarda vəhy qaynayır, elm bişir, bizim də xəbərimiz yoxmuş. Molla İbrahimxəlil Kimyagərə min şükür!
Bu kitabı oxuyub həvəslənmək üçün gərək feodalizm təfəkkürünə malik olasan.
Yuxunu və ruhun bədəndən ayrılıb keçmişə və gələcəyə baş vurmasını əsas götürən müəllif Qurandan və tibb alimi Aleksis Karrelin söyləmələrindən sitatlar gətirərək falçılığın “əsaslarını” möhkəmlətməyə çalışır. Özü də deyir ki, “Gələcəyi ilahi vergisi olanlardan başqa heç kim görə bilməz” (səh. 25).
Sonda kitabda Qurandan sitat da oxuyuruq: “Göylərdə və yerlərdə (Allahdan qeyri) bir kimsənin onu (gələcəyi) bilməsi mümkün deyil”. Bu ziddiyyətlərdən belə çıxır ki, Nostradamus Allahın işinə qarışmış və bir çox alın yazılarını oxumuşdur… Bir cəfəngiyyat o biri cəfəngiyyatın əleyhinə danışmaqla cəfəngiyyatı yaşatmağa xidmət edir.
Başqa bir məqama diqqət yetirək:
“Əgər mən onların başına nə gələcəyini açıb göstərsəydim, böyük və qüdrətli hökmdarlar, məzhəb və din rəhbərləri gələcəyin onlara çox cüzi oxşarlığını, davranış, əxlaq və sairdə tam dəyişikliklər baş verəcəyini görərək gələcəkdə labüd olaraq baş verəcək, gələcək nəsillərin görə və anlaya biləcəyi hadisələri əsrlərlə öncə lənətləyərdilər… Bu isə gələcəyə zərbə olardı”. (“Nostradamusun möcüzəli aləmi” səh. 30)
Həm hər şeyi bilir, deyir, həm də özü bilərəkdən müəmmalı deyir, anlaşılmaz deyir. Bu – oyundur, oyuna bəraətdir, bu – həqiqətə qarşı həqarətdir. Həyat necə də bəsitləşdirilir, adiləşdirilir, urvatsızlaşdırılır, proqramlaşdırılır! Bunların izahlarında, inamlarında, təqdimatlarında insan nə eləyirsə, şüursuz eləyir, elədiyini qanmır. O yalnız proqramda nəzərdə tutulanları yerinə yetirir. Nostradamus da ləyəndə suyun üzərindəki çubuq dalğalarının ritmləri ilə bu proqramları oxuyub köməkçisinin qələminə təhvil verirmiş. (Necə deyərlər, “Molla Həmid, körüyü bas!”). Nostradamus necə də “humanist” imiş. Açıb proqramı olduğu kimi göstərmirmiş ki, adamlar gələcəyə lənət oxumasınlar. Maraqlıdır, görəsən Nostradamus proqramı (gələcəyin sirlərini) insanlara olduğu kimi öyrətsəymiş, adamlar bu proqramı dəyişməyə cəhd edərdilərmi, yəni başqa cür davranarmışlarmı? Davransaydılar, deməli, alın yazısını pozmuş olardılar. Yoxsa alın yazısını pozmağa qüdrətləri çatmazdı?! Əgər çatmazdısa, onda təkbətək döyüşdə gözü çıxarılmış və bundan sonra ölmüş çağdaşı II Henrini niyə döyüşdən geri çağırırdı və niyə çağıra bilmədi? Birdən Henri onu eşidib döyüşdən əl çəksəydi? – deməli, proqram (alın yazısı) pozulacaqdı. Yox, əgər pozmaq mümkün deyilsə, onda onun görümünün və çağırışının anlamı nədir? Əgər çağırırsa, deməli, hadisənin qabağını almaq istəyir. Bu isə dinin Allahla bağlı məntiqinə ziddir. Onda Allah Nostradamusu İblisin yardımçısı elan etməliydi ki. Onun yazdığı alın yazılarını oxuyan və pozan Nostradamusa başqa nə ad vermək olar?
Bizim məqsədimiz Nostradamusu dinin mövqeyindən yalana çıxarmaq deyil. Bizim həqiqətə, eləcə də həqiqətsizliyə yanaşma meyarımız Mütləqilikdir. Bu müqayisələri isə ona görə aparırıq ki, müəllif çox böyük həvəslə Nostradamusu Allahın qüdrətindən doğan möcüzə kimi qələmə verir. Onun tanıdığı Allah da dinin təqdim elədiyi Allahdır. Oyunlara yeni pərdələr çəkilir, bəraətlər üçün faktlar toplanır: “Deməli, insanın öz gələcəyini bilməsi arzuolunmazdır. Rus çarı II Nikolay öz taleyini dəqiq bildiyindən iztirablı anlar keçirib. Elə iztirablı anlar ki, bunu yalnız ölümünə fitva verilmiş şəxsin, cəlladın gələcəyi ana qədər keçirdiyi iztirabla müqayisə etmək olar. Bütün bunları yaxşı bilən Nostradamus yuxarıda göstərdiyimiz kimi, gördüklərini dumanlı və müəmmalı şəkildə, poeziya dili ilə tapmacavari izah etmişdir” (“Nostradamusun möcüzəli aləmi” səh. 31).
Çox qəribədir, deyilmi?! Nə üçün bunların müəmmalara, tapmacalara ehtiyacları var? Tutalım ki, var. Özləri bilər. Nə üçün öz lüzumsuz ehtiyaclarını cəmiyyətə sırımağa çalışırlar. Oyunlar yaradırlar və oyunlara həmişə bəraət də düşünürlər. Oyunu bəzəmək – guya insanları nəzərə alıb humanistlik göstərilibdir. Oyuna humanistlik donu geydirmək əski dəbdir. Başqalarının “humanizmini” yamsılamaq yeni ədayla bizimkilər tərəfindən şirinləşdirilir və oxucuya sırınır. Tez-tez “böyük görücü” ifadəsini iftixarla işlədən müəllif, görünür, bunu türkcəmizin dilçilik baxımından “inkişafı” üçün kəşf etmişdir. Böyük xadim, Böyük filosof… ifadələrini eşitmişdik. “Böyük falçı” sözünü də indi eşidirik.
Falçılığa güc verən başqa bir “sübuta” baxaq. “Deyirlər ki, Nyuton Nostradamusun işlətdiyi kodlar üzərində çox baş sındırıb, lakin onun sirrinin açarını tapa bilməyib” (“Nostradamusun möcüzəli aləmi” səh. 33).
Çünki Nostradamusun çubuqla dalğalandırdığı suda (ləyənin içində) elmi, riyazi metodlar işləmir. Nyuton Nostradamusun fəndlərini bilmək üçün alim-fizik yox, falçılıq “elminin” məftunu olmalıydı – bizimkilər kimi.
“Burada diqqəti çəkən bir məsələ də vardır. Tədqiqatlardan görünür ki, Nyuton 45 yaşdan sonra demək olar ki, ciddi axtarışlarla məşğul olmayıb. Bizə qalırsa, bu da yaradanla bağlı məsələdir”. (“Nostradamusun möcüzəli aləmi” səh. 34).
İnsanın imkanlarını Yaradan tərəfindən məhdudlaşdıran müəllif bu yandan falçılığın da ilahi bir nemət olaraq Yaradan tərəfindən adama bəxş olunduğunu sübut etməyə çalışır. Yaradanın “proqramını” öyməklə müəllif köhnə hava çalır. Köhnəlmiş deyimlərə yeni elmi nəfəs vermək niyyətiylə özünü yaradıcı kimi göstərmək cəhdi isə gərəksiz və əsassızdır. Elmin qabaqcıl imkanlarına ağlın gücü çatmayanda təxəyyülü fantaziyaların yanına göndərmək idraksızlığın gizlədilməsinə xidmət edir. İdraksızlığın rəngli neqativləri cazibəli görünə bilər, ancaq həqiqəti göstərə bilməz.
Bunlar harada düşür insanı aşağılayırlar, – həzz alırlar insanı aşağılamaqdan. Hünər sayırlar insanı imkansız göstərməyi, alət səviyyəsinə endirməyi. Diqqət yetirin: “insan səmaya səpələnmiş ulduzlar və bürclər altında yaranır, ömür boyu planetlərin və bürclərin qarşısıalınmaz təsiri altında olur. Taleyi bu ulduzlar və bürclərlə müəyyən olunur”. (“Nostradamusun möcüzəli aləmi” səh. 35).
Yenə insan bunların təsəvvüründə bioloji səviyyədən yuxarı qalxmır, dərk olunmur. Yenə də heç nəyə qadir olmayan, ulduzlardan mərhəmət gözləməli olan insan… xülyalar boşluğu.
Müəllif Edqar Keys adlı birisi haqqında yazır: “1909-cu ildən başlayaraq 1945-ci ilin yanvarında dünyasını dəyişənə qədər 14256 dəfə Nostradamus kimi özü-özünü cuşa gətirmiş, huşdan gedərək gələcəkdən danışmışdır”. (“Nostradamusun möcüzəli aləmi” səh. 42).
Q.Paşayevin bu qəhrəmanı hadisələrin adıyla və tarixi ilə görüşmək üçün 14256 dəfə huşsuzlaşır. Deməli, gələcəyə baxmaq üçün idraklı olmaq deyil, huşsuz olmaq gərəkmiş. Huşsuzluqdan başlayan yol uzaq gələcəyə aparırmış. Huşsuzlaşmaq – fövqəlduyğu, fövqəlhəyat hadisəsi imiş. Bayılanda həqiqətin gerçək faktlarına yetmək olurmuş. Həqiqət halüsinasiyalı sayıqlamalardan başqa bir şeylə kəşf edilə bilməzmiş. 21-ci yüzildə “rədd olsun elm, yaşasın falçılıq, ofsunçuluq, cadugərlik” demək gərəkmiş.
Bu tip adamlar cəmiyyəti avam, qanmaz görmək həsrətiylə yazıb-yaradırlar. Avamlarla təmasa girmək, onlara özünün qabiliyyətli olduğunu sübut etməyə çalışmaq miskin bir xudbinlik boşluğudur. Həqiqətlə dola bilmirlər, idraksızlıq danqıltıları salırlar.
“Edqar Keysin dedikləri arasında xüsusi yeri onun bəşəriyyətin inkişafı tarixində 1958-1998-ci illərin ikinci böyük inkişaf mərhələsi olacağını göstərməsi tutur. Doğrudan da, bu qırx il ərzində bəşəriyyət irəliyə doğru böyük addım atmış, indiyə qədər görünməmiş inkişaf mərhələsi yaşamışdır”. (“Nostradamusun möcüzəli aləmi” səh. 43).
Bu da Edqar Keysin bayılmalarını mənalandırmaq cəhdidir. Əvvəla elektrotexnikanın inkişafı hələ ictimai inkişaf demək deyil. Bəşəriyyətin inkişafı isə ictimai inkişafla bağlıdır. Bu gün də elektrotexnikanın sonrakı inkişafı haqqında aydın fikirlər söyləmək mümkündür. Bəşəriyyətin inkişafı məsələsinə gəldikdə isə əslində bəşəriyyət indiki qədər tənəzzülə uğramayıb. Ekoloji və siyasi sarsıntılar həyatı təhlükə ilə üz-üzə gətirib. İqtisadi ağalıq, savaşlar, qırğınlar, bəşəriyyətin qədim abidələrinin məhv edilməsi, xalqlararası münsibətlərin yağılıq həddinə gətirilməsi və i.a. bəşəriyyətin həyatına gətirilən uğursuzluqlardır.
Müəllifin ikrah hissi doğuracaq növbəti bir “faktını” kitabın 44-cü səhifəsində oxuyuruq: “1918-ci ildə anadan olan amerikalı bilici Cin 8 yaşında olanda təsadüfən qaraçı falçı onun əlinin cizgilərinə baxaraq: “Əldə belə cizgilərə yüz ildə bir dəfə rast gəlmək olar” deyir və əlavə edir ki, bu qız gələcəyin böyük bilicisi olacaq. Cinə büllur şar bağışlayır və xüsusi vurğulayır ki, Cin gələcəyi bu şarda görəcək. Cin Dikson sonralar gələcəyi doğrudan da bu şara baxaraq görüb”. (“Nostradamusun möcüzəli aləmi” səh. 44).
Bu dərəcədə bayağı, bəsit fikir söyləmək sözün əsil anlamında adamın əl-ayağını yerdən üzür!.. Yalnız heç bir kitab, qələm görməyən, bəsit bir yazını hecalaya-hecalaya oxuyan adam bu cür düşünə və danışa bilər. Və kimsənin onu qınamaq ağlına belə gəlməz. Elm adamlarının isə belə cəfəng xülyaları bizdə çox ciddi təəssüflər doğurur. Görünür, bu da Yaradanın bir zarafatıdır ki, bəşəriyyyətin gələcək həyatının sirlərini bir qaraçının şarına doldurub və bu şarın arxasında “dahi” bir falçı ecazı proqramlaşdırıb.
“1923-cü ildən dünya işığına həsrət qalan Vanqa, 1940-cı ildə yuxusunda görür ki, gözəl bir gənc atlı onlara gəldi. Paltarı bərq vuran bu atlı işıq saçırdı. Evin astanasından içəri girər-girməz qərib dedi: Yaxınlarda bütün dünya təlatümə gələcək. Saysız-hesabsız insanlar qırılacaq. Sən insanların taleyi və ölümünü biləcəksən. Qorxma, hər vaxt sənin yanında olacam. Sən insanlara mənim sözlərimi çatdıracaqsan”. (“Nostradamusun möcüzəli aləmi” səh. 46).
Bu səviyyədə danışanların sayı Azərbaycanda daha çoxdur. İndi çox adam ağ atlı, düz qamətli oğlanlarla, qarasaqqallı, qaraçuxalı kişilərlə, ağsaqqalları sinələrində yorğan olan babalarla, tunellərin içərisində gur işıqlara doğru şütüyən xəyali qatarlarla təmaslarda olurlar.
Amma nədənsə ağ atlıların heç biri “yaxınlarda dünya gözəl olacaq” demir. Ağ atlılar dünyanı qaranlığa qərq edirlər, xülyaçıların gözlərinə də işıq salırlar.
Müəllif daha sonra Dumitri Duduman adlı görücüdən söz açır: “Dumitrinin açıqlamaları çoxdur. O, 1984-cü ildə Kaliforniyada məskunlaşan kimi, mələklər ona bir çox məlumatlar vermişdi. Onların arasında aşağıdakılar da vardı:
“Gün gələcək. Los Ancelos, Las Veqas, Nyu-York və başqa şəhərlərin sakinləri günahlarına görə yaradan tərəfindən cəzalandırılacaqlar. Onların günahları göylərə çatıb. Onları Babildəkilər kimi cəza gözləyir. Mələk onu da əlavə etdi ki, gün gələcək ABŞ əmin-amanlığa inanacaq. Bu vaxt ruslar onların nüvə silahları saxladıqları yerə nüvə silahı ilə hücum edərək ABŞ-ı yandıracaq, ABŞ-da dövlətə qarşı çıxacaqlar. ABŞ-ın başı öz daxili problemlərinə qarışacaq. Bu vaxt Çin, Yaponiya və başqa dövlətlər ruslara qarşı çıxacaqlar. Sonra rusları başçı seçəcəklər. Bundan sonra onlar İsrailə qarşı çıxacaqlar”.
1991-ci ildə Dumitri yazırdı: “Çoxları soruşurlar, bu nə vaxt baş verəcək? Amerika nə vaxt od tutub yanacaq? Mən Allaha yalvardım ki, mənə yardım et, məni insanların sorğularından azad et. Həmin gecə mələk gəldi və məni yuxudan oyatdı. “Bibliyanı oxu: Hosla 4:6 – 9 və 6:1 – 3… Amerikalılara de ki, yaradanın bir günü min ilə, min ili isə bir günə bərabərdir. Əgər onlar peşiman olaraq tövbə etsələr, Allaha pənah gətirsələr, 2-ci gündən (yəni eranın 2-ci minilliyi) 3-cü günə (eramızın) III minilliyinə keçiriləcək”. (“Nostradamusun möcüzəli aləmi” səh. 49).
Təəssüf ki, bəşəriyyət min ildir bu nağıllara qulaq asır. 21-ci yüzilin alimi 1-ci yüzilin “mömini” kimi düşünür. Olsun. Axı din təbliğçilərinin gümanına görə, Mehdi Şərqdə “zühur” etməliydi. Bu kitabdan görünür ki, Mehdi eşşəyə Amerikada minib.
İndi Nostradamusun ayrı-ayrı katrenlərinə nəzər salaq. Aydın görünür ki, özlərini Nostradamusşünas adlandıranlar ayrı-ayrı hadisələri bu katrenlərə zorla pərçimləyirlər. Sanki böyük elmi tədqiqatlar prosesi gedir.
“Sehrli dəmir çubuğu cama salıb fırlayıram. Bu ətrafa sıçradıqca əbamın ətəyi və ayağı islanır. Qorxudan çıxardığım səsdən əbamın enli qolları titrəyir.
İlahi əzəməti canıma vəlvələ salır.
Deməli, İlahi yaxındadır, dayağımdır”. (“Nostradamusun möcüzəli aləmi” səh. 75).
Əcəb işdir, Nostradamusun tutması tutanda ilahi onun yanına merac edirmiş…
“Ədavət, qərəz və daxili düşmənçiliyə görə Krala qarşı böyük sui-qəsd hazırlayacaqlar. Xəbər tutub təhlükəli düşmənləri gizli olaraq müəyyən edəcəklər.
Güc strukturları kralın düşmənlərinə qarşı duracaqlar”. (“Nostradamusun möcüzəli aləmi” səh. 82).
Aydındır ki, yüz illər boyu hakimiyyət çəkişməsi gedir. Və Saraylarda gedən proseslər, münaqişələr tarixə çevrilib tarixdən də bilinir, zamanında Sarayın ümumi əhvalından da.
Bugünümüzdə də oxşar proseslər gedir. Hərə bir yana çəkir, yeri düşəndə sui-qəsd hazırlanır. Heç bir hökmdar sui-qəsddən sığortalanmayıb. Onun qazancı, eyş-işrəti hər kəsi tamahlandırır və fürsət düşəndə həmin üstünlüyü ələ keçirməyə can atırlar. Güc strukturları əsasən hökmdarların öz adamları (tayfaları) tərəfindən nəzarətə götürülür və öz yerlərini əldə saxlamaq üçün hökmdarını qorumalı olur. Onların başqa maraqları olanda satıla da bilirlər. Bunu isə gedişat özü göstərir. Beləliklə, tarixdəki oxşar əlamətləri bugündə dilə gətirmək və sabah da belə bir hadisənin olacağını bəyan eləmək peyğəmbərlik deyil. Bugün də ibtidai münasibətlərdən üstün olan axtarışlar davam edir və hadisələri təhlil edib müəyyən dəqiqliklərlə qiymətləndirmələr də var. Ağıllı adamlar hadisələrin gedişindən asılı olaraq, vəziyyəti qiymətləndirə bilirlər. O ki qaldı yüz illər sonra doğulacaq uşağın işini söyləmək, – deməliyik ki, bu, Şeyx Nəsrullahın ölünü diriltməsini “gözləri ilə görənlərin” mülahizələri kimi bir şeydir.
Falçılıq assosiasiyalarını öz xalqına təlqin eləməkdə də bizim oxumuşlar öndə gedirlər. Fransa üçün cadudan din, cadugərdən peyğəmbər quraşdıran cahillər, əgər az da olsa yaradıcılıq hünəriniz varsa, onu öz Yurdunuzda işə keçirin. Hər cür oyunu, yalanı rədd eləyin və xalqınızın uca dəyərlərini onun həyat tərzinə qaytarın.
“Uzaqgörənlik” oyunlarının başqa bir bəndində deyilir:
“Kölə halına salınmış xalqdan mahnılar, mətnlər tələb edirlər. Şahzadələr və zadəganlar zindana atılıblar. (Gələcəkdə başsız başlar bütün bunları – bu tələbləri ilahi səda kimi qəbul edəcəklər”. (“Nostradamusun möcüzəli aləmi” səh. 83).
Gələcəyin sorağına baxın. Bunun içindən Fransa inqilabı, Böyük Oktyabr inqilabı çıxarırlar. Napoleonun, Robespyerin, Lenin və Stalinin adlarını çəkməklə bu katreni həqiqət biçiminə salmağa çalışıblar.
Başqalarının oyunları isə boyunduruğun yaratdığı avamlığı qidalandırır. Bəziləri dəridən-qabıqdan çıxır ki, elm başlanğıcını Qurandan götürür. Məsələn, Mendeleyevin dövri sistem cədvəli, Nyutonun qanunları… Quran ayələrindən çıxarılıbmış (bax: “Mühakimə” qəzeti, 21 iyun 2007, N22).
Nostradamusun katrenlərindən də azərbaycanlıların başına doğramaq üçün soğan çıxarırlar.
“Göründüyü kimi, Nostradamus gələcəkdə baş verəcək mühüm tarixi hadisələrin vaxtını dəqiq hesablaya bilirmiş. Lakin oğlu Sezara və Fransa kralı II Henriyə yazdığı məktubda göstərdiyi kimi, faktı dəqiq ona görə verməyib ki, bununla bəşəriyyətə zərbə vurmuş olardı. Böyük görücü bu məqamla əlaqədar xüsusi qeyd edir ki, insanlar başlarına nələr gələcəyini və onun vaxtını bilsələr, onların həyatı bir məşəqqətə bənzəyər” (“Nostradamusun möcüzəli aləmi” səh. 93-94).
Bu mülahizə katrenlərdə də, müəllifin öz izahlarında da bir neçə dəfə təkrar olunur. Burada əcayib bir minnətlə danışılır. Bu, insanlığa qarşı çox kobud bir istehzadır. İnsanı şüurlu alət elan edirlər. Dünyanın mövcud halı, qırğınlar, qarətlər, əclaflıqlar təbii qəbul olunur. Bunların heç birinin qarşısını almaq mümkün deyil. Elə-belə də olmalıymış. Yaradıcılıq-filan hamısı oyundur. Vicdan, dostluq, Həqiqətə sevgi hamısı oyunmuş. Heç nə insanın özünün deyil. Onun ağlı, düşüncəsi, gələcək fəaliyyəti hamısı plana salınıb, proqramlaşdırılıb. İnsan heç nəyi dəyişdirməyə qadir deyil. Həyat yeknəsək, məzmunsuz bir qəlib imiş. Allahın işi-gücü proqram tərtib eləməkdən ibarətmiş. Nostradamus da Allahın planlarından, proqramlarından xəbər tuta bilirmiş. Suyu dalğalandırıb huşdan gedir, ruhu canından qopub Allahın yüz illər sonrakı proqramının “d” bəndinə yaxınlaşır, onu oxuyub qayıdır. Və insanlara müjdə verir ki, mən sizin həyatınızın proqramda nəzərdə tutulduğu vəziyyətini bilirəm. Amma alicənablıq edib demirəm ki, kefiniz pozulmasın. Elə-belə qapalı deyirəm ki, biləsiniz mən dahilər dahisiyəm. XX, XXI yüzillərdə sizin gələcək nəsillərinizin ağzının suyunu axıdacam, onları sərçə heyrəti səviyyəsinə “yüksəldəcəm”.
Din deyir insanlar İblisin təsirinə düşüb şər işlər görürlər. Həm də deyir, tale əvvəlcədən Allah tərəfindən proqramlaşdırılıb (fatalizm). Yəni “yazıdan” qaçmaq mümkün deyil. Deyilsə, bəs bu İblisin təhriki nə deməkdir? Amma deyəsən yeni sivilizasiya insanların taleyinə təsiri də yeniləşdirmək tələb edir. Allah insanlara artıq mələkləri vasitəsiylə deyil, ulduzlar, planetlər vasitəsiylə təsir göstərir.
“Tədqiqatçılar göstərirlər ki, bir çox bəlalar, çaxnaşmalar, müharibələr və müharibə ilə bağlı zillətlər bu planetlərlə bağlıdır…” (“Nostradamusun möcüzəli aləmi” səh. 113).
Şərin fitnəsi kainatın mayasındaymış. Planetlər insanları qana, qırğına şirnikdirir, təhrik edir. Saturn və Mars İblisin əkiz qardaşları imiş. İnsanın ağlı, iradəsi bir heçmiş. Onun iradəsi idarə olunan mexanizm imiş.
Onda dünyada insanı əməlinə görə həbsə atmaq əbəsdir. Cinayəti insan törətmir, o “kənardan” buna təhrik olunur, onun ömrünün proqramına cinayət əməli daxil edilib. O istəsə də, bundan qaça bilmir. Məşhur el məsəli var: “eşşəyə gücü çatmır, palanı toqqaşdayır”. Saturna, Marsa gücü çatmır, həbsxanalar qurulur.
Günəşin, planetlərin təbiətə, iqlimə müəyyən qarşılıqlı təsirləri olur təbii ki. Ancaq “bunlar insanın ağlını, iradəsini əlindən alır” məntiqi yaratmaq çox aşğı səviyyədir və bu məntiq falçılıqdan başqa heç nəyə uyğun deyil. Əslində fəlakətlər (mənəvi pozuntular) insanın idarə olunması ilə deyil, heyvana əyilməsi ilə başa gəlir.
“Qeyd etməyə dəyər ki, keçmiş sovet məkanından başqa, dünyanın hər hansı bir yerində əlamətdar, diqqət çəkən bir hadisə baş verən kimi, tədqiqatçılar Nostradamusun həmin hadisə barədə nə dediyini araşdırırlar”. (“Nostradamusun möcüzəli aləmi” səh. 137).
Deməli, hadisə olandan sonra yozumçular Nostradamusun sözlərini canlandırırlar, “mənalandırırlar”. Əslində heç bir konkretliyi olmayan cümlələri yozumçular hadisələrə bağlamaqla “fenomen” yaradırlar. Hay-küy doğuracaq hər hansı bir dəqiqliyə katrenlər boyu rast gəlinmir. Həyatda bəs qədər oxşar hadisələr var. Və bu hadisələrin biri haqqında qapalı, müəmmalı, lap nisbətən aydın elə hiperbolik cümlələr yazırlar ki, onun xəyali əyrisini tutub sabahkı hadisələrin oxşarının yanında görünürlər.
Adamlar həyatı məna üstə yaşamırlar, onu xülya üstə yozurlar. Bu səbəbdən də həyat ən çox oyuna bənzəyir. Həyatı səhnəyə çevirirlər. Orada hərə bir cür oynayır.
Ali həyat dərk olunmayanda və ali yaşanılmayanda hər şey – bütün münasibətlər yozulur. Bu yozumlardan siyasət törəyir. Siyasət həyata yuxu gətirir. Ayıq münasibət olmur, hər kəs yuxulu olur.
“Ağac sütunlar möhkəm titrəyəndə
Cənub küləyi canın qurtaracaq.
Vyana və Avstriya tir-tir əsəcək”.
Bu katreni müəllif aşağıdakı kimi yorumlayır: “Bu katren də tədqiqatçılar üçün bir müəmma olaraq qalır. Əksər tədqiqatçılar bu katrenin gələcəkdə baş verəcəyini söyləyirlər.
Lakin inanmaq olmur ki, qırmızı rəngə boyanan ağac sütunlara XXI əsrdə – özü də Vyanada rast gəlmək mümkün olacaq.
Çox güman ki, söhbət Avstriyanın cənub-şərqində olan Türkiyədən gedir. Osmanlı imperiyası iki dəfə Avstriyanı almağa cəhd etmişdir. İkinci dəfə bu, 1683-cü ildə olmuşdur. Katrenin 1-ci və 2-ci sətirlərində söhbət çoxyaruslu türk hərb gəmilərinin səs salan, ətrafdakıları lərzəyə gətirən avarlarından gedə bilər.
Nostradamusun yaradıcılığına qırx ildən artıq ömür həsr edən, milliyyətcə İtaliyalı olub fransız təbəəliyini qəbul etmiş, ingilis qadını ilə ailə həyatı quran David Ovason isə heç bir əsas olmadan katrenin Fransa inqilabı zamanı Dr.Gilyotinin (Guillotin) 1789-cu ildə icad etdiyi və 15 aprel 1792-ci ildə bir cinayətkar üzərində təcrübədən keçirilən başkəsən maşından bəhs etdiyini qeyd edir…
Erika Çitəm isə göstərir ki, katren Avstriya və orada baş verən inqilabi hərəkatla bağlıdır. İnqilabi dəyişikliklər nəticəsində istibdad üsul-idarəsinə son qoyuldu. Tədqiqatçı göstərir ki, Türkiyə və Balkan dövlətləri bu vaxt Avstriyanı çox narahat edirdi”. (“Nostradamusun möcüzəli aləmi” səh. 139-140).
Çox qəribədir, deyilmi? Bu qədər çək-çevirin, baş ağrıtmanın anlamı nəymiş? Belə şeylərə ağıl işlətmək doğrudanmı elmdir və bu doğrudanmı gərəklidir? Bunun gərəyi nədədir? Bəşər tarixinin ayrı-ayrı dövrlərini dörd sətirlik bir katrenin içinə yığmaqla nə dəyişilir, nə baş verir, hansı uğur əldə olunur görəsən? Nostradamusu dahi, peyğəmbər elan eləməkdən ötrü min illik bəşər tarixini cızma-qaraya çevirməyin adı nəymiş? Burada fəlakətlər dərk olunmaqdan çox uzaqdır. Fəlakətləri məzhəkəyə çevirirlər. “Nostradamus filan şeyi də deyib, filan hadisə də onun katrenində aydın göstərilib” çabaları ilə sadə insanların ağızlarına saqqız atanlar süni şəkildə Nostradamus erası icad edirlər – heç kimə gərək olmayan.
Təəssüf ki, XX, XXI yüzillərdə idrak inkişaf etməliykən, qeyri-ciddilik aləmi bürüyür. Yozumçuluq, falçılıq bəzən elmləri kölgədə qoyur.
İctimai həyatda pirlər, seyidlər, falçılar, yozumçular bir-birinə qarışıb. Çünki ictimai həyatda elmin təsir yeri boşdur. Elm pulçuların əlindədir – onlar elmi həyat şəraitləri üçün işlədirlər, varidat əldə etmək üçün istifadə edirlər elə bil. Elmi mühitlə cəhalət mühiti arasında anlaşma var. Nə “elm sahibləri” onların işinə qarışırlar, nə də cəhalət mühitinin sərxoş idarəçiləri “elm sahiblərinin” işlərinə müdaxilə edirlər. Pulçu elmin köməyi ilə qazanır, digər cəbhə isə cəhalətin təbliğiylə. Bunların biryerdəliyindən də hibrid bir cəmiyyət əmələ gəlir.
“Port selində (İstanbul) müstəbid (tiran) ölümə məhkum edilib.
Bununla belə, azadlıq hələ hər yerdə bərqərar olmayıb.
Yeni Mars (müharibə Allahı) intiqam alacaq, hamı əsəcək.
Qorxu hissini dəf edərək xanıma təzim etməyəcəklər”.
Bu katrenə kitabın müəllifi öz yozumunu aşağıdakı kimi tətbiq edir: “Qərb tədqiqatçılarının da göstərdiyi kimi, Türkiyə Respublikasının banisi və ilk prezidenti (1923-1938) Atatürk Türk dünyası qarşısında ölçüyəgəlməz xidmətləri olan bir şəxsiyyət olmuşdur ki, bütün böyük şəxsiyyətlərdən söz açan Mişel Nostradamus bunu görməyə bilməzdi”. (“Nostradamusun möcüzəli aləmi” səh. 150).
Kitab yazarı naşı inamı ilə zahirən çox türksevər görünür. Bilmək gərəkdir ki, Atatürkün qüdrəti zamanüstü hadisədir. O, heç bir planda, proqramda tərtib olunmamışdı. Bu səbəbdən də Mişel Nostradamusun gələcəyə uçan ruhu zamanın içində Atatürkü tapa bilməzdi.
Yozumçular çox vaxt katrenlərdə bütün sətirləri eyni dövrə bağlaya bilmirlər. Sətrin biri tutaq ki, Fransa hadisələri ilə bağlaşdırılır, digər sətirə uyğun bir şey tapa bilmirlər, hadisəni Amerikada axtarmalı olurlar. Özü də az qala yüz, iki yüz il fərqlərlə. Məsələn, 1 k 100 (səh. 154).
Tarixi olayları elə çılpaqlığıyla sadalayırlar ki, katreni oxuyan ordakı cümlələrin fərqinə varmır, hadisələrin özünə olan maraq onu faktlarla ünsiyyətdə azdırır. Təəssüf ki, faktlar burada tarixi bilgi kimi deyil, hipnoz vasitəsi kimi çıxış edir.
“Arıq hökmdarın hakimiyyəti 9 il əmin-amanlıqla keçəcək.
Sonra onda qan tökməyə şiddətli hərislik baş qaldıracaq.
Qanunsuzluq və inamsızlıq ucbatından böyük xalq məhv olacaq.
O, özündən daha çox tanınmış şəxs tərəfindən öldürüləcək”.
Gəlin bunun izahına diqqət yetirək, görək hansı hadisələri buraya yamaq vururlar.
“Bizə qalırsa, bu katren bizim zəmanəmizdən bəhs edir. Katreni eyni ilə Rusiyanın prezidenti Putinə və eləcə də ABŞ-ın prezidenti C.Buşa aid etmək olar. Onların hər ikisi arıqdır…
Bu baxımdan XV əsr rus görücüsü Nemçinin fikirləri maraq doğurur. Nemçin göstərir ki, Rusiyada iğtişaş dövrü olacaq. Bu vaxt ölkəyə titan (nəhəng) və ya ayı rəhbərlik edəcəkdir. Huşsuzluq (unutqanlıq, yaddaşsızlıq) onun yol yoldaşı olacaq. Elə hey səhvlər buraxacaq. Titandan sonra hakimiyyətə bəstəboylu, cılız və “qara üzlü” adam gələcəkdir”. (“Nostradamusun möcüzəli aləmi” səh. 163).
Müəllif sanki böyük bir elmi ixtira ortaya qoyur. Qəribə iftixar hissi ilə dolur. Öz qənaətlərini doğrultmaq üçün Nemçini irəli çəkir və onun sözlərinə təsdiq kimi söykənir. Nemçinin “qara üzlü” adam deyimini də loru bir termin kimi şərh edir – keçmişdə kəşfiyyatçı və casusların bu cür adlanmasını əsas götürür. Halbuki Putin sarı deyil, qarabəniz olsaydı, müəllif sevinc içində bəyan edərdi ki, görücünün dediyi yüzdə yüz yerini alıb. Amma harda hansı söz uyğun gəlmirsə, dərhal ona məcaz donu geydirir, görücünü “xilas edirlər”. Qoymurlar görücü səhv çıxsın.
Zamanın üzüqaralığı görücülərin xoşbəxtliyidir. Zaman mənəvi, idraki inkişaf baxımından ən çox yerində sayır. Əski çağların uca mənəviyyat və fikir adamları bugünün mənəvi-idraki halında öz əksini tapmır. Lakin ibtidai təsəvvürlərlə çıxış edənlərin fikirləri çox hallarda bugünün ağlıyla səsləşir. Bu da o deməkdir ki, zaman psixologiyası dairə cızır. Dairənin cızqısı bir nöqtədən başlayıb yenə o nöqtəyə qayıdır. Zamanın bu cür dairə cızması onun üzqaralığıdır. Yuxarıda qeyd elədiyimiz kimi, bu dairədə daim gündəliyə gətirilənlər özlərini xoşbəxt saya bilərlər. Amma biz arzulamırıq ki, kimlərsə zamanın üz qaralığının aktuallaşdırdığı səviyyələrə küsənsin.
Əziz oxucular, nə qədər ağır, yorucu olsa da, bu səfeh müəmmalara aludə olan oyunçumuzun uzun illər çəkdiyi zəhmətin hədər getdiyini axıra qədər çözək və bu cür mənasız çabalarla enerjilərini küləyə verənlərə dur deyək.
“Romalıların uzaqda olmağından və əcnəbilərin ucbatından,
Onların əzəmətli şəhəri su çatışmazlığından çox bədbəxtliklərə düçar olacaq.
Qızın əlindən bütün var-dövlət çıxacaq.
Başçı tutulacaq, qəsr isə talan olunacaq”.
Bu sarsaqqulu, qənbərqulu cümlələrə bizim yazarın heyranlığına baxın:
“Katrendə kimdən, nədən, hansı dövlətdən bəhs olunduğunu demək çətindir. Nostradamusun sirri də elə bundadır. Hadisə baş verənə qədər böyük görücünün kodlaşdırılmış katrenlərini açmaq, həqiqəti üzə çıxarmaq qaranlıqda iynə axtarmaq kimi bir şeydir”. (“Nostradamusun möcüzəli aləmi” səh. 201).
“Bu quş dilidir, – onu Süleyman bilir ancaq” demək gərəkdir.
Naşı inamın hüdudları genişləndikcə, oxucunun həvəsini yoruculuq və üzücülük təqib edir. Görünür, bu da yeni “kəşfdir”. Bir adamın söylədiklərini heç kim qanmırsa, deməli, o, dahidir, böyükdür.
Nostradamusun tədqiqatçıları oturub gözləyirlər ki, hadisə olsun və onlar da sevincək tədqiqata başlasınlar, – deyilmiş katreni hadisəyə pərçimləsinlər.
“Şərqdə böyük səs-küy olacaq, qırğınlar baş verəcək, göydən yerə alov püskürəcək; Avropa titrəyəcək, sonra sakitləşəcək, kral qaçacaq, yolunun üstündə çoxlu tikanlar olacaq…” (parodiyalar bizimdir – S.A).
Yozumlar: “Səddamı edam etdilər, Amerika yeraltı bazalara raket zərbələri endirdi; Hitler Avropanı lərzəyə saldı, sonra hər şey arxada qaldı. Avropa ittifaqı yarandı; Kral sui-qəsdi başa düşüb gecəyarı qaçdı, tikanlı məftillərin altından keçdi”… (parodiyalar bizimdir – S.A).
Bir nəfər sehrli çubuğu ilə bəşəriyyətin hərb tarixini dürtmələyir. Adam belə şeylər oxuduqca dünya gözündə cizgi filminə bənzəyir. Necə asanmış dünyanın falına baxmaq! Necə də dünya boş və mənasız göstərilir! Yumurta qabığının arxasında olaylar baş verir. Bu yanda dayanıb kralların, müstəbidlərin saray söhbətlərini eşidirsən. Əsrlər məsum yuxu kimi gözlərimizə qonur. Yüz ilin həyat sistemi bir anın içində təhnəyə dolur və burum-burum tüstülərlə havaya qalxıb möhtəşəm eskizlərə çevrilir. Hər şey bir anın içində… həndəsi fiqurlar kimi fəzada öz yerini tutur və Nostradamusşünasların ixtiyarına buraxılır. Fiqurlaşan dünya, sxemləşən gələcək kod-kod açılır və neçə-neçə adamlar heyrətdən dana kimi gözünü döyməyə başlayır. 20-ci yüzilin elmi uğurları “peyğəmbər kəlamının” yanında çox cılız və sönük görünür…
“Baş verəcək hadisələri səma cisimlərinin düzülüş qanununa əsasən bilmək olur. Bunlar insanın cəhdi, vəcdə gəlməsi və ən başlıcası yaradanın iradəsi ilə bağlı məsələlərdir. Əbədiliyə qarışan axın bu iradə ilə idarə olunur. Keçmiş də, Gələcək də axıb bir araya gəlir, qovuşur və aşkar olur”. (“Nostradamusun möcüzəli aləmi” səh. 359).
Gəl indi bu kimyəvi cümlələrdən baş çıxart, görüm necə çıxarırsan. Adam söz deyəndə, fikir yürüdəndə onun məsuliyyətini yaşamırsa, fantastik müddəalarla kimyagər rolu oynayır.
“Kahin əlini krala toxunduracaq,
Gəlib İtaliyada sülh naminə ibadət edəcək.
Hökmranlıq əsası (skipetr) sol ələ keçəcək.
Bu kraldan dünyaya sülhsevər hökmdar gələcək”.
Dalınca müəllif öz yozumunu təqdim edir:
“Bizə qalırsa, bu katren Roma papası II İohan Pavelin Azərbaycana səfəri (22.05 – 23.05.2002), prezident Heydər Əliyev və oğlu İlham Əliyevlə bağlıdır…
Onu da deyək ki, Roma papasının bir xristian ölkəsinə səfəri böyük hadisə kimi Nostradamusun diqqətini cəlb etməyə bilərdi. Lakin qədim zamanlardan ərazisində yəhudilərin əmin-amanlıqla, toplum halda yaşadığı, dünyaya neçə-neçə görkəmli yəhudi musiqiçisi, alim və s. töhvə etmiş Azərbaycan, milliyyətcə yəhudi olan görücünün diqqətini çəkməyə bilməzdi” (“Nostradamusun möcüzəli aləmi” səh. 362-363).
Bu nə pis dilənçilikdir! Müəllif Nostradamusdan Azərbaycana diqqət umur!.. Sən demə, Nostradamusun səxavətindən Azərbaycana da pay düşübmüş.
Bu yaxınlarda Azərbaycanın televiziya kanallarının birində (Lider tv) bu kitabın yazarı müsahibə verirdi. Ona Asif Atanın insana baxışı ilə bağlı sual verirlər. O da bu suala cavab vermək əvəzinə başqa şey danışır. Əlavə də eləyir ki, o Asif Ata yox, Asif Əfəndiyevdir. Halbuki bu adamların milli qeyrəti, normal idraki səviyyəsi olsaydı, Asif Əfəndiyevə nəinki “Asif Ata” deyər, Onun yaratdığı Dünyabaxışdan yapışıb, bu xalqı bəşəriyyətə ciddi təqdim edə bilərdilər. Bunun əvəzində insanlığa heç bir aidiyyatı və gərəyi olmayan falçını elədən-belə sürüyüb cəmiyyətə sırıyırlar…
Gəlin, “fövqəlduyğularla” tanışlığı davam edək:
“Peyğəmbərlik ruhuna uyğun olaraq
Günəş və Veneranın qanunu çəkişmədədir.
Nə o, nə də bu ümumi razılığa gəlməyəcək.
Böyük Xilaskarın Qanunu Günəş tərəfindən qorunacaq”.
İndi bu cümlələrə müəllifin gətirdiyi şərhlə tanış olaq:
“Tədqiqatçılar haqlı olaraq bu katrendə İslam, Xristian və s. dinlərdən bəhs olunduğunu qeyd etməklə məqbul sayılması çətin olan mülahizələr də irəli sürmüşlər. Bəzi tədqiqatçılar göstərirlər ki, 2-ci sətirdə söhbət xristian (Günəş) və islam (Venera) dinlərinin mübarizəsindən gedir. Və guya axırda xristian dini qalib gələcək və dünya xalqlarının ümumi dininə çevriləcək. 4-cü sətirdə yer alan “Böyük xilaskar” İsa peyğəmbərə işarədir. (“Nostradamusun möcüzəli aləmi” səh. 387-388).
Müəllif şüuraltı bu deyilənlərlə razılaşır. Razılaşmadığını hansısa fikirlə əsaslandırmır. Sadəcə mülahizələrə açıq qoşula bilmir, çünki müsəlmanlardan qorxur. “Guya” sözcüyünü işlətməklə özünü müsəlmanların “satılmış” adlandırmalarından sığortalayır.
O ki qaldı Nostradamusun bu katrenini yozumçuların dinlərə aid eləməsinə, burada qeyri-adi bir şey yoxdur. Onsuz da dinlər Nostradamusun doğulmasından çox-çox öncələrdən bir-biriylə döyüşürdülər. Xristianlığın qələbəsi məsələsinə gəlincə – hər kəs bilir ki, bugün dinlər siyasətaltı hadisələrdir. Daha doğru ifadə eləsək, siyasətin alətləridir. Siyasi çəkişmədə isə Xristian sayılan dövlətlər İslamı qəbul etmiş dövlətlərə hegemonluq edirlər. Bunu müəllif görür, amma etiraf etməyə cəsarət eləmir. Ümumilikdə isə gələcəkdə hansısa dinin qalib olacağı yanlış deyimdir. Bizə görə, dinlər rədd olacaq, onların yerini İnam tutacaq. Başqa cür bəşəriyyətin gələcəyindən danışmaq mümkün deyil.
“Böyük dünyanın mərkəzində qızılgül,
Yeni əməllər naminə hamının gözü qabağında qan axıdılacaq”.
Müəllifin yozumu: “Məlumdur ki, qızılgül sükut rəmzidir. Bundan istifadə edən Qərb tədqiqatçıları bu katreni Şərq Sufizmi və onun nümayəndələri Mexer Baba, Svami Prabxupada və başqaları ilə bağlayırlar. Lakin 2-ci və 3-cü sətirlərdən göründüyü kimi, burada “qızılgül” məcazi mənadan daha çox, həqiqi məna ifadə edir və həm də bu məqamda bu sözü Nostradamus istehza ilə işlədir”… (“Nostradamusun möcüzəli aləmi” səh. 413-414).
Müəllif Nostradamusun halını əvvəlcə təsvir edərkən vurğulayır ki, “tezliklə vəcdə gələrək tanınmaz hala düşər, real aləmdən uzaqlaşar, fövqəlbəşəri xüsusiyyətlər kəsb edər”.
Maraqlıdır, bu əhvalda olan adam necə istehza edə bilər?!
Buna bənzər ziddiyyətli söyləmələri Nostradamusun öz izahından oxuyuruq: “Mən indiki zamandan keçmişə və gələcəyə baş vuraraq katrenlərdə təsvir etdiyim, gələcəkdə bütün ölkələrdə baş verəcək hadisələrin vaxtını dəqiqliklə hesablamışam. Lakin həqiqəti taxt-tac sahibi olanlardan gizlətmişəm”. (“Nostradamusun möcüzəli aləmi” səh. 697).
Kitabda bir neçə dəfə vurğulanır ki, qeyri-adi əhvala düşəndən sonra hadisələri görüb və ya yazıb, ya da köməkçisinə diktə edib. Burada isə deyir ki, hadisələrin vaxtını dəqiq hesablamışam. Axı hesablama ağıllı-başlı əhval tələb edən və oturub ciddi düşünməklə başa gələn prosesdir. Bəs necə olub, – əvvəl vəcdə gəlib, hadisəni görüb. Sonra anın da ölçüyəgəlməz bir hissəsində vəcdli haldan çıxıb. Gördüklərini hesablayıb, sətiraltına salıb, kodlara çevirib?! Bu sürət bilgisayarın imkanlarından da üstün görünür. Bəs nə əcəb bilgisayarın Nostradamusun vəcdindən törədiyini yazmırlar?
Bu kitabda hər bir cümlə beşbaşlı görünür. Baş da çox olanda məzmun itir və dibi görünməyən qaranlıqda “həqiqət” axtaranların ağıllarını qarabasmalar təhdid edir.
Bir-birini inkar edən sayıqlamalar kitabda kifayət qədər yer tutur.
“Mən ilahidən gələnləri kağız üzərinə köçürürəm. Bu həqiqət mənə planetlərin hərəkəti və ulduzların sayrışması ilə aşkar olub…
Bu yandan da fikirləşdim ki, təhlükə barədə gələcək nəsillərə məlumat verilməsə, nəticə daha ağır olar”. (“Nostradamusun möcüzəli aləmi” səh. 704).
Bunlar açıq-aşkar hoqqabazlıq edirlər və utanmırlar. Axı gələcəyə hansı dəqiq məlumatlar verilib və hansı hadisənin tam, yaxud qismən qarşısı alınıb? Məgər hadisə olub qurtarandan sonra katrenlərə pərçimləmirlər? Bu kitabın müəllifi dönə-dönə vurğulamır ki, hadisə baş vermədən onun katrenlərini şərh eləmək heç bir tədqiqatçıya müəssər olmayıb?!
Heç bir danışıqda, deyilişdə səmimiyyət görünmür, vicdanlı davranış özünü göstərmir. Dünəndən bugünə ötürülən xülyaların heç biri dirəniş görmür. Qaranlıq zamanın gözünə elə sarılır ki, cəmiyyət bütünlüklə yuxulu davranır.
“İnsan görücülük qabiliyyətini əzəli və əbədi Tanrının mərhəməti, iradəsi və onun mələklərinin köməyi ilə əldə edir. Yalnız Yaradanın mərhəməti uzaq cisimləri və uzaq gələcəyi dərk etməyə imkan yaradır. Çünki Tanrının iradəsi xaricində heç nə baş vermir. Yaranmışların qəlbinə günah və rəzalətlər yol tapana qədər tanrının öz bəndələrinə mərhəməti sonsuz olur…
Ümumiyyətlə, gözəl vəhylər ilahinin iradəsi ilə, bəşəri əməllər mələklərin iradəsi ilə, rəzil işlər isə şeytanların iradəsi ilə baş verir”. (“Nostradamusun möcüzəli aləmi” səh. 706).
Cəmiyyətin mövhumatçılıq səviyyəsinə uyğun danışılır. Özünün guya peyğəmbər olduğu sırınır: – ilahi vəhylər, mələklərlə “iş birliyi”, Tanrı ilə ünsiyyət – yalanlar seriyası! Yalan danışmaq adi xətadır, yalan danışanda utanmamaq böyük xətadır. Ən böyük fəlakətlər adamın utanmaq duyğusunu itirməsindən sonra başlayır. Həqiqətə xəyanətdən utanmayanın ömrü yalanlarla dolur.
Mövcud dünyabaxışın aşıladığı fikirləri olduğu kimi təkrar eləməklə yeni peyğəmbərlik həvəsinə düşmək əllaməçilikdən başqa bir şey deyil. Diqqət yetirin, dalbadal bir-birini inkar edən iki cümlə işlənir: – “Çünki Tanrının iradəsindən kənarda heç nə baş vermir”. Başqa bir cümlə: “Yaranmışların qəlbinə günah və rəzalət Yol tapana qədər”… – bəs bu necə yol tapır – əgər tanrının iradəsindən kənarda heç nə baş vermirsə? Yaxud da “gözəl vəhylər İlahinin iradəsi ilə, rəzil işlər şeytanların iradəsi ilə baş verir”. Düşüncəyə, elmə ayıb gətirəcək ziddiyyətlər! Həm Tanrının iradəsindən başqa iradə yoxdur, yaranmışlar da yalnız bu iradəylə mövcud olur və yaşayırlar, həm də mələk və şeytan iradəsi də var və bunlar yaranmışlara təsir göstərirlər. Ayıbdır, insanın idrakına istehza eləmək olmaz. Nostradamus öz falçılığını peyğəmbər əməli kimi sırımağa çalışır. Görünür ki, Nostradamus təbəbətdə ciddi uğurlar əldə edə bilməyib. Təbabəti öyrənən elmlər belə xülyalara yol açmaz. Kitabda idraksızlığın dalınca mənəviyyatsızlığa meydan verilir. Bu da bir ənənədir, – Allahın adını çox çək, hər şeyi onun iradəsinə bağla (hələ demirik ki, Allahın iradəsi məfhumu nə deməkdir?) və özünü nə qədər istəyirsən uydur. Burada məsuliyyət yada düşmür. Əsas odur ki, cəmiyyətin xoflandığı və həyat baxışı üçün ehkama çevirdiyi adamaoxşar Allah obrazını qabağa ver. Onda sənin qopardığın tozanağı cəmiyyət İlahinin nuru kimi qəbul edəcək. Heç kim ona idrakın gözüylə baxmayacaq, özünü Allahın adı çəkilən yerdə “günahkar” eləməyə girişməyəcək. Beləliklə, Allahın adından istifadə eləməklə hər cür oyunları həyata keçirirlər. Oyunların mürəkkəbləşdirdiyi həyat bütöv mahiyyəti ilə təzahür eləmir, ədalətsiz, qeyri-estetik, antiinsani biçim alır.
Kainat bunlar üçün evcik anlamı daşıyır. Hər şey haqqında asan və məsuliyyətsiz danışırlar. Dünyanı necə istəyirlər yozurlar, dəyişirlər. Uçururlar, qururlar. İnam, etiqad da daxili hadisə sayılmır, kənardan gətirilib ürəyə yerləşdirilir (Allahın nümayəndələri – mələkləri tərəfindən).
Quyuya su tökürlər ki, quyu sulu olsun. İnsanın öz mənliyi, öz iradəsi yoxdur. Onun həyatı cizgi filmi kimi cızıqlanır, proqramlaşdırlır, enerji ilə süni şəkildə yüklənir və o, fəaliyyətə başlayır, hərəkətə keçir.
Bəşəriyyətə tale quraşdırırlar. Dünyanın falına baxırlar, yaramaz işlərlə məşğul olurlar bekarçılıqdan.
Yuxarıda vurğuladıq ki, Azərbaycanda bir qisim adamlar var, gecə-gündüz sübut etməyə çalışırlar ki, bütün elmlərin uğurları Quranda kodlaşdırılıb. Hətta Mendeleyev də kimyəvi elementlərini Quranın dediyinə əsasən düzüb (bax: “Mühakimə” qəzetinin həmin sayı). Bu kitabın müəllifi və ayrı-ayrı bu tip adamlar da bəşəriyyətin bir çox məsələlərdə Nostradamusa borclu olduğunu sübutlamağa çalışırlar. Fizika, kimya, təbabət, astronomiya… öz inkişaflarına görə Qurana, yaxud Nostradamusa borcludur.
Baxın, bu kitabın müəllifi nə yazır?! “Təsadüfi deyildir ki, professor Vasim Məmmədəliyev yazmışdır: “Quran təfsiri İslam aləmində ən çətin elm hesab olunur. Təfsirə yalnız elmdə müctəhidlik mərtəbəsinə yetişən alim cürət edə bilər. Qurani-Kərimi təfsir etməyə girişən müctəhid iyirmi ana (əsas) elmi və ondan ayrılan altmış qolu mükəmməl bilməlidir ki, bunların da məcmuu səksən elm təşkil edir. Həmin elmlərə dərindən yiyələnməyən şəxsin etdiyi Quran təfsiri yarımçıq, naqisdir ki, bu da böyük günah sayılır”. Müəllif fikirlərini davam edir: “Təsəvvür edin, Qurani-Kərimi Azərbaycan dilinə uğurla tərcümə edən görkəmli şərqşünas və ilahiyyatçı alim, müsəlman dünyasında böyük nüfuz qazanmış, bir çox müsəlman ölkələrində istər ilahiyyat, istərsə də dünyəvi elmlər üzrə akademiyaların üzvü V.Məmmədəliyev Quranı təfsir etməyə özünü yalnız ahıl çağında – 2006-cı ildə hazır saydı”. (“Nostradamusun möcüzəli aləmi” səh. 68).
Gəlin bu məntiqsizliyin içindən baş çıxarmağa çalışaq. Əvvəla onu demək lazımdır ki, 80 elmi mükəmməl öyrənmək fiziki ömrə sığan məsələ deyil. Deməli, Quranın bütün təfsirləri yarımçıq və naqisdir ki, bu işə girişənlər də V.Məmmədəliyevin məntiqinə görə hamısı böyük günah sahibləridir. Ya da, V.Məmmədəliyev 80 elmi mükəmməl bildiyini iddia edir ki, bu da xudbinlikdən başqa bir şey deyil. Əgər Quranı təfsir eləmək üçün 80 elmin mükəmməl biliciliyi gərəkdirsə, onda Quranı heç kim qanmır. Bəs qanmadıqları şeyə bunlar necə inanırlar, onun ali (?) olduğunu nədən bilirlər?! Digər tərəfdən, 7-ci yüzildə bədəvi ərəblər doğrudanmı 80 elm öyrənib, Quranı şərh edənlərin sayəsində imana gəldilər? Bu ərəblərin Allahı nə qədər qəliz kitab göndəribmiş onlara?! Axı məntiqlə bu kitab aydın, sadə, anlaşıqlı göndərilməliydi ki, haqqın yolunu itirənlər tez başa düşüb iman yoluna gəlsinlər.
Bu kitabın müəllifi də Nostradamusun şərh eləməklə özü haqqında gərəksiz iddiaya düşüb, xudbinlikdən özünü qoruya bilməyib. Fikir verin: “Müqəddəs kitabları təfsir etmək üçün iyirmidən artıq elm sahəsini bilmək tələb olunduğu kimi, Nostradamusu katrenlərini də düzgün anlamaq və şərh etmək üçün dünya tarixini, coğrafiya, astrologiya, astronomiya, dəqiq elmlər, ilahiyyat, ədəbiyyat, mifologiya, xüsusən də qədim Roma, Yunan və Şərq mifologiyasını və dilləri bilmək vacibdir. Fransa, İtaliya, İspaniya, Britaniya tarixini və coğrafiyasını da bilmək zəruridir”. (“Nostradamusun möcüzəli aləmi” səh. 68-69).
Deməli, müəllif adı sadalanan elmləri, sahələri mükəmməl bildiyini iddia edir. Digər tərəfdən, Nostradamus falçılığının nə qədər böyük elmlərə söykəndiyini sübut etməyə çalışır. Bu, elmə vurulan ən böyük zərbə və rüsvayçılıq demək olardı, əgər bu müəllifi dünya ciddi elm adamı kimi qəbul etmiş olsaydı.
Nostradamus siyasətin çeynədiyi saqqız olub. Bu gün atıblar onu bir sıra adamların ağzına gövşədirlər. Müəllif özü də onun siyasi vasitə kimi işləndiyini kitabında etiraf edir. Ancaq o bunu Nostradamusun böyüklüyü kimi anlayır. Əgər ABŞ, Almaniya, Britaniya Nostradamus falçılığıyla müharibədən dəhşətə gəlmiş adamların ağıllarını sərinlətmək üçün Nostradamusu gündəliyə gətirirlərsə, deməli, o, böyükdür.
“Almaniyada 1940-cı ilin mart ayında “Təbliğat Nazirliyi”ndə Hebbelsin rəhbərliyi ilə qərar qəbul olunmuşdur ki, Nostradamusdan təbliğat vasitəsi kimi istifadə edilsin. Beləliklə, 1940-cı ilin ortalarına yaxın adamlar fransız, ingilis, holland, italyan, serb, xorvat, rumın, isveç dillərində 83 min nüsxə kitab buraxmışdılar. Uydurma kitablarda guya Nostradamusun almanların qalib gələcəyi barədə fikirləri verilmişdi. ABŞ-da isə ekranlarda bu deyilənlərin tam əksinə yönəlmiş “Nostradamus belə demişdir” adlı film çıxmışdı. Filmdə Hitlerin məğlub olacağından, müttəfiqlərin mütləq qalib gələcəyindən danışılırdı. Onu hətta cəbhədə göstərirdilər ki, əsgərlərin əhval-ruhiyyəsi yüksəlsin. Əmin olsunlar ki, çəkdikləri zəhmət, əzab-əziyyət, veriləcək qurbanlar əbəs getməyəcəkdir. Müharibədən sonra Nostradamus ABŞ-da görkəmli şəxsiyyətlərdən biri kimi qəbul olundu. Təsadüfi deyildir ki, indi ABŞ-da “Amerika Nostradamus cəmiyyəti” vardır”. (“Nostradamusun möcüzəli aləmi” səh. 66).
ABŞ-ın çağdaş dönəmdə də apardığı təbliğat ən inandırıcı görünən vasitələrə əsaslanır. Bu cür siyasi mənfəətləri üçün falçını zaman-zaman məşhurlaşdırıb peyğəmbər etmişlər.
Beləliklə, 760 səhifəlik bir kitabın məğzini izah eləmək üçün çoxsaylı sitatlar göstərməklə sözün oynadılmasının, yamaqlanmasının şahidi olduq.
İctimai tərəqqinin olmaması ucbatından antiinsani pozuntular həyatı əhatə edib. Əslində falçılıq da bu tip pozuntuların içərisində aktiv olur. Cəmiyyət insani inkişaf yolu keçərsə, xülya kodları ilə onun başını qatmaq heç kimə nəsib olmaz.
Biz Azərbaycanı yaratmaq istəyirik. Azərbaycanın aydınları isə gözünü Azərbaycandan kənara dikir. Burada sağlam, güclü, doğru nə deyirsən de, qəbul olunmur. Amma kənardan bəsit, məntiqsiz söylənilən fikirlər göylərə qaldırılır. Göylərə baxanda başının üstündə yad kölgələr görən xalq böyük ola bilərmi? Bu xalqın seçkinləri başımız üzərindəki aydın göylərə kölgələr daşımaqla nəyə xidmət edirlər?! Niyə bulaqdan deyil, gölməçədən su içmək onlara bu qədər şirin gəlir?! Bunların köksündə ürək əvəzinə nədir döyünən? Əsarətə pərəstiş etmək nədəndir? Hanı bunların hədəfi?
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!