ASİF ATA. NİZAMİLİK

Ürəyinizdə Günəş olsun, sayğılı oxucular!
Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır.
İndi isə Göylü Atalı Asif Atanın ədəbi-tənqid yönlü əsərlərindən ibarət olan “İnam və Şübhə” kitabını yazıb oxuculara təqdim eləməyə hazırlayır. Kitabın “Məcnunluq”, “Koroğlular və Həmzələr”, “Xaqanilik”, “Nəsimilik”, “Sənət və Kəşf”, “Elmin hüdudları və zamanın üfüqləri”, “İnsan və Sənət” adlı əsərləri artıq elektron və yazılı mətbuata təqdim edilmişdir. Hesab edirik ki, ədəbi-tənqidin təxminən sıradan çıxdığı bir zamanda bu əsərlərin ciddi etkisi olacaqdır.
Qeyd edək ki, Asif Atanın “İnam və Şübhə” kitabı 1988-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən Asif Əfəndiyev imzası ilə çap edilmişdir.

Asif Ata (İnam Ata)
(Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası)

NİZAMİLİK

(Bədii-fəlsəfi esse)

I. BAŞLANĞIC VƏ NƏTİCƏ

Nizami Şərq dünyasının fəlsəfi-poetik ənənələri üzərində ucalmış, bu dünyanın yeni, dahiyanə, bədii yekunu kimi meydana çıxmışdır.
Eyni zamanda o özü nadir və ölməz ənənə yaratmış, Şərq sənətinin gələcək inkişafını müəyyənləşdirmiş, əsrləri qabaqlamışdır.
Sonralar Şərq poeziyasında müxtəlif formada təkrarlanan çox hikmətlər Nizami şeirində güclü səslənmişdir. Bu, xüsusilə gözəllik haqqında şairanə konsepsiyadır.
Bu hikmətə görə, dünyanın ən böyük gözəlliyi məhəbbətdir.
Məhəbbətdə məşuqə ilahiləşdirilir, mənəvi kamillik zirvəsinə qaldırılır, bütə çevrilir.
Məhəbbətdə aşiq ilk baxışda kiçilir, sevilənin əsirinə, quluna dönür, əslində yüksəlir, ucalır, çünki məhəbbətə pərəstişdə ülviyyət var!
Məhəbbət ömrünün dəhşəti və sonsuz fərəhi hicrandır!
Məhəbbət hicran odunda bərkiyir.
Hicran aşiqi əzabkeşə çevirir. Cəfanın böyüklüyü sevginin miqyasını təyin edir.
Məhəbbət – müdriklik timsalıdır.
Məhəbbət əhli olmaq – kamal əhli olmaq deməkdir.
Şərq poeziyasının təsbit etdiyi bu hikmət Nizami şerində dahiyanə pafosla ifadə olunmuşdur.

Sevgili sultandır, sevən qul,
Sevgili şahdır, sevən şahın qurbanı!
Bilməm nə töhfə mən qul o sultana göndərim,
Layiq deyil, canımı cananə göndərim.
Bayram yetişdi, xəstə bu canımla bir deyin,
Bilməm nə qurban ol şahə, qurbanə göndərim.

Bu nə qəribə məntiqdir? Birini ucaldır, o birini endirir? Bu qayda ədalətə yad deyilmi?
Burada aşiqin vüqarı tapdalanmırmı?
Əslində burada gözəl bir məna var. Şahları taxtdan salmaq, sevgililəri taxta çıxarmaq var.
Burada yerdəkini, mövcud olanı ilahiləşdirmək var! Göydəkini yerdəkiylə əvəz etmək var.
Mənəm allahın – ilk sədası bəlkə də. “Sevgilim bütdür!” – kəlamı olub!
Yerdəkini göyə ucaltmaqla, göydəkini yerə salırsan.
Məhəbbət – ağır bir yükdür. Bu yükə yalnız güclü çiyinlər tab gətirə bilər.
Məhəbbətin əzabına tab gətirməyən ürək məhəbbətə layiq deyil.

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz.

Məhəbbət insanın yükünü azaltmır, əksinə, yük üstünə yük gətirir.
Məhəbbət sadəcə isitmir, yandırır. Sadəcə qəmləndirmir, ürəyə dağ çəkir.
Nə üçün bəs insan bu ağır yükü çiynindən düşürmür, nə üçün bu yükün altında inləyəndə belə səadətin ən yüksək zirvəsinə qalxır?!
Çünki məhəbbətdə insan özünün ən ali məqamını yaşayır.
Eşqdə sevgili – təbiətin ən dəyərli incisi kimi vəsf edilir.
Eşqdə insan gözəlliyi, təbiət gözəlliyini kölgədə qoyur.

Gül camalın gülə dedi: – Dur pərdə sal üzündən,
Güllər zünhar bağlamışdır yanağından, üzündən.

O ərğavan cəmalının açılanda mətai,
Yasəməni lal eylədi, süsən qaldı sözündən.

İnsan təbiətin bir parçasıdır. Uzun müddət o, təbiətlə vəhdətdə olub. Sonralar təbiətdən ayrılıb.
Gözəlliyin vəsfində, məhəbbətin tərənnümündə o, yenidən həmin vəhdətə qayıdır.
Sevgilini güllə müqayisə etməklə gül sonsuz dərəcədə ucaldılır.
Həmişə insan tərəfindən sevilən, qiymətləndirilən gözəllik, məhəbbət anlarında xüsusi bir həssaslıqla, vəcdlə duyulur.

Gözəllik adlanan nemətin qədrini ən çox aşiq bilir!
Aşiq gözəlliyə səcdə qılır, onu müqəddəsləşdirir.
Şərq poeziyasında və Nizami qəzəllərində təsdiq olunan aşiq məğrurdur, öz insani ləyaqətini qoruyandır, ancaq sevgilisinə yalvarmaqdan çəkinmir.

Sənsiz ölürəm, nigar, tez gəl,
Ömrüm başa yetdi, yar, tez gəl.

Qəsdin can isə, gəl al bu canı,
Səndən deyiləm kənar, tez gəl.

Bu, bir əcaiblikdirmi, yoxsa dərin və incə bir həqiqətin ifadəsidirmi?
Burada arifanə bir üsyankarlıq yoxdurmu? Zənnimizcə var.
İnsan adətən allaha yalvarmağı qəbahət saymaz.
Sevgilisinə yalvarmaqla, aşiq allahını yerdə tapır.
Yer səmavləşir.
Yeni mömünlük, yeni etiqad yaranır: gözəlliyə, məhəbbətə müqəddəs inam!
Sevgiliyə yalvarmaq həm də ona mənən yaxın olmaq, onu doğma bir varlıq saymaqdır.
Əslində böyük məhəbbət bir-birindən uzaq olan iki keyfiyyətin – müqəddəsləşmənin və doğmalaşmanın vəhdətidir.
Sevirəm – deməli, ilahiləşdirirəm!
Sevirəm – deməli, məhrəmləşdirirəm.
Sevirəm – deməli, özümə doğma saydığımı müqəddəsləşdirirəm.
Hicran – böyük imtahandır.
Burada məhəbbətin fəğanı ərşə çıxır, yarın misilsizliyi şiddətli bir daxili dramatizmlə duyulur, mənəvi əzab öz son nəqtəsinə çatır, aşiq qəm əhlinə çevrilir.
Ürəyə kədər, iztirab dalağaları dolur.

Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz.

Eşqin səfasını cəfasız görmək istəyənlər Nizami məhəbbətini dərk etməzlər.
Bu necə məhəbbətdir ki, insanın mənəvi dünyası təlatümlü dənizə bənzər.
Ehtiras – hicran zindanında bərkiyər, saflaşar, poladlaşar!
Ürəkdən qanlar axar, sinədə ocaq qalanar, hicran aşiqi məhşər ayağına çəkər.
Şərq sənətimizdə Nizamidə aşiqlik – qeyri-adi mətanət, dözüm, sədaqət, ağıl, ehtiras rəmzi kimi qiymətləndirilir.
Naşılar üçün hicran məhəbbətin sonu, aqillər üçün yetkinlik çağıdır.
Hicran məqamında gözəl və qeyri-adi mənəvi həyat başlayır.
Günəşi də, ayı da, baharı da, çiçəyi də, payızı da, qışı da özündə görürsən.
Vəcd seli ürəyində çağlayır.
Gecə ilə gündüzün, ümid ilə gerçəkliyin, röya ilə həqiqətin yeni əlaqəsi yaranır.
Nizamidə və ümumən Şərq sənətində yarın gəlişi qeyri-adi, sehrli hadisəyə çevrilir.
Aşiqin gözünə adi qadın yox, ilahi varlıq görünür.
Sevgilinin zühuru müqəddəsliyin təzahürü təsiri bağışlayır.

Allaha şükr edirəm, ey gözümün nuru bu gün
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.

Həyatda müqəddəsliyi inkar etməkdən böyük qəbahət yoxdur.
Müdriklik – müqəddəsliyi inkar etmək yox, yerdəki ülviyyəti, məhəbbəti, gözəlliyi, əsilliyi – müqəddəslik səviyyəsinə qaldırmaqdır.
Bu baxımdan klassik lirikanın imkanları sonsuzdur.
Nizamilər, Nəsimilər, Füzulilər məhəbbətin timsalında yeni müqəddəslik konsepsiyası yaratmışlar.
Əzab bahasına qazanılmış sevincdir – Nizami lirikası!
Hicran bahasına qazanılmış vüsaldır – Nizami lirikası!
Müqəddəslik səviyyəsinə qaldırılmış məhəbbətdir – Nizami lirikası!
Ülviliklə adiliyin vəhdətindən törəmiş şeiriyyətdir – Nizami lirikası!
Real gözəlliyə sonsuz pərəstişdən doğmuş ümiddir – Nizami lirikası!
Qəmindən Füzuli, fərəhindən Hafiz, munisliyindən Nəsimi, şuxluğundan Vaqif, ülviliyindən Cavid yaranan bir poetik dünyadır – Nizami lirikası!

II. İNSAN LƏYAQƏTİ

Dünyada çox şey dəyişir: duyğular, fikirlər, niyyətlər, arzular.
Ancaq dəyişməyən ürəklərdə əbədi yaşayan ölməz həqqiətlər də var.
Vicdan, ədalət, sevgi, hünər, mərdanəlik, fədakarlıq, əsillik – bəşəriyyətin mənəvi sərvətləridir. Həmin sərvətləri bəşəriyyət ən böyük var-dövlət kimi nəsillərə bəxş edir.
Mütəfəkkirlər qəbahətə qarşı bir tabu, qadağan dairəsi yaradırlar.
Nziaminin “Sirlər xəzinəsi” insan ləyaqətinin dərin fəlsəfi vəsfinə, ədalətin, doğruçuluğun, munisliyin, idrakın bədii-fəlsəfi təsdiqinə, İnsan ilə dünya arasındakı əlaqələrin mürəkkəb təhlilinə həsr edilmişdir.
Nizami mənəvi sərvətləri, ilahi bir qüdrət rəmzi kimi tərənnüm edir.
Onlardan birincisi sözdür.

Söz eşqin lüğətində öz canımızdır bizim,
Biz sözük, bu bədənsə eyvanımızdır bizim.

Qəhrəman – qüvvəti dizdən, söz – qüvvəti könüldən alır.
Söz könüldən başqa şey tanımaz kainatda.
Nizami şeirində könül özü böyük, əlvan, geniş, mürəkkəb dünyadır.
O, qapısını yalnız mətanətli və aqil şəxslərə açır.

Könül qapısına gedən yollar yoxuşludur.
Könül qapısını döyməyən təb sönükdür.
Könül qapısından keçən ilham günəşlidir.
Böyük, ülvi, qadir fikir könül otağında doğulur.
Bu doğulma qeyri-adi, sehrli, sirli duyğular düşüncələr axarı yaradır.
Həmin məqamda təbiət coşub-daşır, yer-göy canlanır. Ürəyə məhəbbət gəlir, dünya nağıllaşır.

Yasəmənin qoynunda özünə yurd saldı, gül,
Gül ətəyi ayaqdan tikan çıxarırdı, bil.
Otlar şəkər tuturdu, elə bil ki, əlində,
Marallar şirməst oldu bu şəkərlər çölündə.
Gah salama dururdu çəmənə qarşı bahar,
Gah gül edərdi kara təşəkkürünü izhar…

Bu məqamda dünyanın ən parlaq rəngləri gözü oxşayır, təbiətin əvəzsiz gözəllikləri üzə çıxır, idrakın qapılarını üzümüzə açır.
İlhamlı, ehtiraslı fikrin doğulması, təbiətin şairanə çağı, məhəbbətin vəcdi, insan qüdrətinin təntənəsi kimi təsvir olunur.
Nizaminin tərənnüm etdiyi digər mənəvi sərvət ədalətdir.
Ədalət həqiqətlə əkizdir. Ədalət toxumu səpilən torpaq daim məhsullu olar.
Təbiidir ki, ədalət də həqiqət kimi öyüdlə, nəsihətlə bərqərar olmur.
Ədalətsizliyin səbəbi bilməzlik də deyil.
Nizami ədalətsizliyin yırtıcı, məhvedici mahiyyətini dərindən anlayır və ədalətə yad olan insana, dünyaya yad olduğunu dərk edir.

Ey mərdlik qalxanını əlindən yerə salan,
Şeytan aldadan kimi səni aldatmış cahan.

Vurub yıxmaqla deyil ağıllılıq, unutma,
Hünəri ədalətdən heç zaman uca tutma.

“Zülm ilə bu dünyanı almaq deyildir mümkün, ancaq ədalət ilə alarsan hər bir mülkü”.
Nizamiyə görə səmanın ayı, günəşi, ulduzları olduğu kimi, insan qəlbinin də öz səyyarələri var.
Onlarsız könül aləmi qaranlığa bürünərdi.
Həmin ülvi duyğulardan biri də ədalət hissidir.
Ədalət – böyük inamdır.
İnsan səadətə, hörmətə, qayğıya layiqdir, əsil böyüklük – insana gərək olmaqdır. İnsan dünyaya şər üçün yox, xeyir üçün gəlib, onun arzusu bayquş çığırtılarını yox, bülbül nəğməsini dinləməkdir.
Nizaminin vəsf etdiyi həm də doğruluq, bütövlük, zəhmətsevərlik, hünərvərlikdir.

Hər kəsin ki, yəqini düzlük, doğruluq olsa,
Xoşbəxtliklə qurtarar hər işi batmaz yasa.

Doğruluq ilə bütövlük qardaşdır. Doğruluğun rəngi birdir, saxtakarlığınkı min bir.

Gəl olma iki rəngli, olma gecə-gündüzlü,
Gəl olma rum sifətli, gəl olma həbəş üzlü.

Nə qədər ki, həbəşlik, rumilik ki var səndə
Bu qanmazlıq, zalımlıq olar bərqərar səndə.

Doğruluğun məskəni, ev-eşiyi bəllidir, saxtakarlığınkı naməlum.
Doğruluq – ardıcıl səmimiyyətdir, saxtalıq – ardıcıl oyun.
Doğruluğun yolları yoxuşludur, saxtalığınkı eniş.
Doğruluq – acıdır, saxtalıq – şirin.
Doğruluq sabahı görməkdir, saxtalıq – məqama pərçimlənmək.
Doğruluq – məğrurluqdur, saxtalıq – miskinlik.
Hünər ilə doğruluq əkizdir.
Çünki hünər – doğruluq miqyaslı fədakarlıqdır.
Çünki hünərdə etik tələb şəxsi mənafeyi üstələyir.
Çünki hünər – ən ali və ən təbii özünütəsdiqdir.
Hünər bütöv şəxsiyyətlərin payına düşür.
Əməksevərlik Nizami sənətində müdrikliyin timsalı kimi qiymətləndirilir.
Əməyi sevən öz insani ləyaqətini qoruyandır.
Əməyi sevən həyatı düzgün dərk edəndir.
Nizaminin inkar etdiyi naqisliklərdən biri nəfs əsirliyi, hərislik, heyvani qidalanma tərzidir.

Ey həyatda öküztək, eşşəktək ömr eyləyən,
Heyvantək otlamağı dad bilən, ləzzət bilən.

Xəbərsizsən günəşin mərkəzindən, bunu bil,
Lacivərd dairədən qafilsən, xeyli qafil.

İnsan dünyaya qarın nəşəsi üçün gəlməyib. Qarın əsirliyi heyvani hərislikdir.

Yüngül adam, qarnına su, çörək doldur hey sən,
Bil ki, bu zaman yenə ağır gəlməyəcəksən.

Nizaminin inkar etdiyi eybəcərliyin digəri isə paxıllıqdır.

Baş qaldırırsa əgər bir hünərli aradan,
Bir hünərsiz qaldırıb başını verməz aman.

Eyib müştərisidir bu bir, iki, üç nəfər,
Hünərsiz hünəriylə hey təəssüf eyləyər.

Onlar tüstü olurlar yetişəndə dimağa,
Qara yelə dönürlər, çatan kimi çirağa.

Hünərsizlik paxıllıq doğurur.
Paxıllıq hünərsizliyin yaratdığı nifrətdir.
Paxıllıq alçaqlığın yüksəkliyə, cılızlığın möhtəşəmliyə qarşı üsyanıdır.
Paxıllıq – naqisliyin əsilliklə barışmazlığıdır.
Paxıllıq – daxilə, özünə qarşı çevrilmiş qəzəbin zahiri ifadəsidir.
Paxıllıq – istedad adlanan təzyiqin yaratdığı müqavimətdir.
Paxıllıq – əsil böyüklüyün qarşısında süni əzəməti saxlamaq cəhdidir.
Paxıllıq- ülviliyin bəsitlik qəlibinə salınmasıdır.
Paxıllıq – balaca “mən”ə çalınan layladır.
Paxıllıq – acizliyin büründüyü kəfəndir.
Paxıllıq – naqisliyin təbiətdən aldığı intiqamdır.
Nizami “Sirlər Xəzinəsi”ndə həm də dünyaya münasibət haqqında dərin, orijinal fəlsəfi fikirlər söyləmişdir.
Nizamiyə görə, dünya öz qaydalarına əsasən dövran edir.
O, insan arzularını, məqsədlərini nəzərə almır.
Dünya insana yox, insan dünyaya uyğunlaşır.
Həm də dünyanın insana düşmən münasibəti var. Onun təbiətində insana yağılıq yaşayır.

Dünya qocadır, dardır, ona diqqət elə sən,
Qoy səni aldatmasın gənc görünsə də üzdən
Cavan görünən qoca əldə tutsa dəstə gül,
Aldanma heç bir zaman, atəşdir o, gül deyil.
Bu alış-veriş evi gördüyün dünya ki, var,
Biri verər, o biri aman vermədən alar.
Biri ipək qayıran, hörən bir qurdsa əgər,
O biri mütləq ipək yeyən bir qurda bənzər.

Dünya aldadıcıdır, verdiyini aparandır. Bununla belə, insan dünyanın yaraşığıdır, pərizadların sonuncu balasıdır, sevimlidir.
Ölümü sakit, müdrik qarşılamaq Nizami etikasının əsas tələbidir.
Ölümlə insan torpağa qayıdır və əbədi bir qanunun “bir gün yaranan bir gün öləcək” hökmünə tabe olur.
Dini xüsusiyyətlərinə baxmayaraq, Nizaminin ölüm haqqındakı mühakimələri heyrət doğurur.
Burada ölümün qarşısında sarsılmaq miskinliyi yoxdur.
Nizami sənətində dünya mürəkkəbdir, ziddiyyətlidir, insan ömrü əzablı, məşəqqətlidir.
Amansız bir qəddarlıq var dünyanın insana münasibətində!
Bununla belə, sərrast göz dünyada hədsiz gözəlliklər görür.
Nizaminin insan ləyaqəti haqqında düşüncələrini aşağıdakı şəkildə yekunlaşdırmaq olar: ədalət və həqiqət əzəmətindən yaranır – insan ləyaqəti. Həsədin, eybəcərliyin, vəhşiliyin məhvindən yaranır – insan ləyaqəti!
Yerin, göyün, təbiətin böyük mənasına dalmaq qüdrətindən yaranır – insan ləyaqəti!
Ağılın instinkt üzərində qələbəsindən yaranır – insan ləyaqəti!
Ölüm qorxusunun ölümündən yaranır – insan ləyaqəti!

(ardı var)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv