Soylu Atalı (Ocaq Yükümlüsü). Azadlığımız – Haqqımızdır

Minillik sivilizasiyanın son iki Quruluşu (sosializm və kapitalizm) bir-biri ilə mübarizədə qalib-məğlub mərhələsini yekunlaşdırmaqdadır. Demək olar ki, Kapitalizm tam qələbəyə nail oldu. “Kommunizm Sosializmin ən yüksək mərhələsidir” deyənlərin arzuları isə puç oldu. Çin dövlətini belə, bu mərhələdə istisna eləmək mümkün deyil. Çünki Kommunist rejimi idarəçiliyin müəyyən bir səviyyəsində qalsa da, Çində də əsasən kapitalizmin yönətim quralları işləyir, iqtisadiyyatda özəllikcə. Sosializm bir çox cəhətlərinə görə, əlbəttə, Kapitalizmdən üstün Quruluşdur. Bununla belə, Sosializmin məğlubiyyətini insanlığın məğlubiyyəti kimi dəyərləndirmək olmaz.
Sosializm öz məğlubiyyətini yarandığı gündən bətnində gəzdirirdi. Sosial həyatın bir çox sahələrində – təhsil sistemində, səhiyyədə, əmək bölgüsündə yaratdığı üstünlüklərə baxmayaraq, məğlubiyyəti sürətlə aşkarlandı. Bunun başlıca səbəbi milli məsələlərin düzgün qoyulmaması və həllini tapmamasında idi. Kommunizm ideyasının daşıyıcılarına görə millət kapitalizmin məhsuludur, kapitalizm ləğv olunanda o da aradan gedəcəkdir. Əslində bu fikir böyük bir tarixi qəbahət idi və bu qəbahət də Sosializmi devirdi. Millət kimi əbədi, müqəddəs bir hadisəni Kapitalizmin təzahürü saymaq avantüradan başqa bir şey deyil. Halbuki Kapitalizm özü millətin qlobal təsdiqinə qarşıdır, – baxmayaraq ki, Kapitalizm “millətlərin müqəddəratının təyini” postulatını irəli sürür. Bu və buna bənzər təşəbbüslər sadəcə kapitalizmin yaşaması üçün edilən manevrlərdir. Hər şeyin nizamının puldan asılı olduğu bir gedişatda, təbəqələşmənin zəif qanadını təmsil edən millətlərin müqəddəratından danışmaq yersizdir. Millətlərin haqqı, özlərini azad şəkildə ifadə eləməsi bəşəri tələbdir. Ancaq bu tələbin ödənib-ödənməməsi bugünkü “Güclü Təbəqə”nin istəyindən asılıdır. Baxın, “Milli Dövlətlərin yaranması” təşəbbüsü ilə çıxış edən güclü təbəqələr balaca toplumları oturuşmuş qədim xalqlara qarşı qoyurlar. Məqsəd dünyanın iqtisadi imkanlarını mənimsəyərək ona ağalıq eləməkdir. Milli haqları inhisara götürmək eybəcərlikdir.

Kapitalizm özünə kapitalizm demir, demokratik quruluş deyir. Çünki “xalq hakimiyyəti” ideyası yaxşı səslənir. Əslində isə “demokra­tik quruluş” anlayışı planet əhalisinin gözünə çəkilən pərdədir. Dünyanın heç yerində və tarixin heç bir dönəmində xalqın hakimiyyəti deyilən bir proses olmayıb. Xalqdan ayrılmış (çıxmış yox) bir zümrənin xalq üzərində hakimiyyəti olur və xalqa qarşı talançı mövqe tutur. Dünyanın hər yerində xalqın böyük hissəsi yoxsuldur, az bir hissəsi varlıdır. Təbəqələşmə heç yerdə aradan qalxmayıb. Hakimiyyətdə bircə nəfər yoxsul adam olmur, amma xalqın içində nə qədər desən ac-yalavac tapmaq olur. Bunun nəyi xalq hakimiyyəti oldu?! Dünyanın hər yerində zorlu haqlıdır, zoru olmayan haqsız. Zor və haqq sözləri arasında bərabərlik işarəsi yazan fəlakətli əməllər həyata keçirilir.

Bizimkilər də hesab edirlər ki, Avropada qanunlar yaxşı işləyir. Bəs niyə Avropada bu qədər aksiyalar keçirilir, qarşıdurmalar səngimir?! Qanun humanizm deməkdir. Bəs o necə humanizmdir ki, sınırlardan qırağa çıxan kimi zəbtçiliyə çevrilir?! ABŞ dünyaya ağalıq edir, ancaq elə görüntü yaradır ki, ölkə əhalisini xarici düşmənlərdən qoruyur. Ərəbləri darmadağın edir, adını qoyur ki, ölkəsi üçün potensial düşməndir… Beləcə, haqdan, humanizmdən danışan Güclü Təbəqə dünyanın başı üzərində elə bir qorxu kabusu yaradıb ki, gələcəyə ümidlər azalmaqdadır. Bu qədər insan haqlarından danışılır, guya insan haqları qorunur. Ancaq haqsızlıq gündən-günə çoxalır. Çünki haqq insanın, millətin daxili məzmununu təşkil edir. Onu inhisara götürmək, yaxud qıraqdan pay kimi vermək mümkün deyil.

Bu gün yurdumuz Azərbaycanda da haqqı Amerikadan, Avropadan gözləyirlər. Çünki istər öz dövlətimizə münasibətdə, istərsə də xarici qüvvələrə münasibətdə konsepsiyasız və ideolojisizik. Bu gün bu xalq haqqını dövlətçilik məsələsində itirib. O, dövləti oğurlanmış xalqdır. Onun dövlətinin oğurlanmasında Amerika da, Avropa da yardımçıdır. Amerika, Avropa özümləşən fərdin, millətin deyil, onlara qulluq göstərənlərin “haqqını” qoruyur. Dövlət sağlam Milli Qüvvələrin əlində olmayanda “haqq qorumaq” oyunları daha geniş biçim alır. Xarici asılılıq dövlət müstəqilliyinin inkişaf etməsinə əngəllər yaradır. Dövlətimiz müstəqillik əldə edəndən bəri onun inkişaf etməsi və qorunması üçün ciddi əməllər həyata keçirilmədi. Ona görə də strateji zəmin yaranmadı. Bütün cəhdlər hakimiyyəti əldən verməmək üçündür. Ona görə də xalqımız ikiqat basqı altında yaşayır: – dövlətçiliyimizi təhdid edən xarici maraqların basqısı, bir də özünün hakimiyyət idarəçiləri tərəfindən talançılığa uğraması. Təəssüf ki, xalqımızın etirazları yaxşı təşkilatlanmır. Yalnız seçkidən seçkiyə ümidlənir və seçkilərdə dəyişikliyin baş verməsini gözləyir.

Artıq yeni seçki ilinə qədəm qoyuruq. Seçki baş verənə qədər müzakirələr gedəcək, gümanlar deyiləcək, mənafelər toqquşacaq, qüvvələr bölünəcək və b.k. Yenə gözlər Avropaya dikiləcək, yenə “Avropanın ikili standartları” tənqid olunacaq, yenə səslər oğurlanacaq, özbaşınalıqlar başlayacaq.

Hər kəs hesab edir ki, dəyişiklik qaçılmazdır. Ancaq bu dəyişikliyi kim edəcək – xarici qüvvələrmi, xalqmı?! Görünən odur ki, dəyişiklik imkanı xarici qüvvələrin əlindədir. Avropanın bizə münasibətinin iki tərəfi var. O, strateji münasibətində dəyişməzdir, yəni ona hakimiyyətdə kimin olmasından asılı olmayaraq, idarə olunan Azərbaycan gərəkdir. Ona görə də milli qüvvələrdən təşkil olunmuş hakimiyyətin yaranmasını istəməz. Taktiki münasibətinə gəlincə, Batı özünə rəqib olan Rusiyanın Azərbaycana təsir imkanlarından asılı olaraq mövqeyini dəyişə bilir. İndiki məqamda Azərbaycan iqtidarı hansı tərəfə meyil edəcək – bu, Batı və Rusiya üçün bölgəsəl nüfuz məsələsidir. Nə qədər ki, Batı ilə SSRİ-nin varisi olan Rusiyanın maraqları başqa bölgələrdə daha çox toqquşurdu, Azərbaycan iqtidarına “balanslaşdırma” imkanı verirdilər. Artıq bu gün bu iki gücün maraqları bizim bölgədə həllini tələb edir. Odur ki, Azərbaycan iqtidarının balanslaşdırma oyunu keçərli deyil. “Ya o, ya da bu” seçimi gündəliyə gəlib. Hələ ki, Rusiya başqa bölgələrdə Batıya uduzur. İranda və Güney Qafqazda uduzmaması üçün Azərbaycana ziyan verməklə onu özünə meyil etdirməyə çalışacaq. Əlində etnik bölücülük imkanı var, bəlli “milyarderlər” oyunu da bu niyyətdən qaynaqlanır…

Bütün bunları nəzərə alaraq bir daha vurğu edirik: çıxış yolu birdir – Milli Azadlıq Hərəkatı (Uluyurd Hərəkatı) başlamalıdır. Müstəqilliyimizin həqiqi və uzunömürlü olması bu Hərəkata bağlıdır. Bu Hərəkatla Milli Şüurun inkişafına nail ola bilərik. Eləcə də, Güney Azərbaycanın Azadlığını yetirməklə dövlətçiliyimizin qurulması mərhələsini başa çatdıra bilərik. Güney Azərbaycanın azadlığı həm milli problemimizin həllidir, həm də dövlətçiliyimizə ziyan verən siyasi problemlərimizin…

 

 (arxivdən)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv