Fransa prezidenti Olland Azərbaycana gəldi, qayıtdı. Nəsə dəyişmədi, dəyişməyəcək – biz özümüz dəyişməsək. Uzun illərdir biz Batıdan bir çox gözləntilərdə bulunuruq – gözləntilərimiz doğrulmur. Buna görə ən azı öz aramızda Batını qınayırıq. Ancaq ən şox qınanmalı özümüzük. Biz çoxluq olaraq dəyişmirik; yüz il, iki yüz il, lap üç yüz il, beş yüz il qabaq olduğu kimi qalır, eləcə də düşünürük. Mən bunları elə-belə, quruca qınaq üçün demirəm, tarixlə bağlı araşdırmalardan çıxış edərək deyirəm. Əski düşüncələrimizə, əski baxışlarımıza uyğun olaraq biz dünyanı olduğu kimi deyil, istədiyimiz kimi görmək istəyirik. Bu isə bizi istər-istəməz uğursuzluğa sürükləyir – qaçılmaz uğursuzluğa.
Hər dövlətin, ulusun ortada bəlli plan-proqramları, istəkləri var. Bizim ortada nəyimiz var – bilinmir, bilinməz. Gizli tutduğumuzdan deyil, ulusal plan-proqram, ulusal istək yoxluğumuzdan bilinməz. Ulusal uğursuzluğumuz, göstərilən ulusal yoxluğumuzdan qaynaqlanır. Ermənilər qarşılarına qoyduqları plan-proqrama uyğun olaraq iki yüz il qabaq Azərbaycan torpaqlarında – İrəvan yörəsində – yalvar-yaxarla balaca bir “erməni vilayəti” yaratdılar. Aradan yüz il keçmədən bu bapbalaca “erməni vilayətini” 29 min kvadratkilometrlik “Ermənistan” dövlətinə çevirdilər – Azərbaycan torpaqlarını – bizim dəd-baba yurdumuzu bölüb-parçalayıb mənimsəməklə. Bizim ölüvaylığımızdan, plansız-proqramsız, eləcə də ulusal düşüncə yoxluğumuzdan yararlanan ermənilər tezliklə daha çox şirnikərək 1828-ci ildə yerləşdikləri Dağlıq Qarabağı da “tarixi erməni torpağı “ olaraq “Ermənistana” qatmaq istəyində bulundular.
Ermənilər bütün bunları birbaşa, eləcə də təkbaşına etmədilər, bir yandan içimizə soxularaq bizi içimizdən yeyib-dağıdıb gücsüz salmaqla, o biri yandan ayrı-ayrı çağlarda ayrı-ayrı dünya güclərinə yol tapmaqla, onlarla gizli-açıq ilişkilər qurmaqla, onlarda gərəkərsə antiTÜRK, gərəkərsə antiİslam, gərəkərsə eləcə antiAzərbaycan baxışları biçimləməklə etdilər. Bununla bağlı keçmişdəki bir çox faktları qırağa qoyub iki çağdaş fakta toxunmaq yetər: ermənilər bir yandan xristian Rusiyasını, o biri yandan islam İranını özlərinin arxa-dayaqlarına çevirərək, tutduqları Azərbaycan torpaqlarında azacıq da qorxu-hürkü bilmədən ağalıq etməkdədirlər. Yüz il boyunca Azərbaycan torpaqlarında minlərlə türk-müsəlmanı qıran, yüzlərlə məscidi yıxan, Xocalı soyqırımını törədən ermənilər “İran İslam Respublikasında” islam rejiminin kefini çəkirkən, qondarma “erməni soyqırımı” ilə bağlı istədikləri kimi anım törənləri keçirirkən İranda – öz torpaqlarında yaşayan Azərbaycan Türklərinə gerçək Xocalı soyqırımının ildönümünü anmaq yasaq edilir. Bizim hər baxımdan dağınıq durumumuz, plansız-proqramsız davranışlarımız, ulusal düşüncə strategiyamızın yoxluğu istər Güney, istərsə də Quzey olsun – öz ölkəmizdəcə istər ermənilərə, istərsə də başqalarına yenilməyimizə gətirib çıxarır.
Biz bir ulus olaraq bir yüz ildə beş yol devrim etməyimizlə öyünürük, ancaq o devrimlərin hamısını niyə, nədən uduzduqlarımızı araşdırmaq, bizi uduzduran yanlışlarımızı aradan qaldırmaqla gələcək uğurlarımıza qarantiya yaratmaq düşüncəsini özümüzə yaxın buraxmır, bu düşüncədən qorxan kimi görünürük. Görün bu gün bizim bir ulus olaraq uduzmadığımız nəsə varmı? Torpaqlarımızı uduzmuşuq, uduzuruq, yeraltı-yeüstü resurslarımızı uduzmuşuq, uduzuruq, ulusal kimliyimizi uduzmuşuq, uduzuruq. Ancaq, ancaq, ancaq… bütün bunlardan sonra belə, durub dərindən-dərinə düşünmək, özümüz-özümüzə “bəsdir!” deməklə bizə bundan belə uğur qazandıra biləcək plan-proqram, strategiya işləmək, bunlara uyğun siyasət yürütmək üzərində baş sındırmırıq.
2
Bu bir aksiomdur: Olland Azərbaycana özlərinin ulusal dövlət istəkləri ilə bağlı gəlmişdi. Gəldi, istədiyini aldı (bizə bəlli olanı, 5 milyard dollarlıq qaz bağlaşması), getdi. Özü də uzağa deyil, “Fransanın bacısı” adlandırılan “Ermənistana” getdi. Bir çox batılı dövlət adamları kimi, Olland da Azərbaycanda bizim istəyimizə, “Ermənistanda” ermənilərin istəyinə uyğun çıxışlar etdi. İstər Olland olsun, istər başqaları – bütün variantlarda Azərbaycan qazanılan, “Ermənistan” qazanan ölkə rolunda çıxış edir. Başqa cür desək, burada sözü gedən-getməyən subyekt-dövlətlər illərlə Azərbaycandan nəsə alır, əldə edir, qazanır, “Ermənistana” az, ya çox nəsə qazandırırlar. İki yüz ildən bəri Rusiya yardımlarına arxalanmaqla bölgədə sosial-siyasi, mənəvi-psixoloji terror, eləcə də fiziki qırğın faktoruna çevrilən ermənilik Sovetin dağılmasından sonra Batıdan da arxadaşlıq qazanmaqla özünün “Böyük Ermənistan” planları ilə bağlı daha artıq radikallıq sərgiləməkdədir. Rusiyanın Qafqazı tutmasınadək buralarda təkəmseyrək sosial varlıqdan uzağa getməyən ermənilik bu gün bütün yaxın qonşularından – Türkiyədən, Azərbaycandan, Gürcüstandan – torpaq istəyində bulunur. Düşkün erməni düşüncəsinə bağlı “Böyük Ermənistan” planlarının gerçəkləşməsi üçün sözügedən dövlətlər (Türkiyə, Azərbaycan, Gürcüstan) terrorçu-aqressor ermənilik qarşısında diz çökməklə bölünüb-parçalanmalıdır – bu, çoxdanın gizlədilməyən strategiyasıdır. Yalançı, qondarma “erməni soyqırımı” ilə bağlı aparılan planetar kampaniya, bu yöndə qazanılan uğurlar “Böyük Ermənistan” strategiyasının taktiki aşamalarındandır. Bir sıra Batı dövlətləri bilərəkdən, bölgədə Türk-müsəlman faktorunun üstələnməsi üçün qondarma “erməni soyqırımına” arxa durur, bu erməni yalanına gerçəklik statusu qazandırmağa çalışır.
İrəvanda Türkiyənini qondarma “erməni qoyqırımını” tanımağa çağıran Olland görün çıxışını necə bir buyruqla bitirir: “Hər çağ yaxşı olanı görməyə çalışıram, ancaq… yalnız bir qərar ola bilər: soyqırımın tanınması”. Üstəlik, Olland gələn il İrəvanda qondarma “soyqırım” törəninə qatılacağını bildirir. Bir yandan Türkiyəyə yox yerdən “sən suçlusan” deyə barmaq tuşlanır, o biri yandan arxadaşlıq axarında erməni aqressiyası alovlandırılır, aqressiv erməni istəkləri bir daha stimullaşdırılır. 99 il qabağın qondarma “erməni soyqırımından gen-bol danışan bir çox batılı liderlər 1992-ci ildə ermənilərin törətdiyi Xocalı soyqırımı ilə bağlı yalnız unutqanlıq sərgiləyə bilirlər. Olland kimiləri başda olmaqla batılı liderlərin stimullaşdırmaları sonucu olaraq Köçəryanla, Sərkisyanla birgə Xocalı soyqırımını törədənlərdən olan erməni ordu başçısı S.Ohanyan Ollandın ayağı İrəvandan çəkilər-çəkilməz bildirir: “Dağlıq Qarabağla çevrəsindəki yeddi rayonun heç biri Azərbaycana verilməyəcək”. “Arxalı köpək qurd basar”,- buna deyərlər. Rusiyanın, eləcə də bir sıra Batı dövlətlərinin yardımıyla Azərbaycan torpaqlarında özlərinə dövlət quran ermənilər elə o yardımlar-arxadurmalarla da Azərbaycanı getdikcə daha da balacalaşdırmaqla adddım-addım “Böyük Ermənistana” doğru irəliləməkdədirlər. İrəvan-
Göyçə-Zəngəzur faktında olduğu kimi, indi də ermənilər qanlı qırğın yoluyla ələ keçirdikləri Qarabağa dünyanın hər yerindən erməniləri köçürürlər. Əliyevçi korrupsioner hakimiyətin “atəşkəs” rejimi tutulan torpaqların mənimsənilməsi-erməniləşdirilməsi baxımından olduqca əlverişli faktordur. Bu faktorun doğurduğu arxayınçılıq üzündən terrorbaşı-prezident S.Sərkisyan inamla bildirir: “Dağlıq Qarabağın son yuridik statusu bu bölgənin əhalisinin oyu ilə olacaq”. S.Sərkisyan, sözsüz, bunu da gözəl bilir: Əliyevlər hakimiyəti qaldıqca indiki status-kvo da dəyişməz qalacaq.
3
Putinin Krımı tutmasından sonra ABŞ başda olmaqla Batı ölkələrində Qarabağla bağlı nəsə bir tərpəniş sezilməkdədir. Batılı liderlər, politoloqlar Putinin Krımı tutmasında Qarabağla bağlı Batının illərdən bəri sərgilədiyi ikili standart siyasətinin – erməniyönlü siyasətin təkanverici rol oynadığını görməyə bilməzlər. Görürlər, buna görə də ortaya Qarabağla bağlı bir sıra “yeniliklər” çıxmağa başlayır. Hələlik bu “yeniliklərdən” başlıcası ATƏT-in Minsk qrupunun amerikalı başqanlarından olan Ceyms Uorlikin irəli sürdüyü 6 “çözüm” prinsipidir. “Turan” informasiya agentliyi bu prinsiplərlə bağlı analitik yazı ilə çıxış edib. Yazını uğurlu saymaq olardı, lap başlanğıcdan yanlışa, özü də, mən deyərdim, bağışlanmaz yanlışa yol verilməsəydi. Yanlış nədədir? Birinci, Uorlikin irəli sürdüyü birinci prinsipdə; ikinci, “Turanın” bu önəmli yanlışla bağlı susqunluq sərgiləməyində, bu yanlışdan yan ötməyində.
Uorlikin o yanlış prinsipi belədir: “1. Dağlıq Qarabağın mürəkkəb tarixi fonunda, yanlar uzlaşma yoluyla son yuridik status bəlirləyərək qarşılıqlı istənc sərgiləməlidirlər”. Bundan sonra, yuxarıda deyildiyi kimi, 5 prinsip gəlir. O 5 prinsipin açarı bu birinci prinsipdədir. Hələ konfliktin başlanğıcında M.S.Qorbaçov demişdi: “Məni ilgiləndirmir tarixən Qarabağ kimin olub, indi kimindir”. Erməniyönlü Qorbaçovun başlanğıcda Qarabağ konfliktinə vurduğu bu damğa-düyün sonralar batılı dövlət adamlarının da başlıca siyasi baxış platformasına çevrildi. Göründüyü kimi, Uorlix də özünün “çözüm” prinsiplərinə o yanlış (tarix faktına bilərəkdən sayğısızlıq baxımından yanlış!) platformadan başlayır: “Dağlıq Qarabağın mürəkkəb tarixi fonunda…” bu, Qorbaçovun çox-çox illər öncə dediyinin amerikansayağı interpretasiyası, başqa cür desək, amerikansayağı girişimidir.
Soruşulur: doğrudanmı Dağlıq Qarabağın tarixi Qorbaçovun dediyi kimi anlaşılmaz, Uorlixin göstərmək istədiyi kimi “mürəkkəb”dir? Bildiririk: yox, belə deyil; bunlar bir sıra bəlli istəklərə bağlı düşünülmüş siyasi gedişlərdir. Dağlıq Qarabağın tarixi GÜN kimi açıq-aydındır: ermənilər Dağlıq Qarabağa Rusiyanın Qafqazı tutmasından sonra, konkret desək, 1828-ci ildə İrandakı Rusiya baş diplomatı A.S.Qriboyedovun əlilə köçürülüb. Qriboyedov erməniləri İrandan Dağlıq Qarabağa necə köçürüb yerləşdirdiklərini özü yazıb. Qriboyedov yerli azərbaycanlıların bu köçürməyə qarşı çıxdıqlarını, çıxışların qarşısını almaq üçün erməniləri sonralar Rusiyaya köçürəcəkləri ilə bağlı azərbaycanlılara yalan danışaraq onları aldatdıqlarını yazır. Bu yerdə Qriboyedovun Rusiya imperatoruna ayrıca məktubu olduqca önəmli, keçərli fakt rolunu oynamaqla yanaşı, indinin özündə də aktualdır. Ermənilərin hamılıqla Rusiyaya köçürülmək istəklərinə qarşı çıxan Qriboyedov öz ölkəsi ilə bağlı görün necə uzaqgörənlik göstərir: “Əlahəzrət, ermənilərin orta rus torpaqlarında yerləşmələrinə yol verməyin. Onlar elə soydandırlar bir neçə on il yaşayandan sonra bütün dünyaya bu torpaqların onlara ata-babalarından qaldığını qışqıracaqlar”. Bax, belə. 1828-ci ildə Qriboyedovun əli ilə İrandan, Türkiyədən İrəvana, Dağlıq Qarabağa köçürülən ermənilər aradan yüz il keçməmiş bu torpaqların “tarixi erməni torpaqları” olması ilə bağlı dünya boyu qaraqışqırıq qoparmağa başladılar. Bu aqressiv erməni yalanları bir sıra dövlətlərin antiAzərbaycan – antiTürk siyasətləri ilə uzlaşdığından onlar Dağlıq Qarabağın gerçək tarixini “bilməz” oldular. Elə bu “bilməzliklə” də sorunu (konflikti) aradan qaldırmağa “çalışıblar”, “çalışırlar”. Onların necə, hansı prinsiplərlə çalışdıqlarını yaxşı bilən ermənilər Dağlıq Qarabağı da, çevrədəki yeddi rayonu da Azərbaycana qaytarmayacaqlarını arxayınçılıqla bildirirlər.
Yazmışam, bir daha yazmaq gərəyi yaranır. Ermənilər Dağlıq Qarabağda özlərinə ayrıca status istədikləri kimi, Baltik respublikalarındakı rus çoxluğu da özlərinə ayrıca status istəyəndə (1997-ci il) Avropa Şurası belə bir qərar verdi: “Rusiyanın Baltik ölkələrini tutması sonucu olaraq buralara gəldiklərindən, ruslar burada dedikləri kimi “tarixi azlıq” statusu ala bilməzlər. Onlar burada yalnız gəlmə işçilərin Avropada yiyələnə bildikləri statusa yiyələnə bilərlər”. Azərbaycana gələndə… siyasət dəyişir! Buna isə qısaca olaraq ikili standart siyasəti deyilir. Elə Dağlıq Qarabağla bağlı tarix “bilməzliyi” – “mürəkkəbliyi” də bu sayaq konyunktur, özünəyarar siyasətlərdən qaynaqlanır…
Toplam
Dünyanı perspektivlə, gələcəyə yönəlik görmə siyasətinin yerini qarşıdakı seçkidən savayı nəsə görməyən, çağın yaxın amacları ilə qapsanan “real politika” tutub. Bizim bir çox uğursuzluqlarımız bu sayaq Batı gerçəklərini görmək istəməməkdən qaynaqlanır.
14.05.2014