Ölkəni əliyevlərsayağı seleksiya sürəci bürüyüb: sağlam toxumlar çeşidli yollarla sıradan çıxarılır. Ölkə, demək olar, əlli ildir belə bir sürəc içindədir. Heydərizm siyasi sistemi, demək olar, əlli ildən bəri bütün gücüylə özü üçün ayrıca toplum yetişdirir – kölə xarakterli kütlə-toplum. Bütünlüklə rüşvətə bürünmüş Xəstə təhsil sistemi onlara bundan ötrü gərəkdir. Üçüncü dönəm prezidentliyini sürən, ölkəni çoxsaylı sorunlar içində çıxılmaza gətirib çıxaran İ.Əliyev indi yeni söz deyirmiş kimi bildirir: “Ölkənin bütün məsələləri həll ediləcək”. İIllərlə deyilən yalanlardan daha biri!
Özgür jurnalistikanı sıxıb sıradan çıxarandan sonra, özgürlük, demokratiya yolçularını yağıcasına əzib-damlayandan sonra ölkənin hansı “məsələləri həll ediləcək”? Bütünlüklə rüşvət-korrupsiya bataqlığına batırılmış ölkədə Korrupsiya komandası toxunulmaz qalırkən antikorrupsiya adamlarına durmadan məhkəmə qurulur. Sifarişli məhkəmələr! Oğrular doğruları tutur. Oğru rejimlə barışmayanlar barışmaz düşmənçiliklə üzləşir. Nəyin necə baş verdiyi hamıya gün kimi aydındır: bu gün ölkənin istintaqı, prokuroru, məhkəməsi bir adamdır: İlham Əliyev. Bizimkilərdən indiyədək tutulan bir çox başqaları kimi Anar Məmmədli ilə Bəşir Süleymanlı nı da tutan-tutduran, 5 il yarım, üç il yarım iş verən də odur – ancaq başqa-başqa adlar altında.
Hamı onların tutulmasını 9 oktyabr 2013-cü il seçkisi ilə bağlayır. Düzdür, ortada belə bir fakt var, ancaq bu bütünlüklə belə deyil. İndilik nəyin necə olduğunu yetərincə anlamaq üçün İ.Əliyevin qabaqkı çıxışlarına baxmaq gərəkdir. Qabaqkı illərdə o, “2008-ci ilədək indiki müxalifət olmayacaq” demişdi. Bu siyasəti gerçəkləşdirməyin ən əlverişli yolu olaraq müxalifəti, müxalifətçiləri satınalma aktuallıq qazanmışdı. Bəlli olduğu kimi, ötən illərdə bir çox müxalifətçilər, ayrı-ayrılıqda bir sıra partiyalar bütövlükdə satın alındı. Beləcə, satınalma siyasəti çox effektli görünürdü, buna görə bir arxayınçılıq da yaranmışdı. Ancaq 2013-ün 9 0ktyabr seçkisi ortaya başqa bir fakt çıxardı: hamını satın almaq olmur!
Birdən ortaya bütün hakimiyyətə, ən başlıcası, hakimiyyətin başında duran adama parlaq bir döyüşkənliklə meydan oxuyan Cəmil Həsənli çıxır. Özü də nəçi olsa yaxşıdır: doktor-professor! Sən ağına-bozuna baxmadan qaralama kampaniyasına göstəriş verirsən, bütün ölkə televiziyalarını, bəlli bir göy “müxalifət” qəzeti başda olmaqla qəzetlərini ona qarşı yönəldirsən. Sonda nə olur? Alınmır. Seçkini aşırı güclə udursan, ancaq iş bununla bitmir; ortaya Seçkilərin Monitorinqi adına bir Anar Məmmədli çıxır, sənin dünyanın bu başından o başına milyonlar, bəlkə də, milyardlarlar səpələyib legitimlik qazqandırmağa çalışdığın seçkini faktiki göstəricilərdən çıxış edərək legitim saymır. Beləcə, çoxdan planlaşdırılmış, düzülüb-qoşulmuş ailə hakimiyyəti üçün əngəl əngəl dalınca gəlir. Gələcəyə yönəlik əngəlləri aradan qaldırmağın, 2018-ci il seçkisi ilə bağlı gərəkən işləri görməyin bir yolu qalır – sonsuz repressiya mexanizmini işə salmaqla türmələri genişləndirmək! Bu yolla ölkənin bütün “məsələlərini həll etmək”. Axı, sən bundan başqa nəsə bacarmırsan.
Bundan başqası rüşvətdən-korrupsiyadan uzaq dövlət quruculuğu olardı. Bundan ötrüsə çoxillik komandanı dəyişməli olarsan. Sevdiyin, istəyinə-ideallarına uyğun bir komandanı niyə dəyişəsən? Eləcə, illərlə əlindən pay alan o göy qəzetə arada “mötəbər mənbədən” yalan ötürmək yetər: hakimiyyət komandası dəyişəcək”. Adamlara arada belə “dəyişiklik” impulsu vermək çox gərəklidir. Qoy televiziyalar da belə verilişlərlə dolsun: Bakı bulvarı 2030-cu ilədək 70 metr dənizin içərilərinədək tikilib uzadılacaq, dənizdə qaçqın-köçkün şəhərciyi salınacaq. Hə, axı, bütün ölkə qaçıb-köçüb Bakıya doluşur – erməni qorxusundan, dolanışıq üzündən!