I
…Qüdrət – zor vasitəsiylə təsdiq olunmur. Zor qorxunu, mütiliyi, avamlığı aşkarlayır.
Soylu Atalı deyir “bu gün insanları birləşdirən Asif Atanın harayını çəkdiyi İnsani keyfiyyətlər deyil, Qorxudur. Qorxu toplumun gerçək yaşamının özülündə dayanır. Hər kəs söz deməyə, söz dinləməyə qorxur. Söz deyən də ya “iqtidar sözü” deyir, ya “müxalifət sözü”. Həqiqət sözü deyilmir. Nəinki deyilmir, dinlənilmir də. Toplum milli sözü anlamır, tanımır, Milli sözü hər addımda Özgəçiliyin kölgəsində gizləyir…”
Soylu Atalının bu çağırışları içimi hala gətirir, milli sevgimi artırır və məni səfərdən səfərə çağırır. İnsanlarla ünsiyyət istəyi, Asif Atanın sözünü çatdırmaq qətiyyəti bu dəfə məni Şabran rayonuna yönləndirdi. Ata sözü böyük sözdür, o, insanı özünə tanıdır. Asif Atanın İnsana verdiyi qiyməti burada vurğulamaq istəyirəm: “İnsan daxilində Mütləq daşıyan, şəraitdən, mühitdən, gerçəklikdən yüksək olan, Mütləqiliyə meyil eləyən və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır.” İnsana bu inam yeni bir mərhələni başlayır – insanı cahillikdən, sünilikdən, yadlıqdan, sürülükdən çıxarır.
Mən Atanı dərk etməklə həm də həqiqətimi tapdım. Bu gün bunun sonsuz fərəhini, xoşbəxtliyini yaşayıram.
Şabran səhərində axtarışım uzun çəkmədi, mədəniyyət işçilərinin seminar günü idi. Mənə bu auditoriyada söz deməyə imkan yaratdılar. Asif Ata Amalını, “Azərbaycanımız-Azərbaycanlığımız” mövzusunda Atanın fikirlərini soydaşlarıma çatdıra bildim. Onlara əlimdə olan kitablarımızdan, ədəbiyyatlarımızdan hədiyyə etdim. Sonra orda yaşayan dostlarımızdan birinin ailəsində oldum. Doğmaca ünsiyyətlərimiz, fikir bölüşmələrimiz oldu.
Sözümüzün, ədəbiyyatlarımızın el-el, ev-ev yayılması artıq ənənəyə çevrilib. Atamızı tanımaq – Onun yüksək ideallarına bağlanmaq çağıdır. Biz milli varlığımızı Asif Atanın Amalı ilə tanıdacağıq…
II
Yenə səhər açılır. Sərin meh mənə yeni gündən xəbər verir. Günəş yenidən oyanır, öz isti nəfəsini səxavətlə paylayır, bütün canlıları hərəkətə gətirir. Günəş öz istisini mənə borc vermir. Məni sorğulamır, yarğılamır, o özünü ifadə edir şəfqətiylə. Aldığım nəfəsə görə təbiət məni özünə borclu saymır. Üstündə gəzdiyim torpaq mənim varlığım üçün hər bir imkanı yaradır. Hər bir canlının mənim yaşamımda rolu və qatqısı var və bu gedişdə heç bir təmənna yoxdu. Çünki bütün bunlar Mütləqin nizamı, tələbidir. Təbiətdə boylandığım hər bir yer, yön mənə Mütləqi tanıdır. Ancaq nə yazıqlar ki, cəmiyyətin həyatında Mütləqi tanımaq olmur. Cəmiyyət özünə, öz mənasına qarşı yaşayır və insanı bu burulğanda məhv eləyir.
İnsan bu enişdən çıxmalıdır. Axı insan insanilik adlı mənadan yarandı.
Yarandı ki, dünyaya xeyir gətirsin!
Yarandı ki, Mütləqi tanısın!
Yarandı ki: torpaqda doğmalıq, dağlarda vüqar, əzəmət, yollarda sonsuzluq kəşf edib ömrünə qatsın. Yarandı ki, insanı qaldırsın, münasibətlərə ədalət toxumu səpsin…
Mütləqlə bir olmağa can atıram. Mütləq mənim insani varlığımdadır. Bunu mənə Ata dedi, anlatdı. Atadan güc almaqla üzümü Mütləqimə tutub demək istəyirəm: Ey Dünyadan yüksək olan varlığımızın Mütləqi!
Məni özünə qovuşdur. Ömrümün ayrı-ayrı məqamlarında deyil, hər anında səninlə bir olmaq istəyirəm. Səni dərk elədikcə özümə doğmalaşıram, dünyaya, insana sevgim böyüyür, ömrümdə fərəh böyüdür.
Nə yaxşı ki, Atalı oldum, nə yaxşı ki, İnamlı oldum, nə yaxşı ki, həyata gözümlə baxmadım, ruhumla baxdım… Atamız Var olsun!
Od ayı, 36-cı il, Saray- Soylu.
(iyul, 2014).