Xaliq Bahadır. “Effektli mübarizə forması” adıyla gözə kül üfürmə

Son 25 il, ən çox da əliyevçi rejimə bağlı son 22 il ölkəmiz üçün bir-birindən ağır, bir-birindən çətin illər olub. Bir illik AXC hakimiyyətini çıxmaqla, bu illər bizim üçün öz-özümüzlə savaş illəri olub. Daha çox da bəlli KQB generalının yön verdiyi son 22 il! Son 22 il demokratiyadan diktaturaya keçid dönəmi oldu. Son 22 il eləcə də regionçuluq, ailə-klan hakimiyyəti dönəmi oldu. Ötən yüzilin 70-ci illərində, Kremlin birbaşa diktəsi dönəmində, ölkədə yalnız regional hakimiyyət qura bilən H.Əliyev 93 qayıdışından sonra daha da qabağa gedərək regionçuluq bazasında ailə-klan hakimiyyəti qurdu.

Bu gün bizdə “ata Əliyevin hakimiyyəti bala Əliyevin hakimiyyətindən daha yumşaq, daha yaxşı idi” deyənlər var. Bunlar daha çox siyasətdən, siyasi sistem ilkələrindən anlaqsız kimsələrdir. Moskva ilə Kiyev arasında “beynəlxalq münasibətlər” öyrəncisi olmuş İ.Əliyev 11 illik prezidentliyi dönəmində siyasi quruluş adına yeni nəsə yaratmayıb; o, eləcə atasından qalma rejim ilkələrinə uyğun gərəkən işləri görüb: rejimin diktatura-despotik xarakterinə uyğun olaraq, repressiyaları gücləndirməklə “qaykaları” bərkidib. Bu isə bütün diktatura rejimlərinə özgü özəlliklərdir. Demokratik rejimlər kimi diktatura rejimləri də birdən-birə bütün gücüylə işə düşmür: yavaş-yavaş, adamları aldada-aldada, eləcə də güc toplaya-toplaya gəlib diktatura repressiyalarının – repressiya diktaturalarının indi bizdə olduğu kimi lap təpəsinə çıxırlar.

Diktatura repressiyalarının-repressiya diktaturalarının bizdəki sayaq uğur qazanmasında elə bizdəki sayaq bir çox tanınmışlar, eləcə də bizdəki sayaq, müxalifətin içindəki TROYA atları – satılmış kimsələr çox böyük, önəmli rol oynayırlar. Diktatorlar, diktaturalar daha çox belələrinə söykənməklə, belələrindən yardım almaqla bərkinə, güclənə, dırmaşdıqları təpəlikdə uzun sürə durub dayana, duruş gətirə bilirlər. Çağdaş dönəmdə Azərbaycan kimi ölkədə diktatura-repressiya rejiminin tanınmış adamlara, müxalifət arasındakı satılmışlara, müxalifətyönlü qurumlara, subyektlərə söykənmədən duruş gətirməsi çox çətindir. Bunu əliyevçi rejimin müxalifət arasında, eləcə də Hökumətdən Ayrı Qurumlar arasında apardığı işlərdən, bölücülük xarakteri daşıyan görsənişlərdən görüb-bilmək olar: kimlərsə müxalifət adına parlamentə aparılır, kimlərsə TROYA atı olaraq müxalifətdə saxlanmaqla yemlənirlər…

Rejimin çoxillik antixalq xarakterli sosial-ekonomik siyasətləri, eləcə də çoxillik repressiyaların doğurduğu görsənişlər üzündən, Rusiya ilə bağlı son gəlişmələrdən də göründüyü kimi, ölkəmiz siyasi suverenliyini itirmək qorxusu ilə üzləşib. Belə bir çağda müxalifətin birliyinə, birgə aktivliyinə böyük gərək yaranır. Biz ulusal-milli suverenliyimizi, demək olar, 93-dən itirmişik. Buna necəsə dözmək olardı – uzun illər dözdüyümüz kimi. Ancaq siyasi suverenliyin itirilməyinə bir an da dözmək olmaz. Belədə nə etməli? Birləşmək, aktiv, etkili siyasət yürütməklə toplumun başlıca avanqardına çevrilərək 22 ildən bəri ölkəni yeraltı-yerüstü var-yatırı ilə birgə alver obyektinə çevirənlərin Suverenliyi də alver obyektinə çevirmələrinə yol verməmək! Biriləri nə edirlər? Ölkə üçün belə çətin dönəmdə baş qarışdırıcı diskussiya klubu yaradırlar.

Son 22 ildə bizdə müxalifətin çox sayda birliyi yaranıb. O birliklərin hamısını bəlli bir qrup dağıdıb. Milli Şiradakı parçalanma-dağılma faktının da arxasında onlar dayanırdılar. Onlar – Milli Şuraya “Rusiya projesi” damğası vurmaqla Şuranı gözdənsalma kampaniyasına baş vuranlar – indi, Azərbaycana Rusiya qorxusunun gerçəkləşdiyi dönəmdə, bütünlüklə başqa yöndə baş aparmadadırlar. Milli Şuranı dağıtma dönəmində onların bir yalançı “arqumentləri” də vardı: “biz müxalifətin daha effektli mübarizə metodunu tapmalıyıq”. Tapıblar – Strateji Düşüncə Mərkəzi adına diskussiya klubu yaratmaqla!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv