Üstün Atalı. Ümidsizləşən Bölgələrimiz

İnsanın özünə münasibəti necədirsə, ətrafına da elə münasibət göstərir. Özünə inanan başqasına da inanır. İçində vətən, millət  sevgisi olan başqasında da bunu yaratmağa, qorumağa çalışır. Ömür özü bir örnəkdir, yoldur. Yanımızda böyütdüyümüz övladlarımız insanın bütün keyfiyyətlərini – münasibətlərin qurulmasını, milli düşüncənin sözdə və əməldə ifadəsini ilk olaraq bizlərdə – valideyinlərdə görür. Özümü yaradıramsa, amalım aqibətimə çevrilirsə xəlqi sözüm də əsilləşir. Bu özü bir tələbdir. Bu tələbdir son vaxtlar məni davamlı səfərlərə yönəldən. Bu günlərdə oğlum Elqala ilə birlikdə Oğuz-Şəki-Qax səfərinə çıxdıq.

20140819_153458

20140820_110830

İlk görüşüm Şəki Mərkəzi Kitabxanasının işçiləri ilə oldu. Asif Atanı tanısalar da, Amalımız haqqında verdiyim bilgi onlarda ciddi maraq doğururdu. Azərbaycanın bugünü, sabahı mövzusunda onların bilmədiyi, fərqinə varmadığı fikirlər deyirdim. Əslində Ocaq meyarı ilə Azərbaycanı onlara yenidən tanıdırdım. Kitabxanaya ədəbiyyatlarımızı hədiyyə etdim, məmnu­niyyətlə qəbul etdilər.

20140822_120155

Diyarşünaslıq muzeyinin əməkdaşları ilə də söhbətim uğurlu oldu. Muzeyin direktoru Yaqut  xanıma Ocaq ədəbiyyatları verdim. Həm özü üçün, həm muzey üçün. Yaqut xanım  belə gəlişlərin, görüşlərin daha çox olmasını arzuladı.

20140822_104113

Daha sonra Şəki şəhər Uşaq kitabxanasında, M.F.Axundovun ev muzeyində, Mədəniyyət və Turizm şöbəsində oldum. Hər yerdə Atanı, Ocağı tanıtdım, ədəbiyyatlarımızdan hədiyyə etdim. İnam sorağını vermək və bunun fərəhini yaşamaq hissi çox gözəldir. Xalqa öz varlığını tanıtdıran ideyanı daşımaq adamın ürəyinə güc verir. Görüşlərim, söhbətlərim sosial şəbəkədən tanıdığım Yusif bəylə, Şəkiyə qonaq gəlmiş Dövran bəylə, eləcə də qonaq olduğum ailələrlə davam etdi.

20140820_122527

Amalımızı tanıtmaq üçün yeni ünvanlar axtarırdım. Bu axtarış məni Qax rayonuna yönlən­dirdi. Rayonun kitabxanasında, Muzeydə, Rəsm Qalereyasında oldum, ədəbiyyatlar verdim. Rəsm Qalereyasının əməkdaşlarına ədəbiyyat verəndə bizim bu cür çalışmalarımıza qarşı inamsızlıq sərgilədilər. Söz yox, bunu təbii qarşıladım. İlk dəfə Asif Atanın adını eşidən, onun Ocağından xəbərsiz olan insanlara ruhani mübarizə adi bir şey kimi görünə bilər. Çünki toplumun içində mübarizə ruhu çöküb. Buna görədir ki, mənim gəlişimdə maddi məqsəd axtarırdılar. İnsanların içində ümid, inam, sevgi yoxdur, ona görə də sevgiyə, fədakarlığa inanmırlar. Hesab edirəm ki, toplumun içində milli, ruhani işimiz genişlənməli, milli, insani gələcəyə ümid dirçəldilməlidir.

20140820_122827

Oğuz rayonunda Mərkəzi kitabxananın işçiləri ilə söhbətdə maraqlı məqamlara toxunduq. Demək olar ki, Qax rayonundakı söhbətimizə bənzədi. Yəni insanlarımız belə bir cəmiyyətdə, pulun hər şey sayıldığı  bir dövrdə, bir gəlişin, bir kitabın və ya qəzetin nə iş görəcəyini qarşımda sual kimi qoyurdular. Xanımlardan biri “axı mən bu qəzeti əlimə alıb vərəqləsəm də qayğılarımdan, sıxıntılarımdan azad olmuram. Bu 10 nəfərin içində sizin yaratdığınız halın ömrü siz burdan çıxanacandır. Sonra yenə bu həyata qayıdırıq” dedi…

20140823_151102

Əgər illər öncə mən Ocağa rast gəlməsəydim, Amalı bilməsəydim, mən bu xanımın məntiqini doğru sayardım. Ancaq bu gün bu məntiqi doğru saymıram. Soylu Atalının bir fikri var: “Söz – Tanrıdan sonradır, ancaq Tanrını da tanıdan sözdür”. Bu gün cəmiyyəti yönəldənlər, idarə edənlər öz ideyalarını sözlə yeridirlər. Ağıla, düşüncəyə sözlə təsir etmək mümkündür. Biz bu gün bu ədəbiyyatlarla nə dediyimizin fərqindəyik. Sözlə əmələ başlanılır, sözlə xilaskarlıq başlayır. O ki qaldı sıxıntı məsələsinə, gəlin görək sizin bu sıxıntını yaradan nədir? – İnsansızlıq, pulçuluq, ədalətsizlik, hərislik. Bəs bunlardan çıxış yolu nədir – İnsanlaşma. Əgər İnsanlaşma olmayacaqsa, cəmiyyət daha dərin bataqlığa enəcək. İnsanlarımız sıxıntıların içində, qayğıların içində çabaladıqca, hər çür yadlıq elə sözlə evimizə girib balalarımızı əlimizdən alacaq. Alır da. Heç gözümüzü açmağa da macal tapmırıq. Göstərin mənə başqa çıxış yolunu! Mənim də güzəranım əla deyil. Sadə öyrətmən maaşı ilə dolanıram, amma mən bunu özümə dərd eləmirəm, minimal olanla yetərlənirəm. Cəmiyyətin bu gedişindən heç bir uğurlu nəticə də gözləmirəm. Bu məni bədbinləşdirmir, çünki mübarizə aparıram…

20140822_120155

Yeni düşüncəli fərdlərin yetişməsi,  milli şüurun formalaşması üçün Asif Ata İdeyalarına ehtiyac var. Bölgələrimizin ümidi gələcəksizləşdirilsə də bizim xalqlaşma işimizə inamımız azal­ma­yacaq. Mən Ocaqda Azərbaycanın, bütövlükdə bəşəriyyətin ruhani xilasını görürəm.

Atamız Var olsun!

 

Qürub Ayı, 36-il.

(avqust, 2014.)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv