Ürəyinizdə Günəş Olsun!
Türkçülüyün Üç əsas Cəhəti var: Ruhani Türkçülük, Tarixi Türkçülük, İdeoloji Türkçülük.
Ruhani Türkçülüyün Mahiyyəti ən çox Azərbaycançılıqda, Tarixi Türkçülüyün Mahiyyəti ən çox Türkiyəlikdə, Osmançılıqda, İdeoloji Türkçülüyün Mahiyyəti ən çox Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə İdeyalarında aşkarlanır.
Ruhani Türkçülüyün Təməl hadisələrindən biri Zərdüştçülükdür.
Türk Tanrıçılığına bağlanan, Od İşığı İdeyasını Təsdiq edən bu amal qədim Midiyadan dünyaya yayılan ümid və saflıq göylüyü idi. Bunu başa düşmək üçün Türk Tanrıçılığını Semit–Yəhudi–Ərəb Allahçılığından fərqləndirmək gərək.
Bu həm də Türkün əzəli Allahpərəstliyi haqqındakı Uydurmanı rədd etməyə imkan yaradır.
Qədim Türkün Tanrısı – Təbiət idi; Göy idi, Su idi, Dağ idi, Od idi; Türk təfəkküründə Dünya – əslində Özündən yaranmışdı; Semit dinlərində isə Dünyanı Təbiətüstü Qüvvə – Allah Yoxdan yaratmışdı; Türklərin Təbiətə Səcdəsi – Ağaya səcdə deyildi; Təbiət İnsanı Bəndələşdirmirdi…
Qədim Türkün Tanrısı – Dünyanın Təmsilçisiydi, hökmdarı deyildi. Bu Tanrı Türkü qorxutmurdu, əymirdi, – Türk Vüqarı – Dün¬yada məşhur idi və onu bəsləyən əslində Türk Tanrıçılığı idi.
Zərdüştçülük – Türk Tanrıçılığının davamıdır. Zərdüştün Hür¬müzdü İnsana Ağalıq eləyən Allah deyildi, ona xidmət eləyən, onun uğrunda döyüşən Allah idi.
Zərdüşt Odpərəstliyi İşıqçılıq idi əslində – Od – Hürmüzd İşığı idi – Qaranlıqla – Əhrimənlə Döyüşən.
Zərdüştçülükdə Fikir, Əməl, Duyğu Təmizliyinə çağırış – Onun Odçuluğuyla Bir idi, tən idi. Ona görə atəşpərəstlik şərti mənada işlənməlidir, işıqçılıq demək lazımdır Zərdüştçülüyə.
Bu ideyalar Semit Allahçılığı çərçivəsinə sığmırdı, bu sə¬bəb¬dən də İslam Zərdüştçülüyə qarşı çıxdı.
Dünyaya meydan oxuyan Türkdən itaətçi – İslamçı düzəltmək ən qatı yalançılıqdır, yamançılıqdır.
Teymurilərin «İslam naminə Döyüşü», yaxud Osmanlı sultanlarının «xəlifəliyi» siyasi xətt idi, Teymur – Din uğrunda döyüşmürdü – hökmranlıq uğrunda döyüşürdü. Qalib gəlirdi, çünki qüdrətliydi, cəngavəriydi, anadangəlmə fitri sərkərdəydi. Təkcə dindar mahiyyətçi deyildi, şaman deyildi. Osmanlı sultanları da xəlifəlik vasitəsilə imperiyanı möhkəmləndirirdilər.
İslamçı Türkçülük ideyası qismətçilikdir, itaətçilikdir, qorxu əsarətidir. Türk Ruhuna Yaddır. Zərdüşt işıqçılığı türk ruhuna olduqca doğma idi, onu yaxşı ifadə edirdi. Zərdüştçülük Midiya dövründə Azərbaycançılıq və Türkçülük birliyinin ləyaqətli təmsilçisiydi.
Ruhani Türkçülüyün digər təməl hadisəsi Xürrəmilik, Fərəhçilik, Babəkçilikdir. Fərəhin ən yüksəyi isə özünəməxsusluqdu, azadlıqdı, yetkinlikdi və yenilməzlikdi. Elə yetkinlik o deməkdir Babəkdə. İnsan daxilində İnam gəzdirəndi, onun xaric Allaha heç ehtiyacı da yoxdur. Xəlifə qəsdçiliyinə, zəbtçiliyinə qarşı döyüş ruhu ali fərəhdir, Xürrəmizmin mənası budur. Min cür şey yazırlar sözsüzlər, işsizlər. Deyə bilmirlər ki, nədir axı bu Xürrəmizm. Fikirsiz alimlər və səssiz xanəndələr artıbdı Azərbaycanda.
Xürrəmilik itaətçi ehkamlara sığmadı. Sovetçilər Babəkçiliyi özününkü saymadı, hərçənd ki, o, kommunist idi, guya. Lakin elə kommunist sovetçilərə lazım olmadı. İndikilər isə İslam libasına daha bərk büründükcə xürrəmilikdən yan keçməyə çalışırlar. Hamının heykəli var, Babəkin heykəli yoxdur. Hamı qorxur Babəkdən. Böyüklük elə budur. Hardasa müttəfiqi yoxdur elə bil ki, əsl böyüklüyün. Dünyaya qatılmaq yürüşündə yenilməzlik inadına yer yoxdur. Qərbçi də deyil, islamçı da deyil Babək. Onu hara əlavə eləyəsən? Axı standart ideyalara sığmır Babək. Amma 23 il Xilafətlə döyüşə bildi. O xilafətlə ki, başı Bağdaddaydı, ayağı Hindistanda. Özü də Babəkin böyük ideyası var idi, Xürrəmizm ideya idi. Ancaq fəlsəfə tarixində onu tapa bilməzsiniz. O tarixdə itin də adı var, qurdun da, Babəkinsə filosof kimi adı yoxdur. Sabah fəlsəfə tarixi yazanda bütün filosoflar, yalançı filosoflar, fikirsizlər özlərini ora dürtüşdürəcəklər (üzr istəyirəm bu söz üçün). Amma Babəkə yer olmayacaq. Fuad Qasımzadəyə yer olacaq, Həsən Şirəliyevə yer olacaq, ömründə yarım cümlə fikir söyləməyən bədbəxtlərə yer olacaq, Babəkə yer olmayacaq. Həqiqəti demək vaxtıdır, əgər müstəqillik həqiqətçiliyə bərabər olmayacaqsa, nəyə lazımdır o?! Biz bəzən həqiqi böyükləri qoyub balaca böyüklər uydururuq. Nəsimi qalır orda, bütün dünya fəlsəfəsi o deyəni deməyib. Yubileydən-yubileyə heykəl-filan, o da siyasi məqsəd üçün.
Ruhani Türkçülüyün başqa təməl hadisəsi Dədə Qorqudluqdur. Ağsaqqallıq qayəsinin, mənasının, əməlinin izharıdır. Ağsaqqallığın türkçülük xilqəti məlumdur. Dədə Qorqudda ağsaqqallıq ucadan görünür. Burda qocalıq ucalıqdır. Dədə Qorqud da Türkçülük olduğu dərəcədə Azərbaycançılıqdır. Orda Türkçülük Azərbaycançılığın ruhani ucalığından görünür. İndiki dövrdə mən təəssüflə deyirəm ki, Ağsaqqallıq böhran keçirir. Yüngülməcaz, özünü idarə eləməyən mənasız qocalar törəyir. Ağsaqqallıq ucalığından enmək Türkçülük ucalığından enməkdir.
Ruhani Türkçülüyün ən bariz hadisəsi Hürufilikdi, Nəimilikdi, Nəsimilikdi, İnsanı Allah saymaqdı, cahana sığmaz saymaqdı, dövrdən üstün saymaqdı. Hürufilikdə Azərbaycan əzəmətli türkçülük dağı kimi görünür.
Ruhani Türkçülüyün başqa hadisəsi Füzulilikdi, aşiqlikdi. Türkçülüyün aşiqlik xisləti özünün dahiyanə ifadəsini Füzulilikdə tapıb. Füzulidə eşq din səviyyəsindəydi. Füzulinin Allahı əslində sevgilisiydi. Aşiqlikdən böyük möminlik yoxdur Füzulidə. Füzulidə türkçülük ali görünür. Azərbaycanın ruhani ucalığında isə Türk özümlüyü heyrətli görünür. Lakin biz elə bil ki, Füzuliylə Məstan Günər arasında fərqi görmürük. Hətta Zəlimxan Yaqub Füzulidən daha fəaldı elə bil. Özü də elə gözəl məddahdı ki, əvəzi yoxdu. O saat da məddahlığı qiymətləndirilir, o dəqiqə də onu seçirlər. Lakin özü anlamır ki, o bir heçdi.
Ruhani Türkçülüyün təməl hadisələrindən biri Muğamatdı. Kamilləşmə əməlinin musiqi izharıdır Muğamat. Saflıq hissiyyatının təsdiqidir.
Ruhani Türkçülüyün mahiyyətində saz qüdrəti var. Türk ata minəndə Koroğlu olurdu, atdan düşəndə Füzuli.
Ruhani Türkçülüyün indi Azərbaycanda İnam Ocağı var. Mütləqə İnam ideyasının əsasında, İnsanlaşma ideyasının əsasında, Özümlü Şərq, Ləyaqətli Bəşər ideyasının əsasında. İnsanlıq, türkçülük, yurdçuluq bəşərə gərək olan türk inamı əsasında. Təbii ki, bizdən kənarda da türkçülər var. O cümlədən mən Rafiq Turabxanlını türkçü hesab eləyirəm. Oynamır o, iş görür.
Tarixi türkçülüyün Osman möhtəşəmliyindən, hünərindən, Səlcuq əzəmətindən, Kamal Atatürk qüdrətindən bəhrələnən böyüklüyü var. Bütün bunları açmaq bir konfrans səviyyəsinə sığmır. Xalq ayılana qədər davam etmək lazımdır.
İdeoloji türkçülüyün Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə səviyyəsində təmsilçiləri var. Türk birliyi ideyasını yaşatmaq, böyütmək, yüksəltmək gərək.
Türkçülük – İslamçılıq birliyi ideyası türkə xeyir vermədi və verməyəcək – ondan əl çəkmək gərək.
Türkçülük – qərbçilik birliyi ideyası – türkə xeyir vermədi və verməyəcək – ondan əl çəkmək gərək.
Qərbi inkar etməmək, qərbçiliyi – təqlidçiliyi inkar etmək gərək.
Qərbçiliyə – təqlidçiliyə qapılmaq, qatılmaq özgələşməkdir.
Türk təbiəti – birsifətlik, mərdlik, ölümlə öcəşmək, öldürməyi sevməmək, ailəçilik, qadına izzət deməkdir – bugünün itirdiyi, Türkün özünün də itirməyə başladığı.
Çoxmillətli xalq olmur – çoxmillətli ölkə olur. Xalq elə millət deməkdir. Azərbaycanda çox millətlər yaşayır.
Azərbaycanın əsas xalqı Azərbaycan türkləridir.
Əsas xalq – Ağa xalq deyil.
Çoxmillətli ölkələrin hamısında əsas xalq olur.
Fransada çox xalqlar yaşayır, ancaq Fransanın əsas xalqı fran¬sızlardır – yəni franklardır.
«Əsas xalq» sözündən qorxmaq lazım deyil.
Biz öz türkçülüyümüzdən sıxıla-sıxıla danışmamalıyıq.
Ölkəmizdə yaşayan başqa xalqlar Türkçülüyümüzü öyrənməli, bilməli, ona hörmət etməlidir.
Hər bir xalq üç keyfiyyət birliyini təmsil edir:
1) Etnos birliyini;
2) Tarixi aqibət birliyini;
3) Mədəniyyət və xüsusilə dil birliyini.
Etnosdan kənarda xalq icad etmək səyləri puça çıxdı (Sovet xalqı uydurması).
Türkçülük ölkəmizdə yaşayan bütün xalqların sərvəti olmalıdır.
Əhali birliyi bu deməkdir əslində.
Asif Ata. Azərbaycançılıq – Türkçülük Birliyi
Dekabr 6th, 2011 admin