Xaliq Bahadır. Azərbaycan uğrunda böyük savaş dönəmi

Azərbaycan uğrunda böyük savaş dönəmini yaşamaqdayıq. Getdikcə qızışmaqda olan bu savaş içdə də gedir, dış da da. Dışda gedən savaş daha çox GEOPOLİTİK xarakterli savaşdır. Geopolitika, bəlli olduğu kimi, böyük güclərin resurslar üzərində gözətim – kontrol uğrunda apardıqları çarpışma-qarşıdurmadır. Burası bəlli. İç savaşa gəlincə, geopolitik faktorla yanaşı, burada bir də Özgürlük-Demokratiya uğrunda aparılan savaş önə çəkilir. Bir daha vurğulamaq gərəkir: içdə də, dışda da savaş getdikcə qızışıb-gərginləşməkdədir. Bunu son çağlar  despotik rejimin ölkədə repressiyaları gücləndirməsi faktı da açıq göstərir.

Nə etməli? Birləşib azərbaycansevərlərin böyük, dayanıqlı, dirənişli birliyini yaratmalı. Bu birliyinsə kökü hər nədən qat-qat artıq ulusal-milli dəyərlərimizə bağlanmalıdır. Başqa cür desək, gerçəkdən böyük, güclü, dayanıqlı, dirənişli birliyin yaranmasını istəyiriksə, görklü keçmişimizlə birgə gələcəyə yönəlməliyik. Bu yerdə istər-istəməz ünlü öndərlərimizdən olan Atatürkün ATA sözü böyük yolgöstərici-gərəyə çevrilir: “Keçmişinə yiyə durmayan xalqın gələcəyi olmaz”. Demək, qabaqca keçmişimizə-tariximizə yiyə durmalıyıq. Keçmişimiz-tariximizsə içdən-dışdan təpiklənib-dışlanmaqdadır. Elə bil haralardansa göstəriş verilib: içdən də, dışdan da keçmişimizi-tariximizi ələşdirib gözdənsalma kampaniyası aparılır. İçdə bu kampaniyanın önündə gedənlərdən biri Demokrat partiyasının sədri Sərdar Cəlaloğludur.

Çox-çox keçmişlərdən gələn belə bir anlayış var: daşları atmaq çağı; daşları yığmaq çağı. Azərbaycan uğrunda genişlənib gərginləşən savaş dönəmi bizim üçün daşları yığmaq çağı deməkdir. Di gəl, biz S.Cəlaloğlu praktikasında bunun bütünlüklə tərsini görürük. Ən azı demokrat partiyasının başçısı olaraq bu adam xalqı dünəni-bugünüylə birləşdirməyə çalışmaq yerinə açıq-aydın onsuz da parçalanıb-bölünmüş xalqın daha da parçalanıb-bölünməsinə yönəlik çalışmalarda bulunur. Bu adam elə bil keçmişimizi gözdən salmaqla özünün aktiv fiqurantlarından olduğu bugünkü intriqaları keçmişə  daşımağa, bu yolla xalqı bir daha bölüb-parçalamağa çalışır. Sonuncu belə fakt onun M.Füzuli, Babək, Koroğlu ilə bağlı dedikləridir. Qabaqkı uyğun görsənişlərdə olduğu kimi, S.Cəlaloğlu yenə də keçmişi eləcə ələşdirməklə qalmır, ulusal dəyərlərimizə çevrilmiş kimsələrlə bağlı açıq aşağılama-təhqir yolu tutur.

S.Cəlaloğlunun çox uzaqlara  getdiyini görərək, hələlik sonuncu aşağılama-təhqir faktları ilə bağlı, konkret faktlardan çıxış etməklə, yazı yazdım (“Azadlıq”, 13. 09.2014). Qanacaqlı polemika yerinə Demokrat partiyasından mənə aşağılama-təhqir dolu “cavab” gəldi – oxucuları gerçək polemika obyektindən bütünlüklə başqa yerə yönəldən “cavab”.  Görünür, bu sayaq yönəltmə Cəlaloğlu partiyasının aşağılama-təhqir metodologiyasına gərəkdiyindən belə etdilər. Mən “Adını “demokrat” qoyan partiyanın antidemokratik şantaj taktikaları” adlı yeni yazı yazaraq (25.09.2014.) oxucunu – hamını gerçəyə, gerçəkliyə yönəltməyə çalışdım: bizi ayıracaq deyil, birləşdirəcək gerçəkliyə!

Bircə gün sonra “Yeni Müsavat” qəzetində S.Cəlaloğlu özü ortaya çıxdı. Keçmişimiz-tariximizlə bağlı necə ortaya çıxırsa, eləcə. Danışılmış bir iş olaraq o, “YM” əməkdaşının suallarını cavablandırır. Yazı birbaşa redaktordan qaynaqlanan yalanla başlayır: “AXCP funksioneri Xaliq Bahadır”. Xaliq Bahadır çoxdan AXCP funksioneri deyil, Azərbaycan funksioneridir. Sonra ADP sədri S.Cəlaloğlunun sıralama yalanları, təhqir-böhtanları gəlir. Başdan başlayaq. “AXCP funksioneri Xaliq Bahadır” başlanğıcı, sonra göründüyü kimi, keçmişimizlə bağlı polemikanı fırladıb bügünə, daha doğrusu, Əli Kərimli ilə kimlərinsə intriqasına yönəltmək üçündür. Yeri gəlib, deyirəm: Ə.Kərimlinin antidemokratik rejimlə getdikcə kəskinləşən çarpışması rejimə satılmış bir sıra partiya, qəzet başçılarını rejimin özündən  çox qıcıqlandırır. Görünür, bu barışmaz çarpışma onlarda diskomfort yaratdığından acıqlarını-qıcıqlarını gizlətməkdə çətinlik çəkirlər.

S.Cəlaloğlu S.Vurğunla bağlı ən azı partiya başçısına yaraşmayacaq yalana əl atır. Sən demə, o, “S.Vurğunun iki dənə (dənə! – X.B.) əsəri haqqında tənqidi fikirlərini ifadə elədikdən sonra” mən ona zəng vurmuşam: “Səməd Vurğun haqqında ifşaedici material var, göndərim öz adından çap elə”. Cəlaloğlu mənim zəngimdən bərk acıqlanıb: “Mən də dedim ki, Səməd Vurğunla mübarizə aparmıram, vuruşmuram, ayıb olsun sənə”. Soruşmaq gərəkir: hanı məntiq? Cəlaloğlu burada da tərbiyəsinə, qanacağına, əxlaqına uyğun yalan danışır, özü də başdan-ayağa yalan. Mən buna kömək eləmək istəyirəm, bu mənə deyir: “ayıb olsun”!

 

Gələk gerçək üstünə. Cəlaloğlu S.Vurğunun “iki DƏNƏ əsəri haqqında tənqidi fikirlərini ifadə etməklə” qalmamış, Səməd Vurğunu, xalq arasında yalnız Sovet dönəmində deyil, bu gün də çox sevilən bir şairi, özünün tərbiyə, qanacaq, əxlaq görsənişi olaraq “DILĞIR” adlandırmışdı. Ən azı hansısa Demokrat partiyasının başında duran adam xalqla-demosla bağlı baxışlarında xalqa sayğı göstərməli, etik normalardan qırağa çıxmamalıdır. “Dılğır” sözünun açıqlaması belədir: boş, avara, vecsiz, yaramaz. Cəlaloğlu, Sovetdən gəlmə ideoloji yanlışlarını çıxmaqla, Səməd Vurğun kimi böyük, ölməz yaradıcılıq yiyəsinə “dılğır” deyir. Bu bir partiya liderinin, siyasətçinin etik-estetik (başqa kateqoriyaları demirəm) PORTRETİ deyil, nədir?!

 

S.Vurğunla bağlı o söyüş-təhqirə görə S.Cəlaloğlu günlərlə də deyil, aylarla böyük təpkilərlə üzləşdi. Bizdə olan bilgiyə görə, yalnız telefonla deyil, birbaşa dempartiya qərargahındakı kabinetinə gələrək onu Səməd Vurğuna dediyindən də beş-betər söyüb-yamanlayanlar vardı. Bax, o arada Elmlər Akademiyasında çalışan filosof dostum Yadigar Türkel mənimlə görüşüb bir kağız verdi: “Dostumuz Sərdar bəy yanlışa yol verib, Səməd Vurğunla bağlı ağzına gələni danışıb, indi yer-yerdən üstünə tökülüşüb sıxışdırırlar, al bu şeiri ver ona, çap elətdirib canını qurtarsın”. Bundan sonra mən Cəlaloğluna zəng vurub Yadigar bəyin dediklərini ona yetirmişəm. O mənə yalnız “sağ ol” deyib…

Cəlaloğlu özünün şantaj metodlarına uyğun olaraq başqa bir yalana əl atır: “Əbülfəz Elçibəy hakimiyyətdə olanda Xaliq Bahadır Azərbaycan Dövlət Televiziyasında işləyirdi və hakimiyyətin, Əbülfəz bəyin əleyhinə müsahibələr alırdı, açıqlamalar verirdi. Onun verilişləri faktiki olaraq hakimiyyətin dayaqlarını sarsıtmağa xidmət edirdi.” Bütün sorumluluğumla deyirəm: burada deyilənlər də bütünlüklə yalandır; mən televiziyada işlədiyim dönəmdə Elçibəyə qarşı bir dənə də müsahibə, açıqlama verməmişəm, tərsinə, studiya direktoru olaraq, hakimiyyətin dayaqlarını gücləndirməyə yönəlik siyasət yürütmüşəm.

 

Cəlaloğlu hiyləgərcəsinə deyir: “Bu adam bilmirəm nə üçün məni hədəfə götürüb. Məndən əl çəkmir, nə istəyir məndən başa düşmürəm”. Bu yalanlar azmış kimi, başqa bir yalana da əl atır: “Mən yaxşı bilirəm ki, “Azadlıq” qəzetində o məqalələr kimin istəyilə yazılır, o yazılara başlıqları kim seçir və sair”. Yaxşı demir: Xaliq Bahadır yazı yaza bilmir, onun yazılarını “o məqalələri istəyən, o yazılara başlıqları seçən adam” yazır. Belə bir xəstə düşüncəylə də bu adam məni “xəstə” adlandırır. Hə, mən gərəkən gerçəkləri yazıb xalqıma çatdırmaq xəstəsiyəm, Sərdar Cəlaloğlu, bəs sən nə xəstəsisən? Bunu soruşduğuma görə məni bağışla, indi səni hamı tanıyır!

 

Cəlaloğlunun çalışdığı nədir: söhbəti öz suçundan yayındırıb “məndən nə istəyir, niyə məndən əl çəkmir” deməklə xalqı aldatmaq. Sən, Sərdar Cəlaloğlu, mənim yadımda qalanlara görə, Nəbini-Həcəri, Aşıq Ələsgəri, Səməd Vurğunu, M.Ə.Rəsulzadəni aşağılaya-aşağılaya gəlib Füzuliyə, Babəkə, Koroğluya çıxdın. Deyirsən mənim Xaliq Bahadırla indiyədək  heç bir problemim olmayıb, yaxınlığımız olub. Düz deyirsən, ancaq problemi sən özün yaratdın – yuxarıda sadaladıqlarıma görə. Mən sənin bütün keçmişimizi-tariximizi gözdənsalma yolu tutduğunu görüncə susa bilmədim, bundan artıq susmağı yersiz-gərəksiz saydım. Murad Adçı deyir: “Tarixi susmaqla öldürürlər”. Bu gün bizdə belə bir görsəniş sərgilənməkdədir. Kimlərsə tariximizi topa tutur, danışmalı olanlar… susur.

 

Cəlaloğlu Füzulini kafir adlandırır, “Mətlə əl-etiqad” əsərilə 500 il Azərbaycan xalqına zəhər içirdiyini deyir. Bu yalanını yunan filosfu Faleslə bağlayır. Füzuli sözügedən əsərində bir çox filosofların baxışlarına toxunur, sonra da deyir: “Doğrusunu Allah bilir”. Sənin bu saya fəlsəfəni də anlamadığın fakt olaraq ortadadır. Akademik Ziya Bünyadov “Mətlə əl-etiqad”la bağlı deyir: “Fikrimizcə, bir növ xülasə səciyyəsi daşıyan bu əsərin əsas dəyəri onun öz müəllifi haqqında dolğun, hərtərəfli məlumat verməyindədir. Belə ki, məhz “Mətlə əl-etiqad”la yaxından tanışlıqdan sonra biz güclü analitik təfəkkürü, yüksək elmi hazırlığı, geniş maraq dairəsi olan dahi şairin nəinki qədim yunan və orta əsrlər müsəlman filosoflarının ideya və mülahizələrinə, həm də astronomiya, riyaziyyat, təbabət, təbiətşünaslıq kimi dəqiq elm sahələrinə də yaxından bələdliyinə bir daha inanırıq”. Akademik sonra yazır: “Əsərdə Füzuli dühası oxucu qarşısında müxtəlif fəlsəfi və dini təlimlərə qərəzsiz münasibət bəsləyən müdrik mütəfəkkir kimi dayanır”. Akademik Ziya Bünyadov Füzuli yaradıcılığında ŞƏKƏR bulurkən, S.Cəlaloğlu ZƏHƏR bulur. Bu yerdə ən tutarlı söz böyük Füzulinin öz sözüdür: “Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”. Asif Atanın Füzuliyə baxışı qısaca belədir: “Füzuli Eşq Dininin, Eşq İnamının, yaradıcısıdır. Füzulidə Eşq aşiqi İnama, İdraka, Mənəviyata, İradəyə yüksəldir”.

 

Amerika filosofu Emerson deyir: “Tarix yoxdur, bioqrafiya var”. S.Cəlaloğlu bu baxımdan bioqrafiya düşmənidir. O, Babəki, Koroğlunu deyil, onların sığındıqları Bəzz, Çənlibel qalalarını QƏHRƏMAN saymağa çağırır. Belə də anormal baxış, anormal düşüncə olarmı?! Dünyanın bu başından o başına min illər boyu belə olub: alplar-qəhrəmanlar qalalara sığınıblar. Cəlaloğlu “Öz xalqının varlılarına qarşı vuruşduğuna görə” Koroğlunu qəhrəman saymır. O, “Yadelli qüvvələrə qarşı vuruşan adam qəhrəman ola bilər”, deyir. O biri yandan o, özünün dediyi kimi, “yadelli qüvvələrə qarşı vuruşan” Babəki qəhrəman saymır: “Babək nə vaxtdan qəhrəman olub?” Bu yerdə, qəhrəmanlığa yeni kriteriya quraşdırır: “Qəhrəmanın sonu ya yox olur, ya da döyüş səhnəsində həlak olur”. Görün burada sayıqlamadan savayı nə var?

 

Cəlaloğluya görə, “Xürrəmilik atəşpərəstliyin islamla sintezi idi”. Burası Cəlaloğlunun uydurmasıdır. Onun düşüncəsinə görə, Xürrəmdinlikdə başqa xalqlar da olub, bu baxımdan Xürrəmdinliyin bizə bağlılığı olmayıb. Asif Ata Xürrəmdinliklə bağlı deyir: “Babək fərəh inamının (Xürrəmdinliyin. – X.B.) yaradıcısı idi, həm də yenilməzlik uğrunda döyüşürdü. Bu baxımdan, onun Spartakla müqayisəsi uğursuz müqayisədir. Babək həm Xürrəmdin peyğəmbəridir, həm də 23 Spartak deməkdir; başı Bağdadda, ayağı Hindistanda olan xilafətlə 23 il döyüşüb, Spartak isə Roma imperiyası ilə bir il döyüşə bilib”. Cəlaloğluya görə, Babək bircə yol Bəzz qalasından çıxıb, onda da uduzub. Göründüyü kimi, Azərbaycan tarixi ilə bağlı Cəlaloğlunun öz “tarixi” var. Kimsə deyib: “Mən Homeri oxuyarkən bütün insanlıq gözümdə böyüyür”. Cəlaloğlunun “tarixi” ilə tanışlıq tariximizi də, alplarımızı-qəhrəmanlarımızı da kiçildib gözümüzdən salır!

Yazımı ulu Öndərimiz, ulusal Liderimiz, dəyişməz demokratiya Ustamız  M.Ə.Rəsulzadənin sözlərilə bitirirəm: “Hərəkatları yönətənlərin bir qismi, ideyalara, ideya sistemlərinə önəm verir, tarixin gəlişmə qoşullarına uyğun qaçılmazlıqla özlərinə elmi özülə dayanan bir sistem düşünür, sistem özülünə bağlı qalaraq çalışırlar. Bunlar idealistlərdir. İdealistlər, tarixdəki real hadisələri danmamaqla yanaşı, bu reallıqların istənilən ideal yöndə gəlişməsini qarantiyalamaq üçün gərəkən işləri görürlər.

Buna qarşılıq opportunistlərdir. Bunlar tarixlə, varılacaq hədəflə çox uğraşmadan, bir rol oynamaq üçün, subyektiv ünsürü göz önündə bulunduraraq, özlərini axına buraxırlar. Axının sükansız gəmini istənilən sahildən başqa bir yana götürüb – götürməməsilə çox ilgilənməzlər.

İdealist realizm ilə opportunist realizm arasında bəlirli çağ, yer, qoşullar içində birgə çalışmaq  olanağı ola bilirsə də, ictimai hərəkatlarda xəstə bir hal alan pozğunçuluqla heç bir çağ işbirliyi ola bilməz. Arı amacdan uzaq olub, çalışmaya ancaq danmaq-dağıtmaq istəyi ilə  girişənlərə POZĞUNÇU deyilir. Bunların nə obyektiv görüşləri, nə yansız-tərəfsiz təhlilləri, nə də müsbət proqramları olur. Onlar eləcə olanı yıxmaqdan zövq alırlar. İdealistlərin də, opportunistlərin də POZĞUNÇULUQLA çarpışması ortaq borcdur”. Borcumuza bağlıyıq.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv