Bu gün Azərbaycanda hakimiyyət başında olan iki başlıca qrupdan birinin ağsaqqalı 20-ci yüzilin başlanğıcında ölkəmizdəki sosial-siyasi gerçəklərdən çıxış edərək bəlli romanında demişdi: “İtə ataram, yada satmaram”. Bilməyənlərin bilməsi üçün: romanda ötən yüzilin başlanğıc çağlarında ingilislərin Azərbaycanı tutması dönəmi göstərilir. Balalarına çörək qazanmaq nədənilə sevimli xalçasını satmalı olan Sona ana xalçaya, bəlkə, dəyərindən də artıq pul verən ingilisə acıqla deyir: “İtə ataram, yada satmaram”. Bu gün biz Azərbaycanı xalça kimi İTƏ də satmaq nədi, yeri gəlsə elə-belə verə bilən, ancaq Azərbaycan xalqına ən baha qiymətə belə, satmaq istəməyən bir rejimlə üz-üzəyik.
Buna görə bu əliyevçi rejim başında duranlar Azərbaycan xalqına çatası milyonları, milyardları hakimiyyətlərini qoruyub saxlamaq üçün dünyanın bu başından o başına səpələk edirlər. Onlar gizli-açıq lobbiçilərə, siyasətçilərə, diplomatlara, transmilli korporasiyalara gizli-açıq yollarla milyonlar, milyardlarla pul ötürürlər. Burada başlıca prinsip yalnız hakimiyyətini qoruyub saxlamaq deyil, dünyanı Azərbaycanın pullarıyla donatmaqla Azərbaycan xalqının dirçəlişinə, yüksəlişinə (eləcə də dövlətin güclənməsinə) yol verməməkdir! Bunlar demokratik Avropa qurumlarının Azərbaycanı demokratikləşdirməyə yönəlik istəkləri qarşısında Heraklcasına dirəniş göstərərək bildirirlər: “Ölkə yolundan dönməyəcək. Biz güclü dövlət olmaq istəyirik!” Biz Azərbaycansevər kimsələr olaraq bu dönməzliyi bütün varlığımızla alqışlayardıq, bu yalançı ritorikanın arxasında ANTİMİLLİ, ANTİDEMOKRATİK, ANTİSOSİAL siyasi sistem, korrupsiyaçı-klan hakimiyyəti dayanmasaydı!
45 illik hakimiyyətləri boyunca bilərəkdən, planlı olaraq Azərbaycanın kadr bazasını dağıdanlardan biri – Ramiz Mehdiyev – “Prezident Administrasiyasının kadr ehtiyatı Prezident Administrasiyasının rəhbəri kimi şəxsən məni heç cür qane etmir” – deyir. 45 illik hakimiyyətləri boyunca REGİONAL KADR SİYASƏTİ axarında korrupsiyaçı-klan hakimiyyəti quranlardan biri, H.Əliyevdən sonra bu yolun ən böyük buyruqçusu olan R.Mehdiyevin indi dediklərinin hamısı xalqı aldatmaq üçündür. Soruşan gərək: nə üçün sizin hakimiyyətiniz o başdan (1969-dan) bu başa regional hakimiyyət oldu, klan hakimiyyəti oldu, korrupsiya-repressiya hakimiyyəti oldu? Sizi bu ANTİMİLLİ, ANTİDEMOKRATİK düşüncəylə, baxışla, proqramla hansı antiAzərbaycan gücləri hakimiyyətə gətirdilər, hakimiyyətdə saxladılar, hakimiyyətdə saxlayırlar?
R.Mehdiyev bir neçə il qabaq yazmışdı: “Prezident Administrasiyasında işə götürmək üçün savadlı hüquqşünas tapa bilmirik”. Bu, bütünlüklə yalandır: R.Mehdiyev komandası kadr gərəkirkən olsa naxçıvanlı, olmasa, “Ermənistanlı” axtarır. Onlar da Azərbaycana, Azərbaycan idealına deyil, korrupsiyaçı klan reiminin ideyalarına bağlı kimsələr olmalıdır – problem bundadır. Günü bu gün də, 45 illik rüşvət-korrupsiya axarında Təhsil sisteminin dağıdılmasından sonra belə, Azərbaycanda ayrı-ayrı alanlar üzrə çoxlu dəyərli kadrlar var, ancaq onlar rejimin bəlli PROKRUST yatağına uyğun gəlmədiklərindən bütün ölkə boyu dışlanma siyasətləri ilə üzləşirlər, – budur problem!!!
Azərbaycanın ən azı, son 25 illik tarixində ayrıca yeri olan bir çox dəyərli aydınlarımız bu gün bütünlüklə dövlət hakimiyyət sistemindən dışlanmış durumdadır. Son 25 illik tariximizdə ayrıca prinsipial çarpışmaları ilə tanınan tarix elmləri doktoru Leyla Yunus rejimlə barışmadığından əri ilə birlikdə tutulub dustaq edilib. Tanınmış hüquqçu, naxçıvanlı Qurban Məmmədov da rejimə deyil, xalqa bağlılığı üzündən tutulub dustaq edilib. Çoxsaylı hüquq kitabları, eləcə də xalqın hüquqlarının qorunmasındakı prinsipial çarpışmaları, gərgin əməyi ilə tanınan İntiqam Əliyev də tutulub dustaq edilib. İntiqam Əliyevin ideya-yol arxadaşı, çoxsaylı hüquq kitabları, qanunçuluq yolunda dönməzliyi ilə tanınan Ənnağı Hacıbəyli ofisi bağlanmaqla istintaqa çəkilməkdədir. Bu yöndə uzun bir sıra…