Sabir Yanardağın “İstibdad və İstila” kitabı çapdan çıxdı

Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız!
Bu günlərdə istedadlı və dəyərli adln araşdırmaçı Sabir Yanardağın “İstibdad və İstila” kitabı çapdan çıxdı.
Yanardağın bu kitabı sənət vasitəsilə insanın, bütövlükdə bəşəriy­yətin sosial, mədəni, mənəvi sorunlarını, bu sorunların qaynaqlandığı nədənləri incələmişdir. Buradakı doğruçu və ədalətli axtarışlara dayanıb ağlın, düşüncənin genişlənməsinə zəmin tapmaq mümkün­dür. Milli-insani ərdəmliklə başa gələn bu kitab kütləvi oxucu üçün təqdim olunur.

Kitabı kitab evlərindən və satış məntəqələrindən əldə eləmək olatr.
Xatırladırıq ki, kitabın redaktoru və ön sözün yazarı Soylu Atalıdır.
Kitabla ilkin tanışlıq üçün burada Soylu Atalının ön sözünü təqdim erdirik.

 

SƏNƏT MÖMİNİ

Dilimizdə, sənətdə, ədəbiyyatda şərti anlayışlar işlədilir. Məsələn, filankəs natiqlikdə dahidir, filankəs muğam oxumaqda dahidir, filan­kəs səbrdə və b.k. Burada biz “sənət mömini” ifadəmizi şərti xarak­terlə demirik. Doğrudan da Yanardağ Sabir sənətdə möminlik zirvəsinə qalxdı və bunu da biz həqiqi anlamda sunmaq istəyərdik.

Mömin sözü dini anlayışdır, ancaq möminlik eləmək sadə yaşa­mın nizamıdır. Sənətdə möminlik də Yanardağın yaşam quruluşuna aid­dir. Biz bunu onun “İstibdad və İstila, yaxud Xeyirlə Şər arasında Bəşər Aqibəti” əsərində aydın müşahidə edirik. Onun, ictimai həyatı sənət vasitəsilə izahı çoxcəhətlidir. Yanaşma üslubu aydındır, tez anla­şı­­landır, məntiqi qabiliyyəti cazibəlidir. Ədəbi dastanlardan gö­tür­­düyü örnəklərlə özünün təhlili elə bir ahəngdar biçimə düşür ki, adamda oxuculuq qabiliyyətini yeniləyir. Həm də hadisələrin təhli­lində bəşər həyatının bütün dramatizmi – ziddiyyətləri, ülviy­yətləri, geriliyi, inkişafı dərk olunan bir şəklə düşür. Əsər boyu Yanardağın bəşər həyatına münasibəti iki cəbhədə inkişaf edir. Biri şərin “şıltağı” və bəşər övladının bu şıltağın qarşısında çaşbaş düşməsidir. O biri isə Xeyirin səbirdən qoparaq kükrəməsi və dünya­nın, həyatın maya­sında məhz özünün (xeyirin) yaşamasını sübut eləməsidir. Yanardağ əsər boyu bir çox yerdə vurğu edir ki: “bəşər Xeyirə nisbətən Şəri daha asan həzm edir”. Ancaq həm də bütün mərhələlərdə Şərin fəsadlarına qarşı Xeyirin ülviyyətini qabardır. Sübut etməyə çalışır ki, Şər nə qədər tarixi aşamaları zədələmiş görünsə də, heç vaxt Xeyirə qalib ola bilməyib. Çünki varlığın mahiyyətində Xeyir var. Şər gedişat­dadır, Mənada deyil.

Sabir Yanardağın təhlilləri M.S.Ordubadinin əsərləri ilə başlayır. Bu əsərlərin leytmotivi üzərində o, Şərin genişlənmə səbəblərini və yaşama qanunauyğunluqlarını çox ustalıqla izah edir. İstibdad özünə daim yeni keşikçilər hazırlayır, onlara özü mühit düzəldir və bu mühiti ifadə eləmək üçün xarakter aşılayır. Kitaba üz tutub fikrimizi bir misalla möhkəmlətməyə çalışaq:

“İstila gedişinin özü hələ lap başlanğıcda qırğın və dağıntı hesabına başa gəlir. Sonra o, əsarət durumunu saxlamaq, ictimai qüvvələri öz məqsədinə tabe etmək üçün güclü və sağlam qüvvələri məhv edir. Lakin o, tora salmaq və hipnoz etmək naminə canavar təbiətini gizləmək üçün mələk tülünə bürünməlidir. Bu zaman məhv etməyin mürəkkəb və daha amansız üsulları başlayır. Bunun ilkini və başlıcası parçalamaq yolu ilə məhv etməkdir. O bu iş üçün millətin öz içərisindən satqınlar, laqeydlər zümrəsi yaradır. Bu gedişat əvvəlcə milli cılızlaşmanın əsasını qoyur. Sonra o, xalqı məhv etməlidir…

Bu İstila ilə İstibdadın vəhdət təşkil elədiyi nöqtədir. İstibdad üçün gücsüz düşdüyü nöqtələr münbit bir mühit rolu oynayırdı.     O bu mühitdən istifadə edərək gücsüz nöqtələri daha da artırır, şiddət­lən­dirir, pərakəndəliyə, satqınlığa, xaraktersizliyə, şərəfsizli­yə, ba­ya­­ğı­lığa, tənbəlliyə, bekarçılığa, qəbahətlərə, cinayətlərə, səfilliyə yeni tonlar verərək, qəddarlığın meydanını başdan-başa sulayır” (S.Y. “İstibdad və İstila”).

Buradan elə görünər ki, şər qarşısıalınmaz bir gedişatın, prosesin doğurduğu həyat tələbidir. İstibdad xarakterdə yaşayır, ancaq xarak­terə sığmır, daha mürəkkəb biçim alır və ümumbəşər həyatına hakim olana qədər böyüyür. Minillik bəşər tarixini izlədikdə də biz bunun şahidi oluruq. Sanki tarix də bu deyilənlərə dayaq durub şərin ye­nilməz olduğunu sübuta çalışır. Ancaq Asif Ata deyir ki, bəşər tarixi qaralamadır. İnsan əsil tarixi oxumayıb, çünki o, yazılmayıb. Əsil tarix İnsanlığın tarixidir. İnsanlığın tarixində şər yoxdur, yaxud çox epizodik və cılız görünür. Bunu biz Sabir Yanardağın öz əsərində Şərin qarşısına keçərək cəsarətlə söyləmələrində də görürük. O deyir ki, şər danışanda üzdən gözəl görünür və inandırıcı təsir bağışlayır: “amma bu gözəl inamlar və bu gözəl danışıq məntiqsizliklər seylabından ibarətdir. Kim şahidlik verə bilər ki, doğrudan da çarizmin boynuna belə bir vəzifə düşmüşdür? Əgər ilk hökmün varlığı şübhə doğurursa, ondan doğan bütün hökmlərin özülü mən­tiq­sizliklərə əsaslanmalıdır. Bir halda ki, biz hər cür istilanı cinayətlər və qəbahətlər dağarcığı hesab edirik. O nə qədər parlaq şüarlarla müşayiət olunsa da…”(S.Y. İstibdad və İstila).

Bəli, Şəri güclü sayanlar və yenilməz görənlər özlərinin cılızlığına bəraət qazandırırlar. Şər bu qədər güclü isə, əbədi məğlubedilməz isə nə üçün Xeyirin libasına bürünür, nə üçün Xeyirin mülahizələrini dilə gətirir, sözdə Xeyirin tələblərini ortaya çəkir?! Şər mahiyyətə dayanmır, dayansaydı, öz adından danışar­dı, hər yerdə açıq şəkildə öz yenilməzliyinin sübutuna çalışardı. Şər bilir ki, açıq əməllərdə öz xislətini üzə çıxaran kimi məğlub olacaqdır. Şər əməllər törədənlər həmişə bu əməllərin Xeyir xislətli olduğunu təbliğ edirlər. Həm də Şər xisləti ilə yaşayanlar özlərini qorumaq üçün daim bir araya gəlir­lər. Məhz Şərin güclü görünməsi də onu təmsil edənlərin üzdə bir araya gəlməsinə görədir. Ac, vəhşi qurdlar ovun üzərinə birlikdə ge­dir­lər. Ancaq öz aralarında ovu bölmək uğrunda bir-birini həm də gəmirirlər. İctimai həyatda da belədir, – Xəlqi ada, mahiyyətə uyğun yaşamayanlar ictimai təbəqə əmələ gətirirlər və Şər xisləti ilə dolanlar sürətlə bir araya gəlib güclənirlər. Toplumun sadə əməklə öz həyatını yaşayan kəsimini talamaqla dağınıq duruma salırlar. Bunun­la da güclü-gücsüz təbəqələr yaranır. Dövlət də ən çox bu təbəqələrin münasibətini tənzimləyir. Ancaq güclünün xeyrinə. Bu səbəbdən də dövlət daim özündə Şər xisləti daşıyır. Yənu dövlət Şər xislətli təbə­qənin aparatı rolunu oynayır. Bu aparat – istila yaradan istibdadçı güclərin birindən o birinə ötürülməklə xarakterini qoruyub saxlayır. İstibdad aşırı həddə çatanda toplumun, yəni məzlum təbəqənin içəri­sin­dən əks qüvvə səfərbər olunur. İdarəetmə ələ keçirilir. Zülm görmüş toplum sevinir, rahat nəfəs almaq istəyir. Bu dəfə taleyini öz içərisindən çıxmışlara tapşırır. Ancaq istibdad aradan qalxmır, yeni biçimdə həyata, münasibətlərə qayıdır. Gündən-günə artır, böyüyür və öncəki səviyyəsini bərpa edir. Bu dəfə yeni nəsildə yeni əks qüvvə dirçəlməyə başlayır və i.a.

Nəsillər bir-birini əvəz edir, ancaq bir nəsil özündən öncəkinin fəlakətlərinin səbəblərini əsaslı şəkildə dərk eləmir. Bu səbəbdən də ictimai faciə öz ahəngini qoruyub saxlayır. Ancaq bu faciələri tədqiq edən, öyrənən, öyrədən sənət örnəkləri də hər zaman ortaya çıxır və Xeyiri ölməzliyini sübuta yetirən “SÖZ”ü ortaya qoyur. İndi haq­qında bəhs etdiyimiz Yanardağ sənəti həmin örnəklərdən biridir və birincilərdəndir. Ona görə birincilərdən deyirik ki, biz Asif Atanın Mütləqə İnam Dünyabaxışının daşıyıcılarıyıq. Yanar­dağın bu əsəri­nin ərsəyə gəlməsi də Asif Atanın İnsanlaşma ideyasına uğurlu bir qulluq göstərməkdir. Asif Atanın təlimi Şərin niyə yaşaya bilməsini göstərməklə necə aradan qaldırılmasını yetirir. Bu cür möhtəşəm sə­nət örnəkləri isə şərin ikiüzlülüyünü, dağıdıcılığını, qanlılığını, alda­dıcılıq xislətlərini açıb göstərir. Biz də peyğəmbər işi ilə, bu işə qulluq göstərməni bir arada götürür və təqdim edirik.

Bayaq dedik ki, nəsillər dəyişir və təbəqələr arasında mübarizə də dəyişir, yenilənir. Ancaq əsaslı fərq ortaya çıxmır. Niyyətlər dəyişir, planlar dəyişir, mübarizə üsulları dəyişir, ancaq ədalət bərqərar olun­mur, çünki insan dəyişmir. Ona görə Asif Atanın ideya-baxışı insan üzərində qurulub və insanın dəyişməsi uğrunda mübarizə aparır. O, vurğu edir ki, hər cür sənət, ədəbiyyat, mədəniyyət örnəkləri insanın dəyişməsinə, onun öz mahiyyətinə uyğun yaşaması­na qulluq göstər­məlidir…

S.Yanardağın araşdırmaları çoxcəhətlidir. O, insanın fərdi aqibətini ictimai kontekstdə özünəməxsus bir uğurla qiymətlən­di­rərək, millə­tin varlığına bağlayır. Fərd-millət əlaqəsi həm fəlakət­lərin, həm də qurucu­luğun zəmini kimi dərk olunanda bütün ziddiy­yət­lər qarşı­mız­da işıqlanır və tərəqqi üçün yeni yön görünür. Fərd öz mahiy­yətini itirəndə millətin gücü sarsılır və “Cəmiyyətçilik” səviy­yəsinə enir. Şər də bu nöqtədə doğulur və həyatın ahəngini təd­ricən təla­tümə gətirir. Bu məntiq daha geniş – ümumbəşər səviy­yəsində də doğru­dur.

Bu əsərdə S.Yanardağ Şərqi dəyərlərin təsir gücünə və sıradan çıxa­rıl­masına da diqqət ayırıb. Dinin, mifologiyanın, sənətin, elmin insan həyatında yeri, rolu gerçək hadisələrə, yaşamın prinsiplərinə dayanı­laraq mənfi və müsbət çalarlarıyla izah edilmişdir. O bu mə­sə­lə­də “İliada”nın rəvayətlərinə üz tutmuş və bütün hadisələrin incəliklərini diqqətdən keçirmişdir.

Burada Şər və Xeyir qarşıdurması, döyüşü, xarakterlərdəki tələbi o qə­dər aydın, doğru ifadə olunmuşdur ki, daha geniş izahatlara ehti­yac duymuruq və birbaşa oxucunun əsərə başlamasını zəruri sayırıq. Söz yox, əsərdə müəyyən qırağa çıxmalar da yox deyil. Bəzən iste­dadlı aydınımız S.Yanardağ hadisələrin mənasını dastanın dediyi səviyyədən qırağa çıxarıb idealizə edir. Bu, ən çox “Axilles ülviy­yəti” dediyi məsələdə özünü göstərir. Biz burada məsələnin üzərinə getmirik, çünki niyyət sağlamdır və yanaşma Xeyirə ziyan gətirmir.

Başqa bir cəhət, əsərdə S.Yanardağın dili ərəbcə, farsca sözlərlə çox yüklüdür. Təbii ki, bunun səbəbi dilimizin sovet dönəmində daha çox qarışıq duruma gətirilməsi ilə bağlıdır. Ancaq bununla belə, əlbəttə, biz, dilçi, ədəbiyyatçı alimlərimizə qarşı güzəştli mövqenin yanlısı da deyilik. Dili qorumaq daha çox dilçilərin üzərinə düşür. Hər bir aydın öz yaşadığı çağda bacardığı qədər dilin saflaşmasına – özümləşmə­sinə çalışmalıdır.

Biz də Sabir Yanardağın “İstibdad və İstila, yaxud Xeyirlə Şər ara­sın­da Bəşər Aqibəti” əsərini redaktə və düzəliş edərkən, əsərin dilini bacardığımız qədər türkləşdirməyə çalışdıq. Dilimizin aydın və sadə sözlərini ərəb və fars sözlərinin yerinə qoymaqla onun (dilimi­zin) qarşısındakı sorumluluğumuzu az və ya çox ölçüdə yerinə yetir­dik.

İstəkli oxucu! Sənə təqdim olunan bu kitab İnsançılıq baxımından və milli şüurun inkişafı baxımından çox önəmlidir. Eləcə də ədəbi tənqi­din az qala sıradan çıxdığı bir çağda bu əsər ədəbi mühit üçün bir mayak rolu oynaya bilər. Biz belə düşünürük, inanırıq ki, gələcək nəsillər də müsbət yöndən əsərin dəyərini biləcəkdir.

Atamız Var olsun!

 

Soylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv