ASİF ATA. MÜTLƏQ TƏLƏB

İctimai İnqilab – cəmiyyəti baş-ayaq qoyur və çox cüzi nəticə əldə edir.

Azadlıq, Bərabərlik, Qardaşlıq… şüarlarının heç biri həyata keçmədi.
İnqilab həm də cəmiyyəti məhv olmaq təhlükəsi qarşısında qoyur.
Fransanı əslində Monarxizmi bərpa edən Napoleon xilas etdi.
Rusiyanı əslində totalitarizmi (Mütləq Dövlət Hakimiyyətini) təsdiq edən Stalin xilas etdi.
Ruhani İntibah – insanların İnamını, İdrakını, Mənəviyyatını, İradəsini kamilləşdirir və çox böyük nəticələr əldə edir: bəşəri mənəvi iflasdan, vəhşilikdən, əxlaq süqutundan qurtarır.
Ruhani hərəkatlar olmasaydı (məs. Zərdüşt hərəkatı, Budda hərəkatı, İsa hərəkatı və s.) insanlar yırtıcılıq və murdarlıq cəngəlliyində itib-batardılar.
İnqilab insanı köhnə cəmiyyətin zülmündən xilas etmək istəyir, ancaq əslində yeni əsarət yaradır. Ən yaxşı halda Möhtəşəm, Zorlu Dövlət peyda olur və həmin Dövlət insanı öz köləsinə çevirir.
İnsan üçün yaranmış yeni Dövlət İnsanı bütünlüklə zəbt edir: İnsan bir şəxsiyyət kimi heç səviyyəsinə endirilir, misilsiz bir antiinsanilik – insanilik bayrağı altında antiinsanilik – bərqərar olur.
Köhnə ictimai-siyasi quruluş devrilir, ancaq İnsanın qaranlıq iqbalına gün düşmür. Mülkiyyət ümumiləşir, (ictimailəşir, dövlətləşir), ancaq İnsanın qaranlıq iqbalına gün düşmür.
İstismarçı siniflər ləğv olunur, ancaq İnsanın qaranlıq iqbalına gün düşmür.
“Kiçik xalqları” azadlığa çıxarırlar, əslində isə onun azadlığını – müstəqil yaşamaq haqqını – əlindən alırlar.
Bərabərlikdən danışırlar – bərabərsizlik yaradırlar: imtiyazlar təzadı, maddi təminat fərqi ədalətə meydan oxuyur.
Təzə əyanlar, zadəganlar silkləri törəyib.
“Vahid ideologiya əsasında yaranan xalq” şüarı altında millətləri tədricən, ardıcıl şəkildə, məharətlə, “qardaşcasına”, “böyük xalqın” damlasına çevirirlər.
Dinlə döyüş şüarı altındaMütləqə İnamı sarsıdırlar.
Qabaqcıl İdrak şüarı altında idraksızlıq yayırlar.
Qabaqcıl Əxlaq şüarı altında əxlaqsızlıq yayırlar.
Vahid İradə şüarı altında iradəsizlik yayırlar.
Bu fəlakətli vəziyyət Mütləq bir tələb – Ruhani İntibah (Dirçəliş) Tələbi irəli sürür.
Ruhani İntibahın Məqsədi aşağıdakından ibarətdir:
I. Mütləqə İnamı təsdiq etmək.
II. Ruhani Varlıq olan İnsanı Kamilləşdirmək, Yüksəltmək, öz Mütləq Mahiyyətinə çatdırmaq.
III. Müstəqil, Azad, Vahid Xalq yaratmaq.
IV. İnsana layiq olan Ruhani Cəmiyyət qurmaq.
V. Şərqin Ruhani Ləyaqətini bərpa etmək.
VI. Bəşəri İnamsızlıq, İdraksızlıq, Mənəviyyatsızlıq, İradəsizlik bəlasından qurtarmaq.

Mütləq Tələb – Müqəddəs Tələbdir! Bu Tələbi həyata keçirmək üçün Müqəddəsləşmək gərəkdir.
Bu baxımdan, Mütləq Tələb həm də Müqəddəsləşmək Tələbidir!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv