Güntay Atalı. Sevgimin yönü

Son vaxtlar Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ilə ünsiyyətimizdə bir ənənə yaranıb: Soylu bəy bütün yeni yazılarını telefonda oxumaqla məni yazılarının ilk oxucusuna çevirir. Həm də işlədiyi yeni mövzularla bağlı düşüncələrini bölüşür mənimlə. Əslində buna mənim ehtiyacımın olduğunu o, məndən yaxşı bilir. Yaxşı bilir ki, onunla ünsiyyətim məni daim kökləyir, idrakımı duruldur, bilgilərimi zənginləşdirir, nizama salır. Soylu bəyin (bu ünsiyyətlər vasitəsilə) istəyi məni daha yetkin, ruhani mübarizəyə tam olaraq hazır görməkdir. Onun bu istəyi, təbii ki, təkcə mənimlə məhdudlaşmır, başqalarına da aiddir. Deyə bilərəm ki, o bu istəyini artıq məqsədə çevirib. Ona görə də zaman-zaman ruhani və idraki cəhətdən artmağıma səy göstərir. “Artmayan azalır” deyir Asif Ata.

Soylu bəyin mənə yönəlik diqqət və qayğısı nəticəsində bir il bundan öncəki vaxtımla hazırkı vaxtım arasında xeyli uğurlu dəyişiklik var. Bunu, məni tanıyan, çoxdan münasibət saxladığım insanlar da deyir. Qarşılaşdığım bu hal məni məmnun edir. Bu məmnunluğuma görə Soylu bəyə, hələ uzun illər Mütləqə İnam Ocağının Yükümlüsü kimi, uzun ömür yaşamasını diləyirəm.

Asif Ata ideyalarının xalqa verilməsində, gələcəyə çatdırılmasında Soylu Atalının əməyi, fəaliyyəti əvəzsizdir. Onun yaradıcılığı bütünlüklə Asif Ata Amalına xidmət edir. Bu isə, mübaliğəsiz demək olar ki, türk millətinə, ümumilikdə İnsanlığa xidmət deməkdir… Mən yazımın bu hissəsi ilə Soylu bəyin bütöv fəaliyyətini deyil, yalnız ümumi bir halını təqdim edirəm.

İndi sözümü mənə telefonda oxuduğu son yazılarına yönəltməklə bir-iki arzumu vurğu etmək istəyirəm. Bəli, Soylu bəy bu dəfə özünün yaradıcılıq xəzinəsinə zənginlik qatan bir yox, iki son yazısını oxudu mənə. Onlardan biri “Milli Dəyər dövlətin özülüdür”, o biri isə “Türk Ruhu – Xilaskar Dəyərdir” adlanır. Hər ikisi ruhlu yazıdır. Dinlədikcə, Günev Atalı demiş, “ürəyimin sarı simini çalırdı”. Bu yazılar həcmcə çox böyük olmasa da, məzmun və məna baxımından çox zəngindir. Ölkə ziyalılarına xalqın gələcəyi ilə bağlı düşünmək üçün ciddi səbəblər verir. Yetər ki, bu cür təfəkkür nümunələrini dəyərləndirə bilən vətənsevər insanlar qabağa dursunlar. Axı xalqın dəyərlərinin qorunmasında əsas məsuliyyət ziyalıların üstünə düşür. Bu səbəbdəndir ki, Asif Ata Ocağı qəlbində milli sevgi hissi, vətən təəssübkeşliyi, insanlıq ülviyyəti daşıyan hər bir insanımızın üzünə qapılarını həmişə açıq saxlayır. Ocağın verdiyi idraki imkanlardan yararlanmaq – qurulmaq deməkdir!

Soylu bəyi adına yetirən, layiq edən Asif Ata Ocağı olub. Ata Ocağı böyük məktəbdir. Ona görə də onu həmişə dinləyəndə Ocağın xalqa nə qədər gərək olduğunu anlayıram, Ocaqsız xalqın xalq olacağına isə inanmıram. Bu inamım zaman keçdikcə daha da bərkiyir, bütövləşir. Əvvəllər Soylu bəyin “Ocaq xalq yaradır” fikrini tez-tez dilə gətirməsi məni düşündürürdü. Bunun gerçək anlamda nə demək olduğunu özüm üçün müəyyən etmək istəyirdim. Yəni bu fikir mənə bir az, hətta bir azdan da çox böyüdülmüş gəlirdi. Təbii idi, çünki mən onda Atanı, Ata Ocağını, Ocağın qarşısına aldığı hədəfləri tam olaraq bilmirdim. Bununla belə, Ocağa olan sevgim, inamım məni şübhəçi olmağa qoymurdu…

Soylu bəyin son iki yazısını dinlədikdən sonra mən gerçəkdən Ocaq ideyalarının, fikirlərinin xalqın yaranmasında nə qədər böyük rol oynadığını təsəvvür elədim. Bəli, bu gün Ocaq demək olar ki, unudulmuş, sahibsiz buraxılmış dəyərlərimizə sahib çıxır, onları inkişaf etdirərək, gələcəyə aparır. Budur xalqyaratma əməli!

Xalqı özünə qaytarmaq, özünə oxşatmaq, yadlıqlardan arındırmaq cəhdləri və əməlləri ilə Xalq yaradır. Bütün bunlar asan başa gəlmir. Milli-insani sevgi ilə yanaşı Səbr, Əzm, İradə, İdrak tələb olunur. Ocağın yükü gerçəkdən ağırdır. Bu yükün nə demək olduğunu Ocaqçılar yaxşı bilirlər. Yalnız qürurla Asif Atanın Ruhani Evladıyam deyənlər bu yükü usanmadan daşıya və bu yükdən fərəh aldığını həmişə dilinə gətirə bilərlər.

Ümumiyyətlə, Ocaqla, Ocaqçıyla bağlı söz düşəndə mövzunu bir neçə kəlmə ilə qapamaq olmur. Hər təhlil olunan mövzu yeni mövzu açır. Soylu Atalının son yazılarını oxuyanda buna əmin oldum… Bu yazılar da o biri yazıları kimi mətbuatda çap olunacaq. Sosial şəbəkələrdə, saytlarda yer alacaq. Sözsüz ki, insanlar müəyyən qədər bu yazıları oxuyub bəhrələnəcəklər də. Zatən Ocaqçıların istəyi xalqın Ocaqdan bəhrələnməsidir. Amma bu insanların müəyyən qədər olması xalqın Ocaqla qaynayıb-qarışmasında hələ çox zamana ehtiyac olduğunun göstəricisidir. Buna baxmayaraq, biz bu insanların böyük say çoxluğu təşkil etməməsindən özümüzə fəlakət düzəltmirik. Buna haqqımız da yoxdur! Əlbəttə, könül Ocaqsevərlərin cəmiyyətdə gözə çarpacaq dərəcədə genişlənməsini indi istərdi. Ancaq bayaq qeyd etdiyim kimi, zamana ehtiyac var, bunlar xalqın yaranmasını təşkil edən prosesdir. Ocaq xalqa İnam verir. Xalqa, sözün həqiqi mənasında, xalq olmaq üçün, özünü bəşəriyyətdə təsdiq etmək üçün sağlam zəmin hazırlayır. Yuxarıda vurğuladığım kimi, xalqın unudulmuş, sahibsiz buraxılmış dəyərlərinə sahib çıxıb yeni dəyərlər yaratmaqla İnamçı nəsil böyüdür. “İnam Xalqı” gələcəyimizi daha da möhkəm, güvənli edər. Ocaq buna qətiyyətlə inanır.

Türk etnosunun ilk sistemli Ruhaniyyat fəlsəfəsinin yaradıcısını xalqımıza, bütövlükdə bəşəriyyətə təqdim edən Mütləqə İnam Ocağı əmindir ki, xalqı özgələşməkdən xilas edən, bu yolda hər bir çətinliyi göz önünə alan, ruhani mübarizə aparan Ocaqçıların əməyi, ləyaqəti dərk olunacaq. Xalq Asif Atanın Yoluna tapınmaqla həm keçmişinin, həm də gələcəyinin yiyəsi olacaqdır!

Atamız Var olsun!

 (arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv