Bütün televiziyalar Parisə bağlanıb. Baxırsan, düşünürsən, adamı ağlamaq tutur: 21-ci yüzil planetin bu başından o başına söz özgürlüyü axarında könül qırıqlığına uğrayıb, göz yaşına bürünüb, insan qanına bələnib. Aparıcı dövlətlərin başçıları: Obama, Olland, Merkel, Kemeron,.. Putin! – bir-birinin ardınca telekanallarda görünərək terroru, terrorçuları qınayırlar – özləri qınaq obyekti olmalı ikən!
İstənilən terrorun arxasında aydın nədənlər dayanır. İndilikdə də belədir. Terroru törədənlər – 12 jurnalisti birdən öldürənlər bəlli olub. Analitiklər bəri başdan bu terrorun kökünün müsəlman ölkələrinə bağlı olduğunu bildirirlər. Düzü, bunu bilmək üçün analitik olmağa gərək də yoxdur. Analitiklər daha dərinə gedərək terrorun başlıca nədənini, indilikdə kökünü, başçıları bugünlər bir-birinin ardınca telekanallarda görünüb terroru, terrorçuluğu qınayan dövlət başçılarında axtarsaydılar, bu daha düzgün, daha yararlı olardı. İllərdi biz dünyanın superdövləti, başlıca demokratiya yayıcısı olaraq tanıdığımız ABŞ-ın Azərbaycanla bağlı “prioritetlərini” özlərinin sıraladıqlarına uyğun olaraq qısaca belə görürük: 1) enerji istəkləri; 2) güvənlik – sabitlik; 3) insan hüquqları, demokratiya. Sonucda ortaya nə çıxır: söz özgürlüyünün boğulduğu, insan hüquqlarının tapdandığı, demokratiyanın, demokratik dəyərlərin ayaqlar altına atıldığı Absurdistan-Azərbaycan! Hələ mən çoxsaylı siyasi dustaq faktını demirəm…
Bizdəki 2003-cü il prezident seçkisindən sonra Almaniyanın ən ünlü qəzeti yazırdı: “ABŞ hökuməti Azərbaycanda demokratiyanı neftə qurban verdi”. Başqa-başqa Avropa qəzetlərinin fakta yanaşmalarında azacıq başqalıq vardı: kimi Azərbaycanda demokratiyanın enerji istəklərinə, kimi sabitliyə qurban verildiyini yazırdı. Başlıcası bu idi: bütün seçki dəyərləndirmələrində demokratiyanın qurban verildiyi göstərilirdi. Sonrası nə oldu: indi ABŞ başda olmaqla bir sıra bəlli dövlətlər Azərbaycanda özlərinin qurub, arxa durub gücləndirdikləri ƏJDAHA ilə baş-başa qalıblar. Eləcə də başda ərəb ölkələri olmaqla başqa müsəlman ölkələrində oxşar sorunlar yaşanmaqdadır.
2005-ci ildə Azərbaycan parlament seçkisinə gedirdi. Seçkidən üç-dörd ay öncə o çağkı dövlət katibi K.Raysın belə bir çıxışı yayıldı: “ABŞ Yaxın Doğuda 60 il (altmış il! – X.B.) özgürlüyü sabitliyə qurban verdi, indi aradan 60 il keçib, ortada nə özgürlük var, nə də sabitlik”. Bu çıxışdan sonra uyğun kordinatlar üzrə siyasətin köklü-köməcli dəyişəcəyini gözləmək olardı, ancaq aradan illər keçib, siyasətin, bəlli siyasətin, yapraqları da tərpənməyib. Gördüyümüz, bildiyimiz kimi, indi Azərbaycan başda olmaqla yalnız Yaxın Doğuda deyil, demək olar, bütün Orta Doğuda böyük, uzun bir sabitlik zolağı yaradılıb. Ancaq faktiki olaraq bu, sözügedən zolaqdakı rejimlər, rejim başçıları üçün yaradılan, yalnız onlara yararlı SABİTLİKDİR. Bu isə bir çox görsənişlərdən bəlli olduğu kimi, korrupsiya-repressiya-terror sabitliyidir. Antidemokratik rejim korrupsiya rejimi deməkdir. Korrupsiya rejimi repressiya rejimi deməkdir. Korrupsiya-Repressiya rejimi sonucda Terror rejimi deməkdir. Bunu biz demirik, planetar görsənişlər-faktlar deyir.
BMT göstəricilərinə görə, dünyada 50 milyona yaxın qaçqın var. Araşdırma aparılsa, onların çoxunun aparıcı dövlətlərin arxa durduğu SABİTLİK rejimlərindən qaçdıqları görünər. Bəlli olduğu kimi, o qaçqınlar bu gün sözügedən aparıcı dövlətlərin başlıca sorununa çevrilib. Avtoritar-korrupsioner rejimlər hakimiyətlərinin dəyişməzliyi üçün ölkədə sabitliyə qarantiya yaradacaq gerilikçi düşüncə ortamı formalaşdırırlar. İnsan hüquqlarının, demokratik dəyərlərin tapdanması üzərində yaradılan sabitlik yaşayış dözülməzliyi üzündən gec-tez qaçqınlığa, terrorizmə gətirib çıxarır. Özü də yalnız yetişdiyi ölkədə deyil, eləcə də qaçqınlıq faktoru olaraq yayıldığı ölkələrdə…