Xaliq Bahadır. Ucuzlaşan hökumət faktoru

Ağlasığmaz görsəniş baş verməkdədir:  neftin qiyməti son illər qalxıb yüksəldiyi dağ başından üzüaşağı yumbalana-yumbalana gedir. Kimsə onun haralarda dayanacağını bilmir. Bilirsə də (bilməmiş deyi), bunu dünyanı yönətən superdövlət bilir. Bunu da bilənlər bilir: neftin dünya bazarındakı qiyməti çoxdan bir sıra siyasi çıxarlara uyğun olaraq yönətilən qiymətlərdəndir. Dövlət, dövlətçilik düşüncəsindən çox-çox uzaq ikən, zəlzələdənmi, vəlvələdənmi gəlib dövlət başına çıxan, neft pulları üzərində özünü hamıdan güclü sayan bir para dövlət başçılarına indi yavaş-yavaş yerləri göstərilir. Son çağlardakı davranışlarından göründüyü kimi, Putin yanlışını anlamağa başlayıb…

Bizdəsə… Bizdə hələ kefdədirlər. Görün necə kefdədirlərsə, Nyu York Tayms qəzetinin acığını Obamadan çıxır, onu “ikiüzlü” adlandırırlar. Olsun, ancaq 22 illik sürüşkən, ikiüzlü siyasətlərlə Azərbaycanı korrupsiya-repressiya-terror bataqlığına gətirib çıxaranların, dönük siyasətləri ilə ölkəni bütünlükə yoxluğa surükləyənlərin Obamanı qınağa tutmasından böyük düşkünlük ola bilərmi? Obama qabaqca prezidentliyə aday, sonra prezident olaraq götürdüyü öhdəlikləri bir-bir yerinə yetirən kimsədir. Bu bir publisist, analitik sözü deyil, Obama adına bağlı iki dönəm prezidentliyin doğurduğu gerçəklərdir. Sözsüz, Obama iki yüz ildən bəri Amerika demokratiyasının görəvləndirdiyi ən böyük, ən effektli liderlərdən deyil. Bununla belə, prezident olaraq Obamanın da özünə görə çoxlu uğurlu, Amerikanı gücləndirən göstəriciləri var.

22 illik Əliyevlər hakimiyyətinin trilyonlarla gəlir içində Azərbaycanı gətirib batırdıqları bataqlıq da bir göstəricidir: korrupsiya dövlətçiliyi göstəricisi! Dünyada neftin qiyməti qısa bir sürədə az qala 150 dollardan 47 dollara düşüb, bu ölkənin başında duran adam açıq-açığına xalqa yalan danışaraq deyir: “neftin qiymətinin düşməsi bizə təsir etməyəcək”. Bu necə ola bilər? Bir yandan bizim Avropaya inteqrasiya olunmağımızdan danışmaq, o biri yandan Avropadan əsən, daha doğrusu, əsdirilən bir küləyin, bizdən yan keçəcəyini söyləmək hansı məntiqin törəməsidir? Belədirsə, ortada heç bir “təsir” yoxdursa, yoxsulluq içində boğduğun xalqı yanacağın qiymətindən tutmuş, başqa qiymətlərədək yeni-yeni qiymət artımları ilə niyə yükləyirsən? 22 illik bu sayaq paradoksal siyasətlərə, bu siyasətlərdən geri qalmayan paradoksal davranışlara  görə dünya mediası bu gün Azərbaycanı Absurdistan adlandırır. Sizin demokratik dünya gerçəkləri – QANUNÇU DÖVLƏT anlayışları ilə bir araya sığmayan düşüncəsiz siyasətləriniz, bu siyasətlərə bağlı davranışlarınız Azərbaycanı bütünlüklə Əliyevlər adına bağlı, əliyevçiliyə bağlı Absurdistana çevirib.

2013-cü ildən bu yana Gürcüstanda yanacağı dönə-dönə ucuzlaşdıran əliyevçi rejim Azərbaycanda yanacağı dönə-dönə bahalaşdırırsa, rejim yetkililərinin dediyi kimi, yalnız satılmayan jurnalistlər, yalnız satılmayan müxalifət “düşmən” “vətən xaini”,  “beşinci kolon” deyil, bütün Azərbaycan xalqı bu kateqoriyadan olan “ünsürlərdir”:  sənin bunu bir belə mindiyinə, bunun sənə bir belə dözdüyünə görə! “Kənd təsərrüfatı” dediyin aqrar sektoru 21 il  bilə-bilə dağıdandan sonra, yanacağın qiymətini qaldıra-qaldıra kənd təsərrüfatını dəyərsiz-gərəksiz kölə-qul təsərrüfatına çevirəndən sonra!- hakimiyətinin 22-ci ilini “kənd təsərrüfatı ili” adlandırmaq da Absurdistan gerçəyi demək deyilmi? Başqa bir yandan bu, qazandığının 50-60 faizi yeməyə gedən sosial-siyasi, ideya-mənəvi YOXSULLUQ ölkəsində yaratdığı bahalığa uyğun UCUZLAŞAN hakimiyyət faktoru deyilmi? Əriş-arğaclarıyla bağlı olduqları Rusiyada kultura, tarix, ədədiyyat-söz ili keçirilirkən, bunlar da burda “kənd təsərrüfatı ili” keçirirlər – hakimiyyətlərinin o başından (1969-dan) bu xalqa yalnız gəlir-qazanc obyekti olaraq baxdıqları üçün!..

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv