Tariximizi sümürənlər – Qoltuqlarda sürünənlər

(Türkel Araşdırma Qurumu təqdim edir)
Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün biz “Türkel Araşdırma Qurumu” adına yenidən bir araya gəldik. Bugünkü qonumuz milli dəyərlərimizi savunmaqdan və sunmaqdan ibarət olacaq. Bu baxımdan biz dəyərlərimizlə bağlı vaxtaşırı söhbətlər aparırıq. Çünki buna çox böyük ehtiyac var. Onu da deyim ki, biz 4 il bundan öncədən başlamışıq bu söhbətləri, Abil bəy, Ağşın bəy və mən. Köklü şəkildə dəyərlərimizi araşdırmış, ona milli-mənəvi-fəlsəfi yöndən qiymətlər verməyə çalışmışıq. Həm də bu fikirləri soydaşlarımıza sunmaq istəyində bulunmuşuq. Nədən qaynaqlandı bu istək? Sovetlər dağılandan sonra zəruri olaraq türkləşmə prosesi başladı. Bu türkləşmə prosesi qarşısıalınmaz bir həddə gəlib çatmasın deyə, gözümüzün qabağındaca hər zaman ona qarşı müxtəlif, çeşid-çeşid təbliğatlar quruldu. Qarayaxmalar başladı. Çaşdırıcı əməllər, yazılar, ədəbiyyatlar və ilaxır. Hər yerdə demək olar ki, insanları çaşdırmaqla məşğul oldular. Bu gün də həmin proses davam edir. Bəs gəncliyimiz kimdən öyrənsin, nədən öyrənsin milləti, millətin dəyərini, etnik kimliyini, onu ayaq üstə saxlayan keyfiyyətləri; Xəlqi ruhun özülünü təşkil edən böyük, uca dəyərlərimizi hardan öyrənsin, kimdən öyrənsin? Bunun təbliğatı getmir. Bunun maarifçilik işi getmir. Televiziya, mətbuat bununla uğraşmır. Aparıcı mətbuat birmənalı şəkildə siyasi çəkişmələrlə uğraşır.  Məktəblərdə isə milli dəyər adına heç bir eyitim yoxdur. Fənnlər öyrədilir, daha mən bu qonunu genişləndirmək istəmirəm hansı səviyyədə. 

IMG_0168

Gənclik də ki, bəllidir, aktiv kəsimi sosial şəbəkələrdədir. Ona görə çalışıb, heç olmasa, internet xəttiylə nələrsə deyə bilək. Televiziyaya çıxa bilmirik. Yazılı mətbuat da ki, dedik, bu cür məsələləri geniş şəkildə yayımlamır. Balaca müəllif yazıları istəyirlər, balaca-balaca yazılar. Bu səbəbdən də hesab edirik ki, bu cür söhbətlər gərəklidir və biz Asif Ata Ocağının bu ünvanında qapını açırıq ki, aydınlarımız, ayrı-ayrı millətsevərlər, vətənsevərlər vaxtaşırı bir araya gəlsinlər. Hər kəs öz sevgisiylə, öz idrakının gücüylə, öz gücünü səfərbər edib millətinə sahib çıxmağa çalışsın. Onun dəyərlərinə sahib çıxmağa çalışsın, gəncliyinə sahib çıxmağa çalışsın. Gəncliyə sahib çıxa bilmədiyimizdəndir ki, çeşid-çeşid qüvvələrin toruna-torbasına yuvarlanıb düşürlər. Təriqətlərin torbasına gedib düşürlər. Öz millətinə, dövlətinə, xalqına qarşı işlədiklərinin fərqinə varmırlar. Sonucda hakimiyyətin basqısına uğrayırlar və zindanlara doldurulurlar. Bax, belə bir proses gedir. Bu xalqın da gələcəyinin dayağı xalqa layiq, özünəyarar gəncliyin oluşmasından keçir. Lap gənclikdən başqa da, elmli, təhsilli insanların özləri də çoxluq etibarilə yalındır. Siz bunları yaxşı bilirsiniz. Bu yalınlığın bəlasıdır ki, bizim dəyərlərimizə qara ürəklər tərəfindən hücumlar olanda çox adam səsini çıxara bilmir.

IMG_0283

Bu yaxın vaxtlarda, kimlər izləyib bilmirəm, mən onun lap sonunu izlədim, ANS televiziyasında bir veriliş getdi. Orada Babəklə bağlı fərqli fikirlər ortaya gəldi. Hətta Babəki savunanlar belə axıra qədər ortaya doğru fakt qoymurlar. Fakt bir yana, deyək ki, fakt qıtlığı var, doğru məntiq qoymurlar. Kimsə Babəki müsəlman elan eləyir, kimsə sapıq elan eləyir, soysuz elan eləyir, Azərbaycana dəxli yoxdur deyir. Kimsə deyir milliyyəti türk deyil, kimsə ateist deyir. Hərə öz bildiyi səviyyədə ortaya arqumentlər səpələməyə çalışır. Bunu oxuyan Azərbaycan gəncliyi, doğrudan da, çaşbaş duruma düşür. İndiyə qədər onun qulağı çaldığı Babək adlı şəxsiyyət görəsən türkdürmü, türkə gərəkdirmi, dəyərdirmi, qəhrəmandırmı, yoxsa bu xalqın düşməni­dirmi?! Yəni belə söhbətlər gedir. Fakt, məntiq ortada ola-ola açıq şəkildə danırlar.

Yaxud da götürək Şah İsmayıl Xətai ilə bağlı. Elə cəfəng iddialar irəli sürülür ki, dilə gətirilməsi mümkün olmayan ifadələr. Şah İsmayıl türkün düşməni imiş sən demə.

Yaxud bunu siz bilirsiniz, Sərdar Cəlaloğlu Koroğlunu xalqın düşməni elan eləyir. Bu cür məsuliyyətsizliklə xalqın meydanına çıxıb ağına-bozuna baxmadan xalqa meydan sulamaq o deməkdir ki, bu millətin sahibi yoxdur.

Asif Ata Azərbaycanımız – Azərbaycanlığımız adlı dəyər sistemi yaradıb. Bu xalqın dəyərləri­nin özülünü vurğu edib. O deyir ki, bəşəriyyətə ilk peyğəmbəri Azərbaycan verib. Onu da əsaslandırır. Bu Zərdüştdür. Onun bütün yaradıcılığının özülü, özəyi İşıqçılıqdır. Deyir Dədə Qorqud, İşıqçılıq hadisəsidir. Bir xətt üzrə, bir mahiyyət daşıyır. Babək Xürrəmidinlik – yenə İşıqçılıq hadisəsidir. Mən bunları geniş açmayacam burda. Yaxud Füzulilik – İşıqçılıq hadisəsi­dir. Hürufilik – İşıqçılıq hadisəsidir. Muğam – İşıqçılıq hadisəsidir. Saz – İşıqçılıq hadisəsidir. Azərbaycan budur. İndi bunların hamısını bir-bir uçura-uçura gəlirlər. Bilirsiniz hədəf nədir? Konkret olaraq hədəf odur ki, yenə deyirəm, Sovetlər dönəmindən sonra zəruri şəkildə türklüyün inkişafı ki gündəliyə gəldi, bunun qarşısını almaq üçün bu millətə nə istəyirsən elə, təki türkləşməsin. Təki millətləşmə prosesi getməsin, yenidən islamlaşsın, müsəlmanlaşsın.

Ən böyük bəlası müsəlmanlaşması­dır. Bax, bu baxımdan da bu və başqa şəkildə qıraq qüvvə­lərin buyruğunda, etkisində fəaliyyət göstərən adamlar var. Onların cibinə nə qoyurlar, onlara hansı yardımı edirlər, Azərbaycan iqtidarına da bəlkə təsir göstərirlər ki, onlar vəzifədə qabağa çəkilsin. Onlar deputatlığa çəkilsin və s. mümkün şeylərdir. Bütün bunların hamısı ona görədir ki, bu adamlar qabağa çəkilir və tanınır. Şöhrətə mindirirlər, ondan sonra xalqın ekranına, efirinə çıxardırlar ki, bu xalqı söy. Baxın, uzun illərdir ki, xalqı söyürlər. Bu adamlar türk sözünü çox işlədir, amma başa düşmürlər ki, bu türk sözünün altında nə var axı? Türk sözünün altında konkret bir dəyər olmalıdır. Nəyi ifadə edir türk sözü? Türk kimliyi olmalıdır. Türk dəyəri olmalıdır. Türkü türk eləyən xassələr, keyfiyyətlər olmalıdır o sözün, o imzanın altında. Bunların heç biri yoxdur. İslam dünyagörüşünü, başqa ideologoiyaları ora qatırlar, bizə aid olmayan, gərək olmayan, bizə zərər olan. Bax, Meydanda olanlar bunun daşıyıcılarıdır. Bunlar çox asan danışırlar. Çox dirənişsiz danışırlar. Bax, buna görə də hesab edirik ki, sözün qiymətini bilən, sözü tanıyan ayrı-ayrı insanlarımız buyursunlar, vaxtaşırı bir araya gələk, öz sözümüzü deyək və xalqın dəyərlərinə sahib çıxaq. Heç olmasa, mətbuata, internetə çıxaq, çaşdırıcılıqlara aydınlıq gətirə bilək. İndi istəyirəm söhbətimizi  bu yöndən Xaliq bəy davam eləsin.

Xaliq Bahadir

Xaliq Bahadır: Babəklə bağlı ortaya belə bir ideya atıblar ki, Babək sovet ideologiyasının yetirməsidir. Sovet ideoloqlarının yaratdığı bir obrazdır. Babəkin 22 illik çarpışmasını bir qırağa qoyurlar, belə deyirlər ki, onu sovetlər yaradıb. Babək dönəmini bir az öyrənməklə Babəki dəyərləndirmə faktları var. Bir az İslamı bilməklə Babəki dəyərləndirmə faktları var. Mənim fikrimə görə, Babəki yetərincə dəyərləndirmək üçün İslam dövlətinin tarixini yaxşı bilmək gərəkdir. İslam imperiyasının tarixini bilmək gərəkdir. Onlarla yanaşı islam dövlətinin, islam imperiyasının yürütdüyü siyasəti incəliklərinədək bilmək gərəkdir. Tutduqları ölkələrdə hansı siyasətləri yürüdüblər. Ondan sonra Babəki gərəyincə dəyərləndirmək olar.

Mən istəyirəm bir az İslamdan danışım. Deməli, Məhəmməd peyğəmbər yəhudilərin bir torpağını tutub almışdı. O, böyük bir kənd idi. Geniş torpaqları vardı, Fədək adlanırdı. O ad indi bizə də gəlib çıxıb. Çox verimli torpaqları vardı. Məhəmməd ölüm ayağında o torpağı, o kəndi qızı Fatiməyə bağışlayıb, vəsiyyət eləyib. Məhəmməd öləndən sonra qaynatası Əbu Bəkr iki il xəlifə oldu. Əbu Bəkr xəlifə olan kimi kəndi Fatimənin əlindən aldı. Bununla da o kənd uğrunda İslam tarixi boyunca uzanan, bugünlərədək gəlib çatan çarpışma başladı. Qabaqca kənd uğrunda çarpışma getdi. Yüzillər boyunca xəlifələr dəyişdi, çarpışma elə də qaldı. Sonra o keçdi bilginlərə. Sünni bilginlərlə şiə bilginlər bu gün də  çarpışma aparırlar. Sünnilər deyirlər Əbu Bəkrin kəndi almağı düzgün idi. Şiə bilginləri deyirlər Fatimə düz yolda idi. Baxın, bir dənə fakta. Bu faktla bağlı İslam hələ indiyəcən ortaya konkret bir baxış qoya bilməyib. Mən bunu Babək faktına gətirirəm. Bu bir faktdır. Başqa bir fakt nə idi? Dörd xəlifə oldu: Əbu Bəkr, Ömər, Osman, Əli. Doğu tarixçiləri də, ərəb tarixçiləri də, Qərb tarixçiləri də, Avropa tarixçiləri də bunu dörd xəlifənin ədalətli dönəmi adlandırırlar. 4 doğruçu dönəm, düzgün dönəm adlandırırlar. Baxın, bu elə-belə şey deyil. Biz Babəkə dəyər verəndə bu faktları unutmamalıyıq. Deməli, dörd xəlifə doğruçu oldu. Sonra nə oldu? Sonra bir sıra fırıldaqçılar gəldilər hakimiyyətə, xəlifə olaraq, əyyaşlar gəldilər, əxlaqsızlar gəldilər. İndi bunu qoyuram qırağa. Deməli, iki partiya yarandı. Bir sünni partiyası, bir şiə partiyası. Bu yanda Əli idi, o yanda Osman. Əlidən sonra Əməvilər gəldilər hakimiyyətə. Əməvilər Osmanın törəmələri, uzaq qohumları idi. Yüz iləcən onlar hakimiyyət başında oldular. Öz bildikləri kimi islamı yönəltdilər. Azərbaycanacan gəldilər. Sonra hakimiyyətə gəldi Məhəmməd peyğəmbərin əmisi Abbasın törəmələri. Onlara da, bilirsiniz, Abbasilər deyirlər. Əməvilər 661-ci ildən, yəni Əlinin ölümündən 750-ci ilədək oldular. 750-ci ildən 1258-ci ilədək Abbasilər oldular. Abbasilər hakimiyyətə gələndən sonra nə oldu? Əməvilərin bütün soyunu kəsdilər. Qırdılar hamısını İslam bayrağı altında. İslam qanunları adı altında hamısını qırdılar. Harda tapdılar onları qırdılar. Baxın, bu belə oldu. Sonra Abbasilər bu cür hakimiyyət sürdülər. Bunun üstündə ayrıca dayanmıram. İki partiya arasında sonacan savaş getdi. Bu gün də o savaş bir az səngimiş halda gedir. Yəni sünnilərlə şiələr arasında. Böyük ərəb qəbilələri, İslamdan qabaq olduğu kimi, okeanda böyük balıqlar balaca balıqları udduğu kimi, böyük qəbilələr kiçik qəbilələri udurdu. Sonra o böyük qəbilələr arasında durmadan çarpışma gedirdi. Bu çarpışmalar o partiya çarpışmaları ilə bir yerdə o imperiyanın ən ucqarlarınadək uzanıb gedirdi. Bir də Fatimilər vardı bilirsiniz. Onlardan ayrılmışdılar. Şiələrdən də ayrılmışdılar. Sonra xaricilər vardı. Bunlar hamısı ən ucqarlaradək yayılıb çarpışma aparır­dılar. Tutaq ki, Əlinin tərəfdarları Azərbaycanadək yayılmışdılar. Onda o coğrafiya İran gedirdi. Adam­larını, missionerlərini  göndərmişdilər. Hakimiyyətə qarşı yerli adamları qaldırırdılar. Baxın haa, xəlifəliyə qarşı yerli adamları qaldırırdılar. Babəkdən danışanda bunları unutmaq olmaz. Çalışırdılar imperiyanın ayrı-ayrı tutduğu yerlərdə mərkəzə, baş hakimiyyətə qarşı çıxış­lar olsun. Bununla yanaşı nə olurdu? Əməvilərdən qabaq belə idi: tutduqları ölkədə qanunu belə qoyurdular, kim islama keçir keçsin, bizim adamdır. Kim keçmirsə, vergi verməlidir. Özü də böyük vergi qoyurdular. Ömər imperiyanı Hindistanacan yaymışdı. Əməvilər gəldilər neylədilər? Əməvilər gələndə böyük ərazilər, torpaqlar tutulmuşdu. Bunlara nə gərək idi? – Dövlət hakimiy­yətini saxlamaq. Özü də bunların çoxu, ərəb tarixçiləri də yazır, Avropa tarixçiləri də yazır, araşdırıb yazırlar, əməvi xəlifələrinin çoxu, ləyaqətsiz, əxlaqsız, pozğun adamlar idi. Rüşvət, korrupsiya, burda da aydındır ki, çoxlu pul gərək idi. Neylədilər bunlar? Qanunu dəyişdilər. İslamın yazılmamış qanununu dəyişdilər. Dedilər islama keçənlər də vergi verməlidir. İslama keçməyənlərin vergisini lap artırdılar. Onda onlar da islama keçdilər. Ancaq yenə də vergi verməli oldular.

 Soylu Atalı: Üzr istəyirəm, islama keçənlər yalnız xərac verirdilər, islama keçməyənlər əlavə cizyə verirdilər. Üstəlik hər bir ərəb əsgərini bir gün, bir gecə evində saxlamalı idi. Burada millətin namus, şərəf məsələsi vardı.

Xaliq Bahadir

Xaliq Bahadır: Hə, mən onlara toxunmuram, çalışıram qısaca danışam, yenə də istər-istəməz uzanıb gedir.

Bundan başqa, bizdə bu gün də eşitmiş olarsınız, nənəmdən onu çox eşitmişəm. Geniş yayılmış bir deyim var Azərbaycanda, – “Ərəb öldü, qan düşdü”. Bu bilirsiniz nədir? İslam tarixini öyrə­nənlər bunu yaxşı bilir. Bu başlıca olaraq Abbasilər dönəmində oldu. Qanun qoydular. Azərbaycanı tutan ərəblər, tutaq, nə cinayət törədir törətsin, onu tutmaq olmaz. Qalası var, məhkəmə var-filan, uzaq başı bugünkü dillə desək, şərti cəza ala bilər. Amma lap ən böyük suç törətmiş ərəbi də öldürən Azərbaycanlını öldürürdülər. Məhkəmənin hökmüylə. Ona görə indi də bizdə elə şeylər çıxanda deyirlər ki: “ərəb öldü, qan düşdü”.

Həyətdəki alma, armud ağacına vergi qoydular. Vergiləri getdikcə artırdılar. Bunu ərəblər özləri də yazırlar, xəlifə hakimiyyəti xalqdan bütünlüklə uzaqlaşmışdı. İndi görün xəlifə hakimiyyəti xalqdan, öz ərəbindən uzaqlaşmışdısa, Azərbaycan kimi ölkələrdə necə idi? Azərbaycanda Babə­kəcən 200 il idi İslam Azərbaycanda vardı. Ancaq sonradan nə oldu? İslam burda güclənəndən sonra başladılar Azərbaycana ərəblər köçürdülər. Elələri də əsgərlər idi. Gəlib burda torpaqlara yiyələndilər. Mən “Fədək” söhbətindən ona görə başladım. Onlar aradan az keçmiş böyük torpaq­lara yiyələndilər. Əsgər gücünə alırdılar. Onda da bu yandan xalqla ərəblər arasında toqquşmalar başlayırdı. Vergidən başqa bir də ərəb xarakterində olan pozğunluqlar. Evlərə girib gözəl qızları, gəlinləri çıxarıb onlara yiyələnirdilər. Sonra yerli feodallarla gəlmə ərəb feodalları arasında istər-istəməz toqquşmalar başlayırdı. Bu olmaya bilməzdi. Ərəblər ordu gücünə istəyirdilər bütün Azərbaycana yiyələnələr. İndi baxın, bir Fədək uğrunda, bir kənd uğrunda Xəlifələr, nəsillər, ərəb soyları bir-birilə savaş aparırdılarsa, o böyük “Fədək” – Azərbaycan uğrunda nə olmalı idi?! Azərbaycan böyük “Fədək” idi. Çünki çox verimli idi torpaqları. İmperiyanın bəlkə də ən böyük varı-dövləti Azərbaycandan gedirdi.

Yavaş-yavaş intriqalar, çıxışlar yarandı. Babək birdən-birə ortaya çıxmadı. Babəkdən qabaq Cavidan oldu, Cavidandan qabaq başqa çıxışlar olmuşdu. Nəyə görə? Xalqda getdikcə ərəblərə nifrət yaranırdı. İslam qanunları Ərəbistanın özündə də sonradan arxa plana keçmişdi. Qabağa təcavüz qanunları keçmişdi. Açıq-aydın təcavüz, işğal qanunları idi bunlar. Təkcə Azərbaycanda yox, hər yerdə. Azərbaycanda daha güclü idi, Azərbaycanın var-dövlətinə görə, verimli torpağına görə. İstər-istəməz bu adamları qaldırırdı. Yavaş-yavaş orda oldu, burda oldu, tonqallar kimi, sonra Cavidan çıxdı ortaya. Cavidandan sonra ortaya Babək çıxdı.

IMG_0259

Babəki lənətləyirlər bu gün də. Bizim beynimizi elə yeyiblər. Bizim adamlarımız bu gün Babəki lənətləyirlər, İmam Hüseyni göyə qaldırırlar. Gəlin bunları analiz edək. İmam Hüseyn Əlinin oğlu idi. İmam Hüseynin nəsli deyirdilər biz seçkiyə baxmadan xəlifəliyə yiyələnməliyik. Ancaq o biri partiya deyirdi yox, seçkiylə başlayıb, seçkiylə getməlidir. Bunlar deyirdi nə olur-olsun, seçki olmamalıdır, Məhəmməd peyğəmbərin törəmələri xəlifəliyə yiyələnməlidir. Nə isə bu bizim işimiz deyil, özləri bilərlər, ərəblər bilərlər, islamçılar bilərlər. Ancaq burda nədir bizim üçün? Sən deyirsən İmam Hüseyn müqəddəsdir, Babəki lənətləyirsən. Babək öz torpağı uğrunda, öz milləti uğrunda ayağa qalxıb. Namus uğrunda, ləyaqət uğrunda çarpışma aparıb 22 il. Hüseyn Məhəmmədin, Əlinin törəməsi olsa da, hakimiyyət çarpışması aparıb. Biz demirik o pisdir,  yaxşıdır, yenə deyirəm, özləri bilər. İslam tarixçiləri bilər. Amma haqla yanaşmaq gərəkdir fakta. Babəkin çarpışması çox böyük çarpışma olub. Millət uğrunda, dövlət uğrunda. Onu müqəd­dəsləş­dirib bunu lənətləmək əslində Allaha qarşı çıxmaqdır. Allahın qoyduğu haqlara qarşı çıxmaqdır. Allah ərəbə Ərəbistanı verib, türk olaraq mənə Azərbaycanı verib. Bu mənim torpa­ğımdır, o onun torpağıdır. Babək gedib orda çarpışma aparsaydı onda Babəki qınamaq olardı.

Başqa bir faktı deyirəm. Babəkin öldürüldüyü il. Babəki bilirsiniz, xəlifə Mötəsim şaqqalatmışdı. Abbasilərdən olan Mötəsim. Mötəsim Babəki şaqqalatdığı ildə paytaxtı Bağdaddan Samirəyə köçürdü. O ili. Nəyə görə Xəlifəliklə Əməvilər arasında, İraqda yaşayanlar arasında böyük düşmənçilik yaranmışdı? O xəlifəliyin pozğunluğu, rüşvət, korrupsiya. Vergilər yalnız bizdə deyildi, bizdə daha çox artırılırdı. Orda da vardı. Ona görə ərəblər özləri də xəlifəliyə qarşı çıxmağa başlamışdılar. Mötəsimdən qabaq başlamışdı. Mötəsim lap gücləndirdi. Qul bazarların­dan alırdı, islamlaşmış türk ölkələrindən türklər aparıb özünə qvardiya yaratmışdı. O qvardiyayla da ərəblərin sözü tutmadı. Bir-birinə düşmən idilər. Ona görə də qvardiyasını da götürüb köçdü Samirəyə. Baxın görün, mən ordan-burdan danışıram, bunların hamısını bir yerdə araşdıranda Babəkə haqq qazandırmaya bilməzsən. İstər ərəb ol, istər türk ol, istər ingilis, fransız ol. Yəni bunları dərindən-dərinə araşdırmaqla Babək olaylarına yaxınlaşmaq gərəkdir. Babəki dəyər­ləndirmək olar.

 Soylu Atalı: Təşəkkür edirəm, Xaliq bəy. Söhbəti ayrı bir qonu ilə yeniləyək. Babəkə qarşı olanlar, eləcə də başqa dəyələrimizə qarşı olan adamlar Babəki soysuz və türkdən olmayan sayırlar. Onun türkdən olmamasını bəziləri onunla əsaslandırır ki, Babək qalada müdafiə xarakterli döyüş aparırdı. Yəni türklərin hücum xarakterli döyüşlər apardığını qabardırlar. Bəsit bir arqument.

Abil bəy, buyurun!

IMG_0206

Abil bəy: Günaydın, istəkli yurddaşlarımız! Mən öncə Xaliq bəyin Babəklə bağlı lokal fikirlərindəki bir detalı vurğulamaq istəyirəm. Xilafətin içində gedən problemlər iç problemlər idi. Azərbaycan mətbuatında uzun illər oxumuşuq ki, guya Babək də xilafətdə baş verən hadisələri bəyənmədiyinə görə xəlifələrə qarşı döyüşürdü. İstəməzdim belə yanlışlar yerisin. Babək əslində xilafətə qarşı döyüşürdü, xəlifənin kim olmağından asılı olmayaraq. 22 il də şərəflə döyüşdü. İstəyi isə Azərbaycan xalqının azadlığı idi. Asif Ata demiş, başı Bağdadda, ayağı Hindistana kimi gedib çıxmış böyük bir xilafətə qarşı bəşər tarixində görünməmiş bir qəhrəmanlıq örnəyi idi. Heç nə ilə müqayisə oluna bilməz. Sən 22 il dayanmadan olduğun ərazidə heç kimin bəşəri haqqını yemədən, ədalət haqqına dəymədən öz xalqının azadlığı üçün döyüşürsən. Baxmayaraq ki, xilafətin paytaxtı bizdən min kilometr aralıda idi, baxmayaraq ki, orda hansı siyasi proseslər gedirdi, hakimiyyətə kim iddialı idi, kim iddialı deyildi, onların şəxsi işləridir. İndi qayıdaq dəyərlərə. Qısaca.

Dəyərlərə niyə hücumlar olur? Bugünkü dünyanın halındanmı gəlir? Öncəki onilliklərdə bu qədər açıq-saçıq hücumlar olmurdu. Baxmayaraq ki, SSRİ adlı bir imperiyanın tərkibində idik. Dəyərlərə qarşı artan hücumlar mənə elə gəlir ki, dünyada gedən proseslərin nəticəsidir həm də. Ayrı-ayrı ağızlardan eşidirik ki, yeni dünya düzəni yaranırsa, yeni dünya idarəçiliyi də yarana­caqdır. Hətta qonşumuz rusların özündə belə, “russkiy mir” deyirlər, bunların patriarxından tutmuş hamısı, rus dünyası deyəndə təkcə rusları, Rusiyadan qıraqda yaşayan rusları yox, rus dilində danışanları da qəsd edirlər. Qərb dünyasında da dünyaya ağalıq eləmək, idarəçiliyə daha yararlı dövlətlər yaratmaq meyli genişlənir. Milli dəyərlər onların idarəçilik istəklərinə uyğun deyil. Dəyərsiz dünyanı idarə eləmək isə asandır. Bir rəng olacaq. Bir ağa olacaq. Azərbaycan niyə desin ki, mənim qəhrəmanım var, peyğəmbərim var, insana səcdə yaradan fəlsəfəm var, böyük musiqim var, böyük sənətim var?! Kimsə niyə desin ki, mənim minilliklərə bərabər tarixim var. Konfutsim var. Ərəb deyəcək ki, mənim filankəsim var. Bunlar hamısı dəyərsiz­ləşdiriləndən sonra dünya olacaq bir rəngli. Dəyərsiz bir dünya. Burda da hərbi-siyasi ağalıq olduqca asan başa düşüləcəkdir. Biz bilirik ki, Qərbin mətbəxində hazırlanan istənilən layihələr onilliklər keçdikdən sonra, yavaş-yavaş müxtəlif adlar altında, kimin üçün hazırlayıblarsa, onlara göndərilir. Mən burda bir-iki dəfə demişəm bu sözü, mədəniyyətlərarası dialoqdan danışırlar. 1962-ci ildə Amerikada hazırlanmış bir proqram idi. İndi də gətirirlər, Türkiyə Cümhuriyyətinin indiki cümhurbaşqanı başbaxan olduğu vaxt İspaniyanın başbaxanı ilə  bir yerdə dedilər ki, bu türk dünyasına bir etimaddır, mədəniyyətlərarası bir dialoqdur, bizi də sayıblar, belə bir şərəfə layiq görülmüşük.

IMG_0214

Amma bunu biz hazırlamamışıq. Bizim üçün də hazırlanmayıb. Əslində bizim əleyhimizə hazırlanmış bir şeydir. Dinlərarası dialoq. Hərdən bir çağırırlar, müxtəlif konfranslar keçirirlər. Azərbaycan gəncliyini, Soylu bəy də hərdən yanğıyla qeyd eləyir, Azərbaycan gəncliyinin də bir hissəsini dartırlar ora. Gedirlər, sevincək deyirlər ki, dinlərarası dialoqda biz də iştirak edirik, hədsiz dərəcədə dözümlüyük, tolerantıq, səbrliyik. Dəridən-qabıqdan çıxırlar ki, bax, görürü­sünüz, dinlərarası dialoq işində biz fəal iştirak edirik. Bununla da beynəlxalq maliyyə qurumları bunları  maliyyələşdirilər. Bu gün bir fakt eşitdim. 12,3 milyon Azərbaycanda olan 5 QHT-yə pul ayırırlar. Bu, bəs qədər böyük rəqəmdir. Beşə böləndə bunların hər birinə hardasa 2,5 mln pul düşür. Bəs yaxşı, nəyə görə bunlara bu qədər pul ayırırlar bir il ərzində? Antiazərbaycan fəaliyyətləri üçün. Həmin o mərkəzdə dəyərlərin ləğvi üçün dəridən-qabıqdan çıxırlar. Siyasi partiyalarda da umsunan adamlar var. İndi adını çəkmirəm, filankəsoğulları kimi, filankəssoylar kimi ki, dəyərlərə də müxtəlif yanaşma təsirləri hazırlayırlar. Bizim onilliklər boyu oturuşmuş dövlətimiz olmayıbdır. Dünyada gedən proseslərdə müstəqil iştirak eləməmişik. Bu gün də müstəqilliyimizdən qaçmaq istəyirik. Hər şeyin maddiyyata söykəndiyi dünyada ağzı sulananlar çoxdur. Onların Azərbaycan mətbuatında bəs qədər antiazərbaycan yazıları gedir. Azərbaycan gəncliyinin də, çoxluq etibarilə, ağlı-şüuru bu dəqiqə bilgisayarın əlindədir. Hara gedirlər ya telefondur qulaqlarında, əllərində, ciblərində, ya da bilgisayarın arxasında. İnternet adlanan ümumdünya məlumat şəbəkəsini biz yaratmamışıq. Onu da yaradıblar və bizim üçün yarat­mayıblar. Sadəcə olaraq ondan bəhrələnmək olar, bundan artıq yox. Əgər biz oranın bəs qədər alüdəçisi oluruqsa, artıq biz olmuşuq həmin interneti yaradanların. Özümüz üçün işləmirik, onlar üçün işləyirik. Diqqətli olmaq gərəkdir.

 Soylu Atalı: İndi mən yenə Babək məsələsi üzərinə qayıtmaq istəyirəm.

Deyirlər Babək müdafiə xarakterli döyüş aparıb, hücum xarakterli aparmayıb. Yəni qaladan çıxmayıb, qalada döyüşüb. Buna görə də onun türklüyünıə şübhə edirlər. Arqument budur ki, türk həmişə hücumçu mövqedə dayanıb…

IMG_0227

Xaliq Səfəvi: Bura yığışan hər kəs Babəki tarixi şəxsiyyət kimi qəbul eləyən insanlardır. O cümlədən mən də. Babək şəxsiyyətinə yanaşarkən sistemli yanaşamaq gərəkdir. Məsələn, həmin dövrdə Azərbaycan ərazisində mövcud olan Xəzərilər dövlətinin statusu və bu Xəzərilər dövlətinin Babəklə münasibəti, həmin dövrdə indiki Türkiyə ərazisində mövcud olan dövlət və ərəb xilafəti. Bu üç aspektdən araşdırılmalıdır. Bir qrup insanlar deyir ki, Babək türk deyil. Babək islama qarşı mübarizə aparmayıb. Halbuki Babək böyük bir ərazidə ərəblərin üç böyük diviziyasının dizini yerə qoyan sərkərdədir. Ərəb xilafətinin böyük ordusunu öz üzərinə çəkməyi bacaran azman bir sərkərdədir, dörd dəfə öz ərazilərindən çıxıb ərəb xilafətinin qoşunlarnı geri qovmağı bacaran bir sərkərdə və özünün pulunu kəsdirən, sikkəsini kəsdirən, özünün bayrağı olan sərkərdə…

 Xaliq Bahadır: İdeologiyası…

 Xaliq Səfəvi: Bayraq deyəndə ideologiya onun altında gedir.

 Xaliq Bahadır: Bağışlayın, mən bilirsiniz nəyə görə dedim İdeologiyası? Deyirlər müsəlman olub. Bayraqdan qabaq ideologiyadır. Deməli, ideologiyası vardı, bayrağı vardı, İslamın qara bayrağını qaldırmamışdı. Qırmızı bayraq qaldırmışdı.

IMG_0234

Yadigar bəy: …Nizamülmülk deyir Babək antiislam hərəkatıdır. Daha burda başqa şey axtar­maq nəyə gərək? Bu Hərəkat milli Azadlıq döyüşü idi.

 Xaliq Səfəvi: 22 il ərzində, yəni ömrünün ən cavan çağından vəfatına qədər əyilmədi. Hətta, 7-8 tarixi mənbələr göstərir ki, ərəb xilafəti ona 4 dəfə məktub göndərib. Gəl sənə ərəb xilafətində ən yüksək postlardan birini verək. Amma sən bizim ideologiyamıza qulluq elə. Bizim bayrağımızın altına keç. Babək isə, mərhum yazarımız İsa Muğannanın qeyd etdiyi kimi, bir gün azad yaşamağı qırx il əsarətdə yaşamaqdan üstün tutaraq edam olunub. Bu cür sərkərdəyə durub demək ki, türk deyildi, filankəs deyildi. Bəs kim idi? Əgər bizim ən böyük adamlarımız bu cür şəxsiyyətsiz insanlar olublarsa, türk ideologiyasına uyğun olmayan adamlar olublarsa, onda biz kimik?! Bu cür yalan təbliğat aparmaq bizim milli ideologiyamızı məhv eləməkdən başqa bir şey deyil. Xəzərilər dövləti tarixdə araşdırılmayıb. Bir tərəfdə böyük ərəb xilafəti, imperiyası vardısa, bir tərəfdə bütün Avropanı dizə gətirə bilən Xəzərilər imperatorluğu vardı. Xəzərilər dövləti IX yüzildə olub. Ərəblərin də ən yüksək müharibə dövrləri 7-ci yüzilin ilk çağları, 9-cu yüzilin axırlarıdır. Ən güclü fundamentallaşmış ərəb xilafəti dövrü. Bəs Xəzərilər dövləti haqqında niyə tarixdə bu cür bilgi yoxdur? Xəzərilər dövlətinin dini atəşpərəstlik, ideologiyası türklük idi. Sonra, bizim islamdan da öncə mövcud olan təkallahlıq dinimiz olub. Hansı ki, bütün dinlərin istinad yeridir təktanrıçılıq. İslamdan da qabaq, hətta atəşpərəstlikdən də qabaq mövcud olan təktanrıçılıq.

IX yüzildən başlayaraq Səlcuqilər hərəkatı yarandı, bildiyiniz kimi, Xorasanda. Anadoluya qədər gəldi çıxdı, Osmanlı imperatorluğunu yaratdı. Onun da silsiləsiylə Ağqoyunlular, Qara­qoyun­lular… dövləti yarandı. Bəs bu ərəb xilafətini açıb araşdıran, ərəbləri bizim gözümüzə soxmağı bacaran, bizi islamlaşdıran insanlar tanrıçılığı, türklərin bəşəriyyəti idarə etmə gücünü, türkün genindən gələn Tanrıya bağlılıq dinini və böyüklüyü, Allahlaşmağı bacaran Nəsimini, başqa türk sərkərdələrini, istər dini baxımdan sərkərdə, istər döyüş baxımından sərkərdə, niyə görmək istəmirlər?! Bizi özümüzdən çıxarıb, özümüzü özümüzə başqa formada niyə sırımağa çalışırlar?!

Azərbaycan gəncliyi, Azərbaycan ziyalıları Azərbaycan dövlətçiliyini araşdırarkən Azərbaycan xalqını ərazi adı altında araşdırmalıdırlar. Hansı ərazi Azərbaycandır? Məsələn, Azərbaycan dedikdə Urmiya başa düşülür, Təbriz, Xorasan başa düşülür. Bunlar hamısı araşdırılmalıdır. Biz münasibətlər sistemini qurarkən düzgün, sistematik şəkildə qurmalıyıq.

Azərbaycan gəncliyi yetişir bağçalardan, orta məktəblərdən, ali məktəblərdən. Biz orta məktəbdə Azərbaycan gəncliyini elə formalaşdırmalıyıq ki, yad təsirin altına düşə bilməsin. Məsələn, 500-700 bal toplayan Azərbaycan gəncliyi göndərilir xaricə. O qayıdıb gələndə deyirik ki, Avropa mədəniyyətini qəbul elədi. Niyə? Axı o ora gedənə kimi biz onun bünövrəsini elə qurmalıydıq ki, hansı mədəniyyət olur-olsun, o, özündə həzm eləməyi bacarsın. Əlbəttə ki, mədəniyyəti zəif olan bir insan güclü mədəniyyətin içinə düşəndə onu götürəcək, əsarətə düşəcək.

IMG_0226

Biz özümüzdə mənfiləri qiymətləndirib yaraları sağaltmağı bacarmalıyıq. Cəmiyyətdə belə çıxışlar daha geniş olmalıdır. Burda əyləşən yoldaşlar hamısı yetərincə intellektual səviyyəyə malik olan və Azərbaycanı sevən adamlardır. Amma bu iş getdikcə genişlənməlidir. O qədər geniş­­lənməlidir ki, gəncliyə nüfuz eləsin. Məsələn, 20-30 ildən sonra biz öz yerimizi aşağıdan gələn nəslə verəcəyik. Bizdən gələnlər yolumuzu davam etdirəcəklər. Bu gün Azərbaycan ziyalı­lığı özünü düşünmək psixologiyasından qırağa çıxmalıdır. Nəsimi demişkən, özünü unut ki, yadlığı unutdurmağı bacarasan.

Bir-iki kəlmə də Şah İsmayılla bağlı deyim. Deyirlər ki, Şah İsmayıl Xətai şiə olub. Şah İsmayıl Xətai 5 minillik dərvişlik hadisəsinin, türkün ana qolu olan dinlərə bağlanan bir təriqətdən gələn, bir soydan gələn dərvişlik hadisəsinin Nəsimisi kimi, Babəki kimi, bir hərəkatın yetişdirdiyi şəxsiyyət idi. Özündə Allahı görən idi. “Həqqi görən məni görsün” – bu ifadəni işlədən adam idi…

IMG_0195

Xaliq Bahadır: Babək nəyə görə Ərdəbildə idi? Güney Azərbaycanda. Burada Xəzərilər idi daha çox. Söhbət bütün Azərbaycandan getmir. Azərbaycanın verimli torpaqlarında başlıca olaraq ərəb feodalları yerləşmişdi. Mən birbaşa fokuslaşıram Bəzz qalasına. İndi partiya sədri də çıxıb deyir Babək qorxaq idi. Bəzz qalasında oturmuşdu. Məni düz başa düşün. Ərəb feodalları Azərbaycanda yerləşmişdi. Ərəb tacirləri dünyada kəşfiyyatçı rolunu oynayırdılar. Bu tarixi faktdır. Poçt rəisləri kəşfiyyatçı rolunu oynayırdılar. Babək belə bir ortamda özünə hərbi taktika seçməli idi. Hərbi strategiya seçməli idi. Qalasız neyləmək olardı onda? Ərəb sərkərdələri hər yerdə oturmuşdular. Babək də Azərbaycanı işğaldan qurtarmaq uğrunda çarpışırdı. Onun ideologiyası, dini, bayrağı var idi. Onların hamısının içində bu elə bil öz konsepsiyasını yarat­mışdı. O konsepsiyaya uyğun da çarpışma aparırdı. Başqa nə cür ola bilərdi? Bunun bir sığına­caq yeri olmalı idi. O, Beyləqanda ola bilməzdi, Beyləqanda qala yoxdur. Düzənlik  bir yerdi. Orda lap qala tiksən də, ərəb ordularının qabağında duruş gətirə bilməzdi.

Başqa bir şey. Lap ən uca dağın başında da qala quraydı Babək, orda 6 ərəb ordusunu necə darmadağın eləmək olardı? Olmazdı. Qılınc savaşı idi, artilleriya deyildi. Qırılıb qurtarmalıydı. Qırılıb qurtarmırdı. Nəyə görə? Babəkin ideologiyasına görə. Azərbaycanın hər yerindən Bəzz qalasına axın vardı. Xalq axırdı. Ona yardım edirdi, canıyla, qanıyla, yeri gəlsə, puluyla. Bunla­rın hamısını düşünüb danışmaq gərəkdir. Mən, Xaliq Bahadır çıxdım dağın başında oturdum bu gün, hər yerə ruporla yaydım, mən burdan bu hakimiyyətə qarşı vuruşuram, Amerikaya qarşı, Rusiyaya qarşı. Kim gələcək ora?! Mənim ortada ideologiyam yoxsa, mən bütünlüklə bu xalqa bağlı deyiləmsə. O bağlılıq da üç günlə, beş günlə olmur, illərlə olur. O gedir Cavidandan qabağa, Zərdüştlüyə, haralara çıxır. Tanrıçılıq, mən düşünürəm, çox böyük rol oynayıb. Bizim tarixçilər ondan yazmırlar. Quzey Azərbaycanda Albaniyada xristianlıq yayılmışdı. Güney Azərbaycanda tanrıçılıq vardı. Çox ola bilsin, Babək öz dinini Tanrıçılıq üzərində qurmuşdu. Onunla da xalqı birləşdirə bilmişdi. Necə ola bilər, yenə deyirəm, mən çıxım radioyaya, televiziyaya, xalqı başıma yığım. Elə şey olmur axı. Yoxdu belə bir şey. Bunun kökü olmalıdır. Bunun dayaqları olmalıdır. O dayaqlar da olduğuna görə, Babək 22 il, ərəb imperiyası kimi güclü, İspaniyadan Hindistana kimi uzanıb getmişdi, onun qarşısında duruş gətirirdi. Qalada gizlənib duruş gətirmədi. Çıxdı vuruşdu, 6 ordunu darmadağın elədi. Hər ordu da yüz əlli minlə üç yüz min arasında idi. Bunu ərəb tarixçiləri də yazırlar. Özü də qılıncla döyüşürdülər. Artileriya deyildi.

Babək olmasaydı, Rusiyanın yarısını, bəlkə də, ərəblər işğal edəcəkdilər. Bir yandan Xəzərilər, bir yandan Babək onun qarşısını alırdı. Rusiyanın yarısını, bəlkə də hamısını ərəblər işğal edəcəkdilər.

Bu boyda dünyada yalnız Babək 22 il vuruşa bildi. Ərəblərin qabağında dayana bildi.

Xaliq Səfəvi: Bizim tarixçilərimiz Babəki təkcə bir sərkərdə kimi verirlər. Babək dövlət başçısı olub. Onun bayrağı, pulu, ərazisi vardı. Bir ərazidə bayraq varsa, ərazi varsa, pul vahidi varsa, o, dövlətdir. Bizimkilər də durub deyir Babək üsyankardır.

Xaliq Bahadır: Elə xalqlar var, sayı 20 milyonu keçib, pul vahidi yoxdur.

IMG_0288

Soylu Atalı: Sonda bir neçə məsələyə istəyirəm aydınlıq gətirəm. Yəni mətbuatdan izlədiyimiz şəxslər tərəfindən ortaya atılan yanlış fikirlərlə bağlı. Babəkin türk olmamasına yönəlik arqumentlərindən biri budur ki, bayaq dedik, guya Bəzz qalasında müdafiə xarakterli döyüşlər aparırdı. İkinci arqument də odur ki, Babəkin ordusuna qarşı türklər döyüşürdü. Deməli, Babək türk olsaydı türklər onunla döyüşməzdi. Bu və buna bənzər arqumentlər sayırlar. Mən bununla bağlı bir fakt demək istəyirəm. Bir əks arqument demək istəyirəm daha doğrusu. Bizim hər birimiz sovet ordu sıralarında qulluq eləmişik. Mən o vaxt Türkiyədən SSRİ-ni qoruyurdum Sovet sınırında. O vaxtlar biz bilmirdik ki, Türkiyə kimdir, bizə dostdur, ya düşməndir. Əgər qəfil savaş baş versəydi, biz Sovet ordu sıralarının tərkibində Türkiyəylə döyüşəcəkdik. Mənim kimi yüzlərlə, minlərlə türk insanları Türkiyəylə döyüşəcəkdi. İndi burada arqument uyduraq ki, biz türklər Türkiyə ilə döyüşürdük, bəlkə Türkiyə türk deyil. Bilirsiz, bunlar olduqca bəsit arqumentlərdir və bunlar başqa dəyirmanları işlətmək üçün axıdılan sulardır.

Sonra Fazil Mustafa misal çəkir, Babəki millətin qəhrəmanı saymır, deyir ki, onun yerində gerçək qəhrəmanı biz tapa bilərik. O da kimdir? Nuru paşa və Nadir şah. Öncə mən Nuru paşa qonusunun üzərində vurğu eləmək istəyirəm. Nuru Paşanı Babəklə müqayisə eləmək çox ciddi naşılıqdır. Niyə? Nuru Paşa bizi, Bakını qırğından qurtarırdı. Ancaq heç bir ideoloji baxış gətirməmişdi. Bolşeviklərə qarşı heç bir ideoloji baxış ortaya qoymadı. Onu da deyim ki, hər il sentyabrın 15-də bu hadisəni özümüzünkülər, yəni azərbaycanlılar, boynumuza minnət kimi vurğulayırlar. Nuru Paşanın gəlişiylə boynumuza minnət qoymaq olmaz. O bizim qardaşımızdır. Qardaşın qardaşı qorumasını minnət kimi sunmaq olmaz.

Məsələyə dövlətçilik açısından yanaşılsa, bilmək gərəkdir ki, o dövrdə Osmanlının özünün maraqları var idi. Əgər Bakı xilas edilməsəydi nə baş verəcəkdi? Azərbaycan respublikasının yerində Ermənistan respublikası qurulacaqdı. Erməni yönətim quralı olacaqdı. Biz öz yurdu­muzda dövlətsiz etnik toplum durumuna gətiriləcəkdik. Onda ermənilər burada oturub Anadolunu qatıb-qarışdırmaqla bütövlükdə Anadoluya iddia edəcəkdilər. “Böyük Ermənistan” iddiası. Bunu Osmanlının başbilənləri bilirdilər. Bilirdilər və ona görə yürüş elədilər. Bu tama­milə ayrı bir xətt idi, ayrı bir gediş idi. Babək isə Milli Azadlıq Hərəkatı ortaya gətirmişdi. Bu hərəkat bir həvəs əsasında meydana çıxmamışdı. Onun özünün Xürrəmidinlik adlı dini vardı. Bu dini özündən öncəki baxışlara dayanıb formalaşdırmışdı. Konkret olaraq, Xeyir və Şərin mübarizəsi ideyası vardı Xürrəmidinlikdə. Xeyir və Şərin mübarizəsi ideyası Zərdüştdən gəlir. Zərdüştü bu gün vururlar, farslara aid edirlər, kürdlərə aid edirlər. Mən bunu da vurğu eləmişəm ki, biz Zərdüştə sahib çıxmırıq, kürdlər sahib çıxır. Niyə kürdlər sahib çıxdı? Fikir verin, Novruz-Ergenekon bayramını beynəlxalq bayram elan elədilər. Novruzu beynəlxalq bayram elan eləyən kimi kürdlər iddia elədilər ki, Novruz bizim bayramımızdır. Kürd deyə bir topluma dövlət yaratmaq üçün bunlar əsaslı faktlardır. Bəşəriyyətə böyük dəyərlər verməyən xalqlar böyük dövlət yaratmırlar. Gərək bəşəri mədəniyyətin qurulmasında, yaranmasında qatqın olsun. Kürdün qatqısı yoxdur. Ona görə kürd Zərdüştə iddia elədi. Sübut eləsin bəşəriyyətə ki, mən böyük dəyər vermişəm. Mən bəşəriyyətə Novruz adlanan bayram vermişəm. Baxın, bu məsələnin o tərəfi. Ancaq ərəblərin Zərdüştə böhtanları Babəkə böhtanlarından az deyil. Öncə onu deyim ki, Məzdəkiliklə Babəkiliyin demək olar ki, böyük bağlılığı yoxdur. Məzdəkilikdən Babəkə gələn yalnız ümumi­ləş­dirmənin bir xüsusiyyəti idi: Bərabərlik, malın-mülkün bərabər paylanılması, qardaşlıq… Yalnız bu idi. Başqa keyfiyyətlər Məzdəkilikdən Babəkiliyə gəlib çıxmayıb. Axtarsınlar, öyrənsinlər, tapa bilməyəcəklər. Sonra deyirlər, guya Zərdüştdə qardaşın bacı ilə ailə qurması qanunu vardı. Kökündən yanlışdır. Sasanilərin hökmdarı Zərdüştiliyi dövlət dini kimi qəbul eləyəndən sonra öz bacısıyla evlənmək üçün Yasnalara müdaxilə elədi. Ora həmin istəyi artırdılar. İndikilər onu Zərdüştün adına çıxdılar. Zərdüştdə bir ideya vardı: Bütün bəşəriyyətin əsas ideyaları qaynaqlanır ordan – “Təmiz fikir, təmiz duyğu, təmiz əməl”. “Troitsa” ordan bəhrələnib. Sufilərin ideyalarına baxın, “Təriqətləşmə, şəriətləşmə, mərifətləşmə”. Ordan gəlir, o ideyadan. Bütün dünyagörüşlərin əsas özül prinsipi ordan qaynaqlanır.

Xaliq Bahadır: Soylu bəy, orda formullaşdırma var, o formullaşdırma Zərdüşt ideologiyasını ailə baxımından açır. Zərdüştdə belədir: əlini, dilini, belini qoru. Baxın, təmiz ailə məsələsinəcən orda var. Bu Zərdüştçülükdə formuldur.

Soylu Atalı: Deməli, Zərdüştün dini dünyagörüşünü ərəblər ardıcıl şəkildə vurdular, ləkələdilər, böhtanladılar. Zərdüştün dualizminə görə onu suçladılar. Hətta fikir verin, iblis faktoru görün nədən qaynaqlanır? Oddan. Niyə? Çünki Zərdüşt od İşıqçısı idi. İşıqçılıq ideyası Zərdüştdə odsevərlik idi. Odu, atəşi İblis lisanında təqdim elədilər bizə. Niyə ki? Babalarımızın yaşatdığı, ləyaqətinə çevirdiyi bir faktı burada damğalamaq və iblis kimi vermək idi məsələ. Mən bunu geniş açmayacam, bunun haqqında ayrıca yazmışam, kitabımda var.

Zərdüştdə Əhrimən vardı, Hürmüzd vardı. Hürmüzd xeyir olaraq döyüşürdü Əhrimən adlı şərlə. İnsan uğrunda hər yerdə döyüşürdü. Yerdə, göydə, duyğularda, üzdə, sifətdə, əməldə, hər yerdə. Yaralanırdı, gedirdi yarası sağalırdı, yenidən qayıdıb döyüşürdü. Böyük xilaskarlıq ideyasıdır. Hürmüzd xilaskar idi. Xürrəmdinlik ordan bəhrələnib.

Bunların hamısını ümumiləşdirib vurğu edirəm, bəşər tarixində bu günə qədər 3 böyük ideologiya olub ki, millətə qarşı çıxıb. Bunlardan birincisi islam ümmətçiliyidir, ikinci kommu­nizm ideologiyasıdır, vahid bəşər ideyası, üçüncüsü kürəsəlləşmə – vahid mədəniyyət ideyası. Vahid mədəniyyət o deməkdir ki, əgər mədəniyyət vahiddirsə, deməli millət də vahiddir. Mədəniyyətsiz millət olmaz ki. Əgər millət varsa, özünün məişəti var, geyimi var, dili, var, qaydası var, aqibəti var, tarixi yönü var. Deməli, vahid mədəniyyət yenə də vahid millət ideyasına gətirib çıxarır. Bu da nə deməkdir? Millətlərin əridilməsi, assimilyasiyası. Mən belə görürəm ki, dünyada bir sıra istəklər yönəlib türkün üzərinə. Türk məfhumunu ləğv eləməyə çalışırlar.

IMG_0190

Xaliq Bahadır: Siz məktəblərdə çox olursunuz. Bu yaxınlarda Fazil Mustafa çıxış edib deyir ki, Nurçuluğa qarşı çıxanlar şərəfsiz adamlardır. Nurçuluğa qarşı çıxanın biri mən oldum. Azadlıq qəzetində çap olundu. Fazilin orda payını vermişdim keçən il. Nədir? Fazil deyir Fətullah Gülən əfəndi gəlib bizi maarifləndirir. Bilirsiniz nədir? Birinci, F.Gülən bir təriqət başçısıdır. İkincisi, lap təriqət başçısı olmasın, dünyanın ən yaxşı dövləti olsun, gəlib orda məktəb açsın. Azərbaycan acından ölmür, Azərbaycan dilənçi günündə deyil, Azərbaycanın bir belə resursları var. Bizə heç yerin məktəbi gərək deyil. Bizə məktəbi öz dövlətimiz açmalıdır. Dövlətimizin ideologiyası, milli ideologiyamız orda aşılanmalıdır. Bağça yaşından üzü yuxarı. F. Gülənin nə marağı var Amerikada oturub Azərbaycanda məktəblər açır. Özü də hər yerdə açır. Bu pullar hardan gəlir? Deməli, öz təriqətindən, ideologiyasından başqa, bunun arxasında duran güclər var. O güclər Azərbaycanı içindən yenməyə çalışırlar. Bu gün Azərbaycanda repititorlar geniş yayılıb. Mən ona qarşı da çıxıram. Mən bilmirəm o müəllim kimdir. Bir neçəsi var dostumdur, bəyəndiyim adamdır. Ancaq onların hamısını mən tanımıram ki. Bütövlükdə mən ona qarşı çıxıram. Bilmirəm o mənim uşağıma nə aşılayır. Mənim millətimin uşağına nə aşılayır. Bunlar hamısı yığışdırılmalıdır, Azərbaycan dövlətinin öz təhsil sistemi, öz ideologiyası aşılanmalıdır bağça­dan. Bağça yaşından ali məktəblərə qədər. Onda biz dövlətimizə yiyələnə bilərik. Onda biz millətimizə yiyələnə bilərik. Sonra burda yetişəndən sonra getsin Amerikada oxusun, başqa yerdə oxusun, onun çox qorxusu ola bilməz. Qorxulu içimizə girənlərdir. İçimizə girib burda cürbəcür məktəblər açırlar. Biz də sevinirik. 700 bal toplayırlar. Lap toplasın min bal. Onun beyninə başqa şeylər yeridilirsə, o ağlın mənə nə xeyri olacaq? O, mənim içimdə şpion olacaq. O mənim içimi çürüdəcək. Millət olaraq, dövlət olaraq məni içəridən çürüdəcək. Mənə qarşı işləyəcək istər-istəməz. Bəlkə də o yaxşı oğlandır. Anadan bizdən də yaxşı doğulub. Ancaq onun beyninə elə şeylər yeridirlər, o bizə qarşı çıxacaq. Biri budur, deputatdır, deyir nurçulara qarşı çıxanlar şərəfsizdir.

IMG_0168

Soylu Atalı: Bir məsələni də vurğu eləyim, Babəki ateist adlandıranlarla bağlı. Ateizm tamam fərqli şeydir. Ateizm mütləq inamsızlıq deməkdir. Heç nəyə inanmır. Materializmin nəzəri ideologiyasıdır ateizm. Sonuncu aşamada kommunizmin nəzəri ideologiyası kimi qəbul olundu. Babəkə ateist deyənlər yaxşı bilməlidirlər. Babəkin özünün dini var idi. Asif Ata bunu ciddi öyrənib, deyir ki, kimin ona hansı adı verməsindən asılı olmayaraq, Babəkin Xürrəmidinliyi fərəhçilik dini idi. Babək Ənəlhəqqdən öncəki Ənəlhəqqliyimiz idi. Babək deyirdi mən içimdə Şirvin gəzdirirəm. Şirvin qüdrət Allahının adı idi. Şirvin gəzdirirəm, elə Həqq mənəm demək idi. Mənəm Allah demək idi. Fərəhçilik inancına görə gərək insan yaşayanda da fərəhlə yaşasın, döyüşəndə fərəhlə döyüşsün, öləndə də fərəhlə ölsün. İnsana belə bir inanc vermişdi. Asif Ata deyir ki, mən qəti əminəm ki, Babəkin fəlsəfəsi olub. Fəlsəfəsiz bu boyda dünyagörüş ola bilməzdi. Bu boyda ordular yenmək mümkün deyildi. Bu boyda Azərbaycan coğrafiyasında birlik yaratmaq mümkün deyildi. Şəmkirdən bu yana, Dərbənddən bu yana hamısını birləşdir­mişdi, bir araya gətirmişdi. Bu ağzıgöyçəklər deyirlər ki, Bəzz qalasından qırağa çıxmadı. Necə qırağa çıxmadı ki, bütün Azərbaycanın hər yerində Xürrəmilər hərəkatı ayağa durmuşdu, dövlət yaratmışdı.

Bir daha deyirəm, Babəkin öz inancı vardı. İnamsız deyildi. İslam dininə qarşı idi. Bəli, islam dininin gəlişinə qarşı idi. Açıq şəkildə.

 Abil Ulusoy: Bir fikrə də rast gəldik ki, Babək qəhrəman deyildi. Bəzz qəhrəman idi. Qala kimi, bir məkan kimi. Mən deyirəm ki, qoy Şahbulaq da qəhrəman olsun. Ağdam tərəfdə, Kirs dağı da qəhrəman olsun, onda Qarabağ problemi həll olunmuşdu ki. Həmin o Bəzz niyə bu gün qəhrəman ola bilmir? Bu gün də Azərbaycanın Güneyi fars istismarı altındadır. Bu gün Azərbaycanın güneyində, zəif şəkildə də olsa, azadlıq mübarizəsi gedir. Həmin qala qoyun öz qəhrəmanlığını ortaya qoysun. Azərbaycanın Güneyi azad olsun. İnsan faktorunu o qədər danmaq olmaz ki. Babəki danmağın anlamı nədir?!

Sonra, Soylu bəy dedi, Sasanilərin ideologiyası nə idi? Zərdüştsüz Zərdüştçülük. Dəfələrlə so­ruş­mu­şam ki, Zərdüşt fars idisə, bunlar niyə Zərdüştsüz Zərdüştlüyü götürürdülər ki?! Elə Zərdüştlə götürərdilər də. Bu bir daha sübut edir ki, Zərdüşt, doğrudan da, türk idi.

Xaliq Bahadır: Abil bəy, Sasanilər elə-belə deyildilər. Sonra ərəblər də onlardan götürdülər idarəçiliyi-filanı. Zərdüştülük bütün regionda oturmuşdu beyinlərdə. Ona görə də onlar siz deyən kimi, Zərdüştü atdılar, Zərdüştçülüyü götürdülər, siyasətlərinə uyğunlaşdırdılar.

 Jalə Abbasova: Bayaqdan mən sizi dinləyirəm. Sizin yaşınız da, təcrübəniz də məndən çoxdur. Mən gənclərin səsi kimi danışmaq istəyirəm. Təbii ki, mən sosial şəbəkələrdə də, müəyyən məclislərdə də gənclər arasında daha çox oluram. Bu gün gənclərin psixologiyasında belə bir yəqinlik oturub ki, bizim əksəriyyətimiz tarixi bilən toplum deyilik. Nə mənada? Tarixi geniş araşdırmırıq, tarixi bilmirik. Məktəbdə öyrəndiklərimizlə yetərlənmiş bir kəsimik. Məsələn, mən, tarixi özümün həvəskar şəkildə monoqrafiyalarla, ayrı-ayrı tarixi faktları oxuduğum qədər bilirəm. Niyə bu gün tarixi qəhrəmanlarımızı bizə bu dərəcədə aşağılayıb təqdim eləməyə çalışırlar? Bu çıxışlara qulaq asa-asa özüm üçün müəyyən bir nəticə çıxardım. Nəticənin biri bu idi. Siz bayaq mövzulara toxundunuz. Mən istəməzdim F.Mustafanı bu dərəcə şişirdək. Amma nurçulara toxunmaq gərəkdir. Nurçuların litseyinin məzunlarının mən tanıdığım iki, ya üç nəfəri eyni ildə az bir zaman kəsimində intihar elədilər. Çox qəribə intihar faktları idi. Uşaqlar bir ay fərqlə zaman içində intihar elədilər. Biri Biləsuvardan, biri Şirvandan idi, dindar idilər. Yaxşı uşaqlar idilər, amma intihar elədilər. Nurçu idilər. Bu söhbətdə dayanmaq istəmirəm, keçmək istəyirəm. Azərbaycanda bu dəqiqə iki şeyi cavanların beyninə yeridirlər. Biri dindir, müxtəlif təriqətlər şəklində, biri isə seksual azlıqdır. Homoseksualizm geniş yayılıb. Ona görə qəhrəmanları bu gün Azərbaycanda gözdən salırlar ki, Azərbaycanın qəhrəmanını tanıyan uşaq qəhrəman olmaq istəyəcək. Şah İsmayılı bilən uşaq, Babəki tanıyan uşaq, üzr istəyirəm, Konçitanın yolunu getmək istəməyəcək. Bu gün Babəki cavanlara əxlaqsız kimi ona görə təqdim eləyirlər ki, türkün tarixində görünən qəhrəman olmayıb. Şah İsmayılı ona görə adamyeyən, barbar kimi təqdim eləyirlər ki, göstərsinlər guya türkün tarixində qəhrəman olmayıb. Keçmişi ona görə yaxına çəkib Nuru paşayla, Nadir şahla əvəz eləmək istəyirlər. Keçmiş tarixi yaxın tarixlə əvəz eləmək ona görədir. F. Mustafanı ona görə şişirtmək istəmirəm ki, onu bu gün mətbuatda müdafiə edən Ruslan Bəşirlidir. Ruslan Bəşirli də sapqındır. Erməni dəyirmanına su tökənlərdən biridir. F. Mustafanın Azərbaycan adında dövlət olmayıb sözü erməni saytlarının manşetində getdi. Halbuki Ziya Bünyadovun VII-VIII yüzil tarixini araşdıran monoqrafiyasında Azərbaycan hökmdarları haqda söhbət gedir. Mən tarixi elə də dərindən bilmirəm. Ona görə bayaqdan susmuşdum, danışmaq istəmirdim. Ancaq görürsən ki, Azərbaycan gəncliyi bunları bilmir. Təəssüf ki, bilmir.

Mən 2014-ün yayında “İmeycmink” (?) adında bir təşkilatın tədbirində iştirak elədim. Tədbir münaqişə zonaları jurnalistikasının tədbiri idi. Tədbirə yığışan cavanların əksəriyyəti məndən yaşda kiçik idilər. Qarabağ müharibəsi görməyən cavanlar idi. Onlara təqdim olunanı tamlıqla qəbul eləyirdilər. Çox təəssüf elədim ki, orda bizə Sumqayıt hadisələrini ermənilərin günahı olmadan təqdim elədilər. Mən onda Meydan TV-nin əməkdaşı Aytən xanımla mübahisəyə qalxdım ki, Aytən xanım, siz necə ola bilər ki, erməniləri bu dərəcədə savunursunuz, amma ermənilərin bizə qarşı törətdiyi Xocalı faciəsini və s. və s. faktları sadalamaq istəmirəm, bunları siz cavanların yaddaşından silməyə çalışırsınız. Bu necə ola bilər?! Elə sadə faktlar sadaladılar ki, filan şey oldu. Deyirəm, Aytən xanım, bəs filan vaxtda da filan şey olanda, ermənilər filan hərəkəti eləmişdilər. Siz bunu deyirsiniz, amma bunu demirsiniz.

Sonra biz oturub uşaqlarla həmin məclisi müzakirə eləyəndə dedilər səni o məclisə bir də dəvət eləsələr yenə gedərsənmi? Dedim, təbii ki, gedərəm. Bakının göbəyində bizim cavanların beynini bu cür yuyurlarsa… Dedi sən çox səhv fikirləşirsən ki, səni bir də o məclisə dəvət edəcəklər. Bir daha dəvət eləməyəcəklər. Çünki bu tədbir Gürcüstandakı xalq diplomatiyasına dəvət üçün hazırlıq idi. O tədbirdən iki ay keçmədi ki, ermənilərin Türkiyədə çap olunan jurnalında Arzu Qeybullanın dalbadal məqalələri çıxdı. Sonradan bəlli oldu ki, həmin  təşkilatı yaradanlardan biri də Arzu Qeybulla xanım idi. Yəni bu gün Azərbaycan gəncliyi bu dərəcədə başsızdır. Bunlar xırda-xırda nüanslardır. Bunlar dar çərçivədə olan söhbətlər deyil. Çıxış yolu, alternativ mən təklif eləyə bilmirəm. Mən cavanların problemini dedim. Bu gün oturub tarixi sübut eləməyə çalışırıq. Fikir vermirik ki, biz tarixi sübut eləməyə çalışdıqca, sel bu tərəfi yuyub tamam aparmaq üzrədir.

IMG_0268

Soylu Atalı: Sonda bir şey deyim ki, biz nə olsa belə, özümüzü itirə bilmərik. Bizim bacardığımız, işimiz sözdür, qələmdir, bizim işimiz həm də ayaqdır. Getməyi, gəlməyi bacarma­lı­yıq. Son dərəcə fədakar oğullar gərəkdir indi. Qeyrət çətin gündə gərəkdir, asan gündə gərək deyil. Ona görə də xalqının yiyəsi olmaq istəyənlər, vətəninin sahibi olmaq istəyənlər onun ən azından mənəvi-ideoloji sahibi olmaq istəyənlər çarpışmalıdır, axıra qədər də sözünü deməlidir. Biz deməliyik, eləməliyik dayanmadan. İnanmıram bizdən sonra bu proses dayansın. Azərbay­can xalqının başına bu qədər olmazın bəlalar gətirilər. Bu boyda onu əritməyə, assimilyasiya eləməyə çalışırlar. Ancaq Azərbaycanın içindən yenə də şəxsiyyətlər çıxır, sözünü deyir bu qədər çətinliklərin qarşısında. Mən çox nikbin adamam, ümidlə yaşayıram.

Biz 3-4 gün öncə Sabirabadda olduq. Sabirabadda üst-üstə yüz qırx nəfər gənclərlə söhbətlər apardıq. 5 ünvanda görüş oldu. Ondan əvvəl biz Bakıda görüş keçirdik. İnanın ki, bu 5 ünvanı əldə eləmək üçün 15 qapı döyürük. 15-dən beşini açmışıq. Yəni qapılar üzümüzə həmişə açılmır. Ancaq biz inadla gedirik, döyürük. Nə istəyirik? Gəlmişik ki, öz xalqımızın dəyərlərini gəncliyimizə tanıdaq. Azərbaycanın obrazını onun ağlında yarada bilək. Gəncliyimiz uçmasın, məhv olmasın. Mən orada gənclərlə söhbət eləyəndə deyirəm ki, burda sizinlə apardığım söhbətin bir qayəsi var: bizə təlqin edirlər ki, özümüzə nə karəyik deyək. Biz nə karə deyilik. Sizin içinizdə Babəklər var. Oyadın, aşkarlayın, ortaya çıxarın. O, ölüb qurtarmayıb. Çünki onu xalq verib. Xalq yenə verəcək. Xalqın verdiyini aşkarlayın, xalqın özünə qaytarın. Xalq adlanan əbədiliyimizi qorumalıyıq, sevməliyik…

Söhbətimizi bununla yekunlaşdıraq. Siz də tanıdığınız gəncləri dəvət edin, burda oturaq üz-üzə, mən onları dinləmək istəyirəm. Burada biz dönə-dönə söhbətlər aparırıq. Bura da gəlin. Onu da deyim ki, Asif Atanın Uluyurd Hərəkatı ideyası var. Bax, bu ideyanı mən gənclərlə bölüşə bilərəm. Elə-belə sadəcə maarifçilik işi, xətti aparmırıq. Biz ciddi şəkildə ortaya ideya qoymuşuq. Ciddi, əsaslı ideyalar. Elə ideyalar ki, onları heç kim təkzib eləyə bilməz…

 

Qar Ayı, 36-cı il. Atakənd.

(yanvar, 2015. Bakı.)

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv