Xaliq Bahadır. Bir yol yüksələn bayraq örnəyi (III)

Məhəmməd Əmin Rəsulzadənin bir çox əsərləri, başlıcası da, “Azərbaycan Cümhuriyyəti” Diplomatiya Akademiyası başda olmaqla örnək dərslik kimi keçilməli, öyrənilməli, mənimsənilməlidir. Məhəmmədəmin bəyin əsərlərinin bir çoxu gerçək traktat yerindədir. Di gəl, bugünkü korrupsiya–alver rejimində onu, onun bugün üçün də aktuallığını itirməyən yüksək yaradıcılığını dəyərləndirəcək kimsə yoxdur. Başqa əsərləri bir yana, “Azərbaycan Cümhuriyyəti” çağdaş Azərbaycan dövlətçiliyinin özülündə dayanacaq, ona politik, ideoloji, diplomatik baxımdan yön verəcək, yol göstərəcək olduqca önəmli araçlardandır. “Azərbaycan Cümhuriyyəti” (Yadigar Türkel arxivlərdə axtarışlar aparmaqla, Məhəmmədəmin bəyin bitikdə yaddaş yanlışından yol verdiyi gərəkən düşəlişləri etməklə çox önəmli iş görüb) bütöv bir politika, ideologiya, diplomatiya, tarix toplusudur. Bir daha demək gərəkir: çağdaş Azərbaycan dövlətinə, dövlətçiliyinə yön verəcək, yol göstərəcək dəyərli bir toplu-traktat!

ADR tarixini, eləcə də o çağlar bölgədə, dünyada nə baş verdiyini yetərincə bilməyən, bilmək istəyindən uzaq indiki rejim başçıları, eləcə də bir sıra başqaları ADR ağalığını nələrdəsə qınamağı özləri üçün böyüklük, üstünlük araçına çeviriblər. Azərbaycanı sevməyən, sevmədiklərindən də Azərbaycana yağı güclərlə sarmaşıq Ölkənin milyardlarını oğurlayanlar, keçmişi ala-yarımçıq öyrənməklə ADR başçılarını suçlama yolu tutanlar bu ölkə üçün Məhəmmədəminin, Məhəmmədəmin yoldaşlarının 8 ayda etdiklərinin mində birini etsəydilər… Azərbaycan indiki çoxsaylı sorunlarla üzləşməz, bugünkü çıxılmaza çəkilməz, yolsuzluğa yuvarlanmazdı!

“8 ay” dedim – bu bir faktdır. ADR-in ölkədə gerçək, belə desək, bağımsız ağalığı 1919-cu il avqustun ortalarından başlamışdı. Oçağadək ölkədə qabaqca erməni-rus yaraqlı gücləri ağalıq etmişdilər, onların ardınca da Antanta mandatlı ingilis komandanlığı! Bu baxımdan ADR ağalığını 23 ay saymaq yanlışdır. ADR-in 1918-ci il mayın 28-dən 1919-cu il avqustun ortalarınadək olan ağalığı, bir sıra gərəkən işlər görülsə də, obyektiv nədənlər üzündən daha çox nominal xarakter daşımışdır.  Bölgədəki, dünyadakı bir çox sorunlar üzündən böyük darlıq içində 8 ayda görülən işlərlə indiki rejimin 20 ildə gördüyü işlər ölkənin, ulusun qazancı baxımından tutuşdurmaya belə gəlmir!

Oçağkı gerçəkliyi göstərmək üçün bir neçə fakt gətirmək yetər: Milli Şura mayın 28-də Tiflisdə Azərbaycan Respublikası yaradıldığını bildirmişdi. Milli Şura Tiflisdən Bakıya köçməli idi, ancaq köçə bilmirdi – Bakı çoxsaylı rus-erməni qoşun biləşmələrinin əlində idi. Ermənilər ölkənin dörd bir yanında qanlı qırğın törədir, qarışıqlıq yaradırdılar. I Dünya Savaşında üstünlük qazanmış Antanta dövlətləri bir yana, savaşı uduzmuş Almaniya da Azərbaycanı bölüb-parçalama planlarına baş vurmuşdu. 1918-ci ildə qollanmış Brest-Litovsk andlaşmasına görə, Bakı bölgəsi Kür çayınadək bolşevik Rusiyasına verilir, ruslarsa Almaniyanı Bakı neftinə ortaq edirdilər. Bununla da, Türkiyə ilə bir blokda olmasına baxmayaraq, Almaniya, Əhməd bəy Ağaoğlu demiş: “bizi bir tənəkə neftə satmışdı”.  İmperialist güclər hər baxımdan Qafqazın başlıca ölkəsi olaraq tanınan Azərbaycanla istədikləri kimi davranmaq yolu tutmuşdular. Məhəmmədəmin bəy başda olmaqla Azərbaycan elçiliyi Türkiyəyə gedib uzun-uzadı çalışmalardan sonra Türkiyənin Azərbaycana ordu yardımını əldə edə bilmişdi. Nuru paşa komandanlığında Türkiyə ordusu çox keçmədən Azərbaycanda erməni-rus ağalığına son qoymuş, Bundan sonra Milli Şura Bakıya köçə bilmişdi. Rəsulzadə bununla bağlı yazır: “Qardaş qurtuluşuna can atan igid Məhmədciyin Türk birliyi tarixində altun hərflərlə yazılacaq igidliyilə qanlı bir savaş, dönməz bir qarşıdurmadan sonra Azərbaycan ulusal gücləri öz başkəndinə girir. Altı ay başdan-başa qan-ciyər yeyən (erməni saldırıları üzündən. – X.B.) müsəlmanların üzü gülür. Bakı Qurban bayramı kimi gözəl bir gündə yenidən öz yiyələrinin əlinə keçir”. (İndi bizdə bir sıra yaramaz kimsələr o çağlar “türklərin Azərbaycanı neftə görə işğal etdiyini” yazırlar).

Antantanın Türkiyəni yenməsi üzündən, Mudros barış bağlaşmasına uyğun olaraq, Türkiyə ordusu tezliklə Azərbaycandan getməli olmuş, onun yerini ingilis komandanlığı tutmuşdu. Yenə Məhəmmədəmin bəyə üz tutaq: “Unudulmayacaq ağır bir gün, noyabrın 17-si (1918-ci il). İngilis göstəricisilə çar Rusiyasının bayrağı olan donanma Bakı limanına yanaşırdı. Bir az qabaq Bakıdan qaçaraq Ənzəlidə yerləşən bu gücün Bakıda oturmaqda olan Azərbaycan ağalığına yanaşması nə olacaqdı? – Bəlli deyil!..

Türk Ordusu çəkilmiş, Azərbaycan bölükləri də yox. Gələn komandanlıq Azərbaycan bölükləri deyə ordu tanımır. Azərbaycan ordusu adlı düzənli bir güc gerçəkdə yox kimi idi. Komandan Nuri Paşanın o çağda Milli Şuranın başçısı olduğumdan mənə yazdığı bir məktubdan anlaşıldığı kimi, toplam ancaq 1500 kişi olan Azərbaycan Ordusunun toplu olaraq bir yerdə bulunmayıb ölkənin çeşidli yerlərində durduğu anlaşılırdı. Azərbaycan Ağalığını bu gün Bakıda qoruyan güc yalnız 500 milis (polis) idi.

Düşünək: güc olsa belə, Almaniyanın, Türkiyənin yenildiyi bir gücə qarşı Azərbaycanın savaş açması ağlasığmazdı. Buna görə sorun yalnız diplomatik yollarla çözüləcəkdi”.

Məhəmmədəmin bəy o günlər Bakıda yaşananları belə bəlirləyir: “Noyabrın 17-də iki Bakı vardı: üzüntülü müsəlman Bakısı ilə sevincli xristian Bakısı. Bakı üzərində Rus Biçeraxov bölüklərinin uçaqlarından bildirişlər atılır, bu bildirişlərdə Rus yurddaşlar Bakının yenidən ana yurda (Rusiyaya. – X.B.) verilməsilə qutlanırdılar”. Beləliklə, Məhəmmədəmin bəyin dediyi kimi, iş yalnlz diplomatik danışıqlara, diplomatik çalışmalara, diplomatik yollarla qurtuluşa qalırdı. Burada da ortaya çox böyük sorunlar çıxırdı. Başlıca sorunsa ulusal kimlik – Türklük sorunu idi.

Yeni qurulan dövlət ilkin variantda belə adlandırılmışdı: Azərbaycan Türk Respublikası. ADR ağalığının 1918-ci il 27 iyun qərarı  ilə dövlət dilinin Türk dili olduğu bildirilmişdi. Bundan bir neçə gün qabaq, iyunun 21-də, verilmiş qərarla ağ ay, səkkizbucaq ulduzla qırmızı bayraq ADR-in ilk dövlət bayrağı olmuşdu. Bakını tutmuş general Tomson komandanlığı ingilis ağalığının yürütdüyü antitürk politikaya uyğun olaraq, “Türkiyə ilə birgəliyiniz olmamalıdır!” – deyə Azərbaycanda kəsinliklə Türk anlayışına, Türklük görsənişlərinə qarşı çıxırdı. Buna görə də ingilislərin “Türkiyə bayrağına bənzəyir” deyə, dəyişdirilməsini istədiyi al bayraqdan daşınaraq indiki üçboyalı bayrağı götürmək gərəyi yaranmış, bununla yanaşı, “Türk” adı çıxarılmaqla dövlət Azərbaycan Cümhuriyyəti adlandırılmışdı. İngilislərlə sürdürülən diplomatik danışıqlar, eləcə də onların istəyinə uyğun bir sıra dəyişikliklər öz yerində, özül ilkələrinə – prinsiplərinə uyğun olaraq, ölkədə ulusalçılıq-türkçülük axarında böyük qalxınma baş verir, demokratik dövlət quruculuğu ilə baş-başa gedən bu qalxınma Batumdan Quzey Qafqazadək Azərbaycan dövlətini çəkici bir dövlətə çevirirdi. Buna görə də Batumdan Quzey Qafqazadək Azərbaycana qatılma istəkləri doğurdu. Batumun da içində olduğu Qars Demokratik Respublikasından, Araz – Türk Respublikasından, eləcə də Dağlılar Respublikasından Azərbaycana qatılma istəkləri gəlmiş, sonuncu ilə bağlı birləşmə istəklərini gerçəkləşdirmək üçün Dağıstana Əbdürrəhim bəy Haqverdiyev başçılığında diplomatik elçilik göndərilmişdi.

Bu arada alman-ingilis kəşfiyyatı Türkiyənin öncüllüyündə Quzeyli – Güneyli Azərbaycanın birləşdirilməsi yönündə gizli uzlaşma əldə edildiyini öyrənmişdi. Nə yolla olur olsun, ermənilərə dövlət qurmağa, bu dövlətin sınırlarını Türkiyə ilə Azərbaycanı balacalatmaqla genişləndirməyə  çalışan ingilislərin “Transqafqazdakı siyasi durumla bağlı” bildirisində (1918-ci il 28 oktyabr) deyilirdi: “Türkiyə yenilirkən iki dost, sevgili qonşu dövlətin – Gürcüstanla Ermənistanın  yaradılması gərəkir… Sorunun alternativ çözümü başlıca olaraq Transqafqaz Azərbaycanının rus ağalığı altına salınmasıdır. Bu qərar Almaniyadan gəlmişdir”. Almaniyadan “qərar” gəlir, ingilislərsə onu əlüstü gerçəkləşdirməyə girişirlər: başında duranları bütünlüklə tutub Malta adasına sürgün etməklə Qars Demokratik Respublikası darmadağın edilir, Araz – Türk Respublikasını yeni yaradılan “Ermənistana” qatmağa girişilir, Dağıstanla Azərbaycanı bolşevik Rusiyasına birləşdirmə qərarı verilir. Bunlar bir çox baxımlardan bu gün də aktuallığını saxlayan olduqca ilginc, yetərincə bilinməsi gərəkən görsənişlərdir.

O çağlar Azərbaycanın topraq ölçüsü 113,9 min kv.km idi. Çoxdan bölünmüş Azərbaycanı yenidən bölməklə “iki dost, sevgili dövlət” – genişləndirilmiş Ermənistanla Gürcüstan dövləti yaradılırdı. Birinci Dünya Savaşını yeni başa vurmuş İngiltərə ilə Almaniya düşmən dövlətlər idi, başqa bir yandan onların hər ikisi bolşevik Rusiyasına düşmən idi. Azərbaycan – Türk – Müsəlman faktoru ilə bağlı onlar birgələşərək üç dost, sevgili dövlət durumuna gəlmişdilər: İngiltərə, Almaniya, Rusiya! Bununla da “Azərbaycan Demokratik Respublikasına son!” qərarı verilmişdi!!!

 

Azərbaycan diplomatik elçiliyinin başçısı olaraq Paris Barış Konfransına qatılan Əlimərdan bəy Topçubaşıya Türkiyənin dənizçilik baxanı Rauf bəyin dedikləri (1918-ci il, 3 oktyabr): “Biz bizdən istəniləni (Türkiyə ordusunun Azərbaycandan çıxarılmasını. – X.B.) etməsəydik, gələcəkdə Türk dövlətinin varlığı düşüncəsilə üzülüşməli idik. Siz azərbaycanlılar bizə yardım etmək istəsəydiniz (Türkiyəyə saldırı qarşılığında. – X.B.), yox ediləcəkdiniz”. Aradan yüz il keçib, nə dəyişib? Yüz il, iki yüz il, üç yüz, beş yüz il qabaqkı bəlli politikalar, demək olar, eləcə qalmaqda, eləcə yürüdülməkdədir. Türkiyənin baş baxanı Tələt Paşa sözəbaxmazlıq edərək Azərbaycanı sonadək qoruyacaqlarını bildirmişdi. Ancaq böyük dövlətlər Türkiyənin özünü qorxu altına almaqla onu da, Ənvər Paşanı da, Nuru Paşanı da dediyindən döndərdilər. ADR-in bir çox başçıları kimi onlar da sonralar erməni terrorunun qurbanı oldular. İstər bu, istərsə də başqa bir çox terror faktları ilə bağlı ermənilər sorumlu tutulmalı ikən, onlara arxa duruldu, Türkiyəni, Türklüyü basqı altında tutmaq üçün Rusiya başda olmaqla bəlli dövlətlər yalançı erməni “soyqırımını” şişirtmə yolu tutdular.

ADR-in ideoloqlarından olan Yusif Vəzir Çəmənzəminli hələ çarizm dönəmində yazırdı: “Biz, Azərbaycan Türkləri, bir millətdən ibarət olub, geniş toprağımız olduğu üçün muxtariyyət binası qurmaq istəyirik. Ölkəmizin sınırı Dərbənd şəhərindən tutmuş Osmanlıyadək, Batumdan tutmuş Xəzər dənizinədəkdir. Paytaxtımız Bakı şəhəri olacaq”. Oçağlar Qars, Axalsıx da Azərbaycan sayılırdı. O çağlar!..

ADR-in başqa bir ideoloqu Üzeyir bəy Hacıbəyli yazırdi: “Azərbaycançılıq idi ki, Türk irqində sağlam bir milliyyət duyğusu oyatdı, millət nə olduğunu, milliyyətini unutmuş Türklərə bildirdi.  Onlara: – Sən öncə bir Türksən dedi, “Türkəm” dedirtdi!” Oçağlar Türk dünyasının ən ünlü ölkəsi sayılan Osmanlıda belə Türk, Türklük anlayışı çox-çox arxa plana keçmiş, az qala unudulmuşdu. Əli bəy Turan (Hüseynzadə) öncüllüyündə böyük Azərbaycan oğulları Osmanlı başda olmaqla bütün Türk dünyasında yeni bir axım: Türkləşmə – Özümləşmə axımı yaratdılar. Üzeyir bəyin vurğuladığı budur! Gerçəyə qalsa, elə böyük Məhəmmədəminin dediyi də bu idi: Bir yol yüksələn bayraq… O, indilər altında pul-görəv-ölkə alış-verişinə gedilən bir bayraq deyil, könüllərdə tikilən, könüllərdə yüksələn bayraqdır!

***

20-ci yüzilin başlarında oldurulanlar sonlarında yenidən olduruldu: yaxın-uzaq güclər ölkəmizi daha da balacalaşdırmaq, bizi daha da gücsüzləşdirmək üçün erməniləri yenidən Azərbaycanın üzərinə ayaqlandırdılar; 1920-ci ilin aprelində Azərbaycanda çevriliş törədən başlıca güclər oxşar planlar, oxşar istəklərlə 1993-cü ilin iyununda ölkəmizdə yenidən çevriliş törətdilər…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv