XALİQ BAHADIR. BİZİM QABAQKI, İNDİKİ ALDADILMALARIMIZ

Qabaqlar, SSRİdən ayrıldığımız ilkin illərdə, biz aldadıldığımızı bilməyə-bilməyə aldadılırdıq, indi, aradan bir çox illərər keçəndən sonra, biz özümüz bilə-bilə aldadılırıq. Buradan ortaya  ilginc bir soru çıxır: aldadanların fenomenal aldatma bacarıqları var, yoxsa aldadılanların fenomenal aldanma bacarılqları? ABŞ adlı superdemokratiya dövlətinin yeni böyükelçisi Robert Sekuta Bakıya yeni taktikayla gəldi – Vaşinqtondan Azərbaycan xalqına indiyədək görünməmiş mesaj göndərməklə. Mesaj, demək olar, beləydi: mən gəlib Beşbarmaq dağı kimi yerlərə baş çəkəcəm, Azərbaycan xalqı daha haralara baş çəkməyimi istəyir, desin. Bu, bir çox bəlli aldanışların doğurduğu inamsızlığı aradan qaldırmağa yönəlik taktiki gediş idi. Azərbaycan xalqının balaca bir sözçüsü olaraq mən onda Feysbuk səhifəmdən Sekutaya Azərbaycandakı bütün ocaqlara, pirlərə baş çəkməyi önərmişdim. Beşbarmaq dağından başlayan diplomatik ZİYARƏTİ yalnız ardıcıl ocaq-pir, pir-ocaq marşrutu üzrə uğurla sürdürmək olardı!

Sekuta sözügedən mesajla ABŞ hökumətinin qabakı illərdəki diplomatik praktikasına son qoyaraq əliyevçi rejimlə deyil, bu rejimin 22 ildən bəri hər baxımdan hüquqsuzluq REZERVASİYASINA basıb doldurduğu xalqın yanında olacağını demək istəyirdi. Bizlərsə dünyanın ən əlçalan xalqı olaraq o çağdan bu çağa əllərimiz göydə ABŞ-ı, eləcə də onun yeni, xalqsevər elçibaşısını alqışlayırdıq. (Biz əliyevçi rejimlə sevişmədə bulunan Viktoriya Nuland siyasətinə də ABŞ hökumətinin Sekuta praktikasında kəskin təpki göstərəcəyini gözləyirdik; axı, bir sıra analitiklər o anormal demokratiya-diktatura sevgisini kəskin qınamışdılar!) Bu arada, bizim əllərimiz göydə ikən, Sekutanın səsi yenidən Vaşinqtondan gəldi. Sən demə, o, buradakı bəlli ZİYARƏTLƏRİNİ yarımçıq qoyub, Vaşinqtona qayıdıb. Daha bir sən demə, Vaşinqtonda ABŞ-Azərbaycan Alver (ərəbcə “ticarət” sözü politkorrekt olmadığından öz dilimizdə yazası oldum) Palatası Sekutanı, yenə bizim gözəl Türk dilimizdə desək, ağırlama törəni keçirirmiş.

“ABŞ Azərbaycanın güclü yandaşıdır” deyən Sekuta bu yandaşlığın konkret görsənişlərinə də toxunub: “Güney Qafqaz Boru Kəmərinin genişlənməsi, Transadriatik projenin gerçəkləşdirilməsi, Güney Qaz Koridorunu (yada erməni əlindəki Laçın Koridoru düşür) bitirəcək. Bu, çox önəmli çağda Xəzər qazını Batı Avropaya axıtmaqla, Avropada enerji güvənliyini qarantiyalayacaq. Azərbaycanla əməkdaşlığın başqa alanı isə Azərbaycana özünün ekonomikasını şaxələndirməkdə, regionda nəqliyat-informasiya texnologiyaları ortaqlığına çevrilməkdə, uluslararası turistləri çəkməklə lider dövlət olmaqda yardım etməkdir”. Ax, necə gözəl, ax, necə dadlı, ax, necə, ax, necə, ax, necə çalıb-oynamalı, sevinib-şənlənməli söyləmələrdir, ancaq… qabaqkı illər olsaydı! İndi… indi aradan bir belə aldatma dolu illər  keçib, ölkədən 100 milyardlarla dollar pul gedib – orta qat adamlarının aldığı aylıq 150-200, pensiyalar da eləcə! Resurslarsa tükənməkdə…

Sekutanı göndərən Vaşinqtondan yayımlanan Nyu York Taymıs yazır: “İlham Əliyev böyük korrupsioner, diktatordur”. Gerçəyə qalsa, son bir ildəki ardıcıl represiyalardan sonra bütün demokratik dünya belə görür, belə deyir. Bəs ABŞ prezidenti Barak Obama? Obama Kərzay hökuməti ilə bağlı belə demişdi: “Açıq demək istəyirəm: biz korrupsiya üzündən əfqanların öz liderlərinə inamlarının itməsinə göz yuma bilmərik”. Doğrudan da göz yummadılar: “korrupsiya üzündən” Kərzay üçüncü yol prezident seçilmədi, di gəl, ŞERİF Azərbaycandakı korrupsiyaya göz yumduğundan İ.Əliyev üçüncü yol prezident oldu. Görünür, bu üçüncü dönəm prezidentlik ŞERİFƏ Azərbaycandakı demokratik güclərin sonuna çıxmaq üçün gərəkmiş!

Sekutanın “güclü ABŞ-Azərbaycan yandaşlığı” söyləməsinə gəlincə, illərdən bəri ortada olan gerçək güclü “Ermənistan”-ABŞ yandaşlığıdır. Azərbaycana “907-ci düzəliş”adlı yardıma yasaq uyğulayan ABŞ illərdir İranla, Rusiya ilə yanaşı təkcə qondarma “Ermənistana” deyil, eləcə də terror yoluyla onun bir parçasına çevrilmiş qondarma “DQR”-ə yardımlar edir. Bugünlər ABŞ Konqresinin alt komitəsində bu yöndə keçirilən dinləmələrə qatılan ABŞ azərbaycanlıları Şəbəkəsi adından şıxış edən Bədir Məmmədli bütünlüklə yerində deyib: “ABŞ Ermənistana hərbi yardım göndərməklə eləcə də Rusiyanın başçılıq etdiyi ordu birliyinə yardım edir”. B.Məmmədli ABŞ-ın “Ermənistana” maliyə yardımlarının aqressor “Ermənistanı” Dağlıq Qarabağda daha da gücləndirdiyini də bildirib. Sözsüz, bunu Sekuta da, onun hökuməti də yaxşı bilir. Bilərəkdən də ardıcıl olaraq erməniliyi gücləndirmə siyasəti yürüdülür – Azərbaycanın resurslarına daha artıq ortaq olmaq üçün. Belə resurs ortaqlığı hər seçki ilində yeni-yeni “əməkdaşlıq” görsənişlərilə daha da dolğunlaşır. Budur, hansısa ABŞ kompaniyası Azərbaycanda keçirilən TENDERİ  udub! (Uduşun dəyəri nəyə görəsə gizli saxlanır. Görünür, bu gizlinin ortaya çıxması üçün ayrıca tender keçirilməlidir). Soruşan gərək: korrupsiyaçı diktatura rejimində gerçək tender ola bilərmi? Burada yerinə görə iki faktor başlıca rol oynayır: korrupsiya, politika. İndilikdə nə? Sözsüz, politika! Bunu istəsəniz seçki politikası da adlandıra bilərsiz…

Göründüyü kimi, ABŞ-ın, Avropanın Azərbaycana yönəlik enerji gərəklərindən uzun-uzadı danışan Sekuta sonda gəlib Azərbaycanın gərəklərinə də toxunur: Azərbaycanda ekonomik şaxələnmə,  turizmi gəlişdirmə perspektivləri. Hər ikisi ölkəmizin dirçəlişi, yüksəlişi baxımından çox gərəklidir, ancaq baxır hansı hakimiyətlə. İndiki korrupsiya-monopoliya hakimiyətində bunlar hamısı neft-qazdan, başqa resurslardan gələn gəlirlər kimi ölkədə hakimiyəti ələ keçirmiş bir Ailə, bu Ailəyə bağlı bəlli bir qrup üçündür. Nyu York Taymsın yuxarıda sözügedən yazısı belə bir sonluqla bitir: “Batı anlamalıdır: avtoritar Əliyev gerçək Əliyevdir. Onun opponentlərini, başqa özgürlük işartılarını əzmə kampaniyasını gücləndirdiyi bir çağda Birləşmiş Ştatlar, Avropa onunla indikindən daha aydın dillə danışmalıdır. Deyilməlidir: onunla iş görə bilərlər, ancaq onun ölkəsinə qazandırdığı itkilərlə bağlı aldana bilməzlər”. Belə desək, demokratik praqmatizm baxımından çox düzgün yanaşmadır, ancaq ortada başqa, başlıca yanaşma var: kommersiya-korporativ yanaşma.

O yanaşmanı Vaşinqton Post qəzeti göstərir: “Azərbaycandan tutmuş Səudiyyə Ərəbistanınadək Birləşmiş Ştatlar bir sıra başlıca atributları paylaşan diktatorlarla xoş davranır”. Görəsən, “başqa atributlar” hansılardır?  Qəzet bunu belə göstərir: “Onlar islamçı ekstremizmlə savaşın önəmi ilə bağlı Birləşmiş Ştatlarla uzlaşırlar… Bununla yanaşı, zorakılıqdan uzaq opponentlərini izləyir, demokratik gücləri yox edərək özlərini din fundamentalizminə tək alternativ olaraq göstərirlər”. Bilindiyi kimi, Azərbaycanda Əliyevlərin başqa bir hakimiyətdə qalma bəlgələri də var: “biz getsək, hakimiyətə millətçilər gələcək”. Beləcə, qorxudanla “qorxan” əl-ələ verərək demokratiya ilə diktaturanın sarsılmaz birliyini yaradır. Beləcə, dövlətlə çulğaşmış transmilli korporasiyaların yönətiminə uyğun olaraq tenderlər udulur, resurslar bölüşdürülür, seçkilər qazanılır, özgürlük boğulur, insan hüquqları tapdanır, BMT, AB, AŞ PA, ATƏT, Dünya Bankı, BVF kimi yardımçı qurumlar da öz işini görür. Bütün bunlardan biz nə gorürük: aldadıla-aldadıla içdən-dışdan yağmalanan Azərbaycan!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv