Xaliq Bahadır. Böyük bilginimiz

O, bir Dağ idi, böyük bilik Dağı – biz Dağ itirdik! Belə dağlar gördüyümüz doğa dağların özü kimi birdən-birə yaranmır, illər uzunu çəkilən əməklə, gecə-gündüz bilməyən çalışmalar, yorulmaz düşüncə, gərgin, sonsuz axtarışlarla yaranır. Böyük, yorulmaz yaradıcılıq axtarışları sonda böyük bilik Dağına dönüşür. “Bilikli adamın üzünə baxmaq, onunla oturub-durmaq ibadətdir”, – bu bir peyğəmbər sözüdür. O belə bir adam idi: biliklə bərkimiş, biliklə bütövləşmiş, biliklə böyükləşmiş, biliklə bülövləşmiş adam! Sonuncu ona ayrıca üstünlük qazandıran görsənişlərdən idi…

Elməddin Əlibəyzadə. Filologiya elmləri doktoru, tarixçi, türkoloq. Son iş yeri Milli elmlər akademiyası. Qabaqlar eləcə Elmlər akademiyasi idi, sonra Milli elmlər akademiyası oldu. Birinci də iş yeriydi, ikinci də. Nə birincidən yetərincə yarıdı, nə ikincidən. Birinci Sovet ideoloji sisteminə bağlı idi, bəs ikinci? Birinci kimi ikinci də ona, onun yaradıcılıq yoluna yağı oldu! Birinci anlaşılan idi, bəs ikinci? Birinci Moskvaya, Moskvadan gələn yönərgəyə bağlı olduğundan arada konseptual-ideoloji ayrılıq, barışmazlıq vardı. İkinci bağımsızlıq dönəminin Akademiyası olaraq onu yüksək dəyərləndirməklə başa çəkməli, başda oturtmalı, başqanlıqda bulundurmalı idi. Ancaq belə olmadı, adına bağımsızlıq dönəmi dediyimiz ondan ötrü gerçəkdən-gerçəyə baxımsızlıq dönəminə çevrildi: onu saymadılar, dəyərləndirmədilər, gərəkli bilmədilər. O, bütün bunları yaşaya-yaşaya, düşüncəsində daşıya-daşıya getdi dünyadan. Özü getdi, yaratdıqları qaldı, qalacaq!

Onu sağlığında böyük bilgin adlandırmışdım

İllər öncəsi onunla bağlı “Azadlıq” qəzetində yazmışdım. Gəldi, görüşdük. Bir səhifəlik yazım ona min qəzetlik qol-qanad vermişdi, sevindiyindən nə deyəcəyini, necə deyəcəyini bilmirdi. Böyük bir yaradıcılıq yiyəsi, bir elə kitab yazmış adam mənə deyəcəyi bir neçə cümlənin əlində qalmışdı: bilmirdi necə desin, sözünü nə sayaq çatdırsın. Onu yaxşı anladığımdan gülə-gülə sözü başqa yana döndərməyə çalışırdım. Anladığım nə idi? Onu illərlə ağrıdan acılar. Gördüyü böyük işlərin, çalışmaların qarşılığında üzləşdiyi yağıcasına görsənişlər: dışlamalar, təpkilər. Sovet dönəmi boyunca o, təkbaşına azman savaşı aparmışdı. Bu savaş, bəlkə də, bütün savaşların ən çətini, ən ağrılısı idi: ideoloji savaş! Bircə kitabına – 2010-cu ildə çıxmış fundamental “Azərbaycanşünaslığa giriş” kitabına baxmaqla onun kimlərlə, necə dönməzliklə, eləcə də qızğınlıqla apardığı savaşı, demək olar, bütünlüklə görmək-bilmək olar. Bəs niyə “demək olar”?

Kitabda bir çox antiAzərbaycan fiqurantlarını görmək olar. Birincinin (Elməddin Əlibəyzadənin) arxasında duracaq nə dövlət var, nə partiya, nə də adına Akademiya deyilən, ona arxa-dayaq durmalı iş yeri. Bu iş yerində onun çarpışma apardığı kimsələrin çoxu görəvli nomenklatura adamıdır. Onların arxasında kimsənin güc çatdırmayacağı dünyanın iki böyük, üstün gücündən biri olaraq tanınan partiya-dövlət aparatı dayanır. O isə təkbaşına bu böyük gücün ideoloji qurallarına qarşı çıxır, Sovet ideoloji qurallarını oluşduran sütunları yıxmağa girişir!

İlkin tanışlıq

Onunla ilkin, üz-üzə tanışlığım ötən yüzilin 80-ci illərində olub. Onlar – Sovet dönəminin bir qrub millətçi aydını – Teleradio Verilişləri Komitəsinə tez-tez gələrdilər. Özü də başqa, onların profilinə uyğun redaksiyalara deyil, bizim Uşaq redaksiyasına. Bunun da oçaqkı gerçəkliyə uyğun öz nədəni vardı: baş redaktorumuz (Rafiq Savalan) başda olmaqla, bizim redaksiyada belələrinə qucaq açan bir ortam vardı. Tutduqları bəlli yola görə onları uyğun redaksiyalara, gərəkən verilişlərə, demək olar, çağıran yox idi – onlar oçağların dissidentləri yerindəydilər. Sözsüz, profil uyğunsuzluğuna görə onları bizim redaksiyaya da çağıran yox idi. Çağıran yox idi, ancaq gəlirdilər. Gəlirdilər, gözləndiklərini bildikləri üçün. Biz onların adına “qapıya”, milis otağına buraxılış kağızı qoyurduq. Gəlirdilər, qabaqca redaksiyada, sonra Komitənin  çay evində yığışırdıq. Sözsüz, 10 il sürgün yaşamı yaşamış şair Qaçay Köçərli başda olmaqla. Onlar o çağların gerçək aydınları, eləcə də bizim bilmədiyimiz bilik qaynaqları idilər. Başlıcası da, sözsüz, Elməddin bəy. Elməddin bəy bizə Azərbaycanın 5 min illik mənəvi mədəniyət tarixini yazdığını deyirdi. Mənəvi mədəniyət tarixi! Elə o çağlar da mən tarixi yaxşı bilməyimlə öyünə bilərdim. Ancaq milyonlarla Sovet adamı kimi, yaxşı bildiyimdən asılı olmayaraq, mənim bildiyim tarix “Dünya tarixi”  içində olmaqla, “SSRİ tarixi” idi. Başqa cür desək, Sovet ideologiyasının doğurduğu tarix. Ancaq sözügedən aydınlar (demək olar, indi onların hamısı dünyasını dəyişib) bizə başqa tarixdən danışırdılar – Türk tarixindən! Düzdür, mən universitetdə oxuduğum çağlarda Türk tarixi, ədəbiyatı, dili (Orxon-Yenisey) adına nələrsə eşidib-öyrənmişdim, ancaq bunlar da yuxarıda dediyim kimi, daha çox Sovet ideoloji qurallarına bağlı, bu quralların ortaya çıxardığı bilgilər idi.

Elməddin bəy bizə Azərbaycanın 5 min illik mənəvi mədəniyət tarixini yazdığından danışırdı. Beş min illik mənəvi mədəniyət tarixi! – bu bilirsizmi nə demək idi? İnanılmaz bir açılım! O çağlar buna yalan kimi yanaşmaq olardı, ancaq… Elməddin bəy elə danışırdı, üstümüzə yağdırdığı bilgilərlə elə enerji saçırdı, inanmamaq olmurdu. Bir gün danışdıqları, ötürdüyü bilgilər məni necə tutdusa, özüm də bilmədən ondan uşaqcasına soruşdum: “Bunları niyə çap etdirmirsiz?” Üzümə baxıb duruxdu, sonra da gülə-gülə: “Sən nə deyirsən, – dedi, – bunların məni görən gözü yoxdu, mənim yazdıqlarımın hamısı bunların yazdıqlarına qarşıdı. Mənim kitablarımın çap olunması üçün bizim milli dövlətimiz, milli hökumətimiz olmalıdır”. Milli dövlətimiz, milli hökumətimiz! Oldu. Aradan çox az keçmiş, gözlənilməz bir tezliklə SSRİ dağıldı, biz bağımsızlıq qazandıq. Elə bil birdən-birə, gözlənilmədən biz bir dünyadan başqa dünyaya, bir planetdən başqasına atıldıq. Ayaz Mütəllibov, Elçibəy dönəmində ulusalçı bir axın oldu. Biz çoxlu yeni, indiyədək görmədiyimiz, bilmədiyimiz ulusalçı bilgilər axınına düşdük. Bu yöndə çoxlu kitablar çıxdı. Ta 1993 çevrilişinədək. Bu çevrilişlə ölkəyə Sovet dönəmindəkindən daha pis, daha ötə gedən ANTİSİSTEM faktoru gəldi!

Bu da sənə milli dövlət!

Onun illərlə dilədiyi, illərlə uğrunda çalışdığı milli dövlət, milli hökumət anlayışları çox keçmədən bütünlükə başqa anlam daşımağa başladı. Ölkədə adına milli deyilən nə varsa hamısını alt-üst edən, bütünlükə İŞĞALÇI xarakter daşıyan bir hökumət, bu hökumətin prinsiplərinə uyğun rejim qurulduğu görülürdü. Hər yanda: ən yuxarılardan tutmuş onun əməkdaşı olduğu Akademiyaya, dərs dediyi “təhsil” ocaqlarınadək. Hər yeri əski, onun çoxdan tanıdığı, eləsini yeni tanımağa başladığı ANTİlər tutmağa başlamışdı. Aşağıdan yuxarıya bunların, demək olar, hamısı nomenklatura – alver adamları idi. Keçmiş komunist-komsomol aktivləri, regional siyasət kadrları hər yerə səpələnmiş, hər yerdə də onlar onun qarşısını kəsən, onun qol-qanad açmasını əngəlləyən faktiki ANTİSİSTEM faktoruna çevrilmişdilər. Rejimə bağlı televiziyalar, qəzetlər, ən başlıcası, dərs dediyi-demədiyi “təhsil” ocaqları getdikcə genişlənən alver içində, pulatapınma axarında onun mənəvi mədəniyət tarixini də, o tarixin günümüzə gəlib çatan uzantılarını da darmadağın edən bütöv mexanizmə çevrilmişdi. Bütün bunlara görə o, ardıcıllıqla dərs dediyi yerlərdən uzaqlaşır, uzaqlaşmalı olurdu. Yox, onu bir sıra başqaları kimi “suçunu” üzünə deyib işdən çıxarmırdılar: o özü işdən gedirdi. Belə olur: bir sıra kimsələr uzun illər olduqları, eləcə də olmaq istədikləri yerdən – istər iş yeri olsun, istər siyasi partiya – kimsə bir söz demədən, eləcə üzlərini döndərib getməli olurlar. O da bir sıra yerlərdən eləcə getməli olmuşdu.

Onun son olaraq üz döndərib getmədiyi bircə yer qalmşdı – adına “milli” ayaması yapışdırılan Akademiya. Elə-belə “elm adamlarına”, uşaq-muşağa akademik adı verib, yox yerdən yuxarı başa çəkənlər (yüksək aylıqla birgə), onu sonadək saymadılar. Sonadək o, doktor adıyla qaldı. Onun Akademiyaya gəlib-getdiyi də yalnız 300 manatlıq aylıqdan ötrüydü. O boyda Akademiyada ona ayrıca otaq bir yana, ayrıca stol da qıymadılar! Arada zəngləşib görüşürdük, daha doğrusu, o zəng vurub məni söhbətə çağırırdı. Bir gün zəng vurub Akademiyanın bağına çağırdı. Onun mənə birinci sualı bu oldu: “Televiziyalara baxırsanmı?” Mənim nə deyəcəyimi gözləmədən yana-yana danışmağa başladı: “Mən bu xalqın 5 min illik mənəvi mədəniyət tarixini yazdım. Bu gün mənim ölkəmdə mənəvi mədəniyət adına nə varsa hamısını məhv eləyirlər, bu gün mənim xalqımı məhv eləyirlər – baxıram, anlayıram, qanıram: dözə bilmirəm! Ürəyim partlayır! Hər yerdə alçaqlıq, hər yanda rəzalət! Bu nə müstəqillikdi belə, belə də müstəqillikmi olar?!” O mənə bircə yol da iş yerində üzləşdiyi soyuqluqdan, sayğısızlıqdan danışmamışdı. Akademiyada ona göstərilən soyuqluğu, sayğısızlığı mənə onu sevənlər, onun dəyərini bilənlər danışırdılar. Bu soyuqluq, sayğısızlıq faktı özünü “son”da da göstərdi: onun 3-nə qurulan çadır boş qaldı!

Boş evin dünyalarca varlı yiyəsi

Bir gün zəng vurub məni evinə çağırdı. “Azərbaycanşünaslığa giriş” kitabı yenicə çapdan çıxmışdı.  Uşaq kimi sevinirdi. Kitabın çapında ona yerlisi olan keçmiş Qarabağ döyüşçüsü yardım etmişdi. Bu, hər ikisi bir köydən olan bir döyüşçünün o biri döyüşçüyə yardımı idi. Sənin milli dövlətin, milli hökumətin yoxdursa, milli döyüşçün olsun – burada iki milli döyüşçü qovuşmuşdu! Əlindəki kitaba məndən ötrü avtoqraf yazandan sonra o, bunları danışdı: “İstədim bu kitab dövlətimizin puluna çap olunsun. Axı, mən bu kitabı millətim, dövlətim üçün yazmışam. Lazım olan yerə üz tutdum, mənə bilirsən nə dedilər? Başqalarına dediklərini: “Get, kitaba ön sözdə Heydər Əliyevdən yaz gətir, çapına pul ayıraq. Bundan baqşa, onlar mənə prezident təqaüdü verdirməyi də boyun oldular”. Elməddin bəy “yox” deməklə geri dönmüşdü. Çevrəmə baxırdım: təmirsiz, ucuz mebelli bir evdə oturmuşduq; Azərbaycanın 5 min illik mənəvi mədəniyət tarixini yazan bir bilginin evində! Yeri gəlmişkən, rəsmi statistikaya görə, bu ilin ikicə ayı içində – Yanvar, Fevral aylarında – Azərbaycanda 2 min (iki min!) ailə dağılıb. Gerçəkdə vur-tut 5-6 milyon adam yaşayan ölkə üçün bu, katastrofik göstəricidir: MƏNƏVİ MƏDƏNİYƏT aşınmalarına bağlı qorxunc göstərici! Bu Ölkə, bu Ulus, bu Dövlət ona necə borclu olduğunu hələ çox-çox sonralar biləcək…

Onun “Azərbaycanşünaslığa giriş” kitabı bu sözlərlə açılır: “Azərbaycan-Türk xalqının bədxahlarına, elmin düşmənlərinə minnətdaram: çünki onlarla çarpışma, dönə-dönə qarşılaşma məni mətinləşdirdi və əsl alim elədi”. Bu onun bioqrafiyasıdır: kompromissiz çarpışmalar içində başa vurulan yığcam bioqrafiya faktı. İstər Sovet dönəmində, istərsə də sonrakı dönəmdə o, kompromis anlayışını özünə yaxın qoymadı – özünün 5 min illik araşdırma obyektinə sonsuz inamına, güvəncinə görə! O, ulusunun hansı özül üzərində qalxıb yüksəldiyini, hansı özül dəyərlərindən qaynaqlandığını incəliklərinədək gözəl bilir, bildiyinə uyğun da davranış sərgiləyirdi: kompromissiz polemika davranışı! Kompromissiz, bir çox yerlərdə sərt, olduqca kəskin davranışa görə onu qınamaq da olardı, ancaq onun çoxillik araşdırma obyektinə yetik olmadan. O obyekti gərəyincə öyrənmədən. İstər sovet dönəmində, istərsə də sonrakı dönəmdə o, çoxillik, çoxsaylı aşamalar, çətinliklər qarşısında sonadək yenilməz oldu. Bunların da kökü onun çoxillik araşdırma obyektində axtarılmalıdır. Ona tükənməz enerji verən, yenilməzlik qazandıran ulusunun dəyişməz dəyərə dönən, sonsuz güvəncə çevrilən 5 min illik mənəvi mədəniyət tarixi idi. Bizim elliklə üstün, uğurlu gücə çevrilməyimiz o 5 min illik dəyərlərimizi dəyərləndirmək yetənəyinə bağlıdır…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv