Biz yalanın Dövlət SİYASƏTİNƏ çevrildiyi bir dönəmdə yaşayırıq. Biz rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopoliyanın DÖVLƏT SİYASƏTİNƏ çevrildiyi bir dönəmdə yaşayırıq. Bütün bunlarla yanaşı biz dinin dövlətlə birgəliyi dönəmini yaşayırıq. Bugünlərdə şeyxülislamın açdığı iftar süfrəsində prezident İ.Əliyev xalqa əliyevçi gerçəkliyə uyğun mesaj verdi: din dövlətdən, şeyxülislam dövlət başçısından ayrılmazdır!
Olsun, ancaq ölkədə baş verənlər necə olsun? Bütöv bir ailə şeyxülislam liderliyində Kəbəyə gedib-qayıdır, ancaq ölkədəki çoxillik antixalq siyasətləri dəyişmir, dəyişməz qalır. Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq mexanizmi bütün gücüylə işləyir. Yox, deyəsən, Kəbədən enerji aldığından daha güclü, daha effektli işləyir. Xalq yoxsullaşdıqca “Kəbə hökmranları” varlanır. Dünən xalqın pulları Avropa oyunlarna yönəldilirdi, bu gün Fransanın harasındasa keçirilən “Azərbaycan mədəniyəti günlərinə”. Yarınkı gün İslam oyunlarına…
Ölkəmiz, xalqımız sonu görünməyən oyun içindədir: Avropa da bizimlə oyun oynayır, İslam da. Bizsə oynamağı bacarmadığımızdan içdən-dışdan “legionerlər” əlində qalmışıq. Biz regionun lider dövlətiyik, ancaq cırtdan “Ermənistan” qanlı qırğın, terror yoluyla topraqlarımızın yüzdə iyirmisini ələ keçirib. Şuşamıza yiyələnib, Ağdam boyda şəhərimizi Yer üzündən silib! Biz regionun lider dövlətiyik, ancaq elə bu lider dövlətin özünün teleradiolarının bildirdiyinə görə ermənilər bizi gündə 70-80-90 yol atəşə tutur. Biz isə onlara yalnız cavab atəşi aça bilirik! Regionun lider dövləti oluğumuza görə bizim ermənilərə ancaq cavab atəşi açmaq hüququmuz var!! Avropa ölkələri də bizim topraq bütünlüyümüzü tanıyır, İslam ölkələri də. Buna görə biz ölkəmizdə Avropa oyunları da keçiririk, İslam oyunları da. Bu baxımdan da biz balanslaşdırmanın lider dövlətiyik.
Dövlət başçısının iftar süfrəsində dediyinə görə, Azərbaycan tolerant ölkədir, Əliyevçi rejim isə tolerant rejimdir. Düzdür, dövlət başçısı belə deyəndə kimlərsə ölkədə baş alıb gedən siyasi repressiyalardan, dustaqlıqda yüzədək siyasi dustaq olduğundan danışırlar. Bu isə dövlət başçısı deyən kimi, “Azərbaycan reallığına” düzgün yanaşma deyil. Azərbaycan reallığı nədir: əliyevçi korrupsioner rejim reallığı. Siyasi dustaq statusunda tutulanların hamısı bu reallığa TOLERANT yanaşmadığı, öz dilimizdə desək, bu gerçəkliyə dözümsüzlük göstərdiyi üçün tutulub – bunu kim dana bilər? Belədə rejimin, rejim başçısının hansı suçundan danışmaq olar? İstənilən rejimi ayrı-ayrı adamlar oluşdurur. İstənilən korrupsioner rejimi də.
Demək, bu rejimin də, rejim başçısının da özümlü davranış normaları var. O davranış normalarına sayğıyla, qayğıyla, ən başlıcası, rejim başçısının bildirdiyi kimi, TOLERANT yanaşmaq bütün VƏTƏNDAŞLARIMIZIN anadangəlmə borcudur. Dövlət başçısının belə VƏTƏNDAŞLARI necə yüksək dəyərləndirdiyi onun Koroğlu ilə bağlı dediklərindən bəllidir: “Koroğlu layiqli vətəndaş olub”. Koroğlu “layiqli vətəndaş olduğu” üçün dövlət başçısı ona özü Koroğluya, atı Qırata oxşamasa da, anıt yapdırıb. Üstəlik, çağımızın ən ünlü köprülərindən birinə Koroğlunun adını verdirib. Özünüz düşünün: Leyla Yunus, Xədicə İsmayıl, Seymur Həzi də Koroğlu İNDİ susduğu kimi susmağı bacarsaydı, dövlət başçısı onları da “layiqli vətəndaş” saymazdımı? Sayardı, hələ gözümüzün qabağında bir çoxlarını Etibar Hüseynov, Əflatun Amaşov, Rauf Arifoğlu… daha kimlər, kimlər kimi dövlətin sevimlisinə də çevirərdi. Dövlət başçısı “layiqli vətəndaş” saydığı bütün jurnalistlərə KİV-ə yardım Fondundan çoxsaylı yardımlar edir, teleradioların gecə-gündüz bütün dünyaya car çəkdikləri kimi, “mənzil şəraitlərini yaxşılaşdırır”. Dövlət başçısının özünün də bildiyi kimi, indi bizdə “mənzil şəraitini” dönə-dönə “yaxşılaşdırmış” neçə-neçə “layiqli vətəndaş” jurnalist var. Onlar TOLERANT jurnalistlərdir!