Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə demişdir: «1915-ci ildə yaradılan «Açıq söz» qəzeti o çağadək Qafqaz müsəlmanı, Tatarı deyilən xalqın Türk olduğunu açıq, dönmədən ortaya qoymuş, bu yolda hərbi senzorla çarpışmalı olmuşdur» (Məhəmməd Əmin Rəsulzadə «Qafqaz Türkləri». B.,2012, 48-ci s. İşləyib, çap edəni Yadigar Türkel).
Rusiya İmperiyasında Azərbaycan Türklərinə, eləcə də başqa müsəlmanlara dördüncü çeşid insan kimi yanaşıldığına inanmayanlar ən azı,1936-37-ci illərdə Moskva-Leninqradda yayımlanmış: «Kolonialnaya politika Rossiyskoqo tsarizma v Azerbaydjane v 20-60-x qq. XIX v.» bəlgələr toplusuna baxa bilərlər. İmperiyanın başkəndi Peterburqdan Azərbaycanı yoxlamağa gələn prokurorlar Rus yetkililərinin buradakı insanlara heyvan kimi yanaşdığını yazmışlar: «Bu zamana qədər topladığımız məlumat bizzat Gürcüstan dairəsindəki sui-istimallarla rəzalətin hər türlü hədd-hüdudu keçdiyini isbat etməkdədir. Müsəlman vilayətlərindəki idarəyə gəlincə, burada idarə edənlərin zülmü ilə idarə olunanların məzlumluğu təsəvvürü qabil olmayan fəci bir mənzərə ərz etməkdədir. Burada hər türlü insanlıq çeynənmiş, ədalət tamamilə unudulmuş, qanun cinayətin silahı, qərəzlə kef də məmurların yeganə hərəkət amili olmuşdur!» (Məhəmməd Əmin Rəsulzadə. «Milli birlik». B., 2009, 121-ci s. Tərtibçi və elmi redaktor Yadigar Türkel).
Rus yetkililərinin Azərbaycan Türklərinə Tatar deməyinə onların Tatarlarla daha erkən tanışlığı, Tatar dövlətini dağıdıb yerində İmperiya qurmalarından başqa Qafqaz, Azərbaycan Rusiyanın əlinə keçəndən Tiflisin başkənd olmasının, Gürcü düşüncəsinin Rusları etkiləməsinin də önəmi olmuşdur. Gürcülər bu gün də Azərbaycan Türklərinə Tatar deyirlər. Bu, da hansısa biliksizlikdən, aşağılamadan yox, əskilərə – Roma dönəminə dayanan gerçəkdir. Miladın 320-ci ilində Marino Sanutonun çəkdiyi xəritədə: «Planities Moqan in qna Tartare Hyimant» – «Tatarlar qışlayan Muğan çölü» yazılması bu yerlərin əskidən Türk yurdu olduğunun göstəricisidir. Ermənilər Azərbaycan Türklərinə Türk desə də, bizim bir sıra başı caymış, ulusal düşüncəsiz Sovet «alimlər»i, «xalq yazıçı»ları, «xalq şairlər»i, eləcə də onlara uymuş indiki dövlət yetkililəri bu gerçəyi anlamamışlar, anlamaq istəmirlər.
Azərbaycan Cümhuriyəti Ağalığı 1918-ci il iyunun 27-də Türk dilinin dövlət dili olduğunu bildirdi. Nəriman Nərimanov «Bir sıra yoldaşlara cavab»ında deyirdı: «Türk dilinin Azərbaycanın dövlət dili olması bildirilib. O bu dilin hüququndan, üstünlüklərindən bütünlüklə yararlanmalıdır! Heç kəs onu aradan götürəmməz, bunu bacarmaz! Azərbaycan bildiyimiz politik, ekonomik nədənlərdən özünün topraqlarından, doğal varından keçər, ancaq doğma dilindən keçəmməz, o heç kimin bu dili gözdən salmasına yol verməz! Qoy Azərbaycanda çeşidli yollarla Türk dilinə qarşı çıxanların hamısı bunu yaxşı-yaxşı bilsin!» («Bakinskiy raboçiy» qəzeti, 15 iyun 1922-ci il, № 130).
Azərbaycanın Türk ulusunun, Türk dilinin adını qaytaracaq ulusalçı politiki, dövlət dilinin adı ilə bağlı çəkişmələrə çağırılmış Azərbaycan Milli Arxiv İdarəsinin başçısı tarix üzrə fəlsəfə doktoru Ataxan Paşayevin çıxışının önəmli bölümünü səninçün bir də yayımlayıram. Ataxan Paşayev: «Hörmətli prezident, hörmətli komisiya üzvləri! Dövlət arxivlərində saxlanan, dövlət dili haqqında məlumat olan ilk sənəddə 1918-ci il iyul [iyun] ayının 27-də Azərbaycan Xalq Cümhuriyəti hökuməti tərəfindən qəbul edilmiş qərarda Türk dili dövlət dili kimi elan edilmişdir. Sonra Parlamentin fəaliyəti zamanı Parlamentin iclaslarının bütün materiallarına baxdıq. Belə bir məsələ Parlamentdə qaldırılmayıb. Demək istəyirəm, dil haqqında elə bir qərar qəbul edilməyib.
H.Ə.Əliyev: O qərarı kim qəbul edibdir?
A.Paşayev: Bunu Nazirlər Kabineti. Məruzəçi bilavasitə Fətəli Xan Xoyski olubdur.
H.Ə.Əliyev: Onun imzası ilə qəbul olunubdur?
A.Paşayev: Onun imzası ilə qəbul olunubdur.
H.Ə.Əliyev: Ümumiyətlə, bizim 1918-1920-ci ildə olan ilk Azərbaycan Demokratik Respublikasının tarixi haqqında da mən hiss eləyirəm, – mən öz mülahizəmi deyirəm, – bizim ədəbiyatda, mətbuatda yenə də subyektivliyə yol verilibdir. Bəzi adamlar yenə də hissiyata qapılaraq, subyektivliyə yol verərək, ayrı-ayrı tarixi hadisələri təhrif ediblər. O cümlədən, məsələn, Fətəli Xan Xoyskinin fəaliyətini demək olar ki, Azərbaycanın bu dövrə aid ədəbiyatında, 1918-1920-ci illəri əks etdirən məqalələrdə və dərc olunan başqa materiallarda heç əks olunmayıbdır [Bu, elə də düzgün deyildir. Azərbaycan yolunda şəhid olmuş Fətəli Xanın ana yurdumuz yolunda etdiklərini heç ara, heç kim kiçiltməyib. Ancaq Fətəli Xan Xoyski dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadədən böyük işlər görməyib. Bu sözün arxasında Məhəmməd Əmin bəyin böyüklüyünə qısqanclıq yatır. Ötən illərdə bilimçilərimiz Fətəli Xanın Azərbaycan yolunda etdiklərini də olanaqlara uyğun öyrəniblər. Bu sözlərdən sonra Mahir Nəbililər… Məhəmməd Əmin bəyə hürməyə başladı. Ancaq yel qayadan nə aparar? – Heç nə aparmadı!]. Amma o çox böyük işlər görübdür və xeyli müddət hökumətə rəhbərlik eləyibdir. Təklif var, mən ona baxacağam, onun 100 illik yubileyini [Fətəli Xan 1875-ci il noyabrın 25-də Şəkidə doğulub. Heydər Əliyev tarixləri qarışdırıb] də biz mütləq keçirməliyik. Mən sadəcə olaraq demək istəyirəm ki, bu istiqamətdə bizim tarixçilər yox, bəzən bax, bu jurnalistlər hissiyata qapılaraq məqalələr yazırlar, dərc eləyirlər, bununla yenə də qarışıqlıq yaradırlar. Xahiş edirəm, tarixi həqiqətlərə riayət olunsun. Tarixi həqiqətləri təhrif etmək lazım deyil. Bu gün mən sadəcə haşiyə çıxdım. Buyurun.
A.Paşayev: İkinci belə rəsmi sənəd 1921-ci il mart aynın 29-da Azərbaycan İnqilab Komitəsi tərəfindən Nəriman Nərimanovun və Dadaş Bünyadzadənin imzası ilə qəbul edilmiş, verilmiş əmrdir. Burada Azərbaycan SSR-in bütün idarələrində kargüzarlığın Türk dilində aparılmasını təmin edə bilmək üçün xüsusi komisiya yaradılması əmr edilir. Beş nəfərdən ibarət bu komisiyaya sədr Dadaş Bünyadzadə təyin olunub. Birinci Azərbaycan Sovet Konstitusiyası 1921-ci il may ayının 19-da qəbul edilmişdir. Çıxışlarda, qəzet məqalələrində yazırlar ki, guya bu Konstitusiyada dövlət dili kimi Azərbaycan dili göstərilib. Ancaq Konstitusiyanı müxtəlif variantlarda mən buraya gətirmişəm. Əslində o Konstitusiyada dövlət dili haqqında heç bir maddə yoxdur. Yalnız 1924-cü il iyul ayının 27-də Azərbaycan Mərkəzi İcraiyə Komitəsi dekret verdi. Bu dekretlə Azərbaycan Sovet Sosialist Respublikasında dövlət dili Türk dili elan edilib. Burada çox maraqlı bir məsələ var. Bundan sonra 5-ci, 6-cı, 7-ci, 8-ci Sovetlər qurultaylarında Konstitusiyaya əlavələr edilir. Ancaq dil haqqında o Konstitusiyaya heç bir maddə əlavə olunmur. Məsələn, o Konstitusiyaya edilən əlavələrdə gerblə əlaqədar olaraq, bayraqla əlaqədar olaraq «Türk əlifbasında» sözləri yazılıb. Məsələn, yazılıb ki, «Türk əlifbasında Azərbaycan Sosialist Sovet Cümhuriyəti sözü əlavə edilsin». Ancaq dil haqqında maddə yoxdur.
Dil haqqında, dilin dövlət dili edilməsi haqqında ilk sənəd 1936-cı ildə, 9-cu Sovetlər Qurultayına təqdim olunmuş Konstitusiya layihəsidir. Maraqlıdır, bu Konstitusiya layihəsinin 20-ci maddəsində Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu qeyd olunur. Qeyd edirəm ki, biz 1936-cı ilin axırınaqədərki çoxlu şəxsi sənədləri qaldırdıq: həm partiya arxivindəki partiya üzvlərinin uçot vərəqlərini, həm də ayrı-ayrı işçilərin vərəqlərini. Dil məvhumu milliyət məvhumu ilə demək olar bağlıdır. Məsələn, orada milləti – Türk, ana dili – Türk yazılıbdır. 9-cu Sovetlər Qurultayına seçilmiş nümayəndələrin anketlərini buraya gətirmişəm. Kim istəsə baxa bilər. Burada ikinci anket Mir Cəfər Bağırovun anketidir. Orada da milliyəti yazılıb – Türk… Bunlar dekabr ayında Moskvaya gedib, SSRİ Konstitusiyası qəbul ediləndən sonra qayıdıb gəlib yenidən Konstitusiya layihəsi üzərində işləyiblər.
1937-ci il mart ayının 14-də Azərbaycanın 9-cu Sovetlər Qurultayı öz işini davam etdirib, Konstitusiya layihəsi müzakirə olunub. Burada ən maraqlı məsələ odur ki, birinci dəfə olaraq mandat komisiyasının hesabatında o qurultay nümayəndələrinin milliyəti haqqında məlumat veriləndə yazılıb: Deputatlar: Azərbaycanlılar – 225 nəfər, Ermənilər, Ruslar və sairə və sairə. Birinci dəfə Azərbaycan sözü burada işlədilib. Mən buraya bilavasitə müzakirənin stenoqrafik hesabatını gətirmişəm. Orada artıq kim ki, Azərbaycan dilində çıxış eləyibdir, yazılıb. Demək istəyirəm ki, 1937-ci ilin Konstitusiyası qəbul ediləndən sonra heç yerdə Türk dili məvhumu işlədilməyib. Ancaq çox maraqlıdır ki, layihədə olmasına baxmayaraq, 1937-ci il aprel ayının 14-də qəbul olunmuş Konstitusiyada belə bir maddə yoxdur. Konstitusiyadan həmin maddə çıxarılıb.
H.Ə.Əliyev: Yəni dövlət dili haqqında maddə yoxdur?
A.Paşayev: Dövlət dili haqqında heç bir maddə yoxdur».
Tarix üzrə elmlər doktoru Ataxan Paşayevin bələgələrə dayanaraq «söz oynadan», aşıqlara bilimçi, dilçi adlanan öyücülərə, girəvəçi yaltaqlara «dərs» verdiyi, yanlış yol tutmuş Heydər Əliyevə də düzgün yol göstərdiyi aydın görünür. O çağda televiziya ilə verilən verilişə baxarkən Heydər Əliyevin Ataxan Paşayevdən sonra danışıqları kəsəcəyini düşünmüşdüm. Ancaq belə olmadı, o da Türkü Azərbaycandan, Qafqazdan qovmağa, silməyə, yox etməyə çalışan Rus-erməni-sovet-mason geopolitikləri kimi Türkü silmək istəyirdi. Özlərini uzaqgörən politik sayıb politikanlıq edənlər bir şeyi anlamalıdırlar: Azərbaycandan, Qafqazdan Türkü siləndən sonra burada Avar, Buduq, Saxur, Qrız… da olmayacaq. Öldürdüklərini öldürəcəklər, qalanlarını da Türkiyə Respublikasına sürəcəklər!
Bəlkə, o çağda Heydər Əliyevin yaxın çevrəsində ulusalçı, yurdsevər bir Türk olsaydı, onu inandırıb bu yanlış yoldan çəkindirərdi… Ancaq olmadı. Heydər Əliyev yanlış yol tutduğunu bilmədiyindən bağışlanmaz yanlışa yol verdi. O çağda dövlət dili sorununun tələsik gündəliyə gətirməsi çox yanlış idi. Azərbaycan bilimçiləri bu işi ancaq ötən 20 ildə yaxşı öyrənə biliblər.
Heydər Əliyev dövlət dilinin adı ilə bağlı çəkişmələrdəki çıxışlarında Azərbaycan Respublikası Parlamentinin 1992-ci il dekabrın 22-də dövlət dililə bağlı çıxardığı qərarı bir neçə yol «qeyri-qanuni» sayıb, ona Parlamentin vur-tut 26 üyəsinin səs verdiyini, İsa Qəmbərovun İskəndər Həmidov, Ədalət Rəhimovla dövlət dilinin adını dəyişdiyini desə, Ziya Bünyadovun Rus-erməni sovet-mason bolşefaşistlərinin «26-lar»ını da gözə alaraq: «Bu, 26 rəqəmi nədənsə bizim qara rəqəmlərimizin içərisinə daxil olmalıdır. Orada 26 oldu, onlar da lax çıxdı, indiki 26 da lax çıxdı. Mən bilmirəm, o cəbhəkratların vaxtında 26 nəfər xalqımızın dilini necə istədilər, o cür də rənglədilər» sözlərilə boyasa da, konunu 12 noyabr «yalan-palan referendumu»na baxışı sorulan 27 adamdan 15-nin «Azərbaycan dili» istəyilə çıxarmışdır. Aşağıda oxuyacağınız «onun adamları»nın çoxunun qınadıqlarından kiçik olduğu görünür. Təkcə bu gün Mübariz Əhmədoğlu adı altında politikanlıq edən Mübariz Əliyevə baxmaq yetər. Baxın, kimin kim olduğunu anlayın!
Ramiz Mehdiyevin oxuduğu sıradan: 1.Ağamusa Axundov – Azərbaycan dili. 2.Vaqif Aslanov – Azərbaycan dili. 3.Nəbi Xəzri – Azərbaycan dili, 4.Tofiq Hacıyev – Türk dili, Azərbaycan türkcəsi, Azərbaycan Türk dili. 5.Çingiz Abdullayev – Azərbaycan dili. 6.Fərəməz Maksudov – Azərbaycan dili. 7.Sabir Rüstəmxanlı – Azəri türkcəsi. 8.Kamil Vəliyev – Türk dili, ya da Azərbaycan türkcəsi. 9.Əkrəm Əylisli – Azərbaycan Türk dili. 10.Xeyrulla Əliyev – Azərbaycan dili. 11.Mübariz Əliyev – Azərbaycan dili. 12.Musa Adilov – Azərbaycan dili. 13.Zöhrab Həsənoğlu – Azərbaycan Türk dili. 14.Nizami Cəfərov – Azərbaycan Türk dili. 15.Ruqiyə Qəmbər qızı – Türk dili. 16.İsa İsmayılzadə – Türk dili, ya da Azərbaycan türkcəsi. 17.Nizami Xudiyev – Azərbaycan Türk dili, Azərbaycan türkcəsi, ya da «Azərbaycanda dövlət dili, Türk dilləri ailəsinə daxil olan Azərbaycan dilidir». 18.Qabil – Azərbaycan dili. 19.Şamil Qurbanov – Azərbaycan dili. 20.Anar – Azərbaycan Türk dili. 21.Yusif Seyidov – Azərbaycan Türk dili. 22.Fuad Qasımzadə – Azərbaycan dili. 23.Qəmbər İsmayılov – Azərbaycan dili. 24.Qəzənfər Kazımov – Azərbaycan dili. 25.Əlisa Şükürov – Türk dili. 26.Məsumə Məlikova – Azərbaycan dili. 27.Həsən Mirzəyev – Azərbaycan dili.
1995-ci ildə yenidən yaradılan dolaşıqdan bu gün Azərbaycan Respublikasında çox gərgin mənəvi durum yaranmışdır. Ölkənin Azərbaycanlı adlanan bütün yurddaşları – Talışlar, Ləzgilər, Avarlar, Saxurlar, Kürdlər, Buduqlar, eləcə də başqaları iki adın da üstünlüyündən yararlanır, gerçəkdə isə mən ləzgiyəm, kürdəm, buduğam, saxuram, talışam, tatam deyirlər, təkcə Türklər ulusal kimliklərini Türk yazdırammazlar! Bu, uluslararası hüquqa da tərs, anlaşılmaz, bağışlanmaz durumdur! Əhməde Həpo Azərbaycanlıdır – Əhməde Həpo Kürddür. Çox yaxşı, çox düzgün! Belə də olmalıdır. Yadigar Türkel Azərbaycanlıdır – Yadigar Türkel Türkdür! – Yox! Olmaz! – Niyə olmaz? – Belə uyğulanıb…
Sayğılı yaşıl yurddaş, A.S. Şepotyevin «Doklad o spornıx territoriyax Kavkaza, na kotorıye imeyet prava Azerbaydjanskaya Respublika so statistiçeskimi dannımi o narodonaselenii»–«Doklad o spornıx Kavkazskix territoriyax, na kotorıye imeyet prava Azerbaydjanskiye Tyurki» bitiyini işləmişəm, çapdadır. Rus dönəminin bitikdəki bəlgələrində 1995-ci ildə yanlışlıqla yenidən Azərbaycanlı edilən Türk ulusunun adı: «Azerbaydjanskie Tyurki, Tyurki-Azerbaydjansı, Tatarı, Azerbaydjanskiye Tatarı, Musulmane, Kavkazskiye Musulmane, Tyurki şiitı, Tyurki sunnitı» kimi yazılıb. Başqa qaynaqlarda qarşılaşılan Arazboyu Müsəlmanlar, Arazboyu Türklər, Arazboyu Tatarlar, Zaqafqaziya Tatarları, Zaqafqaziya Türkləri, Xəzəryanı Müsəlmanlar, Xəzəryanı Türklər, XX yüzildə uydurulumuş Azərilər, Azəri Türkləri, türkazərlər… Azərbaycan Türklərinin çəkilməz, tezliklə düzəldilməli ağrı-acısıdır!
Heydər Əliyev Mübariz Əliyevlə mənim Türk adımı, dilimin Türk adını dəyişdirib. Mən, Azərbaycan Respublikası Konstitusiyasının 44-cü – heç kəsin ulusal kimliyi güclə dəyişdiriləməz! – düzüyünə tərs olan bu işin aradan qaldırılmasını istəyirəm. Azərbaycan Respublikasının bütün yurddaşları çağdaş politiologiya biliminin ölçülərinə uyğun başqa ölkələrdə olduğu kimi Azərbaycanlı yazılmalı, sonra Türk, Rus, Yəhudi, Gürcü, Erməni, Tatar, Talış, Kürd, Avar, Saxur, Buduq, Lak, İngiloy… olmaları göstərilməlidir. Konstitusiya belə deyir, ancaq o, təkcə Azərbaycan Türklərinə uyğulanır.
Bu yanlış politikadan Güney Azərbaycandakı Türklər də özlərinə Türk yox, Azərbaycanlı deməyə başlayıblar. Bundan yararlanan yağılar keçənlərdə Quzey Azərbaycan Türklərinin dalınca dedikləri «XIX yüzildə Azərbaycan xalqı olmayıb» sözlərini «XX yüzildə Güney Azərbaycanda Türk ulusu olmayıb»a çevirib, bütün dünyaya bağıracaqlar. Biz də, bu yalanları düzəltməklə uğraşacaq, düzəldə də bilməyəcəyik!
Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə «Milli dirilik» adlı yazısında demişdir: «Milli mədəniyətin nədən ibarət olduğunu dərk edənlər, bu mədəniyətin nə surətdə münqəriz [dağıldığını] olduğunu görənlər, şübhəsiz, bu kimi narəva [istənməyən] halları gördükdə ürəkləri ağrıyor, bu ürək ağrıdan hallara qarşı bir millətin üqəlasının [ağıllılarının] laqeyd olduğu görülüncə, bu ağrı daha da şiddət ediyor… Əcəba, daimi olaraq ürək ağrısına qalacaqmıyız?»
Azərbaycan bilimçilərini, aydınlarını Türk ulusunun Türk adını qaytarmaq savaşına çağırıram!
Yadigar Türkel
fəlsəfə üzrə elmlər doktoru
[ ] Düz ayrıcdakı açıqlamalar Yadigar Türkelindir.