Sayğılı bəy, Hacı Nəcməddin Əfəndi! Yadınızdadırsa, Rusiya devrimindən qabaq, bir gün Heydərovun evində qonaqkən siz mənim «Türkiyə ilə Dağıstanın hansısa ilişkiləri varmı?» sualıma aşağıdakı cavabı verdiniz: «Biz Türkləri dördgözlə gözləyirik, hamımız bir adam kimi çara qarşı qalxarıq», eləcə də b.
Mən onda sizə geriqalmış, bilgisiz Ləzgilərin ruhani başçısı kimi baxmışdım. Onda sizi panislamizm ideyası sarmışdı, ona görə də sizin çara qarşı çıxıb Türkiyəyə birləşmək istəyiniz mənə aydındı.
Ancaq elə oldu, siz yox, Rus işçiləri çara qarşı çıxıb, sizi də çarın boyunduruğundan qurtardılar.
Türkiyə isə on ay sonra Bakı yolu başdan-başa boş olduğundan, heç bir çətinliksiz, təkcə Bakı yaxınlığında azsaylı Bolşevik bölüklərinin dirənişini qıraraq gəldi. Güclərin bir olmadığı bu savaşda siz də öz ləzgilərinizlə Türklərin yolunu açmaq üçün bolşeviklərə qarşı idiniz.
Bolşeviklər getdi, siz Türklərlə birgə Bakı kəndini tutdunuz, guya Türkiyənin qorumasında iki müsəlman dövləti yarandı: Azərbaycan, Dağıstan.
Sizə daha nə gərəkdi? Konstantinopoldan Dağıstanadək, demək olar, bütün topraqlar sizin ayaqlanmanız olmadan, o çağda panislamizm bayrağı altında çalışan müsəlmanların əlinə keçdi.
Sizin amacınıza çox yaxın olduğunuz görünürdü, təkcə bütün müsəlmanları birləşdirib sivil yaşama başlamaq qalırdı.
Ancaq siz Türkləri heç də yüksək dəyərləndirmirmişsiniz! Onlar gəldilər, ancaq siz onlardan çox yüngülcə ayrıldınız. Almanlar onlara getməyi buyurdular, onlar da getdilər.
Sonra Almanlar gedirlər, onların yerinə müsəlmanlara tarix boyu yağı olan İngilislər gəlirlər. Onlar ağalıq etməyə, müsəlmanlar, yaşıl müsəlman «respublikaları» arasında yağıçılıq salmağa başlayırlar, sizsə bütün bunları susqunluqla qarşılamaq bir yana, İngilislərin Qafqazda ağalığının güclənməsinə də yardım edirsiniz…
İndi İngilislər gedirlər, yerinə, onların bilgisi, onayı ilə sizə – Petrovskiyə Qafqazın bütöv Rusiyanın bölünməz parçası olduğunu bildirmiş çar generalı Denikin gəlib. Siz yenə susursunuz, görünür Rus çarının boyunduruğunu yenidən geymək istəyirsiniz.
Mən başqa şey düşünəmmirəm!
Sizdən, özəl politik düşüncəli ruhani başçıdan, sözsüz, olayların gedişini mən anlayan kimi anlamağı istəmək də olmaz, ancaq buna baxmayaraq mənim sizdən sormaq hüququm vardır: sizin ardıcıllığınız harada qaldı?
Siz Rus çarının boyunduruğundan qurtulmaq üçün Türklərin gəlişini gözləyirdiniz, ancaq ondan çox asanlıqla qurtulub, boynunuzu yenidən, quşqusuz, özü ilə çar ağalığını gətirən Denikinin boyunduruğuna keçirirsiniz!
Doğrudanmı, siz Denikinə qarşı çıxmağa gücünüzün olmadığını deyəcəksiniz?
Siz Almanlarla İngilislərin kiçik bölüklərinin qulediciliyinə qarşı hansısa bir güclə qarşı qoydunuzmu? Siz çoxdan gözlənən, hamılıqla istənən Türkdən biryolluq çıxıb getmək istənəndə, az da olsa tərpəndinizmi?
Sizin panislamizm ideyanız harada qaldı?
Yaxşı yadımdadır, biz danışarkən, «Siz çarın boyunduruğundan qurtulandan sonra nə edəcəksiniz?» sualıma – belə cavab verdiniz: «Bizim Quranımız, bir də xəncərimiz vardır!».
Sizin Quranınızla xəncəriniz indi haradadır?
Mən inanıram, sizin bütün bu suallara özünüzü qurtaracaq cavablarınız yoxdur. Bununla belə, sizin bir cavabınız ola bilər: siz bütün bunları bolşeviklərin etkisinə düşməmək üçün edibsiniz, edirsiniz!
Yox, siz ancaq panislamizmi düşünən arı-duru ruhani başçısınızsa, nədən bolşeviklərdən qorxmalısınız? Axı onlar kim hansı inancı sevirsə, qoy, özgürcə tapınsın! – deyirlər. Dövlət din işlərinə qarışmamalıdır! Bolşeviklər deyirlər: bütün uluslar özgürdür, özgürcə bağımsızlığını bildirə bilərlər. Sizə daha nə gərəkdir?
Eşidin, Hacı Nəcməddin Əfəndi! Belə kəsin, sorumlu anda açıq danışaq. Siz Bolşeviklərdən sizi panislamizm ideyasını gəlişdirib yaymağa qoymayacaqlarına görə qorxmursunuz! Yox! Siz onlardan əməkçilərin ağalığından yana olub, mülkədarlara, xanlara, bəylərə qarşı olduqlarına görə qorxursunuz!
Bax, düzünə qalsa, gizlin buradadır!
Mən sizin kişiliyinizə toxuna biləcəyimdən daha bu yöndə danışmaq istəmirəm…
Siz, ruhani başçı, eləcə də böyük mülkədar olduğunuzdan, sözsüz, məni anlayırsınız, ancaq siz əlinizlə edilənləri anlayırsınızmı?
Siz öz gəlir-çıxarlarınıza görə mülkədarların gəlir-çıxarlarının qorucusu olan çar generalı Denikini Dağıstanın igid, döyüşkən oğullarının, bahadır Şamilin yurdunun müsəlmanların dinini neçə yol aşağılayıb, onları dinməz, yazıq qullara çevirmiş çarın ağalığını yenidən qurmaq üçün Dağıstana buraxırsınız!
Rus işçiləri bu qulları buraxdı, Sovet Rusiyasının İşçi-köylü Ağalığı onlara bağımsızlığadək özgürlük verir, ancaq siz, Şamilin ardıcılı onları çarizmin boyunduruğu altına çəkirsiniz!
Eşidin, Hacı Nəcməddin Əfəndi! Denikin daha geri çəkilir, Sovet Rusiyasının Qızıl Ordusu onu əzəcəkdir! Bu arada sizdən Denikinə qarşı gərəkən addımlar atılmazsa, onda sözsüz, yaxın günlərdə Dağıstanda Sovet Ağalığı qurulanda, siz orada buçağadak bütün törədilənlərə görə cavab verəcəksiniz!
Yox, siz Denikini öz gücünüzlə qovub, bununla da qul olmaq istəmədiyinizi göstərsəniz, onda öz ulusunuzun özünübəlirləməsinə yardım etmiş olarsınız!
Siz Sovet Rusiyasının ulus istəmirsə, öz ağalığını ona zorla yeritmədiyini bilirsiniz. Bütün bunları Azərbaycana da çatdırın… İnanın, öcalma çağı yaxındadır!
Denikini qovarsınızsa, ancaq İngilislər sizi bizimlə ilişkiyə qoymasalar, onsuz da onları da qovmaq, bu quldur dəstəsinə biryolluq son vermək kəsinləşdirilmişdir…
Quldurlar harada olmasından asılı olmayaraq, yox edilməlidir! Elə şəriət də bunu deyir, düzgün deyilmi? Ancaq görünür siz şəriətin buyurduqlarını yerinə yetirmək istəmirsiniz! Onda sizin yerinizə onu bolşeviklər edərlər!…»
*Azərbaycanın gələcək yurdsevər yaşılları, bilimçiləri, politikləri! Son 25-27 ildə Azərbaycan Cümhuriyəti tarixinin az-çox öyrənilməsi bizə Nəriman Nərimanovun Qotsinskiyə bu peyğəmbərsayağı məktubunun olduqca ağır, dolaşıq durumda olan Dağıstan ellərini yenidən ələ keçirməyə çalışan Moskvanın tapşırığı ilə yazıldığını deyir. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyəti Parlamentinin 1919-cu il mayın 26-da keçirilən 41 saylı toplantısında «sosialist» İbrahim Əbilovun Denikin sorunu ilə bağlı Azərbaycan Parlamentini, Ağalığını Dağlılar Respublikasına yardım etməməkdə suçlamasına cavab verərək demişdir: «Bizə deyirlər Dağıstana yetərincə yardım etmədik. Bu doğru deyildir! Azərbaycan Parlamentilə Ağalığı bacardıqca yardım etdi! Bu gün Dağıstanda istənməyən olaylar ortaya çıxırsa, bu Azərbaycandan çox özünün toplumsal politik ortamındandır! Belə olmasaydı, bizim bu boyda etdiyimiz yardımla bu sonucu görməzdik. Acı da olsa, bunu Dağıstanın adamlarında görmək olmaz. Orada Ağalıq özünü buraxıb, bütün yetkilərini Hacı Murad adlı birinə vermişsə, biz düşünürük, bu Hacı Murad Şamil çağındakı Hacı Murad olmaz!».
Nəriman Nərimanovun məktubdakı Türklərə sayğısızlığını, qarayaxmasını, qarşıçıxmasını anlamaq olmur! Onun bu yanaşması ağıldışı olub, gerçək geopolitik düşüncədən yox, varlığındakı «psixoloq»luqdan – psixi radikalizmdən, mason politikalarına uymasındandır, Türkləri Almanlar yolladılar sözləri də yalandır, bilgisizlikdir, bəlkə də bilə-bilə suçlamadır.
Savaş ortağı Almanlarla Türklər Birinci Dünya Savaşında yenilmişdilər. Osmanlı İmperatorluğu Mudros Barışığına görə Azərbaycandan, Qafqazdan çıxmalıydı. Almanlar yox, İngiltərə Ordusunun başçısı general Tomson Türklərin bir həftəyə Bakını, bir aya da bütün Azərbaycanı, Güney Qafqazı boşaltmasını buyurmuşdu.
Bakı Polis Departamentinin 12 dekabr 1899-cu ildə tutduğu bəlgəyə görə «bütünlüklə rusyönlü» güvənini qazanmış Nəriman Nərimanov Rusiyadan, Lenindən, bolşevizmdən Azərbaycana, Türkə, Qafqaza heç bir yaxşılıq olmayacağını, ən azı RSDİP-nin 1903-cü ildə keçirilən, əzilən uluslara özgürlük, özünübəlirləmək hüququ boyun olunan II qurultayından sonra Leninin «Ulusal sorunla bağlı tezislər»ində bağımsızlığın ancaq Finlandiya ilə Polşaya verilə biləcəyini, başqa uluslara belə hüququn tanınmadığını, Qafqaz uluslarına Rusiya içində «kültür özərkliyi» verilə biləcəyini, genəlliklə isə özərkliyin uluslara yox, onların işçi-köylülərinə veriləcəyini kəsinləşdirməsindən sonra anlamalı idi!!!
Ancaq o, «insanlığın qurtuluşunu kapitalın aradan qaldırılmasında gördüyündən», 1906-cı ildə «İrşad»ın 9 mart sayında «Bizcə Hacı Zeynal Abdin Əfəndinin (Tağıyev) açdığı Qızlar seminariyası onun etdiklərinin ən böyüyüdür» deyib öydüyü böyük yurddaşa, böyük Türkə «Azərbaycan Öyrətmənlərinin I Qurultayı»nda anlamsız, yersiz təpki göstərmiş, sonralar Məhəmməd Əmin Rəsulzadəyə «Müsavatın bülbülü» deyərək aşağılamağa çalışmış, Əlimərdan bəy Topçubaşıya, Fətəli Xan Xoyskiyə, «Açıq söz» qəzetinə yaraşmayan sözlər yazmışdır.
Ələşdirdiyi üç Azərbaycan bahadırı ilə uyuşmazlığının biri bu idi: yurdsevər bahadırlar neft ocaqlarından gələn gəlirdən Bakı köylərinə də verilməsini istəyir, Bakının «yiyəsi» Ruslarla Ermənilər buna qarşı çıxırdılar. Nəriman Nərimanov isə onlardan bir az da qabağa gedib, sorunu çözmək üçün: «topraq mülkədarlardan, bəylərdən alınıb Bakı köylülərinə verilsin!» – deyirdi.
Nəriman Nərimanovun Qotsinskiyə «bütün bunları Azərbaycana da çatdırın!» buyurduğu bu «qorxu notası»nı anlamağı sayğılı oxuculara buraxmaq istəsək də, onun «Rus işçiləri çara qarşı çıxıb, sizi də çarın boyunduruğundan qurtardılar» sözlərilə bağlı deməliyik: Rus devrimini Rus işçisi etməyib! Devrimin ideoloqları, sosial-politik-savaş ortamı vardı. Rus devrimini işçinin etdiyini demək Rus-erməni-sovet-mason bolşefaşist ideoloqların sonrakı uydurmasıdır!
Azərbaycan Respublikası Prezidentinin İşlər Qurumunun Politik Bəlgələr Arxivindəki general Səməd bəy Mehmandarovla general Həbib bəy Səlimovun 8 mart 1919-cu il tarixdə qolladıqları bir bəlgədə (f. 277, sıra 2, sax.v.43) böyük qardaşı, yolgöstərəni Vladimir Leninin başkəndi Moskvada bir çağlar güldüyü Şamdan bəyi kimi girlənən Nəriman Nərimanovun gizli yolla Bakıya gəlib Azərbaycan Parlamentinin «Hümmət»dən olan ulus elçiləri Saniyevlə, Qarayevlə görüşməsi, daha sonra bolşevik ideyalarını yaymaq üçün Şuşa, Qazax sancaqlarına getməsi sorağının yoxlanması, onun tutulması üçün gərəkən işlərin görülməsi istənir.
Azərbaycan Jümhuriyətinin İç işləri bakanı Xəlil bəy Xasməmmədov 1919-cu il aprelin 2-də Bakı, Gəncə, Zaqatalaya göndərdiyi məktublarında da bununla bağlı gərəkən işləri görməyi tapşırmışdır. Araşdırmalar yayılan bu sorağın bolşevik propaqandası olduğunu ortaya çıxarmışdır.
Nəriman Nərimanovun Qotsinskilə görüşündən sonra ona sayğısızca: «Mən onda sizə geriqalmış, bilgisiz Ləzgilərin ruhani başçısı kimi baxmışdım» deməsi Azərbaycan türklərinin Ləzgilərə hansısa sayğısızlığı kimi anlaşılmamalıdır. Ləzgilər bir yana, Azərbaycan türklərilə Güney Qafqazın başqa dağlı elləri arasında heç bir ayrıseçkilik, uyuşmazlıq, yaşamsızlıq yoxdur! Azərbaycanın daha çox gəlişmiş yerlərinin adamları dağda yaşayan Azərbaycan türklərinə də belə – «geriqalmış, biliksiz» deyə bilirlər. Belə yanaşma Nəriman Nərimanovun Nəsib bəyə yazdığında da vardır.
Nəriman Nərimanov bilgisizlikdən Qotsinskiyə «Bolşeviklər getdi, siz Türklərlə birgə Bakı kəndini tutdunuz» yazır. Bakını Azərbaycan-Türkiyə Ordusu tutub. «Qafqaz dağlıları»ndan oluşan «Ləzgi alayı» isə qızğın savaşa buraxılmayıb, «Ləzgi alayı» Bolşeviklərin dənizdən ola biləcək «Çıxarma»sının qarşısını almaq üçün Xəzər qıyılarını qoruyub.
Qotsinskiyə məktubda adı keçən Heydərov Nəriman Nərimanovun sosial-demokrat arxadaşlarındandır, adı İbrahimdir.
Petrovski indiki Mahaçqala əski türk kəndi İnciqaladır.
Nəriman Nərmanovun yanlış yazdığı iki tarixi də düzəltmək gərəkir. Dağlılar Respublikası 1918-ci il mayın 11-də, Azərbaycan Cümhuriyəti isə mayın 28-də yaradılıb.
*Çevirdiyimiz qaynaq: Nariman Narimanov. «İzbrannıye proizvedeniya» (Seçilmiş əsərləri). II c. (1918-1921). B.,1989, 217-220-ci s. Onların qaynağı: Nariman Narimanov. Stati i pisma (Yazılar, məktublar). M.,1925, 14-17-ci s.
Bakı çapında Qotsinskiyə məktubun rusca «Jizn nasionalnostey» (Ulusların yaşamı) qəzetinin 21 sentyabr 1919-cu il, 36-cı sayında yayımlandığı göstərilir. Biz məktubun adını «Nəriman Nərimanovun Nəsib bəy Yusifbəyliyə söyüşləri»ndəkinə oxşar, «Nəriman Nərimanovun Şeyx Hacı Nəcməddin Qotsinskiyə söyüşləri» qoyduq.
YADİGAR TÜRKEL
fəlsəfə üzrə elmlər doktoru