Bu gün toplumun əsasən bir qonusu var: devalvasiya, iqtisadi böhran. Ancaq böhran toplumun yaşamına tam girməyib, toplumun üzərinə düşən böhranın kölgəsidir. Bu da əslində sonucdur. Daha doğrusu, sonucun başlanğıcıdır. Böhran isə 20 ildən artıqdır yaşanır. Bu çağacan siyasal yönətim (idarəetmə) böhran pillələri yaratmaqla uğraşırdı. İndi ilk həşirə düşən də siyasal yönətimin başında duran harın şəbəkənin özü oldu. Çünkü bu şəbəkə həmişə “düz xətt” üzrə yaşayıb. Düşüncəsi də “düz xətt” üzrə formalaşıb. Dünyanın qlobal işlərinin gedişini, ayrı-ayrı aşamalarda hansı sonucları verəcəyini bu şəbəkənin anlamaq iqtidarında olmadığını zaman dönə-dönə ortaya qoyub.
Sonuc bir anda baş vermir, ancaq onun bütün ağırlığı bir anda özünün kulminasiya nöqtəsində dayanır. Belə anlarda dövlət bu ağırlığa hazırlıqsız yaxalanır. Topluma münasibəti bəlli olmayan bir şəklə düşür. Budur, toplumumuz səfalətin son həddində yaşayır. Bıçaq sümüyü deşib keçməkdədir. Belə bir ağrıya dözmək isə olduqca çətindir. Toplumun ağrılarına nədən olan da, onu aradan qaldırmağı vəd edən də şəbəkənin başında duranlardır.
Bu gün toplumun üzləşdiyi sosial fəlakət – son həddi aşan qəzəbin amansız görkəmi ilə dik dayanıb gözlərimizin içinə baxır. Bu qəzəb sanki toplumun bütün ümidlərini məhv eləmək qərarına hazırlaşır. Bu qərarda min cür kələk, min cür yalanlar dolanır və bir-bir başını çıxarıb özünü topluma göstərir. Buna misal kimi, Milli Bankın rəhbərliyinin, eləcə də ölkə başçısının bir-birini danıb yalana çıxaran qərarlarını, çıxışlarını göstərmək olar. Bu köhnə üsuldur. Hiddətinə sarılıb küçələrə axan toplumu sakitləşdirmək üçün göstərilən çabalardır. Ölkə başçısının tez- tez hökümət təmsilçilərini bir araya toplaması, iki gündən artıq ömrü olmayan qərarlar verməsi toplumun diqqətini yayındırmağa hesablanıb. Göstərməyə çalışırlar ki, durumdan çıxmaq üçün gərgin iş gedir, çabalar göstərilir. Gərək toplum da bir az səbrli olsun və bunların başını sosial tələblərlə qatmasın.
Beləcə, bir ay, iki ay vaxtı uzadıb hiddətlərin sakitləşməsinə çalışırlar. Toplumun da hiddəti yatdısa, bərpası uzun zaman tələb edir.
Hakimiyyət ayrı-ayrı millət vəkillərinin, məmurların diliylə ciddi islahatlara başladığının görüntüsünü yaradır. İslahat – uğurlu dəyişikliklər anlamı daşıyan sözdür. Ancaq bizdə islahat, əsasən, iş yerlərinin bağlanması, işçilərin kəsirə düşməsi (ixtisara salınması) yönündə həyata keçirilir. Dövlət başçısının başqa yöndən islahat qərarları, demək olar ki, özünü doğrultmur. Dövlətin xeyrinə atılmalı elə addımlar var ki, bu addımlar məmurlar şəbəkəsinin ziyanına nədən olar. Ancaq eyni halda, bu şəbəkənin başında duran dövlət başçısının özünün də maddi sisteminin çökməsinə gətirib çıxarar. Dövlət başçısı öz maddi sisteminin çökməsinə göz yumub millət üçün fədəkarlıq edərmi?! İnandırıcı deyil. Belə isə onun uğurlu islahatlar həyata keçirməsinə inanmaq da boş və anlamsız bir məsələdir. Tərsinə, toplumun sosial həyatının çöküşünə yol açan başqa bir aşamaya doğru addım atılır – dışarıdan böyük çəkidə kredit götürməyə hazırlıq yapılır. Bundan sonra yaşadığımız siyasal böhran daha da dərinləşəcək. Sosial sorunların kəskinləşməsi isə yeni qarşıdurmalara nədən olacaq.
Deyirlər iqtisadi böhranın ağırlığını təkcə Azərbaycan deyil, bir sıra ölkələr yaşamaqdadır. Biz isə deyirik: Azərbaycanı başqa ölkələrlə tutuşdurub yaranmış fəlakətlərə haqq verməyə heç kimin haqqı yoxdur. Başqa ölkələrin talançıları ilə qoy öz içlərində uğraşsınlar. Biz elə bir imkanlara malik ölkəyik ki, istənilən qlobal bir böhran bizi ən aşağı həddə yaxalaya bilər. Ölkənin başında duranlar illərdir, milli strategiya haqqında düşünmür, ancaq ölkənin sərvətlərini talamaq yarışına girişirlər. İllərdir biz bu fəlakətlərin içərimizə yeriməsini təşkil eləyən talançılıq yarışlarını izləyirik.
İşin bir pis cəhəti də odur ki, talançılara son verməyi millətin özü deyil, onun İradəsindən qıraqdakı dış qüvvələr düşünür. Görünür ki, millətin mənafeyini qorumaq yükünün ağırlığı ölkə aydınlarının, millətsevərlərin üzərinə düşəcək.
Hesab edirik ki, bu gün onların görəvi Milli Konsepsiyanı işləməkdən ibarət olmalıdır. Biz hər şeyə gecikdikcə, hər şeyə də hazırlıqsız yaxalanırıq. Ciddi düşünmək çağıdır…
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
(arxiv)