Azərbaycanın toplumsal həyatı çox rəngarəng bir mühitdir. Bu mühitdə çoxsaylı qurumlar, təşkilatlar çalışır. Bunlardan başqa özünəxas çalışmaları olan bir qurum da var – bu, Asif Atanın Mütləqə İnam Ocağıdır. Toplumun aktiv bölümü bu qurumun varlığından xəbərdardır. Ancaq bilgilər, baxışlar, münasibətlər başqa-başqadır. Bəlkə də çoxları üçün aydın olmayan çox şeylər var. Ona görə də Ocağın Yükümlüsü, tanınmış fikir adamı Soylu Atalının fikirlərini dinlədik. İndi bu söhbəti oxuculara təqdim edirik.
Mübariz Məmmədov: Soylu bəy, birinci sualım, Mütləqə İnam nə deməkdir?
Soylu Atalı: Bu suala bütövlükdə cavab vermək təbii ki, Asif Ata dünyabaxışının anlamını açmaq deməkdir. Ancaq müsahibə olduğu üçün çalışacağam ki, yığcam, ümumiləşmiş biçimdə aydınlıq gətirim. Mütləqə İnam, bir neçə sözlə desəm, yalansız, qurtuluşu insanlaşmada görən, millətləşmədə görən, bəşərləşmədə görən bir dünyabaxış sistemidir. Bu dünyabaxış özündə 6 ideya daşıyır. Bu ideyalardan birincisinin adı Mütləqə İnamdır. Mütləqə İnam, yəni yeri-göyü yaradan Allaha yox, dünyanın özündən artıq olan Mənasına inam. Yəni Dünyalıq mənasına inam. Eləcə də Həyatlıq mənasına inam, insanın İnsanilik mənasına inam. Gerçək dünya var və gerçək dünyanın özündə, ondan artıq olan bir qüdrət var, nizam var, ahəng var. Bu ahəng əzəlidir, əbədididr, kamildir, sonsuzdur. Bu Asif Atanın təyinidir. Dünyalıq adlı məna əzəlidir, əbədidir, sonsuzdur, kamildir. Dünya özü, yəni gerçəklik, ötəridir, keçicidir, qeyri-kamildir və sonludur. Düzdür, Məna və gerçəklik birliyi var. Ancaq məna bu gerçəkliyi yaratmır. Bu məna gerçəklik biçimində təzahür edir, görüntüyə gəlir, şəklə düşür. Dünya Dünyalıq mənasının görüntüsüdür, təzahürüdür. İnsan İnsanlıq mənasının təzahürüdür. Həyat Həyatlıq mənasının təzahürüdür…
İkincisi, İnsanlaşma ideyasıdır. Ata onun adına Kamil İnsan ideyası da deyir…
Mubariz Məmmədov: “Kamil İnsan” Nəimidə də var idi.
Soylu Atalı: Bəli, “Kamil İnsan” sözü Asif Atadan öncə də olub. Ancaq İnsanlaşma anlamı ilə bağlı yürütdüyü fikir onun özünəxasdır. Burada o, insanın, Özüylədöyüş ideyası əsasında, öz mənasına yetməsinin gərəkliyini vurğu edir. Ataya görə bəşər övladı dünyaya Məxluq kimi göz açır, Adam kimi böyüyür, İnsan kimi yenidən doğulur. Nə deməkdir bu? Ata vurğu edir ki, məxluqun vətəni olmur, milləti olmur. Məxluq üçün hər şey gödənə bağlıdır. Boğazına, qarnına bağlıdır. Məxluq heyvana bərabərdir demək olar ki. Ancaq bir də var Adam. Adam da yarımçıqdır, nisbidir. Yəni Adamda Məxluq da var, İnsan da var. Yəni adamda vətən sevgisi olur, ancaq vətən üçün çalışma, vətən üçün ölümə getmə olmur. Həqiqət istəyi olur, ancaq həqiqət uğrunda mübarizə istəyi olmur.
İnsan tamamilə fərqlidir. İnsan özündə daşıdığı İnsanlıq mənasını aşkarlayan, ona yetən kamil varlıqdır. Yəni o özündə özünü yenidən yaradır. Fəlsəfi dillə desək, yenidən doğulur. Bunun üçün də Ata Özüylədöyüş ideyası verib. Özüylədöyüş ideyası ondan ibarətdir ki, hər bir fərd (hər bir fərd özündə bu imkanı daşıyır ancaq bütün fərdlər ona yetəcəkmi, onu demək çətindir. Çünkü bu kütləvi bir şey deyil. Ancaq hər bir fərd haqq edir və o imkana malikdir) özündə kiçikliyi, balacalığı, heyvaniliyi görməli, tanımalıdır. Boynuna almalıdır (etiraf eləməlidir). Doğrudan da xudbindirsə, deməlidir mən xudbinəm, özünə bunu deməyi bacarmalıdır. Adam həmişə özünüqoruma instinktinə meyil edir. Ancaq o, dünyaya ona görə gəlməyib ki, özünü aşkarlamadan qəbrə getsin. İnsan ona görə dünyaya gəlir ki, özünün mənasını aşkarlasın, öz mənasına bərabər yaşasın. Yəni İnsanlıq anlamına tən yaşasın. Əslində insanın özündə daşıdığı qüdrət ayrı-ayrı böyük şəxsiyyətlərimiz tərəfindən də vurğu edilib. Ənəlhəqq ideyası da həmin qüdrətə görə yaranıb. Yəni deyirlər insan Allahdır. Asif Ata daha doğru təyinat verir: “İnsan – daxilində Mütləq daşıyan, zamandan, mühitdən, gerçəklikdən, şəraitdən üstün olan, Mütləqiliyə meyil edən və Mütləqləşməyə qadir olan ruhani varlıqdır”. Bu səviyyəyə bərabər olmaq üçün insan özündəki heyvaniliyi, özündəki ölərini, ötərini, özündəki bəsitliyi, cılızlığı, xudbinliyi, xudpəsəndliyi… aşkarlayır və boynuna alır, özünü aldatmır, özünü tanıyır. Çox çətindir. Mən bu duyğuları yaşadığım üçün deyirəm. Öz qarşında bunları boynuna almaq çox çətindir. Ancaq İnsanlaşmanın başqa yolu da yoxdur. İnsan, beləliklə, özündə balacalığı aşkarlayır, tanıyır və onunla döyüşür. Onun tələblərinə əməl etmir. Onu əməlsiz qoyur. İçindəki balacalığı əməlsiz qoyur. Getdikcə özünə doğmalaşma aşamasına keçir. Özünü təsdiq aşamasına keçir. Əslində o, dünyaya bunun üçün gəlir.
Asif Atanın üçüncü ideyası Ruhani Cəmiyyət adlanır. Buna Xəlqi Birlik də deyirdi. Bu ideyanın məğzi odur ki, Asif Ata quruluşları qəbul eləmir.
Mübariz Məmmədov: Hansı quruluşları?
Soylu Atalı: Nə kapitalizmi, nə də sosializmi. Ruhani cəmiyyət ideyasını Asif Ata geniş işləyibdir. Orada dövlətçilik ideyası da çözümünü tapır. Cəmiyyətin idarə olunması da çözümünü tapır. Bu bir kitabdır əslində. Vaxtı gözə alıb yığcam, qısa danışmaq istəyirəm. Gərəkərsə geniş aça bilərik.
Dördüncü ideyası Müstəqil Vətən ideyasıdır. Müstəqil Vətən ideyası, Asif Atanı başqa ideya daşıyıcıları ilə tutuşduranda üstünlük təşkil edir. Niyə? Çünkü heç bir dünyabaxış yaradıcısında Müstəqil Vətən ideyası qoyulmayıbdır. Ancaq Asif Atada qoyulub. Asif Ata müstəqilliyi necə görür? Söz yox, fərdi müstəqillikdən başlayır xalqın, dövlətin müstəqilliyi. Ancaq onun ideoloji əsasları – politik müstəqilliyin, iqtisadi müstəqilliyin və mədəni müstəqilliyin olmasından keçir. Hər bir dövlətin də, xalqın da müstəqilliyinin təməl qarantı bu üç prinsipdən oluşur. Nə deməkdir, məsələn, müstəqil iqtisadiyyat? Asif Ata “İqtisadiyyat İnsaniliyi, İqtisadiyyat İnsansızlığı” adlı əsər yazıb. Kitabı var. Orda deyir ki, ölkənin başqa ölkədən asılı olmaması üçün iqtisadiyyat elə bir biçimdə qurulmalıdır, aldığın qədər verə biləsən, verdiyin qədər ala biləsən. Yəni asılılıq olmasın. Söz yox, heç bir dövlət o birindən təcrid olub yaşaya bilməz. Onlar qarşılıqlı əməkdaşlıq, alım-verim əsasında ayaqda dura bilərlər. Ancaq burada sən o qədər çox alarsan, az verə bilərsən, qarşıdakı tərəfdən asılı duruma düşə bilərsən. Ya da tərsinə. Bu asılılıq isə istər-istəməz dövlətin əsas sütunlarının laxlaması və xalqın özünün əsarətə düşməsinə gətirib çıxardır. Bu, tarix boyu özünü sübut eləmiş fikirdir. Ancaq bu sistemi qurmaq mümkündür, dövlətlərin bir-birinə etkisi qarşılıqlı olsun. Aşağı-yuxarı olmaqla biri başqasını əsarətə sala bilməsin.
Sonra, müstəqil mədəniyyətin olması. Bəşər xalqlarının hər birinin özünəməxsus mədəniyyəti var. Bir xalqın mədəniyyəti başqa xalqın mədəniyyətinə etki göstərir. Bu da təbiidir, mədəniyyətlərin bir-birinə etkisi qarşısıalınmazdır. Olacaq. Ancaq bir var mədəniyyətlərin bir-birinə etkisi, yəni bir xalqın başqa xalqdan qabaqcıl bir şeyləri əxz eləməsi, bəhrələnməsi, bir də var, bir xalq özünün bütün mədəni varlığını qoyur bir tərəfə, bütünlüklə başqa xalqın mədəniyyətini götürür. Bu isə assimilyasiyaya, özgələşməyə gətirib çıxarır. Necə ki, sovetin içində bizə qarşı o siyasəti yürüdürdülər. Rus mədəniyyətini, vahid bəşər ideyası adı altında sırıyırdılar xalqlara. İndi dünyada kürəsəlləşmə (qloballaşma) prosesi gedir. Dünyada ancaq ingilis mədəniyyəti hökmran olmalıdır. Yəni bunlar hamısı bizim kimi xalqların özünəxaslığının, mədəniyyətlərinin sıxışdırılıb aradan getməsi deməkdir. Biz bir növ beləcə mədəni assimilyasiyaya uğrayırıq.
Mədəniyyətlərin qarşılıqlı etkisini bir qırağa qoymadan bir-birinin qabaqcıl cəhətlərindən bəhrələnmə ola bilər. Ancaq bütünlüklə onun yerinə gələ bilməz.
Beşinci ideya Özümlü Doğu (Şərq) ideyasıdır. Özümlü Doğu nə deməkdir? Asif Ata Doğu-Batı bölgüsü yaratmır. O, dünyanı, bəşəriyyəti vahid götürür. Ancaq Doğu mədəniyyəti deyilən bir şey odur ki, sivilizasiya ordan başlayıb, böyük ənənələr ordan başlayıb. Peyğəmbərlik ordan başlayıb, poeziya ordan başlayıb. Doğu bəşəriyyətin nizamında qurucu söz deyib. Ancaq bu gün biz bütünlüklə Batı etkisi altındayıq. Doğu olaraq, hər şeyimizi bir qırağa qoyub Batının köləsinə, kölgəsinə çevrilirik. Onun təkrarına çevrilirik. Asif Ata bunu yolverilməz sayır. Əgər istəyirsənsə bəşər vahid olsun, bütöv olsun, qüdrətli olsun, orada Batının özünəxas, qabaqcıl nələri varsa, Doğunun da özünəxas, qabaqcıl nələri varsa, onlar birləşməlidir. Bunlar qarşılıqlı etkidə olmalıdır. Yoxsa Doğunun mədəniyyəti heçdir, elə texniki gəlişmə (tərəqqi) bəsdir deməklə olmur. Texniki gəlişmə azdır axı. Texniki gəlişmə insana, insanlığa qulluq eləmir. Texniki gəlişmə insanı, insanlığı ayaq altına alır. Bu gün göylər fəth olundu, kosmos fəth olundu, ancaq insanlıq bütünlüklə uçurum qabağındadır. İnsani gəlişmə (tərəqqi) baş vermədi. Bax buna görə də Asif Ata “Özümlü Şərq” ideyasıyla məsələni belə qoyur ki, dünya vahiddir, onun coğrafi cəhətdən Doğusu, Batısı var, onların özünəməxsusluqları var, özünəməxsusluqları ilə bir araya gəlməlidirlər. Yəni Batı imperiyası yaranmalı deyil Doğunun üzərində.
Sonuncu Ləyaqətli Bəşər ideyası var. Buna əslində bir ideya demək də olar, ideya deməmək də olar. Çünkü bu sonucdur. Asif Atanın dünyabaxışı bəşəridir. Bütün xalqlar üçündür. Bütün xalqların yerini Asif Ata görür, göstərir, bütün xalqların haqqını tanıyır, tanıdır və hesab edir ki, heç bir xalqın başqa xalqı əzməyə, sıxışdırmağa, assimilyasiya eləməyə, yerini dar eləməyə, mədəniyyətini sıxışdırmağa haqqı yoxdur. Hər bir xalq özü vahid bir qüdrətdir, hər bir xalqın özünəməxsus yeri, rolu var bəşər həyatında. Çəməndə çiçəklərin özünəməxsus ətri, yeri olduğu kimi, bəşər həyatında da xalqın özünəxas yeri var. Bax, bu Asif Atanın Mütləqə İnam baxışının özül prinsipləridir.
Mübariz Məmmədov: Soylu bəy, başqa dinlərdə insanların sosial həyatıyla bağlı müəyyən müddəalar var. İslamda bu daha qabarıqdır. İnsanların, varlı zümrənin maddi imkanlarını sosial vəziyyəti aşağı olan insanlara yönəltmək üçün, məsələn, zəkat, fitrə kimi qanunları var. Deyirlər Ocaqda iqtisadi ideyalar zəifdir. Ruhanilik yaxşıdır, var, gözəldir hər şey, ancaq real yaşama çevriləndə insanların sosial durumu indiki zamanda ruhanilikdən daha qabarıqdır, daha öndədir. Yəni onu tənzimləyib hansısa bir çərçivəyə salan qanun varmı Ocaqda?
Soylu Atalı: Əslində elə deyil. Asif Atanın, dediyim kimi, “İqtisadiyyat İnsansızlığı – İqtisadiyyat İnsaniliyi” kitabı var, “Haqq – Hüquq” kitabı var. Ruhani dövlət ideyası var və i.a. Yəni burda yaşam prinsipləri öz əksini tapıb. İnfrastrukturları isə Ocaq işləməli deyil. Xalqın, toplumun içində onun bəs qədər mütəxəssisləri var. Hər şeyi Ocağın üzərinə yükləmək olmaz. Ocaq böyük ideyaları verir. Başqa dünyabaxışlarda, deyək Xristianlıqda, ya İslamda, heç də cəmiyyətin sosial problemləri çözülmür. Deyəcəm niyə. Əslində Asif Ata ona görə ruhaniyyat məsələsini qabardır ki, yaranan bütün sorunların əsası ruhaniyyatdakı boşluqlara dayanır. İnsansızlıq məsələsinə dayanır. Ədalət pozulur, həqiqət pozulur, vicdan pozulur. Sosial həyat iflic olur. Əgər İnsanlaşma ideyası əsas olsaydı, insani qanunlar işləsəydi, onda sosial sorunlarımız öz çözümünü tapardı. Əgər bu gün cəmiyyət təbəqələrə bölünübsə, biri varlı, biri yoxsul olubsa, bunun nədəni antiinsanilikdir. Ona görə Asif Ata təməl prinsiplərlə məşğul olur. O deyir ki, dünya əyilib. Dünyani kim əyib? İnsan. Bəs qurtarıcı kimdir? Yenə insan! Məsələ insandadır. Ona görə Asif Ata deyir: “İnsanlaşın, İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır!”.
Dediyim kimi, Atanın adını çəkdiyim kitabları var. O kitablarda Asif Atanın sosial həyatımızı tənzimləyə biləcək quralları var. Hətta Asif Atanın Azərbaycanın bütövlüyü ilə bağlı “Uluyurd aqibəti – Bütöv Azərbaycan” adlı kitabı var. Asif Atada bütün insan varlığını qapsayan ideyalar var. Sadəcə olaraq, onun içinə girmək, öyrənmək gərəkdir.
Biz, söz yox, əsas ruhani məsələləri qabardırıq, onun təbliğatını aparırıq. Çünkü əsas olan ruhaniyyatın zəmin olması məsələsidir. Əsas hansı nöqtədən başlamaq məsələsidir. Biz bu gün cəmiyyətə nə vəd eləyək? Deyək sizi devalvasiyadan qurtaracağıq? Necə qurtaracağıq, bu mümkün deyil axı. Ocaq eləyə bilməz onu. Ocaq sənə deyir ki, xalq olaraq, insanlaşmadan başla millətləşmə prosesinə keç. Nə qədər ki, sən insanlaşma, mililətləşmə prosesini keçməmisən, sənin taleyini başqaları yönəldəcək, daha doğrusu, səni əzəcək. Bu qaçılmazdır. Bax, bütün məsələ budur. Nə vaxt bu aşama başa çatacaq? Deyə bilmərəm. Qurtuluş bundadır. Addım burdan götürülməlidir. Bəşəriyyətdə nə qədər devrimlərin (inqilabların) görəni (şahidi) olmuşuq. Bu günün özündə belə nə qədər küçə olaylarının görəniyik. Nə qədər mitinqlərin, aksiyaların izləyicisiyik. Nə çözülüb ki? Heç nə çözülmür. Heç nə bu gedişlə çözülməyəcək də. Yenə məsələ gəlir, ədalət hansı nöqtədə qırılıb, o nöqtənin üzərinə.
Mübariz Məmmədov: Soylu bəy, indi kürəsəlləşmədən (qloballaşmadan) əziyyət çəkən tək bizim cəmiyyət deyil. Mühafizəkar ingilis cəmiyyətinda, rus cəmiyyətində də bu proses gedir, orda da millətin düşünən beyinləri durumdan narazıdırlar. Uçuruma getdiklərinin fərqindədirlər. Ümumiyyətlə, kürəsəlləşmə bütün xalqlara məxsus adət-ənənələrin, ruhani dəyərlərin hamısını silib atır, ortaya özünün özgələşdirən mədəniyyətini sunur. Onu yaşatmaq istəyir, yaşadır. İndiki texnologiyalar dövründə sizin sunduğunuz Mütləqə İnam fəlsəfəsi solğun görünmürmü?
Soylu Atalı: Üzdə elə görünə bilər. Çünkü cəmiyyət gözünü açıb özündən qıraqda qələbəlik görür və bu qələbəliyin içərisində də yalançı gəlişmə (tərəqqi) həşirinə düşür – texnologiya belə getdi, kompyuterləşmə elə getdi, kosmos – filan. Hamı həşirə düşüb. Hər şey yüyürür: mədəniyyət yüyürür, tərəqqi yüyürür. İnsan fəlakətinin içərisində tüyünür, yüyürür. Hər şey qaçaqaçadadır. Ancaq bəşəriyyətin həyatı nə dünən başlamayıb, nə də sabah başa çatan deyil. Ona görə gec və ya tez, üzdəki qələbəliyin boş və zərərli olduğu dərk olunacaq. Həmin o qabaqcıl adamlar, deyirsiniz rahatsız olurlar, niyə rahatsız olurlar? Yaxşı, onda nə etməli, aydın olaraq, uzaqgörən olaraq, düşünər olaraq, elm adamı olaraq bu həşirə qoşulub imdad gözləməli, yoxsa ideya verib sağlam mübarizə formalaşdırmalı?! Bəşəriyyəti qurtarmaq üçün konsepsiya işləmək gərəkdir. Bəşəriyyət hara yüyürürsə yüyürsün, mən qəti əminəm ki, gec-tez Asif Atanın ideyasına gəlib çıxacaq. Çünkü fəlakətdən çıxmağın ayrı yolu yoxdur. Ayrı cür qurtuluşu yoxdur. Dediyim kimi, yüyürhayüyürün, həşirin içərisində hamı hazır bir şeylər istəyir, asan bir şeylər istəyir, tez-bazar nəsə istəyir. Tez-bazar mümkün deyil. Dünya kapitalizm dünyasıdır. Quruluş kapitalizm quruluşudur. Pulçuluq dünyasıdır. “Bacarana baş qurban” prinsipi yeriyir. Ona görə təbəqələrə bölünəcək. Kim nə eləyirsə eləsin, uzaqbaşı ayrı-ayrı fərdlər özünü ora-bura vurub yüksək təbəqənin arasına keçə bilər, aşağı təbəqədən ayrılar. Bununla təbəqə aradan qalxmır axı. Yəni insanlar bu gün kapitalizmə qarşı, pulçuluğa qarşı mübarizə aparmır. Pulçuluq uğrunda mübarizə aparır, kapitalizm uğrunda mübarizə aparır. Ona görə də həyatları həşirə düşüb. Ancaq mən həmişə bunu özəl olaraq vurğulayıram ki, həyat uğrunda mübarizə həqiqət uğrunda mübarizəylə, insanlıq uğrunda mübarizəylə, ədalət uğrunda mübarizəylə əvəz olunsa, onda həyatımız tamam dəyişə bilər. Həyat uğrunda mübarizə adi mübarizədir. Qamarlama. Kim nə bacarır. Hər kəs mövcud olma prinsipindən çıxış eləyir. Bax, bu baxımdan bir qaçaqaçlıq var.
Ancaq eyni halda, mən razıyam, sıradan adamlara anlatmaq olmur ki, sən insanlaşmalısan. Ac adam düşünür ki, yaxşı mən gəlib sənin çağırışını eşitdim, axı mən bununla kartof yemirəm, çörək almıram.
Anlayıram bu çətinlikləri. Yəni bu baxımdan anlayıram ki, cəmiyyətin içində bu gün siyasal çabalar, toplumu acından qurtara biləcək çabalar da olmalıdır. Ancaq bu çabalar da yenə Asif Atanın dediyi ideyalara dayanmalıdır. Zəmin o olmalıdır. Əgər zəmin o olacaqsa, onda çaba göstərənin atdığı addım toplumun xeyrinə ola bilər. Yoxsa olmayacaq. Asif Ata demir ki, ruhsal hərəkatı oturub gözləyək. Bu uzun illərə bərabər bir gedişdir. Asif Ata deyir ki, siyasal hərəkat da olmalıdır – Uluyurd Hərəkatı. Onun prinsiplərini də bəlli edib.
Bilirsiz, bütün bunları da gerçəkləşdirmək üçün şəxsiyyət yaranmalıdır. Doğrudan da fədakar insanlar ortaya çıxmalıdır. Yoxsa 3-5 adam ortaya çıxıb tanınır, tanınandan sonra satılır, alınır, xəyanət eləyir. Gözümüzün qabağında, sovetlər dağılandan üzü bu yana, daha nələr görmədik. Bunlar bizim üçün tarix dərsliyi deyil, canlı yaşantılarımızdır. Hamımız bunu görürük, gözümüzün qabağındadır. Kimlər satılmadı, kimlər alınmadı, kimlər xəyanət eləmədi?! Ona görə kamil şəxsiyyətlər yetişməlidir.
Mübariz Məmmədov: Deməli, Siz bəşərin xilasını Mütləqə İnamda görürsünüz.
Soylu Atalı: Biz bəşərin qurtuluşunu böyük anlamda, Mütləqə İnamda görürük.
Mübariz Məmmədov: Bayaq xəyanətdən danışdınız. Azərbaycanın müasir siyasi tarixində baş verən xəyanətlərdən. Asif Atanın ölümündən sonra Ocaqda da parçalanma oldu. Bəs burada bölüşülə bilməyən nə idi?
Soylu Atalı: Bəs ona görə deyirəm kamil şəxsiyyətlər yetişməlidir. Ocaqda bölünmə də tamamilə toplumsal proseslərin tərkib hissəsi idi. Asif Atanın Ocağında olan adamların heç biri nə göydən zənbillə düşməyib, nə yerin altından çıxmayıb. Bunların hamısı xalqın içindən gəlmiş adamlardır. Asif Atanın Ocağının qapısını açmaqla bunların hər biri kamil, yetkin şəxsiyyət olmur axı. Bunların hər biri özüylə məşğul olmalıdır, şəxsiyyət kimi formalaşmalıdır. Belə deyək ki, kamilləşməlidir. Bu proseslər keçilməlidir. Bu prosesləri keçməyən adamın içində hər cür qarşıdurma var. Hər bir bölüşülməyən şey var. Yəni “sən, mən” məsələsi hər yerdə özünü göstərir. Bu da nədən irəli gəlir? Şəxslərin içində fərdi iddialar olur. Yəni onların içi fədakarlığa dayanmır. Onların dərdi Azərbaycan olmur. Onların dərdi insanı düşdüyü fəlakətdən qurtarmaq haqında düşünmək olmur. Bəsit, balaca ağılla yanaşır. Üzdən yanaşır məsələlərə. Ona görə belə şeylər labüddür. Asif Ata ölən kimi, hələ çox adam düşünürdü ki, Ocaq tamam dayanacaq, dağılacaq. Bunu gözləyirdilər. Dönə-dönə deyirdilər. İndi də qulağı səsdə olanlar var. Bu il Asif Atanın ölümünün artıq 19-cu ilidir. 19 ildir Ocaq Atasız yol gəlir. Baxın, onun içindən ayrı-ayrı fərdlər, təkcələr dayandılar, dayana bildilər. Fədakarlıq eləyə bildilər, özləri ilə məşğul ola bildilər. Özünün içindəki balacalıqlarla döyüşə bildilər. Çünkü doğrudan da, hədəf Asif Atanın ideya-prinsiplərini həyata keçirmək oldu. İnsanlaşma oldu, millətləşmə oldu. Hər birimiz içimizdə insanlaşma və millətləşmə yolu keçirik.
Əgər kimsə Asif Atadan ad alıbsa, bu o demək deyil ki, kamil şəxsiyyət olub. Bunun üçün, dediyim kimi, Özüylədöyüş yolu keçmək gərəkdir. Hər kəs Ocağa özüylə xarakterini də gətirib. Cəmiyyətdə, evində, elində hansı xarakterlə yaşayıbsa, o xarakteriylə gəlib. İndi gərək burda onunla döyüşsün, özünü kamilləşdirsin. Bu dediklərimizin olmaması səbəb oldu ki, Asif Ata öləndən sonra bəsit düşüncələr toqquşdu və parçalanma baş verdi.
Ocaq bir ideya yoludur, adamların balaca xarakterlərindən arına-arına oturuşmaqdadır. Çox böyük fədakarlıqlar, hünərlər, qeyrətlər yaşayır Ocaqda. Heç yerdə Ocaqdakı fədakarlıq, səmimiyyət, insan sevgisi, millət sevgisi yoxdur bu gün.
Mübariz Məmmədov: Soylu bəy, Ocağın bayrağında Asif Atanın şəkli var. Bu şəxsiyyətə pərəstiş deyilmi?
Soylu Atalı: Yaxşı sorğudur. Çünkü toplumumuzda belə düşünənlər az deyil. Məhdud düşüncədir. Birinci bayraq məsələsiylə bağlı deyim. Bilirsiniz ki, bəşəriyyət min illər yol keçib. Ayrı-ayrı xalqların ayrı-ayrı bayraqları olub. Bu bayraqlarda hansı rəmzlər olmayıb? Ən çox heyvan şəkilləri olub.
Mübariz Məmmədov: Bizim tariximizdə də olub – Ağqoyunlular, Qaraqoyunlular…
Soylu Atalı: Bəli, qoyun da olub, quş da olub, qartal da olub, şir də olub, pələng də olub, canavar da olub, hər şey olub. Baxın, bəşəriyyət zaman-zaman heyvanın şəklini götürüb başının üstünə qaldırıb. Ona pərəstiş edib. Ancaq insanın şəklini bayrağa vurub başımızın üstünə qaldırmağa dərhal qısqanclıqla yanaşırlar. Özü də məhz niyə Asif Ata? Ona görə Asif Ata ki, Asif Ata bu dünyabaxışın yaradıcısıdır. Bu dünyabaxışın peyğəmbəridir. Asif Ata kamil insandır. Mən bayrağa mücərrəd bir insan şəkli vura bilmərəm ki. İdmanda üzü-gözü görünməyən simvollar verirlər. Mən elə simvol verə bilmərəm ki, bayraqda. Canlı Asif Ata kamil insandır, kamil şəxsiyyətdir. O, insanlığın obrazıdır, simvoludur. Onu da deyim ki, bayrağın biçimini Asif Ata özü qəbul edib, biz icad eləməmişik. Sonra, bu bayraq dövlətin bayrağı deyil, ruhaniyyatın bayrağıdır.
İkinci, şəxsiyyətə pərəstiş məsələsi. Bir var Stalin şəxsiyyətinə yanaşma, bir var Asif Ata şəxsiyyətinə yanaşma. Stalin hökmdar idi. Bir tərəfdə Stalin mənliyi dayanırdı, başqa tərəfdə bütövlükdə toplumun mənliyi dayanırdı. Bütün toplumun mənliyi Stalinin mənliyinə tabe idi. Stalinin mənliyi onun üzərində quruldu, formalaşdı. Toplumun mənliyi kölgədə qaldı. Toplumun mənliyi heç oldu, Stalinin mənliyi əsas oldu. Buna deyirlər şəxsiyyətə pərəstiş. Özü də Stalinə. Ona görə Stalinin adını çəkdim ki, “şəxsiyyətə pərəsyiş” sözünü Stalinlə bağlı ortaya atmışdılar.
Bir də var Asif Ataya sevgi. Bu, şəxsiyyətə pərəstiş deyil. Bu, Asif Atanın yaratdığı ideyalara yanaşmadır. Asif Ata bizim üçün filankəsin oğlu demək deyil. Asif Ata ortaya qoyduğu ideyalar deməkdir. O ideyalar qurtarıcı ideyalardır. Bu ideyaların qurucusu, daşıyıcısıdır, onu təmsil edir Asif Ata. Asif Atanın mənliyi yerdə qalan toplumun mənliyinin üzərinə kölgə salmır. Asif Ata insanları göyə qaldırır, insanları kamilləşdirir, yetişdirir. Mənim mənliyimi dirildir, millətin ləyaqətini mənə tapşırır. Baxın, görün nə qədər fərq var. Baxın, ona görə kamil insana yanaşmayla, hökmdara, padşaha, prezidentə yanaşma bir deyil. O inzibatçıdır, o kamil deyil, o ata deyil, bu atadır. Ataya yanaşmayla hökmdara yanaşma bir deyil. Ona görə Asif Ataya yanaşma əslində insanlığa yanaşmadır, Asif Atanın ortaya qoyduğu bütün insani-bəşəri ideyalara yanaşmadır.
Mübariz Məmmədov: Soylu bəy, Ocaqda ad vermə mərasimləri də olur. Yəni bizim türkçülük dastanı “Dədə Qorqud” dastanında da var ki, insanlar müəyyən yaş həddinə gəlib özlərini həyatda, cəmiyyətdə təsdiq eləyəndən sonra onların yaşamlarına uyğun, bacarıqlarına uyğun, düşüncələrinə uyğun ad verilirdi. Ocaqda bu ad hansı əsaslara görə verilir?
Soylu Atalı: Əlbəttə, bu ənənə Asif Atadan başlamayıb, Asif Atadan min illər öncə də olub.
İnsan doğulur, o bir sosial, cismani varlıq olaraq bəlli bir toplumda yaşayır. O, atasının, anasının qoyduğu adla bəlli bir ömür yaşayır. Bir az da belə deyim, bəsit bir ömür yaşayır. Yəni bu adi, bəsit ömür insanın yerini toplumda bəlli edir. Ancaq bir də var ideya yolu, əqidə yolu, mübarizə yolu. İnsan öz atasının, anasının tərbiyəsindən qırağa çıxır böyük mənada. Bir əqidə daşıyıcısına çevrilir, bir yol daşıyıcısına, mübarizə daşıyıcısına çevrilir və onun ömrünün yönü dəyişir. Ömrünün yönü dəyişdiyinə görə onun adı da, daşıdığı əqidəyə görə dəyişir. Bu məsələ, fəlsəfi dillə desək, yenidən doğulma ideyasına dayanır. Ona görə Amala gələnin adı da ruhsal məna daşıyır. Ona Asif Ata ruhsal ad verir, daşıdığı əqidəyə uyğun ad.
Mən Asif Atada bunu üstün görürəm tarixdəkilərdən. Məsələn, Dədə Qorqud çağında toplumda başqa dünyabaxışların etkisi yox idi. Baxmayaraq ki, onu 1300-1400 il bundan öncəyə aid edirlər. Səhv edirlər. Dədə Qorqudun tarixi çox qədimdir. 3000 il tarixi var. O çağlarda Dədə Qorqud ad verirdi kimə? İgidlik göstərənə, hünər göstərənə. Dədənin verdiyi adla insan şərəflənirdi, qeyrətlənirdi. Asif Ata da bizə atamızın-anamızın qoyduğu adlardan fərqli ruhsal adlar verir. Toplumsal həyatda ərəb-fars adlarını daşıyırıq hər birimiz. Ərəb-fars adlarını daşımağımız bizi özgəliyə bağlayır, assimilyasiya edir, milli şüurumuza kölgə salır, milli-ruhani varlığımıza kölgə salır. Buna görə biz bu adlardan əl çəkirik. Asif Atanın verdiyi adları daşıyırıq.
Mübariz Məmmədov: Sizin şəxsiyyət vəsiqənizdə adınız nədir, Soylu bəy?
Soylu Atalı: Şəxsiyyət vəsiqəmdə adım Zülfüqardır. Xoşum gəlməyən bir addır.
Mübariz Məmmədov: Zülfüqar (Əlinin qılıncı gözə alınır – M.M.) bir vaxtlar İslamın önündə gedirdi. İslama yol açırdı. İslamı yayırdı. Bu gün də Ocağın fəlsəfəsiylə üst-üstə düşməyən, ən çox bu fəlsəfəni özünə rəqib görən İslamdır. İndi belə görünür ki, Zülfüqar (Soylu Atalı) bu dəfə islama qarşıdır.
Soylu Atalı: Onun məsələyə özgünlüyü yoxdur. Çünkü Əlinin qılıncı Əlinin qılıncıdır. Mən də Əlinin qılıncı deyiləm. Təəssüf ki, onun qılıncının adını daşımışam. Bu da bizim babalarımızdan, atalarımızdan gələn yanlışlarımızdır. Yeri gəlmişkən bir haşiyə çıxmaq istəyirəm. Bəzən mətbuatda da, sosial şəbəkələrdə də bizim böyük şəxsiyyətlərimizi müsəlmanlaşdırmağa çalışırlar, Babəkimizi, Nəsimimizi. Onların adına vurğu edirlər ki, məsələn, Nəsiminin adı Seyid Əli olub. Bilirsiniz, bunlar hamısı çox ucuz qalibiyyət əldə eləməkdir. Çox ucuz, çox bəsit. Niyə?
Mübariz Məmmədov: Dədə Qorqudda da sonradan salıblar, Qazan xanın namaz qılmağı.
Soylu Atalı: Tamamilə qondarma bir şeydir. Yamaqdır. Belə bir şey olmayıb. Yaxşı, Nəsimini doğan ana var, atası var. Eləcə də Babəkin atası-anası var. Uşaq anadan olanda özünə ad qoymur ki. Ona atası-anası ad qoyur. Ata-ana da ərəb dünyabaxışının etkisində formalaşmış adamlardır. Mənim atam-anam da eləcə. Günlərin bir günü ağlımızın gözü açılır, hansısa bir təkandan. Deyək ki, birimiz Babək oluruq, birimiz Nəsimi oluruq, birimiz kim oluruq xalqın içində özümüzün adını dəyişirik. Özgələşdirən ad altında yaşamırıq, özümüzün qoyduğumuz ad altında yaşayırıq. Nəsiminin adı ərəb adıdır deyə, bu müsəlmandır demək doğru deyil axı. Hardan müsəlmandır ki, bütün şüurlu həyatını müsəlmançılıqla mübarizəyə həsr edib. Ənəlhəqq ideyası necə müsəlmanlıq ola bilərdi?! İslam deyir ki, insan Allahın bəndəsidir, köləsidir. Nəsimi isə deyir ki, insan Allahdır. Bəndə ilə, kölə ilə Allah necə bir şeydir?! Daşıdığı dünyabaxışın özündə bu fərq görünür.
Bunlar, əlbəttə, toplumun içərisində gedən yanlış proseslərdir. Yanlışlar bir-birinin ardınca gəlir. Bəzən görürsən, kimsə deyir: biz babalarımızın daşıdığı dini dünyagörüşü daşıyırıq, onlara sadiq qalırıq-filan. Mən qəbul eləmirəm bu ifadələri. Mən də onda deyirəm ki, sən yanlış addım atan babalarını niyə təmsil eləyirsən, yanlış olmayan babalarını təmsil elə. Babək babanı təmsil elə. Nəsimi babanın yoluyla get. Niyə sənin yanılıb ərəbə boy verən, ərəbin qarşısında əzilən, əyilən babana sadiq qalırsan?! Yanlışları niyə təkrar edirsən? Bilirsiniz, biz yanlışlar içərisinə atılırıq, yanlışlar içərisində böyüyürük və ölüb gedirik. Yanlışlardan çıxmaq gərəkdir. Biz bir millətik. Bizim öz milli kimliyimizi tapmaq, öz milli simamızı təsdiq etmək haqqımız var. Bu işlə xalqın içindən çıxan ayrı-ayrı oğul-qızları məşğul olmalıdır. Bununla başqası məşğul olmayacaq ki. Mən gedib Roberti çağırası deyiləm ki, gəl mənim yerimə Azərbaycanla məşğul ol. Bu millətin oğlu-qızı mənəm, mən məşğul olmalıyam. Məsələ ondadır.
Mübariz Məmmədov: Soylu bəy, insanlar həm də dinləri ona görə qəbul edirlər ki, onlara din ümid verə bilir. Dünyayla bağlı son ümid verə bilir. Ocaqda bu necədir? İnsanların diqqətini çəkməməyin, Ocağa ciddi meyil etməməyin bəlkə səbəbi budur ki, Ocaq insanlara son ümidi vermir. Deyək ki, Cənnət məsələsi var, Ocaq onu vermir insanlara.
İnsan belə düşünəndə ki, hər şey bu gördüklərindən ibarətdir, hər şey bununla sona çatır, bəlkə ona görə Ocağın dediyini qəbul edə bilmirlər?
Soylu Atalı: Bu da maraqlı sorudur. Əslində məsələ göründüyü kimi deyil. Birincisi, Ocaq özündən öncəki dünyabaxışların yalanlarını təkrar eləyə bilməz. Onda o niyə Ocaqdır, onda o niyə Yalansız İnamdır ki, hardasa, nədəsə yalana tapınacaq və kiməsə yalançı ümidlər verəcək. Dinlər insana yalançı ümid verirlər. İnsan yalançı ümidlə yaşasa da, əslində ona, şüuraltı heç inanmır. Hər kimi dindirirsən, “heç kim o dünyadan dirilib qayıtmayıb” deyir. Yəni insana nə qədər “o dünya” vəd edirsən et, cənnət vəd edirsən et, heç kim bu dünyanın naz-nemətindən imtina eləmir. Harda əlinə düşür qamarlayır. Yaxşı, insanlar əgər o ümidə inanırdısa, ümidlənirdisə, onda gərək bir-birinin əlindən qamarlayıb almasınlar. Bir-birini çapıb-talamasınlar. Tərsinədir, hər kəs harda imkan düşdü oğurlayır, qamarlayır, zəbt eləyir, talayır. Bu o deməkdir ki, inanmır. Yəni o yalançı ümiddir. Asif Atanın veridyi ümid böyük ümiddir, nikbinlikdir. Asif Ata deyir ki, dünya mənaca əzəlidir, əbədidir, sonsuzdur, kamildir. Bundan böyük nikbinlik ola bilməz. Yəni dünyanın axırı yoxdur. Axıra çatası deyil. Dünya həmişə var. Həmişə də var olacaq. Bəsdir ki, sən bu dünyada öz insani mahiyyətinə çatasan. Sən öz ədalətini, vicdanını, böyüklüyünü, içindəki uca imkanları aşkarlayasan, səndən sonra qala, yaşaya xalqda, nəsildə, bəşərdə. Bundan böyük ümid ola bilməz ki. Aşkarla özünü. Dünyaya bundan ötrü gəlibsən. Yalandan gedib o dünyada kef edəcəm. Bu özü əxlaqsızlıqdır. Cənnətə çağırmaqda əxlaq görmürəm mən. Cənnət vədinə bax: “altından arxlar axan bağçalar, bağlar, hər şeydən pak zövcələr, hər şey hazır…”. Burda hardadır əxlaq?! Tüfeyli həyata çağırışdır əslində. Bu gün dünyada da, Azərbaycanda da məmurlar həmin aqibəti yaşayır. Onlar əslində nərmənazik qadınlarla əylənir, onlar elə daim kefdə, daim əyləncədə, daim yeməkdə-içməkdədirlər. Nə isti görür, nə soyuq görür, cənnətdə vəd edilən kimi. Nə əzab görür, nə əziyyət. Onlar elə yaşayır. Bunun harası insanlığa uyğundur?! Bu cür yaşamaq antiinsani yaşamaqdır. Hamımız deyirik filan məmurun villası var. Filan məmur filan yerdə kef edir, pulunu filan yerdə saxlayır. Bu elə cənnətdir də onun üçün. Cənnət həmin şeyi vəd edir də. Orda nə isti var, nə soyuq. Nə əzab var, nə əziyyət. Hər şey hazırdır. Bu, tüfeyli həyatdır, insani həyat deyil. İnsanın özünüifadəsi var, əməyi var, insanı insan eləyən budur, zəhmətdir. Ona görə Asif Atanın verdiyi nikbinlik ucadır – Qiyamət boş şeydir. Cəfəngiyyatdır. Axirət boş söhbətdir, cəfəngiyyatdır. Dünya özü mənaca əzəli, əbədi, kamil, sonsuzdur. Dünya özü gözəldir. Dünya özü yaşamağa dəyər. Çünkü insanlıq gözəldir.
İnsanlığın heç bir umacağı (təmənnası) yoxdur. Xeyirin xeyirdən başqa mükafatı yoxdur. Asif Ata belə deyir. Xeyirin özü mükafatdır elə. Niyə mən fədakarlığıma görə mükafat almalıyam, ummalıyam?! O ölür, əvəz olunanda. Bir şeyi ki, əvəz elədin, o yoxdur daha.
Mübariz Məmmədov: Soylu bəy, Ocaqda Güney Azərbaycandan gələn insanlar zaman-zaman olubdur. Ümumiyyətlə, Güney Azərbaycandakı insanların xəbərləri varmı Ocaqdan. Onların təsəvvüründə Mütləqə İnam Ocağı nədir? Asif Ata onların təsəvvüründə kimdir?
Soylu Atalı: Var. Güney Azərbaycanda Asif Ata bilinir, öyrənilir. Türkiyədə də var. Hətta Avropada da var, Rusiyada da var. Yəni Asif Ata o cəhətdən Azərbaycan sınırlarından qırağa çıxıbdır. Ancaq mən bunu aktiv saymıram, passiv yanaşmadır. Mənim kimi Asif Ata ideyalarının həyata keçməsinə çalışan, deyək ki, onun yaşamasını həyata keçirən zəhmətlər gərəkdir, əməklər gərəkdir. O səviyyədə yoxdur. Ancaq bilinmə, öyrənilmə var. Hətta bizim ədəbiyyatlarımız Güney Azərbaycana keçib. Orda əldən-ələ gedib.
Mübariz Məmmədov: Bilirsiniz necədir, Mütləqə İnam Ocağı ilə bağlı hansısa Avropa, Rusiya, Türkiyə alimlərinin informasiyaları ola bilər. Ancaq söhbət Güney Azərbaycandakı insanlardan gedir. Kütlədən gedir. Orda hansısa qurumlardan getmir. Əlbəttə ki, İranın özünün həmişə bu torpaqlarda, bu ərazidə maraqları olub. Minillərdir burda marağı, nəzarəti olan bir dövlətdir. Ordakı insanlardan, kütlədən gedir söhbət.
Soylu Atalı: Yox, kütləvi xarakter daşımır. Kütləvi xarakter daşısa, onda İran vahiməyə düşərdi. Bunun kütləvi xarakter daşımasının, əlbəttə ki, qarşısı alınır. Ancaq Ocaq elə bir olaydır ki, elə bir prosesdir ki, mən deyə bilmərəm ki, hər yerdə kütləviləşə bilər, kütləviləşməlidir. Ocaq kimi ideyalar çox asta yeriyir, çətin yeriyir. Çətin gedən bir prosesdir. Altda gedir. Üzdən getmir. Yəni mitinqsiz filansızdır. Şüurlarda gedir, düşüncələrdə gedir. Bu cəhətdən Güney Azərbaycanda elə geniş iş aparan yoxdur.
Mübariz Məmmədov: Siz təkcə İslam dini dünyabaxışına qarşısınız, yoxsa?..
Soylu Atalı: Yox, biz bütün dini dünyabaxışlara qarşıyıq. Çünkü hər bir dinin təməl prinsiplərində yalan var. Yalan olduğuna görə qəbul eləmirik. Hansısa müsbət cəhətləri var. Ancaq təməl prinsiplərdə yalan var. Təməl prinsiplərdə yalan varsa, o heç vaxt insanlığa önəmli bir şey verməyəcək. Necə ki, vermir də. Bu çağa qədər də verməyib.
Mübariz Məmmədov: Soylu bəy, Güney Azərbaycandakı millətçilərin zaman-zaman aksiyaları keçirilib. Elə bil ki, təxminən Quzey Azərbaycanın 90-cı illərdə yaşadığı mənzərənin çox kiçik faizini onlar yaşayırlar. Bilirsiniz, romantik bir millətçilik yaşayırlar. Məsələn, keçən dəfə orda bir aksiya oldu. Bir xanım lövhə qaldırmışdı ki, biz türk dilində mədrəsə istəyirik. Sonra burda dedilər ki, onlar mədrəsə məktəbə deyirlər. Mədrəsəylə məktəb tamam başqa anlamdadırlar. Toplum çox savadsız toplumdur. Millətçilikləri xaotikdir. Və bunu da fars hakimiyyəti anlayaraq orda millətçilik məsələsinə o qədər də ciddi yanaşmır. Siz necə düşünürsünüz?
Soylu Atalı: Bir az bu fikrə düzəliş eləyərdim. Yəni onların millətçiliyini belə aşağılamayaq. Güney Azərbaycan məsələsi bizim bir nömrəli yaralı yerimizdir. Güney Azərbaycan məsələsiylə bağlı çox yazılar yazıram, çox təbliğat aparıram. Çox da sevdiyim məsələdir, ciddi məsələdir. Söz yox, Güney Azərbaycanlıları burada sevgimlə qınaya da bilərəm, qınamaya da bilərəm. Qınayaram o mənada ki, üzdə olan çalışan kəsimi ciddi axtarışlar eləməli, ciddi işləməlidirlər. Həm də qınamıram o cəhətdən ki, zarafat deyil, bir toplum 188 ildir özgələşdirmə etkisinə uğrayır. Belə bir səviyyədə bizim, əlbəttə, Güney Azərbaycan toplumundan kütləvi şəkildə nələrsə ummağımız doğru olmaz. Biz orda çox bəlalar yaşamışıq. Bizim ordakı soydaşlarımız hər cür əzaba qatlaşıb. Soydaşlarımızı asıblar, edam eləyiblər, tutuqlayıblar. Hər cür basqılar göstəriblər. Yəni Güney Azərbaycanın aqibəti olduqca fəlakətlidir. Burada biz sorumluluğu təkcə Güney Azərbaycanın öz boynuna qoymalı deyilik. Gəlin görək, Quzey Azərbaycanda Güney Azərbaycanla bağlı hansı istəklər dilə gətirilib? Heç bir. Quzey Azərbaycanda məgər millətçilik Güney Azərbaycandakından üstündür? Deyil. Güney Azərbaycandakı millətçilik yeri gələndə Quzey Azərbaycandakından üstündür.
Burada sorun nədədir? Bizi elə bir duruma gətiriblər ki, onlar və biz ayrılığı yaranıb. Mədəniyyət baxımından da. Biz burada rus mədəniyyətinin basqısı altında olmuşuq. Onlar fars mədəniyyəti etkisi altında olub. Belə bir parçalanmışlıq bizə böyük faciələr yaşadıbdır. Mən bilirəm ki, Güney Azərbaycanda ideoloji bir boşluq var. Eyni halda Quzey Azərbaycanda da ideya boşluğu var. Yeri gələndə bütövlükdə Türk Dünyasında da ideoloji boşluq var. Bu boşluğu doldurmaq üçün əsaslı çabalar, nə yazıqlar ki, gözə dəymir. Mən nə fikirləşirəm düzü. Elə bu günlərdə bir yazı da yazmışam. Mən topluma üz tuturam. O Tay, bu Tay fərq etməz mənim üçün. Bu gün bizi – Azərbaycan toplumunu üzdə olan, çalışqan toplumu bir araya gətirən, birləşdirən ideya yoxdur. Demokratiya bizi birləşdirməyəcək. Demokratiya ancaq anarxiya yaradır. Nə İslam dininin təriqətləri, qolları bizi bir araya gətirən deyil. Heç mümkün də deyil. Çünkü bizim milli kimliyimizə qarşıdır. Nə ideya əsası düz əməlli bəlli olmayan türkçülük bizi bir araya gətirib birləşdirmir. Niyə elə deyirəm? Çünkü türkçülük əsaslı işlənilməyib. Baxmayaraq ki, mən Soylu olaraq Ocaqçıyam, Asif Atanın ideya, prinsiplərinin həyata keçirilməsiylə məşğulam. Ancaq eyni zamanda Güney Azərbaycanla bağlı məsələnin yazı şəklində, polemikalar, diskusiyalar şəklində həmişə içinə girməyə çalışıram. Hesab eləyirəm ki, bu gün bizi Güney Azərbaycan dərdi birləşdirə bilər. Bu gün İran dövləti üçün dünya çapında ortam yaradılır. Onların üzərindən yasaqlar götürülür. Həm də bu yandan Türkiyəyə bir mesaj verilir. Co Bayden mesaj verir ki, Türkiyənin Azərbaycandan İraqa qədər bir bölgədə siyasi nizam yaratmağa gücü çatar. Baxın, üzdə Orta Doğunu Türkiyəyə tapşırırlar. O yandan İranın üzərindən sanksiyalar götürülür. Bu yandan Rusiya məsələsi. Bunlar nə deməkdir? Bunlar o deməkdir ki, Türkiyəylə İranın bu regionda mənafeləri daban-dabana toqquşur. Deməli, Türkiyəylə İran üz-üzə gətirilir. Türkiyəylə Rusiya üz-üzə gətirilir. Yəni bu bölgədə qabağa Türkiyə verilir. Özləri qıraqda durur. Bütün icraçılığı Türkiyəyə verirlər. Bunları qarşı-qarşıya gətirməkdə döyüş ehtimalı yüksəkdir. Bu döyüşlər nələr vəd eləyir bizə? O Tay, Bu Tay Azərbaycana nə vəd eləyir? Biz hər şeyə hazırlıqsız yaxalanmışıq həmişə. Yaxşı, biz Azərbaycanın birliyiylə bağlı aktiv bir ideyaya gəlməliyik yoxsa yox? Bizim taleyimiz yenə bizdən qıraqda çözülür. Bizim xəbərimiz olmadan. Yenə bizim taleyimiz 50-100 il o tərəfə atılmağa hazırlanır. Yəni 50-100 il bundan sonra da heç nə eləməyə gücümüz, haqqımız çatmasın. Elə bir duruma gətirilirik. Bu baxımdan mən hesab eləyirəm ki, hansısa ayrı-ayrı situasiyalardan situasiyalara deyil, bütövlükdə üzdə olan çalışqan toplumun içərisində Güney Azərbaycan şüuru formalaşmalıdır. Güney Azərbaycan dərdi birləşdirici amil olmalıdır. Onun ətrafında bir araya gəlməliyik. Demirəm bu saat balta götürək, İranın üzərinə gedək. Ancaq bu şüur formalaşmalıdır, ona köklənməliyik. Biz bölünmüş, parçalanmış xalqıq. Bizim gücümüz parçalanıbdır. Əgər bu gücü bir araya gətirə bilməyəcəyiksə, heç bir sorunumuz çözülməyəcək. Dövlət bu işlə məşğul deyil. Ola bilmir. Çünkü siyasal məsələlər var burda. Gücü o deyil, özünü İrana qarşı qoya bilməz. Bu hardasa anlaşılandır. Yaxşı, topluma, siyasal çalışanlara nə gəlib? Bax, bizi bu düşüncə bir araya gətirməlidir və bu şüur formalaşmalıdır. Toplumun gündəliyində saxlanılmalıdır, təbliğatı getməlidir. Bütün beyinlər yüklənməlidir bununla. İldə bir dəfə “Traktor” komandasına güvənib ayağa qalxmaq yox. “Traktor” komandasıyla iş aşmaz. Ya da burda hansısa öz mənafeyini güdən adamlar bir də görürsən nə vaxtsa toplumun gözündə populyarlaşmaqdan ötrü Güney Azərbaycan məsələsini ortalığa gətirir. Bu, oyundur. Burda xalqın mənafeyi irəli gəlmir. Burda ləyaqətimizlə oyun gedir. Oyunsuz bu addımı atmaq gərək. Onda nə olacaq bilirsiniz? Əgər Güney Azərbaycan dərdi ətrafında bir araya gəlib, bu şüuru formalaşdırmağa çalışsaq, onda içəridən də, dışarıdan da bizə əngəl olanlar hamısı üzə çıxacaq. Onsuz da bəllidir. Ancaq bu gün o gizlənir. Dost dediyimiz, müttəfiq dediyimiz – hamısı görəcəksən ki, sənin Güney Azərbaycan məsələni çözmür. Görəcəksən ki, Azərbaycanın bütövləşməsini, güclənməsini istəmirlər. Almaniyanın bütövləşməsini istəyən qüvvələr Azərbaycanın bütövləşməsini istəmir. Ona görə burada düşünürəm ki, Güney Azərbaycanlılar fəal deyil, zəifdir, filan. Bu söhbətlər məsələnin çözümü və çıxış yolu deyil. Bu söhbətlər ümumi kontekstdə qoyulmalıdır. Biz vahid bir Azərbaycan toplumu olaraq, özümüzün gələcəyimizi necə görürük? Özümüzün siyasal bütövlüyümüzü necə görürük, coğrafi bütövlüyümüzü necə görürük? Bunu düşünmək, ortaya gətirmək gərəkdir. Bu çox ciddi məsələdir.
Mübariz Məmmədov: Soylu bəy, Azərbaycan çoxmillətli dövlətdir. Ocağın əsas ruhunu təşkil eləyən isə türk millətçiliyidir. Bəs Ocaq başqa millətləri burda necə görür?
Soylu Atalı: Birincisi, onu deyim ki, Azərbaycan çoxmillətli dövlət deyil, unikal bir dövlətdir. Azərbaycanda ayrı-ayrı millətlərin nümayəndələri var. Hansısa etnik toplumlar Azərbaycan türküylə tutuşdurulası millət anlamına gəlmir. Bu məsələnin birinci tərəfi. İkinci, bayaq vurğuladığım kimi, Asif Atanın İnamı türk İnamıdır. Ancaq həm də bəşəridir. Hər bir xalqın kimliyi, varlığı orada gözardı edilmir. Tərsinə, qaldırılır. O cümlədən bizim Azərbaycanda yaşayan etnik dostlarımız. Asif Atanın Ocağında talış da, tat da, ləzgi də olub. Yəni Asif Atanın Ocağı İnsanlaşma Ocağıdır. Burada əsas xətt İnsanlaşmadır. Sonra da gəlir millətləşmə. Millətləşmə də budur ki, əgər biz türk millətinin gəlişməsini düşünürüksə, bundan bizim etnik dostlarımız əndişəyə düşməməlidirlər. Biz onları sıradan çıxartmaq üçün eləmirik axı. Tərsinə, həm də onların özünü qorumaq üçün bunları eləyirik. Etnik kəsimlər yurdumuzda türk toplumunun yanında, himayəsində olarsa, onlar öz kimliklərini qoruya bilərlər. Talış İranın içində o saat əriyəcək. Ləzgi, tat onun kimi. Azərbaycanda onlar özlərinə sərbəst şəkildə ləzgi, tat, talış deyir. Başqa yerdə bu olmayacaq. Ancaq biz türkçülüyü qabağa veririk, yəni türkçülüyü qaldırırıq, onun gəlişməsinə (tərəqqisinə) çalışırıq, o demək deyil ki, başqalarına basqı göstəririk. Asif Atanın Ləyaqətli Bəşər ideyası var.
Mübariz Məmmədov: İslam ümmətçiliyində millətçilik əriyən kimi Mütləqə İnamda millətçilik ərimir?
Soylu Atalı: Ərimir. Bunu mən yazmışam da, demişəm də. Bəşər həyatında 3 ideologiya olub ki, onlar milləti sıradan çıxarmağa çalışıblar. Onlardan biri İslam dinidir. Ümmətçiliklə ortaya gəldi. İkincisi, kommunizmin “Vahid Bəşər” ideyası. Üçüncü, kürəsəlləşmənin (qloballaşma) “Vahid mədəniyyət” ideyası. Bu da Vahid Bəşər ideyasıdır. Hər üçü milləti sıradan çıxarmağı hədəf götürüb. Heç biri heç nəyə nail olmayıb. Ola da bilməyəcək. Çünkü millət ləğv ola bilməz. Millətin özünəxaslığı var, tarixi aqibəti var, dili var, mədəniyyəti var. Bunu sıradan çıxarmaq asan bir şey deyil.
Mübariz Məmmədov: Soylu bəy, bir örnək var. Türkiyədə, türklərin müsəlman toplumunda, siz görürsünüz millətçilik itməyibdir, yaşayır. Ancaq Xristianlığı qəbul eləyən türklər var, Musəviliyi qəbul eləyən türklər olub. Rusiya Federasiyasında nə qədər “ərimiş” türk toplumları var. Burda durum necədir, İslam millətçiliyi əritmir, yoxsa türkdə millətçiliyin immuniteti güclü olubdur?
Soylu Atalı: İslamın prinsiplərinin gücü çatmır. Türkün mədəniyyəti, dəyəri daha qüdrətlidir. Tanrıçılıq ideyası daha qüdrətlidir. Daha həqiqidir. Təməl prinsipləri daha doğrudur. Türk Panteizmi daha dərindir. Ona görə ərəb dünyagörüşü türk milli kimliyini sıradan çıxara bilməyib. Bizim mədəniyyətimiz çox dərinlərə işləyibdir. Ona görə başqa dünyabaxışlar toplumumuzun şüuruna etki göstərə bilməyib. Rusiyada – filanda assimilyasiyanı din eləyə bilməyib, siyasət eləyib. Bunu deməliyik.
Ancaq mən müsəlmanam və millətçiyəm deyənlərin deyilişinə şübhəylə yanaşıram. Çünkü müsəlman olan millətçi ola bilməz. Müsəlman ümmətçidir. Ümmətçi necə millətçi ola bilər? Ya millətçisən millətçi ol, ya da ümmətçisən ümmətçi ol. Ona görə o sözü doğru saymıram. Bunu daha geniş əsaslandıra bilərəm. Bununla bağlı işləmişəm, yazmışam. Müsahibədə hər şeyi geniş demək olmur. Millətçilik – İslam bunlar bir araya sığmır.
Mübariz Məmmədov: Biz bayaq Azərbaycan sınırları içərisində yaşayan toplumlardan danışdıq. Yəni bu başa düşüləndir. Min illərdir bir yerdəyik, qohumluq əlaqələri var. Mədəniyyət mübadilələrimiz olub. Tarixən yadellilərə qarşı birləşmişik. Ancaq burda bir məsələ var ki, siz bayaq dediniz, Ocağın qayəsi Bəşəridir. Burdakı toplumlarla bağlı başa düşürük, biz bir yerdəyik, o qədər də sorunlarımız yoxdur. Ancaq siz geniş anlamda təsəvvür eliyə bilirsinizmi, misalçün Latın Amerikasında, hansısa Avropalı üçün, ya hansısa Afrika tayfasında Mütləqə İnamın yeri nəcədir?
Soylu Atalı: Mən illər öncə özümə sual verdim ki, Asif Atanın Dünyabaxışında başqa millətlərin yeri haradır? Cavabını da yazdım.
Mütləqə İnam. Dünyanın mənası Dünyadan artıqdır. Bu təkcə türk üçün deyil ki? Bu, ingilis üçün də, alman üçün də eyni anlamı daşıyır. Həyatın mənası həyatdan artıqdır. Həyat öz Həyatlıq mənasından yaranıbdır. İnsanın mənası İnsandan artıqdır. İnsan İnsanlıq mənasından yaranıb. İnsan təkcə türk deyil ki. Bütün millətlər bu təməl prinsiplərə dayanıb gələnəklərini, görənəklərini öz dilində, öz mentalitetində yaratmalıdır. Türkü yamsılamalı deyil. Türkün basqısı altına girməli deyil. Girəcəksə, onda nə oldu?! Bütün Bəşəriyyət Mütləqə İnama tapına bilər. Çünkü Mütləqə İnam bütün insanlıq üçündür. İnsan da bütün bəşəriyyətdədir. Ancaq, məsələn, deyək Ölügötürmə quralı. Mən Ölügötürmə quralında ölünün üstündə “Ölümlə Görüş” yazısını oxuyuram. “Məni aparmağamı gəlmisən, ölüm? Gedək. Səndən qorxum yoxdur. Sən məni öldürə bilməyəcəksən…”. Yəni nə demək istəyirəm? Bu quralı ingilis də oxuya bilər. Yəni bu, insanın ölümə xitabıdır. Ölümü ötməsidir. Ölümə meydan oxumasıdır. Bu insan təkcə türk deyil ki. Bunu ingilis də eləyə bilər, alman da. Ancaq öz dilində. Burada başqalarını türkün əsarətinə bağlayan heç nə yoxdur. Heç kimin haqqı yoxdur ki, öz mədəniyyətini başqa xalqlara zorla yeritsin və onu özgələşməyə uğratsın. Hər xalqın özünəxaslığı var. Özünəxaslığa qarşı getmək olmaz. Onda Bəşər ölür.
Mübariz Məmmədov: Son olaraq, Soylu bəy, sizcə Ocaq nə vaxtsa millətin həyatında tam otura bilərmi?
Soylu Atalı: Əgər mən bilsəydim, inansaydım ki, Ocaq millətin yaşam tərzinə çevrilməyəcək, daha doğrusu, Mütləqə İnam ideyası millətin yaşam tərzinə çevrilməyəcək, qəbul olunmayacaq, bu Yola ömür verməzdim və çalışmazdım. Mən qətiyyətlə inanıram ki, Bəşəriyyətin İnsanlaşma ideyasından qıraqda qurtarıcı yolu yoxdur. Ancaq bu nə vaxt olacaq? Deyə bilmərəm. Biz münəccimlik eləyə bilmərik. Məsələn, 30 ilə olacaq, 50 ilə olacaq, 100 ilə olacaq. Bu çağda və bizdən sonrakı çağlarda insanların bu yöndə çalışmalarından asılıdır. Ancaq baxın, Hürufilik ideyası aradan gedibmi? Həyat sistemimizdə olmasa da getməyib. Hürufilik Asif Atanın özünün Dünyagörüşünə etki göstərib. Hürufiliyin uca, dəyərli nəyi varsa, Asif Atanın mayasında var. Bütövlükdə bəşəriyyətin uca dəyərləri Asif Atanın Dünyagörüşündə dışlanmır.
Bəşəriyyət əbədidir. Bəşəriyyət heç bir vaxt mütləq sürüyə çevrilməyəcək. Hardasa dayanacaq və yönünü, səmtini dəyişəcək. Buna Mütləqə İnama inandığım qədər inanıram. Soylu varlığıma inandığım qədər inanıram.
Mübariz Məmmədov: Dəyərli söhbətə görə təşəkkür edirəm.
Soylu Atalı: Var olun. Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
27 Yanvar, 2016. Bakı.