Doğmalarıma

(Asif Atanın apardığı görüşlərdən biri)

(Kamançanın ifasında Ata deyir, sonda alqışlar).

Xarici gözlə baxanda Azərbaycan balaca görünür. Daxili gözlə baxmaq lazımdır Azərbaycana. Heç bir mənanı xarici gözlə görmək olmaz, Mənanı yalnız daxili gözlə görmək olar. Daxili gözlə baxanda Azərbaycan böyük görünür. Şumer tarixiyik – həmin o Şumer ki, dünya mədəniyyətini, mahiyyətini özündə ilk dəfə yaradıb ifadə elədi. İlk şəhər oldu, ilk Allah ideyası oldu, ilk əlifba oldu, ilk …. oldu….
Xalq var ki, o nə Şərqi ifadə eləyə bilir, nə də Qərbi…
Azərbaycansız Şərq yoxdur, Şumersiz dünya yoxdur. Şumer tarixliyik, ona görə böyüyük.
Zərdüşt tarixliyik, – həmin o Zərdüşt ki, o zaman nə Məhəmməd var idi, nə Din var idi, nə bir Allahlıq var idi, nə Musa var idi, nə İsa var idi. O dövrdə Xeyir və Şərin mahiyyəti haqqında fəlsəfi bir hikmət yaratdı. Yerdəkiylə Göydəki arasında döyüş böyüklüyü yaratdı. Zərdüştün timsalında bəşəriyyət ilk dəfə başa düşdü ki, Xeyirlə Şər arasında döyüş, Qaranlıqla İşıq arasında döyüş əbədidir və bu döyüşdə gec-tez Hürmüzd qələbə çalacaq. Hürmüzdlüyük biz!
Göydə dəhşətli bir qartal var, göydəki qartalın sinəsində nifrət var insanlara. O qartalın adı Əhriməndir – Yerdə ilan kimi sürünən, fəlakətli. Lakin qanada çevrilən Hürmüzd var, Hürmüzd işığı var. Hürmüzd Göyə qalxır, Göydə vuruşur və yenidən Yerə enir. Döyüş gedir, bu döyüşdə, gec-tez, mütləq Hürmüzd qələbə çalacaq.
Dialektika da burdan başlayır, burda Hegel də başlayır. Burda bütün Şərq başlayır, burda bütün Dünyanın işıqlanmaq ideyası başlayır. Zərdüşt bizə deyir ki, İşıqlanın, nurlanın. Bu, xristian erasından öncə, VII əsrdə yaranan böyüklükdü, o zaman nə Platon var idi, nə Aristotel var idi – heç kəs yox idi. O zaman nə fikir var idi böyük mənada, sənin Zərdüştün var idi, sənin Midiyan var idi, tamam, hərtərəfli, bütöv ifadəsi ilə.
Dədə Qorqud mahiyyətliyik. Dədə Qorqudun Ağsaqqallıq mahiyyətilə biz yaşayırıq. O Dədə Qorqud ki, ağsaqqallığı həm sazda deyib, həm ağlında deyib, həm böyüklükdə deyib. İndiki ağsaqqallar kimi olmayıb, indikilər qocalırlar, amma ağsaqqallaşmırlar, müdrikləşmirlər.
Biz belə bir Dədə Qorqudun böyüklüyündən söz açacağıq bu günlərdə.
Ona görə biz böyüyük.
Nəsimi nəslindənik! Həmin o Nəsimi ki, “İnsan Allahdır” ideyasını deyib, heç kəs onu deyə bilməyib, heç kəs o səviyyəyə qalxmayıb. Bütün Şərq fəlsəfəsində, bütün Qərb fəlsəfəsində, öyrənmişəm, bilmişəm, dərs demişəm mən bundan, heç kəs “İnsan Allahdır” deməyib. Onu bizim Azərbaycanlılarımız – Şamaxılı Nəsimi deyib, Bakıda iqamətgahı olan Nəimi deyib. Küçəylə gedəndə, balacalarla, kiçiklərlə, yaltaqlarla rastlaşanda heç vaxt özünüzü itirməyin. Bu küçələrdə iz var – Nəimilərin izi var, Nəsimilərin izi var…
Ona görə biz böyüyük.
Füzuli tariximizdədir. Həmin o Füzuli ki Eşqi din səviyyəsinə qaldırıb. Eşq haqqında çox yazıblar, heç kəsdə Eşq elə din deyil, heç kəsdə Eşq ilahilik deyil, heç kəsdə insan bu qədər böyümür, heç kəsdə sifət, qaş-göz, əl bu qədər ilahiləşmir sənin Füzulindəki kimi.
Ona görə biz böyüyük.
Muğamatımız! Baxı da mən bilirəm, Bethoveni də bilirəm, sevirik də onları, inkar eləmirik. Heç kəsdə Muğamdakı kimi hikmət yoxdur – pillə-pillə insan qalxır. Muğamın bir məqamında, bir anında insan allahlaşır, allaha qarışır, kamilləşir. Pillə-pillə “Bayatı Şiraz”da, “Çahargah”da, “Segah”da addımlayır, bir məqamda Mənsuriyyə başlayır. Orda həm Məna var, həm zəriflik var, həm möhtəşəmlik var, həm mərhəmət var, bunların vəhdəti var. Ona görə biz böyüyük.
Kim deyirsə ki, Azərbaycan xalqı balacadı, o nadandır, onun xarici gözləri var, onun daxili gözü yoxdur. Heç bir xalq bu dərəcədə Şərqi ifadə eləmir. Şərqi ifadə eləmək də, əslində dünyanın ülvi, gözə görünməyən pünhan mahiyyətini ifadə eləməkdir.
Ona görə mənim birinci sözüm budur ki, Azərbaycan sözü gələndə ayağa qalxın! İndi bu saat ayağa qalxın! Azərbaycandan gedir söhbət. (Hamı ayağa qalxır – Soylu Atalı.)
Əyləşin.
Mən “İnam və Şübhə” kitabının müzakirəsinə gəlməmişəm. “İnam və Şübhə” kitabı mənim kölgəmdir, olsa-olsa mənim yazılarımın cüzi bir hissəsidir. Mən bura sizinlə görüşə gəlmişəm. Adamların az olması məni pərt eləmir, mən heç vaxt kəmiyyətçi olmamışam, həmişə keyfiyyətçi olmuşam. Bir nəfər var – min nəfərə bərabərdir, min nəfər var bir nəfərə bərabər deyil. Ona görə siz elə mənə bəssiniz, ona görə söhbət hərtərəfli olacaq, açıq olacaq, yalan olmayacaq. Bugünkü bizim görüşümüzün ikinci adı olacaq antiyalan. Bəsdir, heç olmazsa, bir gün də olsa, yalansız yaşayaq.
Mən “İnam və Şübhə” kitabını… Bir az həyəcanlıyam, bu təbiidir. Belə sözləri elə-belə danışmaq olmaz, belə sözləri elə-belə danışmaq günahdır, ürəkdən gəlməlidir, yana-yana deməlisən, pəltəkləşməlisən. Bu müqəddəs sözlərdir. Bu sözləri balacalandırmışıq ki, onu soyuq danışırıq, günahdır Azərbaycan haqqında soyuq danışmaq.
“İnam və Şübhə” ona görə yazılıb ki, həyatımızda yavaş-yavaş, addımbaaddım, ardıcıl şəkildə ölən, məhvə doğru gedən Şərq ruhu bərqərar olsun. Heç olmasa, müəyyən mənada insaniyyat adlanan ülviyyəti, bəzi ehkamlarda əzbərçi filosofların tutuquşuluğunda öldürülür insaniyyat məsələsi, ön plana çəksin, o bərqərar olsun. Demirəm ki, bir əsərdə bu böyük məqsədləri həyata keçirmək olar, müəyyən mənada nəsə eləmək gərəkdir. Hədsiz dərəcədə yadlaşırıq özümüzə qarşı, balacalaşırıq, təqlidçilik dolubdur həyatımıza, mahiyyəti azalır. Eşq əvəzinə şəhvət, dostluq əvəzinə faydalıq, təmənnalıq, pis mənada Avropanın təqlidi, həyasızlıq, abırsızlıq – qardaş qardaşı sevmir, ata atanı sevmir. Soyuqluq, elə bil ki, onlarda yaşayırıq. Buna qarşı Şərqin o alovlu ehtirasını, eşqini, Məcnunluğunu qoymaq lazımdır. Sevəndə Məcnun kimi sevmək lazımdır. Mütləq deyil ki, elə yalnız sevgilinin (qadının) Məcnunu olasan, vətənin də, dostun da Məcnunu olmaq gərək. Ya hər şey, ya heç nə. Məcnun kimi Yer də, Göy də mənimdir, məndə bütövləşir, bütün dünya məndədir.
Bəli, insan üçün Vətən də belə olmalıdır. Birtərəfli olmalısan böyük mənada çoxtərəfli olmuşuq – bir az yaxşı, bir az pis, bir az gözəl, bir az çirkin, bir az yaltaq, bir az məğrur. Ona görə heç olmuşuq. Bütövlüyə, o Eşqə, o vahidliyə içinin tələbinə – Füzulinin Şəbi-hicranına qayıtmaq lazımdır. Onda biz özümüz olacağıq. Amma elə deyil, bizə deyirlər ki, Məcnun dövrü qurtarıbdır. – Məcnun dövrü zahirən qurtara bilər, Məcnun elə bir əbədiyyətdir ki, qurtara bilməz. Məcnunluq nə deməkdir? – Mən sənin qardaşını, bacını, xalqını o qədər sevirəm ki, sənsiz mənim həyatım bütöv deyil. Əgər bir gün, 10 gün, yüz gün sənsiz yaşayıramsa, onda mən səni sevmirəm. Burda sevginin tam, hərtərəfli, möcüzə səviyyəsində hakimliyi var. Amma indi gəlin görək biz onu eləyirikmi? Kimlərsə eləyir, puldan ötəri, varidatdan ötəri. Hanı bizim mənliyimiz?! Qabiliyyət, biclik, karyera və beləcə həyat sönür, balacalanır, günlər bir-birinə oxşayır, heç bir qeyri-adilik yoxdur. Amma gör Məcnun necə sevir Leylini, hətta Leylinin atasının əsgərlərinə kömək eləyir…
Şübhə o zaman gərək olur ki, İnamı təsdiq eləyir. Bir sözlə, bu kitabın məqsədi ədəbiyyata xidmət eləmək deyil. Bu kitabın məqsədi az-çox xalqa, zamana, insana, yurdumuza xidmət eləməkdi. Hansı yaxşıdı, hansı pisdi, siyahı getdi, bu, Asif müəllimi və fəlsəfi-bədii tənqidi qətiyyən maraqlandırmır. Mənim arzum budur ki, Azərbaycan özümləşsin, Şərqləşsin, elə gözəl həyat quraq ki, insan çox olsun. Adamlar çoxalır, insan azalır.
Birinci söhbətimizi bununla qurtarıram. (Alqışlar səsi – S.A.).
Bir nəfər yerdən: Haqqında danışdığımız “İnam və Şübhə” kitabı barədə bir neçə söz demək istəyirəm. Bu kitabı, insana baxışın yeni bir fəlsəfi konsepsiyası adlandırmaq olar. O, bəşəri ideyaların zirvəsi saydığımız Məcnun nurunun, Xaqani nurunun, Nəsimi inamının, Nizami inamının, həyatiliyin təhlili və təsdiqidir.
Burada mətləbdən uzaqlaşmaya bilmirəm. Kitaba üz tutaq: “Sual oluna bilər: Necə olur ki, bu, fəlsəfi konsepsiya adlanır, mərkəzində isə insan, insana inam durur. Axı vərdiş etdiyimiz fəlsəfi təlimlərdə “istehsalata inam olur, maddiyyata inam olur, cəmiyyətə inam olur, tarixi şəraitə inam olur, obyektiv qanunlara inam olur. İnsanilik və mənəviyyat isə bunalrdan törənən ikinci dərəcəli bir şey rolunu oynayır. Öz növbəmdə soruşuram – bu, insanı alçaltmırmı? “İnsan istehsalçıdır” hökmünü doğrultmurmu, təsdiq etmirmi? Asif müəllim “İnam və Şübhə” kitabında İnsana İnam mahiyyətini göylərə qaldırır, dahi klassiklərimizin bədiiyyatı timsalında onu araşdırır. Eşqdə dahilik zirvəsinə çatmış, ali bir sığmazlığa tapınmış, ömrünün sonuna qədər yanmaq səadətinə çatmış Məcnun yanğınından da ülvi, müqəddəs bir ruh ola bilərmi? Fikir, duyğu hökmdarı olmağı ilə Mənuçöhrdən, Axsitandan üstün olan, söz səlahiyyəti ilə qılınc səlahiyyətini üstələyən, mənəvi gövhəri ilə şah xəzinəsini üstələyən Xaqani inamından da ülvi, müqəddəs bir inam ola bilərmi? Vəcd məqamında məhdudluq, səfillik sərhədlərini qırıb tökən, cahan sığmazlığını, ənəlhəqliyini dərk edən, cəzb olunduqca itən, kiçildikcə böyüyən itdikcə tapılan, ümumən insanlığını, ümumın bəşəriliyini dərk edən Nəsimi inamından da yüksək, ülvi, müqəddəs bir inam ola bilərmi? Gözəlliyilə bütöv bir şairanə konsepsiya yaratmış, bir çox yüzillər üçün Şərq sənətinin inkişafını müəyyənləşdirən, aşiqliyi qeyri-adi mətanət, dözüm, sədaqət, ağıllı ehtiras kimi qiymətləndirən, yerdəki ülviyyəti, məhəbbəti, gözəlliyi, əsilliyi səmavi müqəddəslik səviyyəsinə qaldırmaq müdrikliyinə yüksələn Nizami inamından da ülvi və müqəddəs bir inam ola bilərmir? Yox, olmaz! Ola bilməz.
“İnm və Şübhə” kitabında Şübhə tələbi, Şübhə qüdrəti və Şübhə cəhalətində geniş təhlil verilir. Şübhə nədən doğur – acizlikdən, ləyaqətsizlikdən, yoxsa ləyaqətdən, müdriklikdən? Naşı İnam İnsanı həqiqətdən uzqlaşdırdıqda şübhə onu həqiqətə yaxınlaşdırırsa, bu, müdrik şübhədir. Əgər naşı İnam İnsanı fiziki cəhətdən kor qoyursa, şübhə isə mənəviyyat korluğuna son qoyursa, insan kor ola-ola dünyanı, insanı görə, mahiyyətə vara bilirsə, bu, müdrik şübhədir, həqiqət axtarışıdır. Əgər o mənada dövr …… ömür sürüb, məişətdə rahatlıq tapırsa, dövründə isə şübhə əzabına, axtarışına qatlaşaraq özünü məişətçi, rahatçı, təhlükədən asanlıqla qaçan əksəriyyətə qarşı qoyursa, bu, müdrik şübhədir. Elmlər aləmində yaşayan, nəticədə ağır xalq dərdi yaşayan kefli İsgəndər də müdrik Şübhə timsalıdır. O, hamının dəlicəsinə, naşıcasına aldanıb inandığı bir “qüdrətə” şübhə etdiyi üçün hamının nifrətini qazanır. İsgəndər müdrik olduğu üçün kefli, yalqız …. faciəvidir. Ancaq həm də möhtəşəmdir. Gördüyümüz kimi, Müdrik Şübhə faciəvi, eyni zamanda əzəmətli səslənir. Çünki Müdrik Şübhə Həqiqətin əkiz qardaşıdır. Müdrik Şübhəylə yanaşı Şübhə cahaləti də olur. Dövrümüzdə İnsan taleyini hiddətli, nifrətli Şər qüvvələrinin iradəsindən asılılığını, bütün sevgilərin keçiciliyini iddia edən, igidliyi, fədakarlığı, eqoizmin pərdələnmiş biçimi sayan pessimizm şübhə cəhaləti var. Ürəksizlikdə, zorakılıqda, hünəri “mədəni dünya”nın qladiator savaşlarında görən Nitşe şübhəsi…”

(Ata söhbəti davam edir- S.A.)
Daha bunu sübut etməyə ehtiyac da yoxdur. Təsəvvür eləyin, dünya o zaman gözəldir ki, müxtəliflik var, çiçəklərin ayrı-ayrı rəngləri, səslərin ayrı-ayrı zərbləri var, səslərin müxtəlifliyi var. Həyat yeknəsəq olanda ölür. O dünyada hamı bir-birinə oxşayır. Ölülərdə fərq yoxdur. Müxtəliflik yaşamaqdı, ona görə qoy çiçəyin birinin rəngi qırmızı olsun, birininki ağ olsun. Qoy çox millətlər olsun. Bunsuz dünya heçdi.
Bütün məsələ ondadır və bu mənim əqidəmdir. Bəs sizin əqidəniz necədir? Bu cəhətdən millətçi sözünün özündə pis şey yoxdur. Əgər bunu biz yaxşı mənada, siyasi məqsəd kimi yox, elə özünü götürsək, millətçilik özü yurdçuluqdur. Lakin millətçi sözünün ikinci mənası o zaman yaranır ki, xalq özünü bütün başqa xalqlara qarşı qoyur, yaxud zəbt eləyir onun bir hissəsini. Heyvancasına. (Alqışlar-S.A.). Sən gedirsən ona çörək almağa, gəlib görəcəksən qapını bağlayıb deyir ki, ev mənimkidi. O zamankı Hitler kimi, Almaniya yaşasın, dünya məhv olsun. Çünki Almaniya elə dünyadı, qoy hamısı onun ayağının altında olsun. Qoy ölsünlər, təki bir xalq böyük olsun. Çünki alman xüsusi xalqdı, alman böyük xalqdı və s. Bu millətçilik murdarlıqdı. Bu, Hitlerizmə gətirib çıxaran şeydi. Amma mənim zənnimcə, ayrı söz tapmaq lazımdır, millətçilik deyil bu. Millətçilikdə pis şey yoxdu. Bu, tamam ayrı şeydi. Ona görə mən sizə məsləhət görürəm ki, yurdçu sözünü qəbul edəsiniz. Öz xalqımı sevirəm – Sabir kimi, Hadi kimi. Onların doğrudan da, millətdən başqa istəkləri yox idi. Millət-millət-millət. Onlar millətçiydilər böyük mənada. Bax, o sözə, gəlin Yurdçu deyək. Sabirə, Hadiyə ki özlərini millətçi hesab edirdilər.
Onlar millətçi sözünü pis mənada hesab eləmirdilər. Azərbaycan xalqının pis mənada millətçilik ənənəsi olmayıb. Bizim heç bir böyüyümüz bir xalqın əleyhinə yarım cümlə deməyib. Nə Sabir, nə Füzuli… tapmazsınız. Əksinə, bizdə millətçiliyə biganəlik var. Əgər biz millətçi olsaydıq, 20-ci illərdə, 18-ci ildə durub deyərdik ki, 26 Bakı Komissarı necə Azərbaycan komissarıdır ki, bunların yalnız 2-si azərbaycanlıdı – Qədirov, bir də Əzizbəyov. Qalan hamısı ermənidir, yəhudidir, bir nəfər də rus var. Biz bunu demirik, çünki biz millətçi deyilik. Biz qul kimi adamlarıq. Əgər biz millətçi olsaydıq, deyərdik ki, necə oldu “NKVD”-nin başçılarından biri daşnak oldu, o, Hüseyn Cavidin başını kəsdi və anasına yazdı ki, mən sənin andını yerinə yetirdim. Hardaydı bizdə millətçilik. Çünki biz qul kimi adamlarıq. Bizdə millətçilik olmayıb. Əgər millətçilik olsaydı neçə ildə biz deyərdik ki, gəlin Cənubi Azərbaycan məsələsini SSRİ ilə İran arasındakı məsələ kimi yox, Azərbaycan xalqının milli fəlakəti kimi qoyaq. Bizi şaqqala-yıblar. Eləmirik. Hardadı bizdə millətçilik. Azərbaycan xalqının millətçilik ənənsi yoxdu. (Alqışlar-S.A.)
Sonuncu mənim fikrim, – bundan sonra yalnız sizin sualınıza cavab verəcəm. Bizim görüşümüzün belə qısa olmağı daha yaxşıdı. Çox olanda adiləşərdi. Mən istəyirəm hamımız, Azərbaycanlı olduğumuz üçün, bu son sözümə qulaq asaq, ayaq üstə.

(Hiss olunur ki, zaldakılar ayağa qalxır. Musiqi səsi eşidilir – S.A.)

Zərdüşt nəslindənik. Zərdüşt işığı yanır taleyimizdə, tariximizdə.
Zərdüştümüzə layiq olaq.
Babək nəslindənik. Babək yenilməzliyi yaşayır tariximizdə, taleyimizdə.
Babəkimizə layiq olaq.
Dədə Qorqud nəslindənik. Dədə Qorqud Ağsaqqallığı yaşayır tariximizdə, taleyimizdə.
Dədə Qorqudumuza layiq olaq.
Nəsimi nəslindənik. Nəsimi fədailiyi yaşayır tariximizdə, taleyimizdə.
Nəsimimizə layiq olaq.
Muğam sədalıyıq. Muğam hikməti yaşayır tariximizdə, taleyimizdə.
Muğamımıza layiq olaq.
Füzuli nəslindənik. Füzuli eşqi yaşayır tariximizdə, taleyimizdə.
Füzulimizə layiq olaq.
Saz səsliyik. Saz dəyanəti yaşayır tariximizdə, taleyimizdə.
Sazımıza layiq olaq.
Dünyada ləyaqətdən böyük səadət yoxdur. Sağ olun. (Alqışlar – S.A.).
Bir təklifim var, onunla mən söhbətimin bu hissəsini qurtarıram, bundan sonra söhbətimiz başlayır suallar ətrafında.
Mən belə bir təklif deyim sizə – döyüşçülərə. Sizin hamınızın indi adını qoydum döyüşçülər. Küçədə bir-birinizi görəndə salam verirsiniz. Döyüşçülər, ərəblərin bizə qılıncla, yalanla gətirdikləri “salam əleyküm” əvəzinə ki indi onu hamıya veririk, ürəyimiz iştirak eləmir – itə də, qurda da deyirik, onun əvəzinə gəlin “Ürəyinizdə Günəş olsun!” deyək bir-birimizə. (Alqışlar səsi – S.A.)
“Ürəyində Günəş olsun!” sözünü ürəksiz demək olmaz. Həm də Ürəyinizdə Günəş olanda ən şaxtalı havada belə üşüməzsiniz.
(Yenə alqışlar – S.A.)
İndi suallarınıza cavab verəcəm.
(Suallar Ataya yazılı verilirdi. Əlinə keçən ilk yazı kiminsə şeiri oldu –S.A.)
Çox əla bir şeirdi – oxuyun bunu. Sualdı, həm də şeirdi və cavabı şeirin özündə var.
“Namus, arı olmayan kəs,
Bir kəlməsi qalmayan kəs,
Yerə kölgə salmayan kəs,
Şah olsa da nökər gedər”.
(Ata şeiri bütöv oxuyub, ancaq kasetdən yaxşı eşidilmirdi – S.A.)
Əla (Yerdən alqış səsləri – S.A.). Burda şeirdən artıq ehtiras var. Şeir bəzən forma kimi olur yalnız. Burda içəridən gələn bir kədər var. Avropa, Asiya Şərq təfəkkürü və Qərb təfəkkürü, bunların müqayisəsi. Bu sözləri ona görə dedim ki, müəllif sual yazıb ki, öz fikrinizi izah edə bilərsinizmi? Mən də məmnuniyyətlə dedim, ancaq qısa dedim. Mənim üslubum belədir. Mən qısa danışıram. Mənim yazım da elədi. Orda ki Qərb nöqtə qoyur, orda Şərq həmişə nida qoyur. (Alqış səsləri – S.A.).
Sual: “Asif müəllim, sizdən xahiş edirəm, əgər mümkünsə, Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” fikrinin fəlsəfi… (Ata sualı sonacan oxumur –S.A.).
Məmnuniyyətlə. “Məndə sığar ikən deyil, “Məndə sığar iki cahan, Mən bu cahana sığmazam”dır. Nəsimi ortodoksal islama qarşı vuruşurdu. Nəsimi “Lailahəilləllah”ın əleyhinə idi. Nəsimi də, onun müəllimi Nəimi də, – onun xüsusi əsəri var, “Cavidannamə”. İraqdadı. Onu biz tərcümə eləmirik, gözləyirik avamcasına. Gözəl bir əsərdi. Fars dilində yazıb. O deyir ki, İnsan özü Allahdı. İnsan özü, onun mahiyyəti, nə varsa onda allahlıqdır. Ona görə Laihəilləllah – Allahdan başqa Allah yoxdur – səhvdir.
İki cahan məsələsi. Bu “ikən” məsələsi Bəxtiyar müəllimin səhvidi. Bəxtiyara bilirsiniz ki, millətçilik cəhətdən mənim hörmətim var. Xüsusilə son vaxtlarda. Ancaq bu şey onun fantaziyasıdır. Burda “ikən” deyil, “iki cahan”dı. Yəni, hər halda islamın ki, o dünya, bu dünya ideyası var və onu guya ki, qəbul edirlər, Nəsimi də deyir mən o qədər böyüyəm ki, sizin qəbul elədiyiniz iki cahanın ikisindən də artığam, Allahdan da. Yəni iki cahanın ikisi də məndə sığır əslində. Yəni burda islamla döyüşür islamın özünün əliylə. Onun üsuluyla. Deyir, lap tutalım ki, o dünya, bu dünya var. Nə olsun? Mən varam və ikisindən də artığam. (Alqış səsi – S.A.).

Sual: Axundovun dini baxışlarına necə baxırsınız?
Cavab: Axundov haqqında mənim fikrim yüksək deyil. (Alqışlayırlar – S.A.). Bu məsələni gəlin saxlayaq, çünki gərək mən bunu xüsusi açam. Sonra bir dəfə də əgər siz məni dəvət eləsəniz, elə Axundovdan başlayaram. Hər halda Axundov Şərqi qəti anlamayıb, nəinki Füzulini, Şərqin heç yanından keçməyib.
Sual:Vəzifə məsələsini mən “qarğa müğənni, bülbül dinləyici” kimi başa düşürəm indiki dövrdə.
Cavab: Mən sizinlə razıyam. Bircə bunu əlavə etmək istəyirəm ki, bu vəzifəpərəstliyin hamısının arxasında yurdpərəstliyin azalması dayanır. Yurdpərəstlik azalanda enerji qalır, düşürlər vəzifə dalınca. Məsəlçün, Sabirin, Hadinin enerjisi hardaydı ki, vəzifə dalınca düşsünlər, doktor olsunlar, akademik olsunlar. Onlar kömək eləməliydilər xalqa, onlar xalqı çıxartmalıydılar. Elə ki, bunlar olmur, daha nə qalır ki?! Yurdsuzluq yaradır vəzifəpərəstliyi və bunda xalqın vaxtı yoxdu ki, özünnən məşğul olsun. Bir az açıq danışaq da. Hardadı bizim o qədər vaxtımız, bu qədər işimiz var, bu qədər dərdimiz var. Amma elə ki, bu olmur, onda enerji qalır, vaxt qalır başqa şeylərə. (Alqışlar – S.A.).
Sual: Asif müəllim, sizin kitabınızı çox çətinliklə tapıb oxuduq. Çox təəssüf ki, belə bir kitab kiçik tirajla… (Ata sualı yenə axıradək oxumadan cavab verir – S.A.)
Cavab: Bütün yaxşı kitablar həmişə kiçik tirajla çap olunur. (Alqış səsi – S.A.).
Sual: Bu kitabda toplanan bütün məqalələr 70-ci illərdə yazılıb. Bəs sizin sonrakı yara-dıcılığınız haqda nə vaxt məlumat alacağıq? (Ata: Yaxşı sualdı.). Ümumiyyətlə, sizin imzanıza qəzet və jurnal səhifələrində çox nadir hallarda təsadüf edirik. Niyə? Asif müəllim, sizin uzun müddətə rəsmi şəkildə ədəbiyyatdan ayrılmağınızın səbəbi nə idi və indi yenidən qayıtmağınızın mahiyyəti nədir? Və nəhayət, Asif müəllim, sizin o vaxt tənqid etdiyiniz şairlərin yaradıcılığına münasibətiniz dəyişibmi?
Cavab: Çox gözəl sualdı. Sualı yazan Asif Şəfaqatı. Özü də mənim adaşımdı. İndi bu suala cavab verim.
Mən 70-ci ildə, yəni çap olunmayan dövrümdə çox yazmışam, ən çox onda yazmışam. İnan-mazsınız ki, o dövrdə mən necə yaxşı işləyirdim, az çap olunsam da. Hər dövrün öz xüsusiyyəti var. Həmin dövrdə gördüm ki, məni çap eləməyəcəklər, oturdum o böyük əsərləri yazdım. Yəni məqaləçilikdən bir az uzaqlaşdım. Sırf fəlsəfi əsərlər yazdım. Ancaq indi deyə bilməyəcəm onlar nə vaxt çap olunacaq. Belə görünür ki, onlar deyəsən hələ çap olunmayacaq. Biz bir-birimizlə gərək açıq danışaq da. O əsərlər başdan-ayağa bir nəfərin öz fikirləridir. Orada nə aparat var –elmi aparat, nə sitat var, nə filan adam belə dedi var, sırf başdan-ayağa o köhnə kişilər kimi, fəlsəfi fikirlərdir. Təbiidir ki, onlar üçün müəyyən bir vaxt lazımdır. Özü də o bir az bədii şəkildə yazılıb, esse də var orda. Bir az başqa cürdü. Onlar əgər ortodoksal filosofun əlinə düşsə, deyəcək ki, mən bunları anlamıram. Bu qəribədi, bu əcaibdi.
Çoxlu əsərlər yazılıbdı. Ola bilsin ki, siz onları gördünüz. Bəlkə mən onların çapını gör¬mədim, amma siz onu görə bilərsiniz.
O ki, qaldı sualın o tərəfinə ki, “İmzanıza niyə son vaxtlarda nadir halalrda təsadüf edirik?”, deməliyəm ki, mənim yazılarım çoxdur. “Azərbaycan” jurnalında mənim iki məqaləm var. “Ulduz”da iki böyük məqaləm var. “Ədəbiyyat”da mənim dörd məqaləm var. Çap eləyirlər məni, fəxr eləyirlər amma həvəssiz. Qəribədir, bir tərəfdən mənimlə fəxr edirlər, məsələn, kitablarını avtoqrafla veririlər, yazırlar xalqımın dahisi, nə bilim nə. Onlardan soruşmaq gərəkdir ki, a balam, bəs bu dahinin əsərini niyə belə pis çap eləyirsən? – Həmən o mənəvi qıtlıq məsələsidir bu da müəyyən mənada. Amma söz veriblər ki, “Azərbaycan” jurnalında çıxmalıdı, “Ulduz”da çıxmalıdı, 6-cı nömrədə bəlkə çıxdı. Mən yazıram, tənqidçiliyə qayıtmışam. Əgər mən qayıtmışamsa, deməli, əməlli qayıtmışam. Məndə belə hal yoxdu ki, bir az qayıdım, bir az qayıtmayım.
Niyə mən getdim, niyə qayıtdım? – Bir dəfə mən “Qoşma”da, bilmirəm qulaq asdınızmı, orda öz fikrimi bir az demişdim, onu kəsdilər. Guya ona görə mən getmişdim ki, çoxları elə deyirlər, məni tənqid eləyirdilər, nə bilim başıma işlər gəldi. Onlar oldu, amma məsələ o deyildi. Mən müasir fikirdən diksindim, ikrah yarandı. Açıq danışaq. Özümdən də xoşum gəlmədi. Yalan nə qədər olar? Bilirsinizmi, elə bir məqam gəlir ki, adamın özündən zəhləsi gedə bilər. İnsanın ki, özündən zəhləsi getdi, o yaşaya bilməz. Ay deyirlər, adam özündən gərək narazı olsun. Bəlkə bir az olsun, amma həm də özünü istəməlisən. O dövrdə mənim müasir ədəbiyyata münasibətim, müasir tənqidə münasibətim dəhşətli dərəcədə ikrah hissi idi. Ad çəkmək istəmirəm. Elə bilərlər ki, istifadə edirəm. Məsələn, bu adamlar az qalıb elmlər akademiki olmağa, neçə əsər yazıblar, amma fikir yoxdu. Nətəhər bu böyüklükdür ki, bu boyda yazasan, ancaq fikir olmaya.
Sonra, nə qədər yalan demək olar? Məni tanıyanlar burada varsa, onlar bilirlər ki, fəal axtarışlar uğrunda gəlirdim Axundov kitabxanasına, axşam saat 10-a qədər suallarıma cavab axtarırdım, narahat idim. Ona görə yazammazdım, suallarıma cavab tapmadan. Əvvəlki cavablar məni təmin eləmirdi. İndi sizə deyə bilərəm – bütün suallara cavab tapmışam, cavablamışam. (Alqış səsi – S.A.).
Sualın davamı: “Tənqid etyim şairin yaradıcılığına münasibətim”.
Mən elə bilirəm ki, tənqid etdiyim tendensiyalar hələ də qalır, açıq deyirəm, müasir ədəbiyyata mənim münasibətim müsbət deyil. Mən bunu deyə bilərəm, çünki mən 20 ildir tənqidlə məşğulam. Mənə elə gəlir ki, Cəlil Məmmədquluzadədən sonra Azərbaycan ədəbiyyatındakılar gözdən pərdə asırlar. Sabirdən sonra, Hadidən sonra. Hadini yaxşı təhlil eləməyiblər. Mən bəlkə Hadi ilə məşğul oldum. Hadidən sonra, o birilərdən sonra Azərbaycan ədəbiyyatında başqa durum olmalıydı. Ədəbiyyat məddahlaşdı. Sui-istifadə ilə məddah ədəbiyyat yarandı. O böyüklükdə şairlərimizdən heç nə qalmayacaq. Hələ indi qalmayıb. Şairlərimiz var, onlar Füzuli ola bilərdilər. Şöhrət, mənsəb onları tez ələ aldı. Gəlin özümüzə sual verək, bax bu XX əsr qurtarır, gələcək nəsil gələcək. Şəbi Hicrana layiq bir misra dedilərmi bizim çağdaş şairlərimiz? – Yox. Uzun müddət məddahlıq oldu. 60-cı ildə Bəxtiyar, o birilər oldu. Sonra “ağıllandılar”. Uğurlu nə oldusa, 3-5 il oldu. Onlar qoymadılar inkişaf başlasın milli ruhda. Mənim yadımdadı, mən 60-cı ildə gəlmişdim. Bəxtiyar haqqında deyirdilər ki, o, milli qəhrəman olmaq istəyir. A bala, olmaq istəyir istəyir də, bunun nəyi pisdir ki?! Başladıq bir-birimizə ağız büzməyə. Sevinmək əvəzinə ki, pis-yaxşı…
Düşünün hər halda. Müasir ədəbiyyat ən çox məddahlıq oldu. Ayrl-ayrı şeirləri var. Mənə elə gəlir ki, bizim bugünkü söhbətimizin heç birinə dəxli yoxdu. Siz təsəvvür eləyin, bugün biz söhbət elədik. Hansı fikri hardan aldıq, kimdən bir nəsnə alıb burda söylədik? – Heç nə. Ancaq onlar tamam təqlidçi olublar. Arsızılaşıb ədəbiyyat. (Alqışlar – S.A.).
Şəxsiyyət məsələsi. Bu, yaxşı sualdı. Mən qəti onun əleyhinəyəm ki, durub deyələr, şair şairdi da, nə olsun ki, o, əxlaqsızdı. Bəlkə mən utopistəm, amma mən camaatla necə bir olmuşamsa indi də elə oyam. Şəxsiyyət və yaradıcılıq bir şey olmalıdı. Qəti bunları ayırmaq olmaz. Ancaq bizim şairimiz nələr eləyir?! “Jizni” kitabını alır və orda oxuyur ki, Puşkinin 200-ə qədər aşnası varmış. Puşkin hətta siyahı düzəldibmiş. O öləndən sonra siyahı ortaya çıxır. Alıb oxuyanlar onu bir-birinə göstərirmişlər. O dövrdə ruslar, rus ziyalıları fransızları təqib edirmişlər. Fransızlar, bilirsiz də, əxlaqsızlığın məbədidir (zalda gülüşürlər – S.A.). Bizimkilər bunu oxuyub deyir ki, mənə nə olub axı, Puşkin belə olanda. Mən də onlara deyirəm ki, Puşkini götürmə, Füzulini götür. Sən sufiləri götür. (Yenə alqış səsi – S.A.). Ancaq təəssüf ki, götürmür.
Sonra, onlara mən deyirəm, sən elə bilirsən ki, əyyaşlıq, nə bilim nələr elədiyin üçün, sənin o sevgi haqqında yazdığın şeirə bu ləkə deyil? Ay axmaq, sən pozğunluq elədiyin gün sənin o qəzəlinə murdar bir şey düşdü. İlhamın söndü. Ona görə yaxşı şeir yaza bilmirsən. (Alqışlar-S.A.).
Mən sizin sualların hamısına cavab verdim. Yaxşı suallardı. Hamısı yaxşıydı. Sizdən mənim xahişim nədir? Özünüzə inanın. Əgər burda sizinlə Asif müəllim arasında vəhdət yaranıbsa, sabah tutalım ki, bir Alabaşnəzərin biri Asif müəllimin əleyhinə məqalə yazanda şərini, böhtanını dərk eləyin. Özünüzdə qalın. Yoxsa bizdə elə nöqsan var ki, gözümüz hər yana böylanır ki, görsün onda yıxılmalı bir şey varmı? (Alqışlar səsi – S.A.)
Sual: Sizin “Azərbaycanlı” termininə münasibətiniz?
Cavab: Yaxşı sualdı. “Azərbaycan” sözü bizim dini mənsubiyyətimizi ifadə edir. Zərdüşt-çülüklə bağlıdı. Azər – od deməkdir, baycan – dövlət. Zərdüştçülərin vaxtında hər evdə od olardı. Hər evdə balaca bir yeri… çox əla alındı. Mən, məsəlçün, çox istəyərdim ki, bizdə də olsun. Oda baxardılar. Ona görə həm “azərbaycanlı”, həm “türk” sözü. Biz həm də azərbaycanlıyıq, yəni od qoruyanıq, od gözətçisiyik. Amma etnik olaraq biz türkük. (Alqış – S.A.).
Hayıf ki, vaxt çox olmadı. Bəlkə sonda vaxtımız qaldı.
Sual: Müasir ədəbi dilimizdə şeir.
Cavab: Puşkin diliynən bizim müasir dilimiz arasında heç bir fərq yoxdur. Bir az bizdə fars sözləri çoxdur. Vəssalam. O “slovarnıy sostav” deyirlər, əsas o lüğət tərkibi eynidi. Ancaq Midiya dilimiz fars deyil. Bizim Midiya dövrümüz fars deyil. Fars olsaydı, fars niyə Midiyanı zəbt eləyirdi. Kir niyə Astiaqa qarşı çıxırdı – fars özünümü zəbt eləyirdi? Bu haqda mənim fikrim var. Əgər imkanımız olsa, bəlkə axırda bu sualın ikinci hissəsinə tam cavab verdim.
Sual: Bizim Füzulimiz, Nəsimimiz olub. İndiki zamanda onlarla müqayisə olunan şəxsiy-yətlərin olmaması, yetişməməsi poeziyamızda inkişaf etməməsidirmi?
Cavab: Bu suala cavab verim. Harada Nəsimi ola bilər ki, poeziyanın əsas yönünü məddahlıqda görürlər. Bizdən əvvəlki poeziyada belə şey vardı ki, şair zəmanəsindən artıqdı. Bu, əlifbaydı. Şair zamana sığmır, şair zamanayla döyüşür. Füzuli hara, zamanası hara?! Sabir hara, zamanası hara? Sonra deyirlər ki, yox. Bu gün tamam “təzə” ədəbiyyat yaranıb. Bunun işi zamanı nəql eləməkdi. Bax, burda başlanır hamısı. Şairlə zaman arasında vəhdət ola bilər, tutalım ki, amma ünsiyyət ola bilməz. Mən indi Anarla söhbət eləmişəm ki, imkan verin, bu şairlərlə görüş keçirim, ya müşavirə. Mən onlara deyirəm. Əgər müşavirə olsa, gəlin ora. Orda mən bu söhbətləri eləyəcəm. Özü də əməlli. (Alqışlar – S.A.). “Ədəbiyyat”da çıxacaq, əgər razılıq versələr.
Sual: Azərbaycan ədəbiyyatında sizin hörmət etdiyiniz yazıçı və ya şair varmı? Vars o kimdir?
Cavab: Mənim tam, bütöv hörmət elədiyim yazıçı və ya şair yoxdur. Məsəlçün, İsmayır Şıxlının Cahandar ağası. Romanın özündə də var yaxşı cəhətləri, iri planda. Amma Cahandar ağa mənim istəyimə çox yaxındı, üzü birdi və mülkədar olduğu qədər də xalq adamıdı. Məgər bütün bəylərin hamısı pismi olub?!
Sual: Asif müəllim, şəxsən mən Azərbaycanın bütövlüyünə inanıram. Azadlığın yolu nədədir? Biz gənclərə məsləhətiniz.
Cavab: Bu haqda mən onu demək istəyirəm ki, balaca xalqın (həmişə bunu görüşlərdə deyirəm) balaca iş görməyə haqqı yoxdur. Balaca xalq elə iş görməlidir ki, bütün başqa xalqların təəccübünə səbəb olsun. Böyük sayılan xalq bəzən bir əsrin üşünü görməyə də bilər. Amma sən gərək elə iş görəsən ki, tamam özünəməxsus. Nə qədər ki, qoşulmuşuq – itirmişik. İndi elə şey yaradaq ki, bizə qoşulsunlar. (Alqış səsləri – S.A). Bundan artıq demək olmaz. Ancaq mən özümüzü balaca saymıram, indiki halda balacayıq, daha doğrusu, balacalaşmışıq.
Sual: Mən elə bilirəm ki, Asif müəllimlə bizim əlaqəmiz olacaq.
Cavab: Asif müəllim Bakıdadı, məmnuniyyətlə bu əlaqəni istəyirəm.
Sual: Hörmətli Asif bəy, müxtəlif alimlərin cənubi və şimali azərbaycanlıların birgə yaşaya bilməmələri haqqında fikirləri də müxtəlifdir.
Cavab: Biz mütləq birləşməliyik. Nə danışırsınız? Biz yox olarıq. Təbrizsiz nə Azərbaycan? (Alqış səsləri yenidən eşidilir – S.A.).
Biz yarım Azərbaycanıq. Biz Azərbaycan deyilik axı!
Sual: Asif müəllim, Nuran Davesyana münasibətiniz necədir?
Cavab: Mən çox danışmayacam. Çox uzatmayacam. Azərbaycanlıların Qarabağ məsələsində nöqsanı yoxdu. Yalandı kim deyirsə bizdə nöqsan var. Ermənilərlə… (Anlaşılmır – S.A.)
Azərbaycan heç zaman başqa milləti terrorist eləməyib. Azərbaycanın özünü terrorist eləyiblər həmişə. İkili suç fəlsəfəsinə inanmıram. Azərbaycan xalqı, mən özüm Ermənistan adlanan bölgədənəm, Qərbi Azərbaycan. Orda mən yaşamışam, olmuşam. Bizim kirvəmiz olublar onlar. Erməniyə pislik eləməmişik. Ermənilər xəyanətkarlıq elədilər bizə. Belə qonşuyla yola düşmək olmaz.
……(Səs yaxşı eşidilmir – S.A.) Siz nə düşünürsüz mən də o cür. Mən də sizin kimi əsəbiyəm. Xəstələndim də hətta o məqamlarda. Məni əsəbiləşdirən budur – jurnalistlər ki, onların ağlı pişik ağlıdı, mən onların çoxunu oxumuşam. Azərbaycan xalqına kim dərs demir indi?! Baranik də bizə dərs deyir. Yazıçı olurlar özləri də. Onları mən yaxşı bilirəm. Mən Moskva Ədəbiyyat İnstitutunda oxumuşam. Onların beyni bapbalaca beyindi. (Alqış səsləri ucalır – S.A.).
Sual: Azərbaycanın yaranma tarixi haqqında məlumat verəsiniz. Siz bizə nə yol göstərirsiniz? Biz yadelliləri və s. (Ata sualın oxunuşunu axıra çatdırmır – S.A.)
Cavab: Bu suala qısa şəkildə cavab verim. Azərbaycan təxminən 2400 il bundan əvvəl Midiya süqut olandan sonra hələ də özünə gəlməyib. Bizim Midiyamız ki, onun dilinin nə olduğunu heç kəs bilmir, amma mən hər halda özümçün aydınlaşdırmışam, o, fars deyil. Midiya fars deyil. Midiya fars olsaydı Kir Astiyaqla döyüşməzdi. Keyxosrov niyə zəbt elədi? Özünümü zəbt elədi? Midiya böyük Midiya olub. Təxminən bir hissəsi İraq Əcəmi deyirlər, indi o İranın bir hissəsidi. Cənubi Azərbaycan, böyük ölkə olub. Asiyanın bir nömrəli ölkəsi olub. Bizim ikinci adımız Möhtəşəm imiş. Bizə möhtəşəm deyirmişlər. Bizə Maq deyirmişlər. Nə bilim, fərqlənən adamlar deyirmişlər. Ondan sonra biz Şumer bağıyla tam bağlıyıq, bağlı olmuşuq.
(Səsi yenə də tam anlamaq olmur – S.A.)
…..arvadı Midiya …….şahın qızı imiş və s. Kir Keyxosrov Astiyaqın əsgəri idi, o üsyan qaldırdı xəyanətkarcasına, Astiyaqı taxtdan saldılar. O gündən bizim atasızlıqmı deyək, başsızlıqmı deyək, nə bilim nə deyirsiniz, o dövrümüz başladı.
Ondan sonra bizim Şirvanşahlarımız olubdu. Amma onların heç bir …… Azərbaycan olma¬yıbdı.
Hətta Osman imperiyası belə, fəlsəfə təqlid elədi. Bu idimi türk? O boyda irq Teymuru verdi, kimi deyirsən verdi, şairlər verdi, peyğəmbər verə bilmədi.
Unutdu ki, dünyaya sahib olmaq olmaz. Özünə sahib ol. O boyda Atilla gəldi çıxdı Avstriyaya qədər, məhv oldu, heç nə də olmadı. O boyda Atilla.
Çingiz o boyda imperiya yaratdı, nə oldu? O boyda qan tökdü. Elə bilməyin ki, qılınc həm də ağıllı deyil, qılınc həm də ağıldı. Sərkərdəlik də bir ağıldı, özünüz yaxşı bilirsiniz ki, sərkərdəlik də bir istedaddı. Teymur istedad deyildimi, qaniçən olsa da. Amma nə oldu? ….
Bir-birinə düşmən. Türk qədər bir-birini qıran olmadı. Türk qədər bir-birinə düşmən olan olmadı. Qardaş qardaşının gözünü çıxartdı. Hələ də bizdə var o. Kim məhv elədi, kim yıxdı Şah İsmayıl kimi bir böyüyü? – Səlim. Kim idi Səlim – Türk. Osmanlı türkü. Oğuzdu. Həm də Osmanlı türklərindən idi. Bir hissəsi qalmışdı burda, bir hissəsi getdi ora. Məhv elədi Səlim. Bayazidi kim yıxdı – Teymur. Teymur kim idi – Türk. Bayazid kim idi – Osmanlı türkü. Və s. və ilaxır.
Yüz cür şeylər taparsınız. Qardaş qardaşla vuruşdu. Bundan artıq tarix danışmıram. Əgər imkan olsa, tarix haqqında mənim fikirlərim var. Hamısını sizə deyəcəm vaxtında.
Sual: Asif bəy, bugünkü sovet dövrünün poeziyasında az-çox duru qalan şair?
Cavab: Məmməd Araz, qəribədir, birtəhər çıxmasın, məni yaxşı başa düşün, şairin yaxşı olması üçün gərək xəstələnsinmi, qəmlimi olsun, qəribədi. Məmməd Araz adi idi, nə qədər ki, xəstə deyildi. Elə ki, bir az xəstələndi, məni doğru başa düşün, mən istəmirəm ki, o xəstələnsin, ancaq onun xəstələnməyi, onun bu vəziyyəti şeirini əməlli-başlı artırdı. İki ildi Məmməd Araz şairlik eləyir, yaxşı şairlik eləyir. (Alqış səsləri eşidilir – S.A.).
Sual: İsa Hüseynovun “İdeal” və “Əbədiyyət” romanları fəlsəfi cəhətdən necədir?
Cavab: Çox yaxşı sualdı. “Əbədiyyət”i hələ oxumamışam. “İdeal” haqqında mənim bir müsahibəm çıxmışdı “Ədəbiyyat” qəzetində. Yenə onu təkrar eləyirəm. Şumer hissəsi əla. Orda alimlik axtarmaq olmaz. O, peyğəmbərcəsinə alleqoriyalardı. Azərbaycanın şumerliyi haqqında. Orası əla. Amma Sultan Əmirlinin birdən-birə gözəlləşməsi və birdən yazıçının bunu deməsi – pis idi. Bununla mən razılaşmıram. Sultan Əmirli Mircəfərdən pis idi. Onlar hamısı bir şeydi…..
Yaxşı məqsəd üçün qoy hamı qırılsın.
Sultan Əmirli guya içir, qızı alır, İsaya yaraşmayan bir cəhət var ki, İsa özü hadisələri arxasınca elə bil ki, öküz kimi çəkir. Gərək ….. getsin realist ədəbiyyatda…. (Sözlər anlaşılmır -S.A.) Onu bilirsiniz. O cəhətdən qəbul eləmirəm. Sultan Əmirlidən ideal olmaz. Sultan Əmirli ideal ola bilməzdi. Çünki o adam ki, bir nəfərin gözünün yaşına razı olur, o bütün xalq….. bir nəfər elə xalqdı da………
Qəribə şeydi ki, mən qardaşıma lazım olmuram, tutalım arvadıma lazım olmuram, bütün bəşəriyyətə lazım olmuram. Bu əqidə bizi bu günə salıbdı. Ona görə “İdeal”ı mən ümumən İsa Hüseynovun özündən bir az geri çəkilməsi hesab eləyirəm.
Qılınc Qurban burda gözəl bir adam olur, amma görməmişikmi, yaddan çıxmışıqmı…
Amma Şumer hissəsini tam qəbul eləyirəm. Hərçəndi onu heç bir opportunist qəbul eləmir.
Tarixçilərimiz də ki, 90%-i məşğul olub “istoriya prafsayuza” ilə. (Gurultulu alqışlar – S.A.). Sual: Millətlərin yaxınlaşması və birləşməsi sözü nə deməkdir. Bu, sayca az olan millətlərin hürküdülməsi deyilmi?
Cavab: Təbiidir, təsəvvür eləyin də. Məsəlçün, arx axır çaya. Bu, arxın xeyrinədirmi? Burda arx çayda itməyəcəkmi? İtəcək, çayın xeyrinə də artacaq.
Sual: Asif müəllim, bəlkə pessimist olmaq lazımdır?
Cavab: Qətiyyən. Pessimist olmaq olmaz. O, xeyrimizə deyil bizim……. (Eşidilmədiyi üçün fikir də aydınlaşmır, ancaq eşitdiklərimizi qeyd etməyi gərəkli bildik – S.A.)
Bu kişilikdirsə, mən alovpərəst deyiləm, amma kişilikdə mənim böyük xidmətim var, o, tibb mərtəbəsinin əsasında yaradıb bütün özünün işlərini. Həmən o Şvitsa ki, 28 yaşında tibbi işini atdı, getdi Baltiklərə. Orda başladı qaralara həkimlik eləməyə… Nə isə, onun bir əla ideyası var ki, mənim biliyim pessimistdi, mənim inamım optimistdi. Əla fikirdi. Yəni gözümüz görür, gözümüzə inanmaq olmaz, göz hər şey deyil. Bəli, gözümüz çox şeyi görür zahirən, doğrudan da ümid yeri yoxdu, əgər gözlə baxsaq. Amma daxilən baxsaq, ümid yeri var. Tarixdə heç zaman xalq həmişəlik qul olmayıb. (Aqış səsi – S.A.). Dövrlər olub, amma bütöv olmayıb.
Sual: Asif müəllim, xahiş edirəm, Əlağa Vahid haqqında öz fəlsəfi fikrinizi deyəsiniz.
Cavab: Məmnuniyyətlə. Əlağa Vahidin böyüklüyü ondadır ki, o dövrdə ki, hamı bağlanmışdı başqa yönə, o dövrdə qəzələ meyil aradan qalxmışdı, ona görə ki, hamı vokal yazırdı, əski dünyaya təslim ol deyirdi. Əlağa qəzəldən yapışdı. Bunun xoşbəxtliyimi deyək, ağıllılığımı deyək, indi bütün raportlar öləcək, amma bu cəhətdən Əlağa qalacaq. (Alqışlar – S.A.).
Başqa çatışmayan şeyləri də gələcəkdə deyərik.
Sual: Bir ağsaqqal kimi anamız Azərbaycanın bü günündə bizə nə kimi məsləhət verə bilərsiniz.
Cavab: Mən sizə onu məsləhət görərdim ki, birinci, Yurdçu sözünü özünüzə soyad kimi seçin. Özünüzü yurdçu adlandırın. Qorxmayın bu sözdən, yurdçu adlandırın. İkinci, bir-birinizdən möhkəm yapışın. Qətiyyən bir-birinizlə döyüşməyin. Bəsdir. Döyüşməyin artıq bir-birinizlə. Bizim xeyrimizə deyil. Üçüncü, daim artın, daim birləşin, daim çoxalın. Bunu məsləhət görürəm….(Arxası eşidilmir – S.A.)
(arxiv)
(80-ci illərin sonu, 90-cı illərin öncəsi ehtimal edilir)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv