Ərəbin yanına boylu-buxunlu, iyid görkəmli bir nəfər gəlir.
Ərəb soruşur:
Sən kimsən?
Türk: Bir zaman mən Türk idim. İndi sənin əks-sədanam. Bütün göy mənim yenilməz Tanrım idi. Qılıcımın dəstəsində özümün damğam var idi. Öz adımla hökm verirdim. İndi Tanrımı atıb Allahını tutmuşam. Qılıcımın dəstəsinə sənin möhrünü qoymuşam. Hökm və fərmanları sənin adınla, sənin dilində verirəm. Belə də etməliyəm. Axı mən sənin əks-sədanam.
Ərəb: Haradan bilim ki sən mənim əks-sədamsan?
Türk: Mən sevgimi, şadlıqlarımı, qəmimi, kədərimi – hər şeyimi sənin dilində izhar edirəm. Ən əziz varlığım, müqəddəsim olan ölümü sənin dilində əbədiyyətə göndərirəm. Dilini qanmasam da, nə dediyini başa düşməsəm də, tutuquşu kimi sənin dilini əzbərləyib oxuyuram, ölümün üzünə üfürürəm ki, sənin könlün xoş olsun. Bundan böyük sübut ola bilməz. Belə də olmalıdır. Axı mən sənin əks-sədanam.
Ərəb: Öz dilin yoxdurmu?
Türk: Var, bir vaxtlar hökm edərdi. İndi hökmə qulluq edir. Belə də ola bilir. Axı mənim dilim sənin dilinin kölgəsində yaşayır. Deyirsən ki, kölgədə yaşayan dili Allah bilmir. Axı Allah sənin dilində danışır deyirsən. Onun üçün də toymu-düyünmü, yasmı-mağarmı, nikahmı, hamısını-hamısını sənin dilində edirəm, ölümü sənin dilində basdırıram. Belə də olmalıdır. Axı mən sənin əks-sədanam.
Ərəb: Nə hünərin sahibisən?
Türk: Dünyanın yarısını tutmuşam. Dünyanın yarısı mənimdir. Kəsilən əl, əzilən baş mənimdi, ad-san sənindir. Çünkü mən sənin əks-sədanam.
Ərəb: Mənə hədiyyə nə gətirdin?
Türk: Çox böyük hədiyələr. Həsirdə yatırdın, qoyun quzu yunundan yatacaqlar. Çəyirtkə yeyirdin, ağ quyruqlu quzular. Eşşək minirdin, kəhər atlar. Bir ovuc torpağını dünyanın yarısı elədim. Eləməliydim. Axı mən sənin əks-sədanam.
Yüzlərlə mədəniyyət yayıcıları, yüzlərlə sərkərdələr, yüzlərlə alimlər yetişdirdim. Bütün dünyaya sənin adını yaydım, hamısı sənin dilində danışdı. Belə də olmalı idi. Axı mən sənin əks-sədanam.