1
(Milli Şuranın bir neçə ay Tiflisdə, Güneydoğu Qafqaz [Zaqafqaziya] Ağalığından ayrılıqa çalışmaları toplumun geniş qatları bir yana, Azərbaycan politiklərinin də çoxuna bəlli deyildir. Şəfi bəy Rüstəmbəyli).
Azərbaycanda avropasayaq parlamentin tarixi 1918-ci il dekabrın 7-dən başlanır. Son 28-29 ildə Azərbaycan Demokratik Respublikası, onun qurucuları ilə bağlı qaynaqlar az-çox öyrənilmişdir. 1998-ci ildə Azərbaycan prezidentinin tapşırığı ilə Azərbaycan Parlamentinin stenoqramları yayımlansa, 2004-2005-ci illərdə AXC Ensiklopediyası buraxılsa, Şirməmməd Hüseynov, Cəmil Həsənli, Yadigar Türkel, Nəsiman Yaqublu, Aydın Balayev, Nəsib Nəsibzadə, Ramiz Abutalıbov… kimi bilimçi ideoloqlarla Xaliq Bahadır, Teyyub Qurban, Nəsibə Bağırzadətək… ulusalçı aydınlar maddi-mənəvi sıxıntıları, çətilikləri aşaraq bir sıra taysız işlər görüb, yağılar bir yana, özümüzün «1990-cı ilin noyabrında Naxçıvanda Azərbaycan dövlətçiliyinin özülü qoyulmuşdur», «azərbaycançılıq ideologiyası 1993-cu ildə yaradılmışdır», «1918-ci ildə Fətəli Xan Xoyski üç gün Bakıya girməyib Badamdarda gözləmiş, buna görə də Erməniləri öldürmüşlər», «Azərbaycan Respublikasının ilk bayrağı Osmanlı bayrağı ilə üst-üstə düşdüyünə görə dəyişdirilmişdir» kimi biliksiz, düşüncəsiz sözlər danışaraq, yağıların ideoloji maşasına çevrilən «proletkultçu tarixçilər»in qarşısını az-çox alsalar da, Azərbaycan tarixində 1918-ci il mayın 26-dan dekabrın 7-ə kimi çox böyük ideoloji işlər görmüş Azərbaycan Milli Şurası ilə bağlı bilgilər çox da dərindən araşdırılıb, topluma yetərincə düzgün ideoloji bilgilər verilməmişdir. Azərbaycanın dönməz ideoloqlarından prof. Şirməmməd Hüseynov «Azərbaycan qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920)» toplusunda, bu yöndə Türk dilində «Azərbaycan» qəzetində çap olunmuş yazıları iki cilddə (B., 2015, 2016) yayımlamışdır. Mən də bu araşdırma ilə kiçik bir iş görüb, Rus dilindəki «Azerbaydjan» qəzetində Azərbaycan Milli Şurası ilə bağlı yayımlanmış yazıları Türk dilinə çevirərək, bir sıra açıqlamalarla sayğılı oxuculara çatdırıram.
Rusiya İmperiyasının dağılması ilə dolaşıq geopolitik durum yarandığından Güneydoğu Qafqaz Seymi 1918-ci il mayın 26-da aşağıdakı addımı atmışdır: «Mavərayi-Qafqaz [Güneydoğu Qafqaz – Zaqafqaziya] müstəqil cümhuriyətini vücuda [oluşduran] gətirən millətlər arasında müharibə və sülh məsələsində əsaslı [köklü] ziddiyət [baxış ayrılığı] olduğu və nüfuzlu [sayğın, işlək] bir hökumət [ağalıq] təşəkkül [yaradaraq] edərək ümum [bütün] Mavərayi-Qafqaz namindən [adından] danışmasına imkan qalmadığı üçün, Seym Mavərayi-Qafqaz təqsimi [bölünmə, parçalanma] əmrini təyin ilə kəndi səlahiyətini tərk ediyor [özünü buraxır]».
Gürcülər mayın 26-da ulusal bağımsızlığını bildirəndən sonra oçağadək Güneydoğu Qafqaz Seyminin Müsəlman Fraksiyonunun ulus elçiləri toplanıb özlərini Azərbaycan Milli Şurası adlandıraraq, ayın 28-də Azərbaycan Demokratik Respublikasını yaratdıqlarını bildirdilər.
Azərbaycan Milli Şurası Güneydoğu Qafqaz Seyminə seçilmiş 44 ulus elçisindən oluşurdu. Onlar bir neçə partiya adı altında toplanmışdılar: «1. Türk Demokrat Ədəmi-Mərkəziyət «Müsavat» firqəsi [partiyası], onunla birlikdə olan partiyasız demokrat dəstə [30 elçi, üyə, üzv]. 2. Müsəlman sosialistlər bloku [7]. 3. Rusiyada Müsəlmanlıq «İttihad» partiyası [3]. 4. Müsəlman menşevik «Hümmət» partiyası [4]. Sonralar kiçik dəyişikliklər olan bu say Güneydoğu Qafqaz Seyminin 28 fevral toplantısında doğrulanmışdır».
Milli Şura Gəncəyə gələndən sonra orada Ağalığı tanımamaq» olayı oldu. Azərbaycan tarixçiləri ona yarıərəb, yarıtürkcə «ilhagçılıg» deyərək, bu geopolitik olayın içdənliyini açıqlarkən, onu Nuru Paşa ilə Əhməd Ağaoğlunun Azərbaycanı Osmanlı dövlətinə qatmaq istəyi kimi vermişlər. Gerçəkdə isə ilhaqçılıq «ayaqda duranların» Türk Ulusunu Rusun, Erməninin əlindən qurtarmaq çabasıdır: Azərbaycan qatılırdı Osmanlıya, bununla da iş bitirdi. İlhagçıları satgın yağılartek görmek gerçek yaşamı, politikanı yanlış dəyərləndirməkdir! Rusiya İmperiyası dağılmış, Erməniler, başda Bakı olmagla Azerbaycanın böyük bir bölümündə Rus ulusunun adı altında Erməni dövləti gurmuş, 1918-ci ilin martında Azərbaycan Türklərini soygırıma uğratmışdılar. Üz tutmalı, güvənməli tək yer, tək güc, gardaş Osmanlı İmperiyası idi: birləşirdin Osmanlı İmperiyasına, biryollug gurtulurdun, yox olmagdan… Gaynaglar geopolitik ortamın cox iti dəyişməsindən, Batum Konfransının keçirildiyi günlərdə Gafgazı yandırıb yaxan Ermənilərin belə Osmanlı İmperiyasına gatılmag isteklərinin olduğunu yazırlar (Bax: Djamil Gasanlı. Russkaya revolyusiya i Azerbaydjan. M. 2011).
Öncə Şirməmməd Hüseynovun 2014-cü ildə yayımladığı, Azərbaycan Respublikasının bir illiyilə bağlı çap olunmuş «İstiqlal» 1918 – 28 – mayıs – 1919» toplusunda yazılanlara baxaq: «Seymin müsəlman əzası kəndilərini Azərbaycan Şurayi-Millisi elan edərək, o zaman Batumda bulunan Məhəmməd Əmin əfəndiyi Şurayi-Milli rəyasətinə [başçılığına] intixab [seçdi] elədi. Mayın 28-də Şurayi-Milli Azərbaycan istiqlalını elan və ilk Azərbaycan hökumətini təşkil [qurdu, yaratdı] elədi».
Azərbaycan Milli Şurası bir neçə gün Tiflisdə qalandan sonra iyunun 15-də Gəncəyə gəldi.
«Şurayi-Milli ilə Hökumət daha Gəncədə ikən Nuri Paşa həzrətləri Ərkani-hərbi [Baş Qərargah] ilə bərabər İran və Qarabağ təriqilə [yolu] Gəncəyə vürud [gəlmiş] və Batumdakı Azərbaycan mürəxxislərinin [elçilərinin] Şurayi-Milli ilə Hökumət naminə vaqe olan tələbləri üzərinə Azərbaycan imdadına [qurtuluşuna] koşan Türk əskərlərinin ilk qafilələri [bölükləri, dəstələri] dəxi [də] Gəncəyə yetişmişlərdi…
Tiflisin etinasızlığı [önəmsəməməsi], «Seym» əzası bulunan müsəlmanların çarəsiliyi üzündən müavinətsiz [yardımsız] qalan Bakı və hökumətsizlik bəlasına düçar olan sair yerlərin qaçqınları Gəncəyə doluşmuş və qəlbləri «başçılara» qarşı bir hissi-ədavətlə [acıqla, acıq duyğusu ilə] dolmuşdu. Əksərən canı acımış olan mümtaz [seçkin] siniflərə mənsub olan bu cəmaət yerli mütənəffizlərlə [ayaqda duran, olan] bərabər əhvali-ruhiyə [ortam] üzərində ümumi bir irtica [geriçilik, qaragüruh] təsri hasil [doğurmuş, yaratmış] etdimiş, «Seym» əzasına qarşı ümumi bir cərəyan [axın] təvəllüdünə [doğmasına, oluşmasına] çalışmışlardı. O zaman Şurayi-Millinin dəvəti və Azərbaycan hökumətinə məin və məzahir [bəlli, istəyilə] olaraq Gəncədə bulunan Türk komandanlığı dəxi [də] ümumu [hamını] istila [bürüyən, saran] böylə bir təsirdən azadə [uzaq, ayrı] qalamamışdı».
«Şurayi-Milli nümayəndələri rəisi Rəsulzadə Məhəmməd Əmin, Heyəti-Vükəla rəisi Fətəli Xan Xoyski və Xariciyə naziri Məhəmməd Həsən Hacınski cənablarından ibarət olduqları halda bu xüsusda Nuri Paşa həzrətlərilə anlaşmaq istəmişlərsə də, Paşa həzrətlərinin bir əskər olub siyasətdən anlamadığını, bu xüsusda «Müşaviri-siyasi»si bulunan Ağaoğlu Əhməd bəylə anlaşmaq lazım gələcəyini təbliğ [dediyindən] elədiyindən nümayəndələr onunla görüşmüşlərdir. Əhməd bəyin mütaliəsi [dedikləri] isə bu yolda aşkar olmuşdur ki: Xəlq sizi istəmiyor. Komandanlıq da sizin işinizə qarışmaq istəmiyor. Kəndi qüvvətinizə güvəniyorsanız məclisinizi açınız, hökumətinizi qurunuz. Fəqət xalq sizə qarşı üsyan edərsə, Türk əskəri qarışmaz, çünki əskər buraya qardaşlarını düşməndən [yağıdan] xilas [qurtarmaq] etmək üçün gəlmiş, əhaliyə qurşun [güllə] atmaq üçün deyil.
Nümayəndələr Əhməd bəyə sormuşlar ki, hanki surətdə komandanlıq Azərbaycan Hökumətinə müavinət edə bilər? Cavab almışlar: Şurayi-Milli kəndisini ləğv eləsin. O zaman Paşa kəndisi bir hökumət qurar. Buna nümayəndələr bir etiraz eləmişlər. Böylə olursa, Azərbaycanın vəziyəti-beynəlmiləliyəsi [uluslararası durumu, hüququ] tamamilə işğal [tapdanır] olunur istidlalına [tutalqa, dəlil] qarşı Əhməd bəy razı olur ki, Şurayi-Milli hökuməti kəndisi təşkil və bütün hüququnu ona tərklə [verməklə] kəndisi məsləhət üçün fəsx [buraxılsın] olunsun».
Azərbaycan Milli Şurasının demokratik düşüncəli politikləri belə duruma düşə biləcəyini öncədən görmüşdülər. Məhəmməd Əmin Rəsulzadə yazır: «Şurayi-Milli əzası kəndiləri dəxi heyəti-hazirə [sayları] və əhvali-mövcudələri ilə bütün təbəqati-millətin [ulusun qatlarının] hüsni-təvəccöhünü [güvənini, inamını, sayğısını] qazanamıyacaqlarını idrakla [anlayaraq] kəndilərincə tətbiqinə lüzum [gərək] gördükləri bir proqram cızmışlardı. Bu proqramca Şurayi-Milli hər bir məhəll [bölgə, yer] və təşkilatdan əlavə etmək surətilə heyəti-hazırəsini [sayını] təkmil [artıracaq, bütünləşdirəcək] edəcək, bu sürətlə həm əsasını ibqa [qoruyacaq, bərkidəcək], həm də qeyri-məmnun təbəqələri təskin [toxtadacaqdı] edə biləcəkdi».
«Gözlənilən» olay aşılandan sonra Milli Şuranın başçısı Məhəmməd Əmin Rəsulzadə klassik Avropa parlamentlərindəki biçimə uyğun deyir: «Həzərat [bəylər], sizin arzuyi-ümumiyətinizə [hamınızın istəyilə] nəzərən bən Azərbaycan Hökumətinin tüşəkkülü [yaradılması] təşəbbüs edərək kabinə təşkilini möhtərəm [sayğılı] Fətəli Xan Xoyski cənablarına həvalə [verdim] etdim. O da qəbul elədi. Müsaidənizlə [onayınızla, icazənizlə] kabinə heyətini sizə məriflik [bildirsinlər] buyursunlar».
Milli Şura çoxluğun səsilə «əhval [durum] və şərait [ortam] və mətalibi-fövqəladə [gözlənilməzliklər] mülahizəsilə [gözə alaraq]» aşağıdakı qərarı alır: «Azərbaycanın keçirməkdə olduğu müşkülati-daxiliyə və xariciyəyi [iç-dış çətinlikləri] nəzəri-etinaya [gözə] alaraq, Azərbaycan Şurayi-Millisi bütün hüququ və səlahiyətini Fətəli Xan Xoyski təhti-sədarətində [başçılığında] təşəkkül [yaradılan, qurulan] edən kabinəyə [ağalığa] həvalə [verib] və məzkur [bu, sözü gedən] kabinəyi arayi-ümumiyə [elliklə səsvermə] üzərinə müstənid [qurulmuş] bilatəxir [yubatmadan] Məclisi-Müəsisan [Parlament] dəvət [çağırılana] oluncaya qədər Azərbaycan həqqi-hakimiyətini kəndi əlində bulunduraraq kimsəyə tərk [verməməyə] etməməyə müvəzzəf [görəvli, sorumlu] edər».
«Hümmət» partiyasının adından Əkbər ağa Şeyxülislamov deyir: «Hüsula [yaranan, ortaya çıxan] gələn əhvaldan [durumdan] dolayı Milli Şuranın hürriyətlə [özgürcə] çalışacağı mümkün olmadığından, «Hümmət» firqəsinə mənsub olan əza Şuradan istefa etdiklərini elan edirlər».
Sayğılı oxucu, yurdu, ulusu satmaq, «rusaişləmək» buna deyərlər! 1990-cı illərdə də belə oldu, «köhnə komunistlər»lə törəmələri Azərbaycanın seçilmiş Prezidentini, Ağalığığını – dövlətini, Türk Ulusunu satdılar!
Biz bu gün Azərbaycan Milli Şurasının yurdsevər bahadırlarının o çağın iç-dış çətinliklərinə baxmayaraq düzgün, parlamentar qərar verdiyini anlamalıyıq!
Milli Şura «ilhaqçılar»a basılıb Azərbaycanı Osmanlı dövlətinə qatsaydı, sonralar daha böyük çətinliklərlə qarşılaşacaqdıq. Bu çətinliklər geopolitik anlamda ən azı aşağıdakı kimi olacaqdı:
- «Mudros» anlaşmasına görə I Dünya Savaşında yenilmiş Osmanlı dövləti «bir həftəyə Bakıdan, bir aya Azərbaycandan çıxandan» sonra Rus Ordusunun qalıqları Azərbaycanı, eləcə də bütün Güney Qafqazı tutacaq, burada savaşdan qayıdan Erməni quldurlarının gücü ilə, Rusiya adı altında gerçək Erməni dövləti yaradılacaq, Azərbaycan Türklərilə Qafqaz Ellərinə yenidən soyqırım ediləcəkdi.
- Azərbaycan Respublikası, eləcə də Qafqaz Ellərinin bu gün Dağıstan Özərk Respublikasıdakı topraqları SSRİ-yə bağımsız politik, ya da özərk qurumlartək yox, böyük Rusiyanın bir parçası kimi birləşdiriləcəkdi. Bu isə Azərbaycan Türklərinin uluslaşma prosesini daha geriyə atacaqdı. Buna görə də Azərbaycan Türklərilə Qafqaz Elləri Azərbaycan Respublikasının qurucu bahadırlarına sonsuzadək borcludurlar!!!
ARDI VAR
* Düz ayrıcdakı [ ] açıqlamalar Yadigar Türkelindir.
31 oktyabr 2017-ci il.