AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 5

Rusca «Azərbaycan» qəzetinin 18 noyabr 1918-ci il, 38-ci sayında   «İngilis-Fransız-Amerikan Ordusunun Bakıya girməsi» başlıqlı yazı verilmişdir. Yazının «Gəmilərin gəlməsi» alt başlığında deyilir: «Bazar günü, noyabrın 17-də, gündüz saat 1-də Birlik Dövlətlərinin Ordusu general Tomsonun başçılığında Bakıya gəldi.
«Kamvo» Toplumsal Qurumunun durağına birinci Birlik Ordusunun Baş Gərargahı yerləşən «Prezident Kryüger» gəmisi girdi. Onun ardınca «Oryol» [Qartal] gəmisi gəldi. Köprüyə yaxınlaşan «Prezident Kryüger» gəmisindən siqnal veriləndən bir az sonra yavaş-yavaş «Kamvo» Qurumunun 17 №-li köprüsünün yanındakı 14 №-li köprüyə yaxınlaşan, sıraya düzülmüş «Zapad» [Batı], «Polyus» [Qütb], «Sever» [Quzey] gəmiləri göründü. Birinci gəmidə İngilis Kolonial Ordusu yerləşmişdi.

Gündüz saat 130-da dənizin ortasında duran «Qars», «Ərdəhan» savaş gəmilərini görmək olurdu. Az ara ilə başqaları da yaxınlaşırdı.

17 №-li köprüdən avtomobillə çıxan, Azərbaycan Atlı dəstəsinin də yanınca getdiyi iki İngilis subayını Olgin küçəsini doldurmuş topluluq URAA… çığırtısı ilə salamlayırdı.

Birlik Dövlətləri Ordusunun sayğı  qaraulu ilə gedən yüksək görəvliləri «Metropol» qonaq evinə gələrək, orada yerləşdilər.

İlk gəmilər, «Prezident Kryüger»lə «Oryol»  yaxınlaşarkən bulvarın üstündən yüksəkdən uçan aeroplan vərəqlər tullayırdı.

Bu arada Petrovski meydanının yanında yerləşən köprüyə İngilis Ordusunu gətirən «Tula», bir də «Evelina» gəmiləri yaxınlaşdı.

Saat 10-dan küçələri doldurmağa başlayan insanların çoxluğuna baxmayaraq, yerli Ağalığın çalışmaları ilə köprülərə yaxın küçələrdə örnək olası düzən yaradılmışdı.

General Tomsonla yandaşlarını  Azərbaycan Ağalığı adından İç işləri bakanı Behbud xan Cavanşirlə Dış işləri bakanının görəvini keçici üstlənən Adil xan Ziyadxanov  qutladı. Kənd bələdiyəsinin, Neft Sənayeçiləri Şurasının, Rus Milli Şurasının, Azərbaycanda yaşayan Rus subaylarının elçiləri, eləcə də b. oradaydı».

Bu bilgidən sonra «Azərbaycan Ağalığı adından qutlama» alt başlığı gəlir: «General Tomson Azərbaycan Qarnizonunun başçısının raportunu alandan sonra generalı Dış işləri bakanının görəvini keçici üstələnən Adil xan Ziyadxanov qutlayaraq bunları dedi: Azərbaycan Respublikasının Ağalığı Dış işləri bakanının görəvini keçici üstlənən mənə, sizin başçılığınızda bu gün Azərbaycanın başkəndinə gələn bizə dost, böyük Avropa dövlətlərinin elçilərini qutlamağı tapşırmışdır.

Parçalanmış, əldən düşmüş, qanı axan insanlığın barışla yaşamağa dayanan, yeni, işıqlı çağı başlayır. Dünya savaşının sarsıntılarını görmüş yaşıl Azərbaycan ulusu yenicə bağımsız, hüquq dövləti yaşamına girmişdir.

Bizim ulusumuz yüzillərlə sivilizasiyaları olan, böyük qardaşları Avropa uluslarının onu insanlığın ən uca idealları adına öz kültürlü ailələrinə qatacaqlarına inanır.

General Tomsonun yanıtı: General Tomson Azərbaycan Dış işləri bakanı görəvini keçici üstlənənə yanıtında aşağıdakıları dedi: Sizi Dünya Savaşının bitməsindən dolayı qutlayıram. İngiltərə-Fransa-Amerika qoşunlarının komandanı kimi, sizə buraya Türkiyə ilə anlaşmaya dayanaraq, buçağadək  toprağınızı qorumuş Türkiyə Ordusunun yerinə gəldiyimizi bildirirəm.

NƏ İNDİ, NƏ DƏ GƏLƏCƏKDƏ SİZİN İÇ İŞLƏRİNİZƏ QARIŞMAQ AMACIMIZ YOXDUR!

Məncə birlikdə işləməklə bütün işlər çox yaxşı düzələcəkdir!».

Tomsonun çıxışından sonra «Kənd bələdiyəsi adından qutlama» alt başlığı gəlir: Kənd bələdiyəsi adından başçılığı keçici üstlənən Mir Yaqub Mehdiyev qutlama çıxışı etdi: Sayğılı bəy! Sizi, bayrağında ulusların qardaşlığı yazmış böyük dövlətlərin elçisini Bakı kəndində yaşayanlar adından qutlayıram.

Sizin kəndimizə gəlişinizi çoxlu ağrı-acı görmüş yaşayanlar böyük sevinclə qarşılayacaqdır. Çaxnaşmalarla didilən, dünyaca önəmli Bakı kəndi ancaq bu yaxınlarda, Azərbaycan Ağalığının çalışmaları ilə toxtamışdır. Hamının dediyinə görə indi o, bütün yurddaşların ədalətlə qorunduğu ən dinc yerlərdən biridir. Sizin başçılığınızdakı ordunun gəlişi, sizin adınızla Bakıdakı kültür, hüquq, ekonomik gəlişmə ortamının daha da yaxşılaşıb güclənəcəyinə inanıram.

Sizi Bakı kəndində yaşayan bütün qatların adından bir daha qutlayıb deyirəm: xoş gəlmisiniz!

General Tomsonun yanıtı: General kənd başçısının çıxışını yanıtlarkən kənddəki düzəndən çox razı qaldığını, belə gedərsə, onun hansısa yardımına gərək qalmayacağını dedi. General sonra qapısının hansısa yardım gərəkən bütün insanlara açıq olacağını bildirdi.

Bundan sonra «Rus Milli Şurası»nın qutlaması gəlir. «Rus Milli Surası» adından çıxış edən M.F.Podşibyakin general Tomson adına Birlik Ordusunu qutlayaraq, onların yardımı ilə əldən düşmüş Rusiyanın dirçəlib uluslar içində öz yerini tutacağına inandığını söylədi.

Sonra «Rus subayları adından qutlama» gəlir: Polkovnik Ollonqren Bakıda yaşayan Rus subayları adından general Tomsonu qutlayaraq, yaşıl Azərbaycanın işsiz-gücsüz qalmış Rus subaylarına qonaqsevərliklə, gülər üzlə sığınacaq verdiyini dedi.

Bundan sonra Neft Sənayeçiləri Şurasının qutlaması gəlir. M.Əsədullayev generalı Neft Sənayeçiləri Şurasının adından qutlayaraq, Birlik Dövlətlərinin yardımı ilə dağılmış sənayenin dirçəldiləcəyinə inandığını söylədi.

General Tomson ona yanıt verərkən böyük Bakı sənayesinin dirçəldilməsinə ürəkdən yardım edəcəyini bildirdi».

Bundan sonra «Azərbaycan Milli Şurası»nda bildirişi yayımlanıb. Bildirişdə deyilir: «Altıncı gün, axşam saat 9-da Milli Şuranın qapalı toplantısı keçirilmişdir. Ağalıq başçısı dış politikadan geniş danışmışdır. Bakanlar Nəsib bəy Yusifbəyov, Musa bəy Rəfiyevlə Əhməd bəy Ağayevdən oluşdurulub Ənzəliyə göndərilmiş Elçilik toplantının sonuna yaxın gəlib çatdı. Elçilik Milli Şuraya Birlik Dövlətləri Ordusunun komandanı ilə danışıqların uğurlu olduğunu bildirdi.

Toplantı gecə saat 1230 dəqiqədə qapandı. Sıradakı toplantı noyabrın 18-də, axşam saat 7-də olacaqdır».

Bu bildirişin altında «Azərbaycan Milli Şurasına Qutlama»  yayımlanıb: «Milli Şuranın başçısına aşağıdakı teleqram gəlib: Tiflisin yaşıl müsəlmanları Milli Şuranın açılmasını coşgu ilə alqışlayaraq, onun demokratiya ilkələrini,  müsəlman yaşıllarına doğma olan Azərbaycan Respublikasının bütünlüklə özgürlüyünü, bağımsızlığını qoruyacağına inanırlar.                                   Tiflis kəndinin yaşıl müsəlmanları».

[O çağda İslam dininin geriçiliyində batıb ulusal kimliyini itirdiyindən özünə müsəlman deyən Türk ulusunun yaşıllarından belə teleqramın gəlməsi bir uğurdur, oyanışı göstərir. Parlamentin açılmasını qutlayan teleqramlar da alınmışdır, daha çox da Qubadan].

Rusca «Azərbaycan» qəzetinin 18 noyabr 1918-ci il, 38-ci sayında, İ.Q. [Rusca «Azərbaycan» qəzetində Şəfi bəy Rüstəmbəylidən başqa çoxlu anlamlı yazıları yayımlanan Mix. Spiridonov, İbrahim Qasımov, Dj. Daqestani… də unudulmamalıdır] adlı yazarın «Azərbaycan Elçiliyinin İngiltərə, Amerika, Fransa elçilərilə görüşü» adlı yazısı yayımlanıb. Yazının «Əhməd bəy Ağayevlə danışma» alt başlığında deyilir: «Birlik Dövlətlərinin Rusiyada bolşeviklərə qarşı olduqlarını, buna görə Qafqazı öz bazaları etmək istədiklərini öyrənəndən sonra Əhməd bəy Ağayev, Musa bəy Rəfiyev, Nəsib bəy Yusifbəylidən qurulmuş Elçilik bu böyük dövlətlərin yetkililərilə görüşmək üçün Ənzəliyə getdi.

Əməkdaşımız elçi Əhməd bəy Ağayevlə danışıqda görüşlə bağlı aşağıdakıları öyrənmişdir.

Dünyada barış yaradıb, uluslararası ilişkilərdə ulusların özünübəlirləmə ilkəsini qoymağı özlərinə amac etmiş üç böyük dövlətin elçilərilə görüş, danışıqlar Elçiliyimizdə çox yaxşı, ürəkləndirici  duyğu oyatdı. Onlarla danışıqlardan Birlik Dövlətlərin Rusiyanı dağıdan Bolşevizmdən qurtarmaq, Rusiyanı Vilson ilkələrinə uyğun yenidən qurmaq kimi böyük, gərəkli bir işə başladıqlarına inandıq. Mən «Azərbaycan» qəzetinin əməkdaşı ilə birinci danışığımda, Azərbaycanlıların bu ideyaya yaxşı baxdıqlarını demişdim. Buna görə də, elə ilk sözdən Elçiliklə Birlik Dövlətlərinin görəvliləri arasında anlaşma yarandı.

Azərbaycan Elçiliyi Rusiyanın dirçəlməsi ideyasına sayğı ilə yanaşsa da, sözsüz, Birlik Dövlətlərinin böyük ideyasının gerçəkləşməsinə qarşı çıxmağı ağlına belə gətirəmməzdi!

Böyük Dövlətlərin elçiləri də Azərbaycanlıların sayğılı düşüncəsini alqışlamaqla yanaşı, istəklərinə daha yaxşı çatmaları üçün Azərbaycanı çətin duruma salmağın heç bir anlamının, gərəkliyinin olmadığını anlamaya bilməzdilər.

Beləliklə, Rusiya uluslarının qarşılıqlı ilişkilərinin düzəldilməsi sorununu Vilson ilkələrilə işləyəcək Bütün Rusiya Uluslarının Qurucu Toplantısında son biçimdə çözümə sağlamaqla, Barış Konfransında tanınana kimi var olan orqanizmləri dağıtmaq düşüncəsindən uzaqdırlar.

Bu düşüncə ilə bütün dövlət, toplumsal qurumlar, eləcə də ordu Azərbaycan sınırları içində çalışacaqdır. Təkcə Birlik Dövlətlərinin Bölşeviklərə qarşı tutumunda özək olacaq Bakı kəndini bölgəsilə birlikdə ordu tutacaq, general Tomson özü iç işlərə qarışmadan general-qubernator olacaq, yalnız polisin başına gözləmçi kimi İngilis subayı qoyulacaqdır.

General Tomson bizimlə danışanda bir neçə yol vurğuladı: «Biz dağıtmağa yox, qurmağa gəlmişik!».

Heç bir cinayətə bulaşmamış bütün qaçqınlar öz yerlərinə qayıdacaqlar, ancaq öncə yaraqsızlaşdırılacaqlar. Bakı qaçqınları burada qalacaq, yerdə qalanlar öz yaşayış yerlərinə göndəriləcəklər.

Birlik Dövlətlərinin yetkililəri kənd bələdiyəsilə Neft Sənayeçiləri Şurasının dərəbəylik çağında pozulmuş işini düzəltmək istəyirlər.

Bütün yaşayanlar kimliyindən asılı olmadan yaraqsızlaşdırılacaqdır! Yaraq gizlətməyə görə çox kəskin cəza veriləcəkdir!

Üç böyük, yenmiş Birlik Dövləti görəvlisinin verdiyi bu sözlər, boyunolmalar Azərbaycanlılar üçün yetərli güvəncədir.

Məncə bizim içimizdə eşitlik, ədalət, yasal düzən ilkələrini üstlənən belə neytral elementin olması, Qafqazın son illər tarixinin dolu olduğu, o cəhənnəm yaşamına, o biabırçılığa, ayıba son qoyacaq uluslararası barışın başlanğıcı olacaqdır.

Yaşayanlar Birlik Ordusunun bizə gəlməsinə çox toxtaq yanaşmalı, Birlikçilərin bütün ulusların hüquqlarını, canını, malını, uğurlu yaşamını ayrı-seçkisiz  qoruyacağına arxayın olmalıdırlar».

Rusca «Azərbaycan» qəzetinin 19 noyabr 1918-ci il, 39-cu saynda polkovnik D.Şatelvorqun «Bakı kəndində yaşayanlara» «Bildiriş»i yayımlanmışdır. «Bildiriş»də deyilir: «Bakını keçici olaraq tutmuş Türk Ordusu dövlət, toplumsal, eləcə də özəl qurumların yaşayanlara gərəkli çoxlu yemək-içmək şeyini alaraq aparmışdır.

Bundan başqa Türklər yaşayanların çoxlu bahalı şeyini, var-yatırını da almışlar.

İngiltərə Komandanlığı Türk Ordusunun vurduğu ziyanı ödəmək üçün gərəkənləri kəsinliklə etmək istəyilə, bütün zərərçəkən qurumlara, ayrı-ayrı adamlara alınmış mallarının sayı, dəyəri, haçağ, hansı ortamda alındığı göstərilən geniş bilgilərin üç gün içində ona çatdırılmasını istəyir.

Verilən bilgilər Ev komitələrində doğrulanıb, Sahə komitələrilə  «Sentrdom»a göndərliməlidir».

[Bu «Bildiriş»in qaralamadan başqa bir şey olmadığı Azərbaycan Respublikasının Ordu bakanı general Səməd bəy Mehmadarovun 25 fevral 1919-cu ildə Azərbaycan Parlamentindəki çıxışında göstərilmişdir. O biri yandan, səni soyqırımdan qurtarmağa 15 minlik ordu gəlib. Yurdunu, toprağını yağıdan almaq gücün yoxdur, vuruşmursan. Türk komandanlığı ordunu yedirtmək üçün «onda bir» vergi yığdırıb. Arxivdə şikayətçilərin ulusal, eləcə də düşüncə kimliyini göstərən bəlgələr vardır].

ARDI VAR

* Düz ayrıcdakı [ ] açıqlamalar Yadigar Türkelindir.

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv