TAQ-ın toplantısını giriş sözüylə açan Asif Ozan Qurumun fəaliyyəti ilə bağlı yeni təşəbbüsləri şərh elədi. Eləcə də TAQ-ın maarifçilik təbliğatını gücləndirmək məqsədiylə ictimai qurumlarla, habelə müstəqil fərdlərlə əlaqələr qurmağın, görüşlər keçirməyin önəmli olduğunu bildirdi.
Sonra göstərilən istiqamətdə “mətbuat sorumlusu”nun bu müddət ərzində yerinə yetirdiyi işlərin hesabatı dinlənildi. Güney Azərbaycanla və Türkiyə KİV-ləri ilə əlaqələrin qurulması təqdir olundu. Bu ənənənin inkişaf etdirilməsinin gərəkliyi vurğulandı.
Bu günlərdə Güney Azərbaycandan dönən Qurumun təsisçilərindən biri Ağşın Ağkəmərlinin təəssüratları da dinlənildi. Ağşın bəy Güney Azərbaycanda gəncliyin düşüncə tərziylə, eləcə də milli şüurun səviyyəsi ilə bağlı qənaətlərini bölüşdü. O, TAQ-ın maarifçilik işinin “Güney”də izlənilməsinin şahidi olduğunu bildirdi. Ümumən, toplantıda İranın indiki durumu və siyasi dünyanın ona münasibəti də müzakirə edildi. Ağşın bəy tədbir iştirakçılarının suallarını cavablandırdı və nümayəndələri Güney Azərbaycana dəvət elədi. O, bildirdi ki, Asif Atanın adı və ideyaları da Güney Azərbaycanlılar arasında müəyyən təsirə malikdir.
Sonra Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı özünün Beyləqan səfərində TAQ-ın yazılarından ibarət ədəbiyyatları və Qurumun vizit nişanəsinin nüsxələrini yaydığını bildirdi. Yeri gəlmişkən bildirək ki, TAQ-ın müəyyən tirajla vizit nişanəsi çap edilib. Nişanənin bir üzündə Bütöv Azərbaycanın xəritəsi və əlaqə ünvanları, o biri üzündə Orxon-Yenisey kökənli Türk abesi əks olunubdur. Bu günlərdə Türkel Araşdırma Qurumu “Qüdrətli Osmanlı və türkçülük problemi” mövzusunu oxuculara təqdim edəcəkdir. Mövzu üç hissədən ibarətdir.
Türkel Araşdırma Qurumunun Mətbuat Xidməti