Rus-erməni-sovet-mason bolşefaşizmi illərində universitetlərdə öyrəncilərə dövlətin bir sinfin başqa sinif üzərində zor-güc aləti olduğu öyrədilirdi. Dövlətin başqa anlayışını bilməzdik. Son 25 ildə Sovet baxışının dövlətin doğal içdənliyinə tərs barbarlıq olduğunu öyrəndik.
Dövlət – insanların ilişkilərini yasalarla düzənləyib, toplumda birlik yaradan, ulusu qoruyan, yaşadan ən üstün qurum, hüquq olayı, politik fenomendir.
Dövlət onu dağıtmaq üçün saldıran yağılardan başqa heç kimin, heç bir yurddaşının üstündə zor-güc aləti deyildir, tərsinə, ən yüksək əxlaqlı ata-anadır. Əski Türklər dövlətə EL ya da İL demişlər. Dövlət ata-ana kimi görülür, iki dayağa – ailəyə, orduya dayanır, qutlu sayılırdı.
Ulus dövləti özünüqorumaq, daha yaxşı yaşamaq üçün yaradır. Qalan bütün, toplumsal-politik, hüquq, kültür anlamları bunun içindədir.
ÖZÜNÜ QORUMAQ, DAHA YAXŞI YAŞAMAQ! Bunu anlayan böyük Üzeyir bəy Hacıbəyli Türkcə «Azərbaycan» qəzetinin 8 yanvar 1919-cu il, 82-ci sayında «Cəmaət köməkliyi» yazısında yazırdı: «Yüz il fəzləsilə [çox, artıq] üstümüzdə dəvam edən Rus təhkimi [ağalığı, hökm] bizim hər bir tərəfimizə [yöndən] mane olan kimi dövlət və vətən [yurd] yolunda işləmək, mənfəətli [yararlı] ictimai təşəbbüsatda [işlərdə, çalışmalarda] bulunmaq və bu növ işlərə adət [öyrəşmək, uyğunlaşmaq] etmək həvəsimizi [istəyimizi] dəxi [də] qəlbimizdən bilkülliyə [bütünlüklə] salıb məhv etmişdi.
Rusiya millətləri [ulusları] içində ögey oğul məqamında [yerində] tutulan və bu ögeyliyin bütün-bütünə acılıqlarına təhəmmül [dözən] eldən bir millətdə dövləti və ictimai işlərə qarışmaq həvəsi olardımı? Rus hökumətindən əlavə Rus cəmaətinin özü də bizlərə öylə bir həqarət [aşağılayıcı] gözüylə baxmaqda idi ki, bizim onlarla bərabər ümumvətən mənafeyi yolunda işləməyə heç bir meylimiz [istəyimiz, yönümüz] ola bilməzdi…Bunun nəticəsi idi ki, biz Azərbaycan islamları vətən yolunda işləmək, cəmaət işinə girişmək, dövləti işlərdə iştirak etmək kimi təşəbbüsatdan kənar durub, bu yolda lazım [gərəkən] olan tərbiyə, tərəqqi və təcrübədən mərhum [uzaq, yoxsun] qaldıq» (Birinci bitik, 209-cu s.).
Üzeyir bəy bu gerilikdən bildiyi qurtuluş yollarını göstərmişdir. O, düzgün yolları yenidən saymağa gərək olmasa da, «dilimizin islahına çalışan» baxışın da yer aldığı düzüklərin sonunda yazılmış politik düşüncəni gözə çarpdırıram: «…Bilirsiniz necə bir surət ilə hər kəsi heyran edəcək dərəcədə tərəqqi edib məmur [tikili-qurulu] və müntəzəm [yaşarı] bir dövlət, mədəni və asudə [bağımsız] bir cümhuriyət olmaqla qonşularımızdan əlavə Yevropa əhlinin dəxi [də] bizə ehtiram edə biləcəgi bir vəziyət alarıq…».
Rusiya İmperiyasının geopolitik kötəyinə çevrilmiş Ermənilər böyük yanlışlığa yol verərək, 1988-ci ildə yenidən Azərbaycan Türklərinə yağılıq yolunu tutdular. Bununla da bütün Qafqazı, özəlliklə də Azərbaycan Respublikasını yenidən qarışdırdılar, ancaq daha böyük pisliyi özlərinə etdilər. Bu yanlışlarını anlamalı, düz yola gəlməli, Qafqaz ulusları, ellərilə barış içində yaşamalıdırlar! Ermənilərin başqa yaşam yolu yoxdur! Qafqazın yerli uluslarından onlara pislik gəlməyib!
1919-cu ilin mayn 6-da anaşkinlər, roxlinlər, çurayevlər, mikoyanlar bir neçə satqın “əliheydərlər”in dəstəyilə, Bakıda işə çıxmayarag Bayıldakı elektirik stansiyasını durdurmaqla kənddəki ekonomik, kültürəl yaşamı pozmağa, İngilis komandanlığına yağıların yüz il boyu çeşidli adlar verib «diri ölüyə və ölü diriyə» çevirdikləri Türklərin dövlət yaşatmaq bacarığının olmadığını göstərməyə çalışsalar da, bu politik qurğu Fətəli Xan Xoyskinin başçılığındakı Azərbaycan Ağalığının bacarığı ilə pozuldu. Üzeyir bəy 1919-cu il mayın 11-də Türkcə «Azərbaycan» qəzetində «Baxın! Müstəqil yaşamaq iddiasında olan bu diri ölüyə və ölü diriyə ki, siz bundan yaşayış iqtidarı gözləyirsiniz! Bunun nə başı başdır ki, özündən və mühitindən xəbəri olsun, nə qolunda bir qüvvət vardır ki, özünü müdafiə etsin, nə ayağında istiqamət [yön, təpər, güc] var ki, ayaq üstə dura bilsin! Özünü bir dəstə qandırıcıların kəməndinə giriftar [bağlayan, tutduran] edən bu millət daim zəncirbəndi-əsarət [golubağlı, gul] olmağa layiqdir» deyən yağılara aşağıdakı yanıtı verirdi: «Azərbaycan Türk və islamları müstəqil yaşamağa qabil, diri, səlamət [sağlam] əql və səlamət bədənə malik siyasi bir vahid olduğunu yar [yoldaş, arxadaş, dost] və əğyar [yağı] nəzərində isbat etdi…Qoy, bu imtahanı göz ilə görən bitərəf hakimlər dəftərlərində bunu qeyd etsinlər və ümumə [hamıya, bütünə] oxutsunlar ki: – Azərbaycan Türk və islamlarının azadlığına toxunulmasın! Onlar bu azadlığa layiqdirlər!».
Üzeyir bəy Hacıbəyli Türkcə «Azərbaycan» qəzetinin 28 may 1919-cu il sayındakı «Bir yaş» yazısında Azərbaycan Respublikasının demokratik respublika yox, bəylərin, xanların qurduğu keçici bir qurum olduğunu göstərməyə çalışanlara yanıtında onun «Düşmənlərimizin virdi-zəban [tez-tez dediyi] etdiyi» «bəy-xan və şallaq hökuməti» əvəzinə ən demokratik və ən hürriyətpərvər [özgürlükçü, azadlıqsever] bir dövlət olduğunu bildirdi». O, «İstiqlal bayramı» yazısında isə yazırdı: «…Bir az keçəndən sonra Məclisi-Məbusan [parlament, gənəşik] qarşısında M.Ə.Rəsulzadə cənabları kürsiyi-xitabətə çıxaraq xalqın alqışları altında bir nitq irad [söyləyərək] edərək camaatı milli böyük bayram və bəxtiyarlıq ilə təbrik etdi: «Bizim düşmənlərimiz, azadlıq və istiqlaliyətimizi gözü götürməyən rəqiblərimiz deyirlər ki, Azərbaycan istiqlalını xanlar, bəylər elan etmişlər. Xalq onları istəmir. İştə [budur, baxın] cəmaət, bugunkü izdiham, bugunku bəşaşət [sevinc, şadlıq] istiqlaliyətin [bağımsızlığın] xanlar degil, bəylər degil, xalq tərəfindən elan edildigini düşmənlərimiz artıq görsünlər!».
Azərbaycan Respublikasının yaşıl politiki, professor Şirməmməd Hüseynovtək dönməz azərbaycançı ÖYRƏTMƏNLƏRİN demokratik dövlətçilik istəyi səni yetirməkdir. Sən yağıların dediyi «xan-bəy» qurumunun Türk tarixindəki yerini, önəmini də bilməlisən: Bəy – BEY – BEG – BƏG – BEK – BAY – əski, eləcə də Orta çağda, XX yüzilliyin başlarında Türk dövlətlərində sosial-politik titul, dövlət görəvi, sayğılı üztutma biçimi, insan adı. «Bəy adı bilik sözü ilə bağlıdır. Biliyin lesi getsə, bəy qalar»: bilik – biik (bək-bəy)». Bəylik qurumu ən əski çağda – Oğuz xan dönəmində yaradılmışdır. Xaqanların baş yardımçısı olan «bəy bilikli, ağıllı, düşüncəli olmalıdır», onlar «eli qoruyan, onu yönətən, elin bəkçiləridir».
Əski Türk¬lər¬də boyun («Dədə Qorqud bitiyi»ndə ordu. Bir sıra qaynaqlar yanılaraq, ordunun monqol sözü olduğunu yazırlar. Ancaq miladdan qabaq III-II minillikdə formalaşmış «Dədə Qorqud» boyları ordunun monqol sözü olmasına az da olsa yer qoymur) başında bir bəy durardı. İgidlik, ədalət, doğruluq, güc kimi necəliklər üstün tutulmaqla seçilən bəyin görəvi boydakı ədaləti düzənləmək, mənəvi bağlılığı gücləndirib yağılardan qorumaq, eli-obanı, ulusu yaşatmaqdı. Bəy olmaq üçün «qan tökmək, acları doyurmaq, paltarsızları geyindirmək gərəkdi»: «Bax, iki uca insan var: biri bəy, biri bilimçi: onlar insanların başıdır…Biri əlinə qılınc alıb eli yönətər, biri əlinə qələm alıb düz yol göstərər».
«Göytürk yazılı daşları»ndan anlaşıldığına görə xaqanın uruğundan olmayan seçkinlərə, yüksək dövlət görəvlilərinə bəy adı verilirdi. Moğollar dönəmində də belə olub, ancaq Çingiz xanın oğullarına bəy deyilməz, törə deyilərdi. Uyqurlar dövlətində xaqana da çox ara beg, ya da iliq beg, bir bölgənin başçısına da beg deyilib. Qaynaqlarda İla begi, Yığma begi, Kent begi deyimlərilə qarşılaşılır.
Bölgəsində ən üstün olan bəy sübaşı – ordubaşı güvənlik qorucusu, yönəticidir. Qırğız-qazaxlarda boyu, oymağı yönətənlərə bek, davalara baxan sivil hüquq bilicilərinə biq deyilirdı. «Codex Cumanicus»da xristian qıpçaqların bəyliyi tanrının üzlərindən biri sayıb, beyim tenqri, beyimiz tenqri kimi işlətdikləri yazılmışdır. Qazax ağız ədəbiyatında Türkcə dualarda bay tenqri, biy tenqri sözlərilə qarşılaşılır. Azərbaycan Türklərilə Türkiyə Türkləri sayğın, soylu, köklü adamlara «bəy oğlu bəy» də deyərlər. Bu deyim bəy adının genetik yox, sosial-politikliyini göstəririr.
Bəy sözü Türk dilindəki bir çox ulusal-mənəvi dəyərləri yasaqlayıb ulusal ruhun öldürülməsinə çalışılan Sovet dönəmində də işlədilmişdir. El, ulus, dövlət qarşısında böyük işlər görmüş görkəmli adamlara sayğı ilə bəy deyərdilər – Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mustafa bəy Topçubaşov… Bütün yasaqlara baxmayaraq Türk ulusu özünün ulusal-mənəvi dəyərini unutmurdu, indi də sayğılı üztutma biçimitək işlədir.
Rusiya İmperiyası Quzey Azərbaycanı tutandan sonra, 1841-ci ildə bəylərin hüquqlarını sınırlamış, sonra isə yaranmış qarşıdurmanı azaldıb, bəyləri İmperiyaya qulluğa yönəltmək üçün 1846-47-ci illərdə tiyuldar, polis-məhkəmə hüquqlarını qaytarmış, 1866-cı ildə yaradılmış ayrıca bəy komisiyalarının qərarları ilə 1000-dən çox bəy, 3 xan soyunun seçkin hüquqları tanınıb, xristian aristokratlarla bir tutulmuşdur.
Azərbaycan Respublikası Ağalığının 1920-ci il yanvarın 30-da verdiyi qərarla bütün sivil titullar ortadan qaldırılmışdır. Bu, «Düşmənlərimizin virdi-zəban etdiki «bək, xan və şallaq hökuməti» əvəzinə ən demokratik və ən hürriyətpərvər bir dövlət» quran ulusal ağalığın çağın yad ideoloji düşüncəsinə, proletar istəyinə uyğun istəmədən atılmış addım idi.
SSRİ-də üztutma biçimitək daha çox yoldaş sözü işlədilmişdir – yoldaş Aslanov, yoldaş Qaragözov… Bir sıra yazıçıların yoldaş Kərəm, yoldaş Namaz deyimləri geniş yayılmadı. O dönəmdə insanların davranışındakı üztutma biçimi proletarlaşsa, kobudlaşsa da, get-gedə bəy titulunu sayğıtək işlətməyə başladılar. 1988-ci ildən sonra bəy tituluna toplumsal qayıtma olsa da, politik olayların əlverişsiz gedişindən bu düzgün Türk düşüncəsi geniş yayılmadı. Bəy sözü indi Azərbaycanla Türkiyədə, Güney Azərbaycanda sayğılı üztutma biçimitək işlədilir.
Ancaq Azərbaycan Türklərinin çağdaş Ağalığı gün-günden demoktarik parlamentar quruluşdan uzaqlaşaraq «güclü prezident respublikası» yolu ilə gedir. Bu yanlış yolla geden ulusumuz artan Ərəb-islam din geriçiliyinə də basılsa bütünlüklə uğursuzluğa uğrayacaqdır! Onda yağılar bizə də General Sisianovun Borçalının, Şəmşədilin neçə yüz ildir, babalarının toprağı olduğunu yazan Gəncə xanı Cavad xana verdiyi yanıtdakıtək: «Biz o topraqları sizdən yox, İraklidən almışıq!» deyərlər. Gorun çatlasın, Nadir şah! Təkcə səninmi?!!!
Buna görə də Məhəmməd Əmin Rəsulzadənin 1918-ci il dekabrın 10-da, Azərbaycan Respublikası Parlamentinin 2-ci toplantısında dediyi kimi: «Milləti məhkumluq acısını dadmış olan Azərbaycan Türkü məhkum [əzilən] millət yaratmaz! Azərbaycan Cümhuriyəti övladını ögey-doğmaya ayırmaz: Erməni, Rus, Yəhudi, Gürcü, Nemsə, polyak və sair azlıqda olan millətlər Azərbaycan vətəndaşı [yurddaşı] qalmaqla bərabər, milli-mədəni muxtariyətə [özgürlüyə] malik olub, kəndi ümuri-məzhəbiyə [din işləri], milliyə və mədəniyətlərini kəndiləri idarə etməlidirlər!» – deyərək azərbaycançılıg ideologiyasının bir ideyasının da demokratik respublikaçılıg olduğunu göstermişdir.
Biz XXI yüzildə Azərbaycan Respublikasının demokratik respublika özünüqoruma mexanizmlərini gəlişdirib, çağdaş qabaqcıl dünyadakı geopolitik yaşam proseslərinin önündə olmasaq, yanlışlarımızda batıb gedəcək, yağılar bir gün bizə yaşamaq üçün yerin ancaq Xəzərin dibində olduğunu göstərəcəklər…Bunu dərindən anlamaq gərəkdir! Bizə yağılıq edənlər bütün yaşamımızı izləyirlər, Azərbaycan Respublikası ancaq çağdaş, çoxluqçu demokratiya yolu ilə getməlidir!
Bu gün Üzeyir bəyin yüz il qabaq yazdığı «cavan hökumətimiz bu ağır yükü təcrübə qüvvəsilə deyil, bəlkə millətimizə məxsus olan və ulu Türk babalarımızdan bizə irs qalan hakimiyət və səltənət hissimizin rəhbərliyilə çəkə biləcəkdir» kimi, gümanlarla yaşayammarıq!
Bunu bilsək də, son 23 ildə babalarının deneyimindən güc alaraq, yoxdan bir bayraq qaldırıb, qutlu ideal – Azərbaycan Demokratik Respublikası yaradan o bahadırların düşüncəsinə tərs yollarla gedərək, Azərbaycan Respublikasında bütün seçkiləri «Gülər Əhmədova yolu» ilə keçirdiyimizdən, dövlət yönətimini ulusun doğal seçki yolu ilə seçdiyi anadangəlmə yurdsevər, bacarıqlı insanların əlinə verməmişik, tərsinə ailə, dəstə ağalığı yaratmışıg! Bu yolverilməzdir!
Azərbaycan Türkləri çağdaş, avropasayaq, yaşarı ulus olmaq istəyirlərsə Azərbaycan Respublikasındakı dövlət yönətimini seçki yolu ilə Şirməmməd Hüseynov düşüncəli anadangəlmə, Azərbaycan, Türk, Qafqaz vurğunların yönətiminə verməlidirlər!
Sayğılı ulusalçı yurddaş, 2018-ci il mayın 28-də Azərbaycan Respublikasının 100 yaşı olacaqdır. Professor Şirməmməd Hüseynov 2014-cü ildə yayımladığı «İstiqlal 1918 – 28 mayıs – 1919» toplusunda yazıb: «Məcmuə çoxminillik dövlətçilik tariximizdə ilk dəfə Azərbaycan adlı dövlətimizin bir yaşının tamam olması münasibətlə 1919-cu il mayısın 28-də işıq üzü görmüşdür. Cəmi 4 ildən sonra Azərbaycan Xalq Cümhuriyətinin 100 illik yubileyini müstəqil Cümhuriyətimizdə bayram edəcəyik. Bu məcmuəni həmin yubileyə hazırlığın ilk töhfəsi hesab edin!».
Azərbaycan ideoloqu Şirməmməd Hüseynov bu bayramı ən çox gözləyən, özləyən, əzizləyənlərdəndir. Ona YÜZ YAŞA PROFESSOR ŞİRMƏMMƏD HÜSEYNOV! – deyək. Sən yaşadıqca səsinin incəliyində Azərbaycanın ulusal ideoloqu MƏHƏMMƏD ƏMİN RƏSULZADƏnin səsini, gördüyün böyük işlərlə də azərbaycançılıq, türkçülük, qafqazçılıq, çağdaşlıq, demokratik respublikaçılıg ideyalarını yaşadırsan!
2018-ci il mayın 28-də görüşənədək!
YADİGAR TURKEL
fəlsəfə üzrə elmlər doktoru
*Düz ayrıcdakı açıqlamalar Yadigar Türkelindir.
23 dekabr 2017-ci il.