Soylu Atalı Ruhsal. Özgürlüyümüz – Ulusal Gələcəyimiz

 Bu gün Azərbaycan toplumunda toplumsal çalışmaların spekt­ri çox rəngarəngdir. Ancaq bunlar bir-birinə bağlı deyil. Bu da ondan irəli gəlir, çalışmalar eyni məqsədə qulluq eləmirlər. Bu­nun nədənini aydınlaşdırmağa keçməzdən öncə xarakterizə eləmək doğru olar:

  1. Hakimiyyət ugrunda siyasi çalışmaları deyək. Bu çalışmada bulunan qüvvələr olduqca dağınıq, gücsüz, yöntəmsiz bir durumdadırlar. Ən başlıcası, ulusal yöndə bunların heç bir ortaq paylaşımları da yoxdur. Eləcə də siyasətdən qıraqda çaba göstə­rənlərlə (deyək, ədəbiyyat, mədəniyyət adamları ilə) onların ortaq bağlantıları gözə dəymir. Sadəcə ayrı-ayrı küsdürülmüş, incidilmiş ədəbiyyat, sənət, mədəniyyət adamları siyasi qüvvə­lərin yanında yer alır. Burada da yerliçilik amili güclü rol oynayır. Başqa təbəqənin adamlarının öz bölgəsindən olan siyasətçilərin yanında yer alması, bir daha onların çalışmalarında ulusal istəklərin yoxluğunu sübut edir.
  2. Tarixçilərin çalışmaları: burada da ulusal istəkləri doğruldan çabalar çox azdır. Dağıdıcı qüvvələrin buyruguna girmiş adamlar (bunların içərisində ayrı-ayrı etnik toplumların da nümayəndələri var, baltalara sap olan özümüzünkülər də) tarixi köklərimizə daim zərbə vururlar. Onların çalışmaları başlıca olaraq, danmaq, yanıltmaq (təhrif), gizləmək biçimində özünü göstərir. Bu xalqı kökündən ayırmaq, onun törəmə bir şey oldugunu qondarmaq bəlli strategiya ilə gerçəkləş­dirilməkdədir. Dediyimiz kimi, bunun qarşılığında ulusal kimliyin təsdiqi yönündə çalışan tarixçilər çox azdır, onların etkisi də bir o qədər ötkəm deyil.

III. Ədəbiyyat, sənət yönündə çalışmalar. Sovet ideolojili quruluş dağıldıqdan sonra çoxları ədəbiyyat, sənət xəttində ulusal bireylərin ortaya çıxacağını gözləyirdi. Ancaq nə yazıqlar, başqa istəklər, çalışmalar ortaya çıxarıldı. Dəyərlərin, şəxsiyyət­lərin, ulusal keçmişin yenidən qiymətləndirilməsi adı altında dağıdıcı, danıcı, lağlağıya çevirici ədəbiyyat-sənət örnəkləri araya gətirildi. Üzdən baxanda çox yaxşı səslənir – ələşdirmə, yenidən qiymətləndirmə. Adını da qoydular postmodern ədəbiyyat. Ayrı-ayrı istedadlar dağıdıcılığa yönləndirildi. Dagı­dıcılıq xəttində yarışlar başlandı. Bu yarışlarda udanlar ödülləndirildi.

  1. Mədəniyyət xəttində çalışmalar. Bu məsələdə ən çox qabağa gedən, daha doğrusu, qabağa aparılan musiqi sahəsidir. Yabançı musiqi çeşidləri qazanc-gəlir qaynağına çevrildi. Xalq mahnıları, el havaları sıradan çıxarıldı. Əxlaqsız, mənəviyyatsız adamlarla səhnələr dolduruldu. Onları tanıtmaq üçün proqramlar işlənildi. İndi hər gün onların əxlaqsız davranışları, mənəviy­yatsız yaşamları yayımlanıb topluma sırınır. Hələ ulusal mahiyyətini anlamayan gəncliyə sübut eləməyə çalışırlar, özünə karyera qurmaq, firavan yaşamaq bu cür çalışmalarla əldə olunur.

Mədəniyyətin bir yönü də idman çalışmalarıdır. Öncələrdə də yazmışdıq, idman iç siyasətin birinci sütunudur. Sağlamlıq istəyilə deyil, qazanc istəyilə həyata keçirilən idman, həm də, hakim elitanı qorumaq görəvi daşıyır. Bir sözlə, idman xalqın ulusal qalxınma tələblərindən deyil, siyasətin toplumu gerilikdə (cəha­lət­də) saxlaması istəklərindən qaynaqlanır.

  1. Ruhaniyyat yönündə çalışmalar. Siyasi çalışmaların bir hissəsi olsa da, buraya ideoloji çalışmaları da qatmaq olar. Çünkü ruhaniyyat ideologiya yaradır, ya da ideologiyaya çevrilir.

Ruhaniyyat bizi ən çox düşündürən çalışma sahəsidir. Belə götürəndə, bütün sorunların ilk böyük nədəni birbaşa buradan qaynaqlanır. İnsanı ayaqda tutan, onun çalışmalarını doğru­layan, ya da əyən ruhaniyyat olayıdır. Ayrı-ayrı insanlar – bilim adamları, ədəbiyyat adamları, fəlsəfə, siyasət adamları fərqli düşüncələrlə fərqli çalışmalarda bulunsalar da, bütövlükdə toplu­mun həyat özəllikləri ruhaniyyat quralları ilə nizamlanır.

Yurdumuzda ruhaniyyatın yönü, yöntəmi də hər kəsə bəllidir. Min ildir ruhaniyyat məsələsində yenilmiş durumdayıq. Yabançı  bir ruhaniyyat ulusal özünüqoruma sistemimizi sıradan çıxarıb, milli şüurumuzu işğal edib. Dediyimiz kimi, demək olar, bütün sorunlarımız burdan başlayır. Siyasi qüvvələ­rimizin yenilgənliyi, ulusumuza, özünə güvənsizliyi, ulusun gələcəyi uğrunda deyil, haki­miy­yət uğrunda savaşması – ulusal yaşamımızda özgür, özüm­lü ruhaniyyatçılığın olmamasına görədir.

Eləcə də tariximizi bilməməyimiz ucbatından milli gəlişmə tariximizin yanlışlara uğradılması ruhaniyyatsızlıq etkisində milli şüurumuzun yenilməsinə görədir. Yadlığı həmişə yaşamımıza özül edib özümlüyümüzün qədir-qiymətini bilməmişik.

Ədəbiyyatda, sənətdə olan adamların çoxları ruhsuzluq, ruha­niyyatsızlıq ucbatından kosmopolit yönlərə köklənir. Ədəbiyyat millətsevərliərin ağlında, ürəyində yaranmalıykən siyasi ideologi­yaların yedəyində yaranır. Sonucda ulusallıq toplumsal istəklərə, yaşama gətirilmir.

Mədəniyyət sümürücüləri də, yuxarıda vurguladığımız qoşul­lar  üzərində, millətin özəlliklərinə qarşı çalışırlar.

Millətin içində bu qədər dağıntıların olmasına görədir, Yurdu­muz coğrafi baxımdan da paralana-paralana daralır, dövlətsiz­ləşmə qorxusu ilə üz-üzə gətirilir. Hər cəhətdən toplumun mənliyi sıradan çıxarılandan sonra Vətəni sevən, qoruyan qalmır. Vətən sevgisini itirən hər kəs yörəsindəkilərə də vətənsizlik aşılayır. Toplumda psixoloji etki daha güclü olur. Çünkü toplum daha çox psixolojilik üstə yaşam sürür. Psixologiya da mənəvi özüllərə dayanmırsa, yenilmələr qaçılmazdır.

Bura qədər dediyimiz düşüncələri indi deyəcəyimiz ulusal soru­numuza görə genelləşdirib irəli sürdük.

Ötən yüzilin 80-ci illərinin sonunda başlayan qovulmalar, köçürtmələr Azərbaycan toplumunda hiddət, ağrı, qeyrət doğur­madı. Ya da, doğursa da, çox ötəri görünüb aradan getdi. Bunun dalınca daha fəlakətli münasibətlər ortaya çıxdı. Məsələn, Azər­baycanın Batı bölgələrindən (Ermənistan adlandırılan bölgələri­mizdən) qovulanlara münasibət “mən-sən” ayrılığı üzərində quruldu. Ordan qovulan soydaşlarımıza “yeraz” damğası vuruldu. Bu gün “yeraz” sözü yiyəsiz, yurdunu atıb qaçmış, qeyrətsiz sözlə­rinin sinonimi kimi işlədilir. Ancaq heç kim oradan qovulmuş soydaşlarının işgəncələrə ugramasını, qarda-qışda ayaqyalın, çıl­paq dağlara səpələn­məsini, namusuna toxunulan qız-gəlinlərin fəryadını özünün dərdi saya bilmir. Sanki bu faciələr – uğra­yanların şəxsi dərdidir. Bir yandan yurdundan-yuvasından uzaq düşmələr, elat mədəniyyətini itirmələr, bir yandan da qaçıb qovuşduğu soydaşlarından ögey yanaşmalar qaçqın, köçkün yaşamı sürənlərə ağır zərbələr endirir. Sonucda o insanların gözündə bütün dəyərlər qiymətdən düşür. Dəyərə münasibətini itriən adamlar simasızlaşırlar.

Bir vaxtlar gözlərinin alışdığı, öyrəşdiyi doğa – dağlar, orman­lar indi yoxdur, onlarda ilahi duygular əmələ gətirmir. İlahi duy­ğular itirilirsə, vətənə, millətə sevgi ayaqda qala bilməz, gələcəyə umudla boylana bilməz. Elindən, yurdundan, doğasından ayrıl­maq – kökündən, varlığa bağlı düşüncəsindən ayrılmaq demək­dir. Duyğular obyektsiz qalanda cılızlaşır, milli-mənəvi ayrıntılar əmələ gətirir. O insanlar üçün hər şeyin dəyəri adiləşir.

Görüşlərin birində Asif Atadan soruşdular, niyə qaraçılar sırtıq olurlar? Cavab verdi, çünkü vətənləri yoxdur. Doğru, vətən – insanda insani keyfiyyətlər bəsləyən qutsal olaydır. Yurd itkisində əxlaqi-mənəvi pozuntular çox olur.

Çadırlarda doğulan uşaqların vətəni haradır görəsən?! Onlar böyüyür, oxula gedir, başqaları onların gah üzlərinə, gah arxa­larına deyirlər, xeyirli insanlar olsaydınız, yurdunuzu qoyub gəl­məz­diniz. Bu anlamsız qınaqlar həmin gənclik üçün hər şeyi heçə çevirir. Onların çoxu vecsiz olur. Vecsizlik genişlənir, başqalarına da etki göstərir. Ağıl, ürək boş qalır. Bu boşluğu doldura biləcək ortam yox, dəyər örnəkləri yox, yiyə kimi qabağa duran dövlət yox. Bəs sabah vətənin yiyəsi kim olacaq?! Onsuz da çadırda doğulan uşaqlar üşün hər şey adi yaşanır. Onlar üçün ailə ilə, doğa ilə bağlı pünhanlıq ortadan qalxır. Sehr, sirr itir. Sehrlən­məyən ürək qutsal duyğular bəsləyə bilərmi?! Elə onların böyükləri üçün də bu sorunlar yaşanır. Onların öncə yaşadığı, onları boya-başa çatdıran doğanın yaratdığı duyğuların yerini nə doldura bilər ki?! Bu cür böyük milli-mənəvi itkilərlə üzləşən insanlar, getdikcə simasını da itirirlər – “yağışdan islanmışın sudan nə qorxusu”…

Ona görə postmodern ədəbiyyat asan yeriyir içimizdə. Hər cür yad, yabançı yönlər asan oturuşur. Bu cür pozuntular bütövlükdə xalqı pozur. Umudsuzluq, pozulmuş ruh yaşadığı, mövcud oldugu hər yerdə pis ovqatlara nədən olur.

Dindirəndə hər kəs deyir, qaçqınlar, köçkünlər gəlib pis gələ­nəklər yaratdılar. Halbuki türkün ruhu – qovulanların coğrafi­yasında daha dərin özüllər üzərində yaşayıb. Türkün bənzərsiz dəyəri olan saz Azərbaycanın batı bölgələrindən yayılmadımı?! Adı dillərdə dolaşan ustadları bu gün öz yurdundan qovulanların anaları doğmadımı?!

Düşünmək gərək, ayrıseçkilik yaratmaq millətə qarşı getmək­dir. Millətin dərdini ayrı-ayrı bölgələrin ayağına yazmaq yolve­rilməzdir.

Bizim qovulmalarımıza yardımçı olan siyasi güclərin buyru­ğunda durub öz ulusunu söyənlər anlamalıdırlar, vətənin hər qarışına hər kəs sorumludur. Bizi içimizdə özümüzə qarşı qoymaqla əridənlərin dəyirmanına su olmaq dönüklükdür. Onsuz da dünyanın hər yerində ayrı-ayrı türk etniklərini əridib sıradan çıxarırlar. Buna qarşı açıq zor da işlədirlər. Tarixdə buna yetərincə örnək var. Bunu görmək vaxtıdır.

Bizi əritmək istəyənlərin başlıca planları özümüzü öz gözü­müzdən salıb söydürmək, parçalara bölüb bir-birilə cırmaqlaş­dırmaqdır. Bu həqiqəti anlamadan ulusal qalxınma aşamasına ayaq basa bilməyəcəyik.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv