Xaliq Bahadır. Dissident durağında

 Daha çox Sovet dönəmi Azərbaycan dissidentləri ilə bağlı dəyərli araşdırmalarından tanıdığımız jurnalist dostumuz Əli Şamil mənə yeni kitabını vermişdi (Əzizə Şamil, Əli Şamil. Dissident sorağında. 1956-1986). “Tarix-Nadiri” bütünlüklə oxusam da, bu kitabda mənim bilmədiyim çox faktlar, tanımadığım çox adlar vardı. Mənim görüb-bildiyim (ola bilər, başqaları görüb-bilməz) bir sıra çatışmazlıqları, əyər-əskikləri çıxsaq, özümüzü bir daha tanımaq baxımından kitab çox önəmlidir, dəyərlidir, gərəklidir-Azərbaycan adına edilmiş, Azərbaycan üçün edilmiş yüzilliklərə örnək olacaq çox böyük yenilməzliklər, bahadırlıqlar baxımından. Bir daha demək gərəkir: belə kitablar bizi özümüzə tanıtmaq baxımından olduqca önəmlidir. Ən çox da yaxın-uzaq keçmişimizi gözdən salmağa, aşağılamağa, Azərbaycan idealına bağlı çarpışma böyüklərimizi kiçiltməyə yönəlik indiki politik-ideoloji aşındırmalar, ulusu özündən-özlüyündən daşındırmalar dönəmində.
Ə.Şamil məni BMM-də kitabın tanıtımına çağırdı. Son illər bir çox çağırışlardan üz döndərsəm də, bu çağırışı böyük istəklə qarşıladım, getdim. O gün Ə.Şamilin doğum günü imiş (70 yaş- qutlu olsun!) Kitabın tanıtımı ilə yubileyin bir günə salınmağı çox yaxşı idi; ikisi də sevindirici fakt olduğu üçün. Ancaq… kontingent başlıca olaraq antikitab kontingenti idi. Başlıca olaraq! Orada çoxlu hakimiyət adamı-rejim qulluqçusu vardı. Bu isə bütünlükdə kitabın ideyasına, xarakterinə ayqırı görsəniş idi. Sözsüz, belə olacağını bilsəydim, o toplantıda görünməyi özümə-yoluma yaraşdırmaz, ora getməzdim. Məni yaxşı tanıyan Əli bəy özü də mənə ən böyük sayğısını o toplantıya çağırmamaqla göstərə bilərdi. Istər-istəməz yada Üzeyir bəyin “Arşın mal alanda” Rza Əfəndinin dilindən söylədikləri düşür: “Rüstəm bəy, məni təhqir etmək istəyiniz vardısa, bunu nə üçün kəndi xanənizdə icra ediyorsunuz?!” Məncə, mən orada bu sayaq düşünən tək kimsə deyildim. Orada bugünün bir sıra dissidentləri vardı. Bugünün dissidentliyini yaradanlara, ən azı onlara əlaltılıq edənlərin ikiüzlü çıxışlarına yana-yaxıla qulaq asmalı olanlar vardı…
Aparıcı Mətbuat şurasının sədri, deputat, dünyalarca ünlü Əflatun Amaşov idi. Onun söz verdiyi adamların (rejimə bağlı adamlar) danışdıqlarından kitabı oxumadıqları görünürdü. Bu isə kitabın dəyərinin onlar üçün dəyər olmadığı demək idi – başqa cür ola da bilməzdi. Nə yaxşı, sonda bunu üstüörtülü olaraq Əli bəy özü də vurğuladı. Ən azı balans görsənişi üçün “4-cü mikrofon”adamlarından da kimlərəsə söz vermək olardı. Ancaq… Mətbuat şurası sədrliyinə, deputat mandatına hansı yollardan keçməklə, necə yiyələndiyini hamıdan yaxşı bilən Ə.Amaşov bunu edə bilərdimi? Bunu etməkləı rejim yetkililərinin gözündə DİSSİDENTƏ çevrilmək qorxusunu BİR ANLIQSA DA üstələyə bilərdimi?! (Ritorik soru!) Ancaq o, azacıq da qaypınmadan, utanıb-qızarmadan dissidentlikdən danışırdı!
Ə.Amaşovun çox böyük sayğıyla söz verdiklərindən biri bizə indiyədək bilmədiyimizi- dissidentliyin nə demək olduğunu anlatdı. Sən demə, dissidentlik imperializmlə barışmamaq, imperializmə qarşı çıxmaq deməkmiş! Sözsüz, bu açıqlama-anlatma Amaşovun da, orada oturanların lap çoxunun da ürəyindən oldu- dissidentliyi indiki rejimlə bağlamamaq, onu düşüncələrə imperializm faktoru olaraq yeritmək baxımından!
Dissidentlik bütünlüklə başqa politik-ideoloji faktlor görsənişidir. Dissidentlik başlıca olaraq insan hüquqlarının pozulmasından, tapdanmasından qaynaqlanan barışmazlıq, qarşıdurma, çarpıpşma görsənişidir. Yer üzünün harasında olur olsun dissidentliyi avtoritar-despotik rejimlər doğurur- bugünkü Azərbaycanda olduğu kimi! Birilərinin məni subyektiv radikalizmdə suçlamamaları üçün burada alıntı gərəyi yaranır: “Dissident (lat. Dissidens- barışmaz)- totalitar rejimlərdə qarşıdüşüncəlilərə veriləın ad. Din termini olaraq Orta çağda Avropoada yaranıb. XX yüzilliyin 70-ci illərindən bu ad SSRİ-də, sosializm sistemi ölkələrində dövlət ideologiyası ilə barışmayanlara verilməyə başlandı. SSRİ-də dissidentlik dövlət quruluşuna siyasi müxaliflik deyil, düşüncə, yaradıcılıq özgürlüyü, milli-mədəni-mənəvi inkişaf, iqtisadi islahatlar yönündə olub” (bax: Yadigar Türkel. Politologiya, səh. 212, Bakı-2008). Burada göstərilən sorunlar nədənilə əliyevçi rejim dönəmində çoxsaylı repressiyalara baxmayaraq, Azərbaycanda dissidentlik geniş yayılmaqdadır. Əliyevlər hakimiyətinin imperialist xarakter daşıyıb-daşımadığını qoy dissidentliyi imperiaslizmə bağlayan o çıxışçı ilə onun düşüncədaşları desinlər. Burada bu qonuya son qoyaraq Ə.Amaşovun öz missiyasını gərəyincə yerinə yetirdiyini bildirirməyə bilmərəm.
Kitabda dissident kimi bizim çağlara bağlı kimsələrə də yer verilib. Onlardan ikisi- Məhəmməd Hatəmi Tantəkin, bir də Əbülfəz Elçibəylə yaxından tanış olduğuma, yoldaşlıq etdiyimə görə onlarla bağlı yazıların üzərində ötəri də olsa ayrıca dayanmaq istəyirəm. Mənim Tantəkinlə də, Elçibəylə də tanışlığım Xalq hərəkatından qabaq olmuşdu. Bayıl türməsində də biz kamerada olmuşduq. Çox keçmədən Tantəkinlə mənim aramda konflikt yaranmışdı. Ola bilsin, bunda mənim də xarakterik suçum olmuşdu. Ancaq suçun böyüyü onda idi. Tantəkin kristal doğru-düzgün adam idi. Özü də ilkin gənclik çağlarından sonadək (Güney Azərbaycandan Quzey Azərbaycanadək) bağımsız Azərbaycan idealına bağlı qalmış, bu yolda illərlə dönməz çarpışma aparmışdı. Bu baxımdan biz ona yalnız yüksək dəyər verə bilərik. O, istənilən politik sistemlə sonunadək kompromissiz çarpışma aparmaq bacarığı, gücü, yenilməzliyi olan böyük ideya adamı idi. Stratejimiz bir ikən bizim aramızda konflikt nədən yarandı? Tantəkin yoldaşlıqda, politik-ideoloji polemikalarda da kompromiz tanımır, azacıq da olsa uzlaşmaya gəlmirdi. Elə buna görə Bayılda bizim aramız dəydi, türmədən çıxandan sonra yalnız bircə yol Bakı küçələrinin birində ötəri qarşılaşmamız oldu. Qısaca bir qonuşmadan sonra ayrıldıq. O indi yoxdur, aramızdakı o soyuqluğa görə mən indi yanıxsıyıram.
Məni bu gün Tantəkinlə- o polad kimi əyiməz adamla- bağlı bir anı yüngülləşdirir. Şəkidə idim. Yaşar Türazərdən zən gəldi. (Mən Yaşar bəyi ilkin olaraq Tantəkinin yanında görüb tanımışdım. O, Tantəkini də, Elçibəyi də çox sevirdi).Yaşar bəy yarınkı gün Tantəkinin 80 yaşı olacağını, onunla bağlı balaca da olsa bir yazı yazmağımı istəyirdi. Ona Şəkidə olduğumu, yazı üçün “Azadlıq”ın başında duranlarla danışmalı olduğunu bildirdim. “Danışmışam, – dedi,- sən işə qarışmasan, alınmayacaq”. Onda Bakıda, indi Parisdə yaşayan Rahim Hacıyev yoldaşa zəng vurdum. Ona bir səhifəlik yazı üçün ideyalar verdim. Çox soyuq yanaşma oldu. Axşamüstü dözməyib 4 min işarəlik bir yazı yazıb göndərdim. Ertəsi günü qəzetdə bircə o yazı çıxmışdı. Günortadan sonra Tantəkin zəng vurdu. Səksən yaşlı adam o balaca yazıya görə uşaq kimi sevinirdi. Yeniyetməlik çağlarından səksən yaşınadək Azərbaycan uğrunda savaşlarda can qoymuş birisi üçün o 4 min işarəlik yazı gözəgörünməz bir nəsnə idi, ancaq, o, necə də sevinir, dönə-dönə mənə sayğılarını sunurdu. Mənim ürəkdən gələn “dəyməzimə” onun dediyi bu oldu: “Səndən belə yazı gözləmirdim”. – “Nəyə görə?” – “Axı bizm aramız dəymişdi”.
İndi istər-istəməz düşünməli olursan: “O boyda çarpışmalar içində elə barişmaz incikliklərə dəyərdimi?!
Ə.Şamilin Tantəkinlə bağlı yazısında belə sonluq var: “O, milli-azadlkıq hərəkatı fəallarını, keçmiş mübarizə yoldaşlarını xəyanmətdə, satqınlıqda suçlayır, mübarizəni az qala təkbaşına aparırdı”. Bu, doğrudur, ancaq Tantəkin də doğru idi: çoxlu xəyanətlər, satqınlıqlar oldu. O üzdən də Azərbaycan Xalq Hərəkatı kimi azman bir güc bugünkü acınacaqlı, götürüm duruma düşdü. Tantəkin azman Xalq Hərəkatlnı uğursuzluğa gətirib çıxaran bir çox ilginc gerçəkləri dərinliyinədək bilənlərdən idi…
Mənim Elçibəylə sözüm daha çox tutur,onunla baxışlarımılz daha çox üst-üst düşürdü. Buna görə başqaları yatanda da biz yatmaq bilməz, elə hey danışar, danışardıq. Aramızda, sözsüz, çoxlu öcəşmə-polemikalar olurdu. Bu özəşmə-polemikalar bizi bir-birimizə daha da yaxınlaşdırırdı. Tantəkinlə Elçibəyin arası yox idi, onlar, demək olar, danışmırdılar. Bunun nədənini mən çox-çox sonralar, Tantəkinlə qəzet sorğulamasından öyrəndim. Onlar Əlyazmaları institutunda bir yerdə işləmiş, Tantəkinin dediyiunə görə, elə o çağdan da yolları ayrılmışdı. Yenə Tantəkinin dediyinə görə, keçmiş KQB generalı, Azərbaycan KP MK-nın keçmiş birinci katibi, keçmiş POLİTBÜRO üyəsi Heydər Əliyevə görə.
Tantəkin sözügedən sorğulamada deyir: “Mən hara, Heydər Əliyev hara. Ömrüm boyu onun əleyhinə olmuşam. Əbülfəzlə də elə onun üstündə ayrılmışıq”.
Elçibəy H.Əliyevi çox sevirdi. Onda anlaşılmaz bir Heydər Əliyev sevgisi vardı. Onunla aramızda ilkin çat da Bayılda H.Əliyevin üstündə yaranmışdı. Elçibəylə mənim aramda ikinci çat bir neçə il sonra onun evində H.Əliyevin portretini görəndə yarandı. Bizim Hərəkat ideallarımızla bir araya sığmayan o iki faktı mən yazıb yaymaq bir yana, ən yaxın Hərəkat yoldaşlarımdan, doğma qardaşlarımdan belə gizli saxladım- Elçibəyin reputasiyasının korlanmaması üçün! İndi mən bu faktı politik-jurnalist bioqrafiyamın qara ləkəsi sayıram. Kim istəsə o iki faktı gizlətdiyim, açıb-ağartmadığım üçün məni qınaya bilər. Ancaq, bu gündən baxmaqla. O çağ başqa çağ idi: ortada BÖYÜK İDEALLAR, BÖYÜK YOLÇULUQLAR var idi…
Onda bizlər – gerçək Hərəkat yolçuları, Hərəkat ideallarına gerçəkdən bağlı olanlar- Elçibəyi Hərəkatımızı böyük uğura qovuşduracaq tək lider olaraq görürdük.Bu üzdən ona sevgimiz, ona sayğımız, ona güvənimiz olduqca böyük idi. O çağlar kim onun H.Əliyevi hakimiyətə qaytaracağını düşünər, düşünə bilərdi?! Sən demə, Hərəkatda (sonra AXC-də) olanların bir çoxu, başlıcası da bəlli region adamlarının böyük çoxluğu gizli əliyevçi imiş. Elçibəyin Hərəkat-AXC ideallarına sonadək bağlılığı, bir illik hakimiyət dönəmində o idealların ardıcıllıqla gerçəkləşdirilməsi Azərbaycanı indikindən bütünlüklə ayrı yolla apara bilərdi. Ortada üstün bir Proqram, o Proqramı gerçəkləşdirmək gücü-potensialı olan qurum-AXC vardı. Bundan ötrü nə gərək idi? Üstün liderlik, uzaqgörənlik, ayrıca olaraq düzgün yürüdülən kadr politikası. Belə bir bazaya söykəınməklə politik sistem kəsinliklə dəyişdirilməli idi. Ancaq bunların biri də olmadı. O çağlar mən bu yöndə ardıcıl çalışmalarda bulundum, sonucda o çalışmaların qurbanına çevrildim.
Ə.Şamil yazır: “Elçibəyin rəhbərliyi altında ölkənin siyasi sistemini dəyişdirmək istiqamətində də uğurlu addımlar atıldı”. Dönə-dönə vurğulaya bilərik: bir illik hakimiyət dönəmində politik sistemin dəyişdirilməsi yönündə bircə dənə də addım atılmadı- bu, faktdır! Ə.Şamil sonra yazır: “Əbülfəz Elçibəy yalnız Azərbaycanda Qafqazda deyil, bütün Türk Dünyasında bacarıqlı lider,və müdrük yolgöstərən kimi tanınıb”. Təki belə olaydı, onda biz indiki darmadağın, uğursuz politik-ideoloji Azərbaycanda deyil, büsbütün ayrı Azərbaycanda yaşayardıq! Ortada gerçəkdən bacarıqlı liderlik, müdrük yolgöstərənlik-uzaqgörənlik olsaydı… ən azı H.Əliyevin hakimiyətə qayıdışının qarşısı alınar, sonra da deyilməzdi: “Mən bilsəydim, Heydər Əliyev 6 rayonu ermənilərə verəcək, onu hakimiyətə gətirməzdim”. (Yeri gəlmişkən, H.Əliyev hakimiyətə ilkin gəlişində (1969) Laçının Qaragöl yaylaqlarını dədə-baba mülkü kimi “Ermənistana” bağışlamış, Dağlıq Qarabağ ermənilərinə de-fakto üstün hüquqlar qazandırmışdı).
Bütün başqa faktlar bir yana, ortada (göz önündə!) belə fakt vardı: Azərbaycan ordusu Qarabağda ermənilərlə ölüm-dirim savaşı aparırkən general Əliyev Naxçıvanda ermənilərlə separat ilişkilər quraraq, atəşkəs bağlaşması bağlayır, bütün güclərini Qarabağa yönəltməklə, ermənilərin uğur qazanmalarına yardımçı olurdu. (Kəlbəcər H.Əliyevin Köçəryan başda olmaqla ermənilərlə separat bağlaşmalarının ilkin qurbanlarından oldu).
Antixalq politikaları ilə tanınan bəlli birisini (KQB generalı, MK-nın birinci katibi, politbüro üyəsi) hakimiyətə qaytarmaqla Xalqı, Ölkəni, Dövləti saysız itkilərə uğratma görsənişlərinin üstündən hansı bacarıqdan, müdrük yolgöstərənlikdən-uzaqgörənlikdən danışmaq olar?! Gerçək Hərəkat-çarpışma yoldaşlarına (Hərəkata-müxalifətə yeridilmiş, bu gün də kef içində yaşadılan KQB-Əliyev agenturasını çıxmaqla), onların ailələrinə, yaxınlarına-doğmalarına KONSLAGER ağrı-acıları yaşadan bacarıqdan, müdrük yolgöstərənlikdən danışmaq doğru-düzgünlüyündən niyə qaçırıq, niyə də qaçmalıyıq?!
Bu gün biz, – böyük ideallarla çarpışma meydanına atılmış Hərəkat adamları, – qırılıb qurtarmış, çox az qalmışıq. Azərbaycan isə əliyevçi yağı işğalına uğramaqla içindən dışına böyük itkilərə, faciələrə, düzəlməsi çətin yolsuzluqlara-uğursuzluqlara uğramış durumdadır. Bağımsızlıq yolçuları yoxsulluq, dolanışıq dözülməzliyi ilə çarpışma içində üzülürkən ölkədə bağımsızlıq yağıları – BEŞİNCİ KOLON adamları yaxınları-doğmaları ilə birgə yerdən göyədək kef içində yaşamaqdadır.
Özgür, Demokratik Azərbaycan uğrunda çarpışma bayrağı qaldıran dönməzləri Əliyevlər diktaturası çoxdan ev dustaqlarına- hüququsuz-uğursuz dissidentlərə dönüşdürüb! Bunun nə demək olduğunu çəkənlər bilir…
Bayıldakı qonuşmalarımızın birində Elçibəy soruşdu: “Hakimiyətə gələndə nədən başlamalıyıq, birinci işimiz nə olmalıdır?” “Birinci işimiz, – dedim,- korrupsionerləri tutub damlamaq, oğurladıqlarını dövlət büdcəsinə keçirməklə xalqa qaytarmaq olmalıdır”. Onun onda necə özündən çıxdığını görəydiz: “Sən nə danışırsan, a bəy, korrupsionerlər də bizim millətimizdir”. Bunun üstündə onunla uzun-uzadı öcəşməmiz oldu. Mənə görə, kimliyindən asılı olmayaraq, korrupsioner millətdən sayıla bilməz. Mənim 1988-ci ilin dekabrında korrupsionerlərlə bağlı Elçibəyə dediklərimi çox-çox sonra, 2004-cü ilin sonlarında, qonşu Gürcüstanda prezidentliyə gələn M.Saakaşvili gerçəkləşdirdi. Elçibəy nə etdi? Elçibəy Sovetdən qalma sistemi toxunulmaz saxladı, üstəlik, komunist-korrupsionerlərlə cəbhəçilərin ortaq hakimiyətini qurdu. Rəsul Quliyev kimilərini yüksək postlara qaldırdı qaldırdı, sonra da günlərin bir günü (hakimiyəti əldən verəndən, gedib Kələkidən qayıdandan sonra) acıqlı-acıqlı dedi: “Məni sən yıxdın, Rəsul!” Cəbhənin korrupsionerlərlə hakimiyət ortaqlığı başqa hansı sonucu doğura bilərdi?!
Elçibəyin ən inanılmış kadrlarından olan Pənah Hüseynov özünün sevimli “YeM” qəzetində deyir: “Biz AXC hakimiyəti olaraq kadrları Heydər Əliyevin məsləhəti ilə seçib yerləşdirirdik”. Bu nə demək idi? Bu, Hərəkat ideallarına, AXC Proqramına dönüklük demək idi. Bundan sonra yalnız H.Əliyevi hakimiyətə çağırıb gətirmək qalırdi: gəl kadrlarına-hakimiyətinə yiyə dur. Gəldi, durdu!
H.Əliyevi- bəllli bir KQB generalını hakimiyətə qaytarandan sonra keçib ona müxalifətin başında durmaq! – bu, bütünlüklə başqa teatrodur…
Bir çox başqaları kimi Ə.Şamil də yazır: “Elçibəy ölkədə vətəndaş qarşıdurmasına yol verməmək üçün hakimiyətdən getdi”. Elə deyil; H.Əliyevin hakimiyətə qaytarılması ilə ölkədə 1969-dan başladılan yurddaş savaşı (“vətəndaş qarşıdurması”) geniş korrupsiya-repressiya axarında daha kəskin xarakter aldı.
Heydər Əliyevin hakimiyətə qayıdışı, bir illik hakimiyət dönəmi başda olmaqla, AXC-nin içindən stimullaşdırılmışdı. O qayıdışla Azərbaycan necə böyük İTKİLƏRƏ uğradıldı, uğradılmaqdadır! Korrupsiya ilə yanaşı repressiya da bizdə çoxdan DÖVLƏT POLİTİKSI olaraq özünü göstərməkdədir. Bu üzdən də Ölkəmiz yenilməz yurdsevərlərin barışmaz çarpışmasıyla DİSSİDENT DURAĞINA dönüşmüş durumdadır.
Nelson Mandela deyir: “Gələcəyi gətirmək istəyənlər keçmişi bilməlidirlər”. Keçmişi bilmək gerçəkləri bilməkdir. Dostum Əli bəy, gerçəkləri mən yazmasam, sən yazmasan, biz yazmasaq, necə çıxar qaranlıqlar aydınlığa?!
Son söz yerinə. Bir illik hakimiyət dönəmində KQB arxivlərinin açılmaması faktı Azərbaycanı KQB agenturasının- BEŞİNCİ KOLONun girovuna çevirdi. KQB arxivlərinin açılmaması, KQB parlamentinin buraxılmaması faktı sistem dəyişikliyinə yol verməmək baxımından AXC-nin başında duranların bağışlanmaz dönüklüyü olaraq qalır, qalacaq!
Heydər Əliyevi hakimiyətə Elçibəyin HEYDƏR ƏLİYEV SEVGİSİ qaytardı!
Heydər Əliyevin hakimiyətə qaytarılması, içindən yeyib-yenməklə, Azərbaycanı ən azı 50-60 il geriyə atdı! Azərbaycan bu gün iç-dış politikalarda bütünlüklə yenilgən-uğursuz-uduzmuş durumdadır…

27.05.2019

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv