Xaliq Bahadır. Qadına “şiddət” nədir? Feminizm gülüş obyekti kimi

Oktyabrın 20-də Bakıda qadınlar “Qadına şiddətə son!” aksiyası keçirdilər. Diktatura polislərinə qadınların SƏRT dirənişi baxımından çox uğurlu aksiya idi. Bundan bir neçə ay qabaq bir ailə dramı ilə bağlı toplum azca ayrı biçimdə, partiyalı-partiyasız iki yerə ayrılmaqla, oxşar sorun görsənişi yaşamışdı. Ancaq onda olanlar Feysbukda baş vermişdi. O çağ da başlıca dartışma obyekti “şiddət” idi. Bütövlükdə desək, “qadına şiddət”.
“Şiddət” ərəbcədir, bizim dildə – Türkcəmizdə “şiddət” sözünün qarşılığı bunlardır: güc, kəskinlik, sərtlik. Bəlli olduğu kimi, “qadına şiddət” başlıca olaraq jurnalistlərin, hüquq savçılarının dilimizə gətirdiyi, belə desək, 21-ci yüzil anlayışıdır. Soruşmaq gərəkir: nəyə görə dilimizdə uyğun, üstəlik, daha anlaşıqlı anlayış var ikən ərəbin çoxlarına çox da anlaşıqlı olmayan “şiddət” sözünü işlədirik? Axı, belə deyə bilərik: QADINA SƏRTLİK. Sizcə, bu, gerçəyə bağlı görsənişi gərəyincə sərgiləyə bilmir? Nəyə görə QADINA SƏRTLİYƏ SON! yerinə, “şiddətə son!” olmalıdır? Bilirəm, biriləri bu anlayışı ölkəni ƏRƏBİZMƏ yönəltməklə qadın hüquqsuzluğuna gətirib çıxarmış Tayyib Türkiyəsindən götürüblər. Dönə-dönə yazmışam, bir daha yazıram: Atatürk yağısı Tayyib Türkiyənin üzünü “osmançılıq” adı altında ərəbizmə döndərməklə Türkiyəni istər dil, istər kültür baxımından Türklükdən uzaqlaşdırıb ərəbçilik yoluna yönəltdi. Belə bir axarda o, Türkiyəni Avropa ilə, ABD ilə yalnız politik-ideoloji deyil, eləcə də kültürəl savaşa gətirib çıxardı. Nə yazıqlar, bizdə bunu yalnız bir çox Akademiya alimləri, universitet müəllimləri deyil, topluma liderlik istəyində bulunan biriləri də hələ indiyədək anlamayıblar. Sözsüz, eləcə də bir çox jurnalistlər!

Türkiyə toplumunu aldada-aldada uzun illərdən bəri hakimiyətə sarmaşıb duran Tayyib büginlardə özünün daha bir “aldanışını” boynuna aldı: “ABD də, Rusiya da bizi aldatdı”. Tayyib Türkiyənin, Türkiyə Türklüyünün, yaşı minillikləri aşan Türk dövlətçiliyinin üzqarası, baş qaxıncıdır. Atatürkdən bu yana dayanıqlı çağdaşlıq yolu tutmuş Türkiyənin başına hələ indiyədək belə gerilikçi, üstəlik, dəngəsiz birisi gəlməmişdi.

Tayyib hakimiyətinin ilkin çağlarında demişdi: “Kamalizmi (Ataürkçülüyü) qafalardan silmək üçün minarələr süngümüz olmalıdır”. Tayyibin, eləcə də onu hakimiyətə gətirən, onun arxasında dayanan güclərin istədiyi oldu: Türkiyə boyu minarələr süngüyə dönüb…Türklük üzərinə yürüdü. Beləliklə, sonucda Türkiyə özü dəngəsiz bir dövlətə dönüşdü…

Feminizm. Bir neçə ay qabaqkı bəlli dartışma. Bəlli, böyük istəkdə bulunan biriləri qadın hüquqları yönündən çıxış edənləri “feministlər” deyə, lağa qoydular, gülüş obyektinə çevirdilər. Açıq-açığına. Onda mən qızışmış aranı daha da qızışdırmamaq üçün susub geri çəkildim. Ancaq bizim böyük ideallarımız baxımından o susqunluq, sözsüz, ötəri suqunluq idi. Onda ən böyük gülünclük feminizmi aşağılama, gülüş obyektinə çevirmə istəkləri idi.

“Feminizm” fransız sözüdür, qadınların kişilərlə bərabərhüquqlu olma istəyinə bağlı düşüncə axımıdır. Sözügedən dartışma dönəmində mən bir sıra Feysbukdan qıraq dartışma-polemikalara da qatıldım. Ortaya çox şaşırdıcı faktlar çıxdı: mənim hərəkatdan, sonra partiyadan tanıdığım bir çoxları demokratiyanı da, feminizmi də Avropanın bizə sırımağa çalışdığı, bizi özümüzdən alacaq çox qorxulu nəsnə olaraq görür, dəyərləndirirdilər. Onda: “Qoy indiki qızğınlıqlar səngiyib ötsün, – demişdim,- bu yöndə yazı yazaram”.

Demokratiya, feminizm anlayışları bizə Avropadan-Batıdan gəlmədir – bunu kimsə danmır, dana bilməz. Ancaq o anlayışların arxasında duran gerçəkləri çağında biz Türklər doğurmuşuq. Özü də min illər qabaq. Min illər qabaq Türklərdə, indiki terminologiya ilə desək, sosial-demokratiya yönümlü quruluşlar var idi. Hansısa etkilərdən biz sonralar onları itirdik. Keçənlərdə itirdiyimiz gərəkənləri indi Avropadan daha gəlişdirilmiş olaraq alıb yararlanmağın nəyi pisdir? Geridə qalmış Avropa bir çağlar Doğudan öyrənməklə, yaxşı nə var alıb gəlişdirməklə çox-çox qabağa getdi, intellekt, texnologiya baxımından ən qabaqcıl materikə çevrildi…

Qonu ilə birbaşa bağlı olduğundan feminizmin üzərində ayrıca, bir az da geniş dayanmaq gərəkir. Yoldaşlar, feminizm, başqa cür desək, qadın-kişi bərabərliyi, sizin bir çoxlarınızın düşündüyü kimi, Avropanın bizə sırımaq istədiyi “antikişi” görsənişi deyil; feminizm Tanrıçı Türklüyün yaradıcı yaranış tapıntısı, gələnək-görənəyidir. İslam dininin etkisilə çoxlarında acıq, qıcıq doğuran feminizm Türklərin ilkin yaranış yasalarından – TÖRƏ örnəklərindəndir. Min illər öncələrdən Türklərdə qadınla kişi bərabər hüquqlu idi. Türklərdə qadın kişinin yalnız ev-ailə yoldaşı deyil, eləcə də El (ərəbləşməyədək Türklərdə dövlətə El deyilirdi) yönətim ortağı, savaş-çarpışma, yürüş yoldaşı idi. Dönə-dönə vurğulamaq gərəkir: min illər qabaq bu yalnız Türklərdə belə idi. Ta Türklər İslama girənədək belə oldu. Türklərdə qadın-kişi ortaqlığı, yoldaşlığı Evdən Elədək gedib çıxırdı. Yalnız Türklərdə qadınla kişinin ev içində var-yatır (mülkiyət) hüququ bir idi, ortaqlı idi. Eləcə də uşaqlar üzərində. Türklərdə “çoxarvadlılıq” deyilən bir anlayış-qavrayış yox idi. (İslamda qadın hüquqlarından danışanlar qoy gedib Qurandan Əhzab surəsini oxusunlar). Türk toplumunda qadın hüquqlarının, qadına göstərilən sayğının, qadını uca tutmanın ən gözəl örnəklərini biz DƏDƏM QORQUDUN BİTİyində görürük. Orada qadın yalnız Evin deyil, eləcə də Elin dirəyi olaraq göstərilir. Dönə-dönə vurğulamaq gərəkir: Türklərdə qadın-kişi Evin, Elin ortaq yiyələri idi: birlikdə qurur, birlikdə qoruyur, birlikdə yarıyırdılar!

1918-ci il Mayın 28-də Doğuda ilk Demokratik Respublika-ADR quruldu. ADR-in qurulması ilə bağlı yayılan bildirinin dördüncü açıqlamasında qadınlarla kişilərin BƏRABƏR HÜQUQLU olduqları bildirlməklə, onlara birgə seçib-seçilmək hüququ verilirdi. Qadınlarla kişilərə bərabər hüquq tanıma ADR-i quranların tapıntısı deyildi: soy-kökdən gəlmə, Tanrıçı Türklüyün minillikləri aşan keçmişinə, özümlü gələnək-görənəyinə bağlı, başqa etnoslarda bənzəri olmayan kültür görsənişi idi!

O çağlar – 20-ci yüzilliyin ilk onilliklərində, Avropada, Amerikada SUFRAJİZM qadın hərəkatı yayılmışdı. Nə idi? Amerikalı, Avropalı qadınlar küçələrə tökülüşüb kişilərlə bərabərhüquqlu olmaq, seçib-seçilmək özgürlüyünə yiyələnmək istəyirdilər.

Böyük Məhəmməd Əmin dövlətinin 1918-ci ildə Azərbaycan qadınlarına tanıdığı hüquqlara görün Batı qadınları hansı illərdə yiyələnə bildilər: Amerika-1920; İtaliya-1945; Fransa-1951; İsveçrə-1971.

İndi görürsünüzmü öz keçmişini gərəyincə bilməmək necə utancvericidir?..

Özümüz özümüzə özgələşməklə bizə seçkinlik-üstünlük qazandıran dəyərlərimizdən daşına-daşına, dəyərimizə dəyər qatan dəyərlərimizi itirə-itirə gəlmişik. Beləcə, bir çox baxımlardan Yer üzünün ən öncül-qabaqcıl, ən üstün etnosundan ermənilik önündə belə yenilən saya, yenilgən etnosa dönüşmüşük.

Minilliklərin ən dərin qatlarından gələn, bizə planetar üstünlük qazandıran, bü gün üçün də önəmli dəyərlərimizə, günsəl gələnək-görənəklərimizə, başqa cür desək, ÖZÜMÜZƏ dönməsək, indikindən daha dayanıqsız, daha enerjisiz-etkisiz etnosa çevrilməyimiz qaçılmaz olacaq.

Biriləri Doğudan Batıya Türklərin yağılarını sıralayırlar. Mənə görə, Türklərin yağıları sırasında birinci yeri Türkün özü tutur. Özünü genəlliklə tanımayan, bu üzdən özünə özgə Türk Türkün birinci yağısıdır. Öyüləsi keçmişimiz, bənzərsiz dilimiz, kültürümüz bizim başlıca yaşarı-yaşadıcı özlüyümüz-özümlüyümüzdür!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv