Bu gün bu sualı özümə verdiyimdə sanki iki dünya canlanır xəyalımda. Harada idim? Qarısıq, suallarla dolu, aydınlaşdıra bilmədiyim bir qaranlığın içində Özümü tanımadan,Yolumu və nə üçün yaşadığımı bilmədən yaşadığım bir dünya. Hansı ki o dünyada rolumun nədən ibarət olduğu belə mənə aydın deyildi.
Hara gəldim? Özümü öyrənməyə başladığım, Yolumu bildiyim,bu dünyadakı rolumun nədən ibarət olduğunu dərk etdiyim bir dünya.
Bu yolda necə irəlilədiyimi qısaca anlatmağa çalışacam. “Mən kiməm? Yaradanın və Yaradılışın izahı nədir? İnsan necə yaşamalı, hansı yolu tutmalı və nəyə inanmalı?” bu və başqa sualları özümə verməyə başladığımda, təbii ki, İslam dininə üz tutdum. Öyrənməyə başladım. Ərəb hərfləri ilə “Quran”ı oxumağı belə öyrəndim. Dini kitabları oxuduqca bir çox məsələlərin aydınlaşacağını zənn etsəm də, bitməyən suallarla qarşı-qarşıya idim. Din hər şeyi Allah yaratdı deyirdi, elm bunu inkar edirdi. Niyə Allah hər yerdə yox idi? Müharibələrə, azğınlıqlara son vermirdi? Haqsızlığın, ədalətsizliyin sona yetdiyini görmək üçün o biri dünyanı gözləməkdən başqa çarəmiz yoxmu? Hər şeyə Qadir olan Allah Şeytanı məhv edə bilməzmi? Ümumiyyətlə, biz dünyaya şeytanla mübarizə aparmaq üçünmü gəlirik? Allahın böyüklüyü bizim hər xırda işlərimizi izləyə bilməyində idimi? Bu və ya başqa suallarıma dinin bir cavabi vardı. Hər şey Allahın hikmətidir. Sən sadəcə itaət etməlisən.
Namaz qılmağa davam edirdim. Yalanın, paxıllıgın, dinin dediyi kimi desək, Şeytanın məni sürüklədiyi günahlardan ötrü bağışlanmaq diləyirdim, ancaq bunu içimdən ata bilirdimmi? Təəssüf, din mənə özümlə qarşı qarşıya gəlməyi öyrətmirdi. Allah hər şeyə Qadir idi, nə vaxtsa Şeytanı məndən uzaqlaşdıracaqdı.
“Qismət” (“alın yazısı”) deyimi məni cox çaşdırırdı. Əgər hansısa bir işimin alınmağı mənim alnıma yazılmışdısa, ondan ötrü dua etməyimin nə anlamı vardı?! Ya da Allah istədiyi kimsəni doğru yola hidayət edər. Azğın olanı dogru yola salmaq üçün öz yazısını dəyişdirəcəkdimi?
“Quran”ı hər kəs o qədər möcüzəvi sayırdı ki. Tərcüməsini oxuduqdan sonra çox hissəsi mənə nağıl kimi görünürdü. Olan inamım da qorxu sayəsində formalaşmışdı.
Kişilərin özlərini qadınlardan üstün bilməsi və qadına şiddət dəstəklənirdi “Quran”da. Qadına hər şey günah idi. Dinin mənə göstərdiyi Qadın günahın özündən başqa bir şey deyildi bu dünyada…
Fani Dünya. Gözümüzdə mənasızlaşdırılan bu “yalan” Dünya. Günahsızlıq sadəcə hərəkətsiz halda oturub Ölümü gözləməkdən ibarət idi sanki…
Bütün bu qaranlıq suallar məni cox yorurdu. Hamı kimi sadə, kortəbii İnamla, içimdə formalaşmış bir Qorxu ilə irəliləməkdən başqa Yolum yox idi. Fikirlərimi ortaya qoysaydım belə, heç nəyi axtarıb öyrənməmiş çevrəmin məni “kafir”adlandırmağından başqa bir şeyə yetməyəcəkdim.
Həyat bir İnsan çıxardı qarşıma. İlk o öyrətdi mənə öz düzgün bildiyim fikirlərimə əsaslanıb qorxmadan, inadla irəliləməyi… Bu gün də ən düzgün yolda olmağımın səbəbkarı Bilən Atalı, cox təşəkkürlər!
Bu gün “hara gəldim” sualını özümə verdiyimdə ağlıma gələn ilk isim SOYLU ATALI!
Bu ad mənimçün o qədər cox şey ifadə edir, bunu yazmaqla çatdıra biləcəyimi sanmıram. Etiraf edim, ilk adını eşitdikdə laqeyd yanaşsam da, onun “İnam sorağında” kitabını oxuduqdan sonra fikrim dəyişdi. Onunla söhbət etməyə qərar verdim, ancaq bunun alınacağından da əmin deyildim. Ancaq onun hər sualıma çox diqqətli yanaşması, çox həvəslə izahlar verməsi mənim üçün inanılmaz dərəcədə dəyərli idi.
Nəhayət, Soylu Atalının izahları, Asif Atanı öyrənməyim sayəsində aydınlaşmağa başladım. Artıq o qorxu, qaranlıq suallarla dolu daxili dünyam daha aydın, işıqlı bir dünya ilə əvəz olunurdu.
Asif Atanı oxuduqca onun bəşəriyyət üçün necə dəyərli yol qoyduğunu anladım, bu cümlə artıq şüarıma çevrildi.
İnsanlaşın, İnsanlaşdırın. Bəşərin nicatı – İnsanlaşmaqdadır!
Atamız Var olsun!