Göytəkin Atalı. Məni yaşadan Yol (Özüylədöyüş üstə düşüncələrim)

 İnama tapındığım gündən içimdə duyğular aşıb-daşır. Çox tez-tez belə oluram. Bu bir sevincmi, fərəhmi, bir enerjimi, bilmirəm. Sanki harasa tələsirəm, uçuram. Hər nədirsə içimi titrədir, hər nədirsə gözəl bir həyəcan gətirir, hər nədirsə məni yerimdə – indidə qalmağa qoymur. Çəkir məni harasa. Çəkdiyi yer başqa aləmdir, o nədir, haradır dərk etməyə çalışıram. Kitab oxuyub düşünəndə bu duyğuları bir az dindirmiş oluram. Sanki o aləmə bir az yaxınlaşmış oluram. Ancaq orda ola da bilmirəm. Orada hər şey mənə gerçək görünür, orada sevdiyim hər şeyi yaşamaq var, canlılıq var. Bu elə bir yaşamdır, orda hər şey var… Bu xəyallardan uzaqlaşmağa tələsmirəm. Orada yaşamayacam deyib üzülmürəm də. Orada hər anı doya-doya yaşamaq eşqi çağırır məni. Bu duyğular çox zəngindir. Bu zənginliyi dərk edəcək qədər dərinliyə enməmişəm, ancaq bu dərinliyi duyuram. Çünkü məni yaşama bağlayan çox qüvvətli duyğulardır bunlar.

xxx

Bu gün ömür nədir, onu necə qurmalı, necə yaşamalı, ömür yaratmaq nədir, ölümün ömürdə bitirə bimədiyi nədir sualları üzərində xeyli düşündüm. Öncələr bu sualı düşünəndə çaşırdım. Nəyi düşünməli, nə etməli, nə etməməli, nəyə baxış ayırmalı, nəyə baxış ayırmamalı?! Bəzən də elə xırdalıqlara gedirdim ki, lap başımı itirirdim. Bəzən etdiklərim qarşısında qarşılıq görməmək, yaxşılıq qarşısında pisliklə qarşılaşmaq halları ilə üz-üzə qalırdım. Bu isə yaşamda şüurlu yerişimə əngəl olurdu. Bir daha qalxa biləcəyimə, ya da bir daha yıxılmayacağıma inamımın olmaması da gələcəyə baxa bilməyimin qarşısını alırdı. Bu günlərdə “Gerçəklik”-” Amal” qonularına yenidən baxdım. Ocağın “Qutsal Öyrənim Günü”nün qonuları idi. Oxuduqca düşünmələrim bu sualların cavablarını aydınlaşdırmağıma nədən oldu.

xxx

 Öncələr Soylu Atalı ilə danışarkən qəribə duyğular keçirirdim. Onun düşüncələrinin bu qədər məişət işlərindən uzaqda olmasından, bizim üçün böyük sayılan şeyləri çox xırda hesab etməsindən, bizim gözümüzdə böyütdüklərimizə soyuqqanlılıqla yanaşmasından heyrətə gəlirdim. Hətta bəzən düşünürdüm, görəsən bu insan bu söhbətlərdən, bu düşüncələrdən qırağa çıxdığı vaxt olurmu? Düşünürəm ki, o hər zaman böyük düşüncələr içindədir, zarafata vaxt ayırmaq, deyib-gülmək, kiçik işlərlə uğraşmaq ona özgün deyil. Ya da, o, bütün bunlara necə vaxt tapa bilir?! Bəzən olurdu ki, onun böyük önəriləri mənə mümkünsüz kimi görünürdü. Ancaq Amala doğmalaşdıqca mən onu  anlamağa başladım.

xxx

Ömrümü qura bilməməyim, hər addımda ilişib qalmağım, hər addımda yıxılmağım balacalıqlarda ilişib qalmağımın sonucu imiş. Hər şeyi gözümdə böyütməyim, hər xırdalığa diqqət yetirməyim, hər balaca ağıllarla uğraşmağım mənim də o mühitdə olduğumdan qaynaqlanırmış.  Niyə mən kimdənsə nəsə gözləyirdim? Ya da hər kəs məni sevməlidirmi, hər kəs mənə etdiyim yaxşılığın əvəzini ödəməlidirmi? Əgər ödəmirsə, ya da əvəzində pisliklə cavab verirsə niyə onun balacalığı ilə uğraşıb özümü məhv etməliyəm?! Onun balacalığı məni yıxırsa, deməli mən də balacayam. Ancaq bu gün öz ömrümü yaratmaq həvəsi mənə başqa şey deyir…

xxx

Ömür qurmaq – ilişib qalmaq deyil, arxaya baxmaq deyil, kiməsə gərəksiz hesabat vermək, kiməsə gərəksiz şeyləri sübut etmək, xırdalamaq, xırdalanmaq deyil. Ömür qurmaq – umacaqsız yaşamaq, fədakar yaşamaq, xeyiri düşünmək, fərəhlə dolmaqdır.

Yenə də Soylu Atalının bir düşüncəsi ilə üz-üzəyəm: “kim anlasa sənə dostdur, kim anlamasa həyata. Anlamaq imkanlarını özü ilə qəbirə aparanlar da özü bilər”. Yəni kiminləsə boşuna uğraşmağım yerinə Amal tələbləri ilə yaşamağım gərəkdir. Budur ilişib qalmamaq, yıxılmamaq, budur özünə inanmaq.

xxx

Öncəki yaşamımla indiki arasında o qədər fərq var ki, buna bəzən inanmağım da gəlmir. Bütün bunları  Ataya, kitablara, Soylu Atalıya, İnama borcluyam. Məncə bu saydıqlarım bir əl kimi birləşib məni yüksəkliklərə qaldırır. Artıq yolum yüksəklərə doğrudur, arxaya baxmaq haqqında düşünmək belə istəmirəm. Artıq Yolum bəlli, istəklərim bəlli. Bu Yolda, bu istəklərlə yaşamaq gözəldir!

Atamız Var olsun!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv