Xaliq Bahadır. Ərdoğanın ətəyində namaz qılan “bizimkilər”

İyulun 24-də, Atatürkçü Türkiyəyə, Atatürkçü düşüncə sisteminə yağı Ərdoğanın məscidə çevirdiyi Ayasofyadakı birinci cümə namazında Diyanət işləri başqanı Əli Ərbaş Atatürkü lənətlədi. Bu fakt Ərdoğanın gerçək kimliyini, din fanatizminə-cəhalət qaranlığına sürükləməklə Türkiyəni içindən yenmək istəyini bir daha ortaya qoydu…
Türkiyəni çağdaş, sivil dövlətə dönüşdürən Atatürk deyirdi: “Cəhalət yenilməsi gərəkən ən böyük düşməndir”.
Ərdoğanın ətəyində namaz qılan “bizimkilər”, Ərdoğan diktatordur. Üstəlik, bütün diktatorlar kimi yalançıdır. Toplumu aldada-aldada, topluma kələk gələ-gələ illərdi hakimiyətdə qalır. İnternetdə onun illərlə Türkiyə xalqına dediyi yalanlarla bağlı çoxsaylı faktik göstərmələr var. O, Türkiyəni aldada-aldada gətirib çıxmaza çıxarıb. Ərdoğan Türkiyəni aldada-aldada demokratiya yolundan sapdırıb. Üstəlik, o, Türkiyəni sivil dövlətdən din dövlətinə çevirib. Başlanğıcdan Atatürkə-Atatürkçü düşüncə sisteminə yağı kəsilən Ərdoğan din pərdəsi altında durmadan Türkiyə dövlətini çoxdan qoyub gəldiyi keçmişə sürükləməkdədir.

Gərəkən əkləmə. Əliyevlər hakimiyəti, Putin hakimiyəti, Ərdoğan hakimiyəti arasında aparılan çoxsaylı, çoxyönlü paralellər bu üç hakimiyətin bir “şineldən” çıxdığını, genəl olaraq hansısa bir projeyə bağlandıqlarını göstərir. Başlanğıc çağlarında üçü də çıxışlarında demokratiya ritorikasına geniş yer verirdi. Gücləndikcə üçü də demokratiya ritorikasından uzaqlaşdı. Gələ-gələ üçü də başında durduğu ölkəni diktatura yoluna yönəltdi. İdeya-yol birliyinə görə onlar çoxdan üç “dostum-qardaşım” yerindədirlər (Fars İslam İranını da qatsaq, dörd “dostum-qardaşım”). Sözsüz, gərəkən çağda, gərəkən yerdə onların dördündən də yetərincə yararlanmağı bacaran beşinci “dostum-qardaşım” da var: qondarma dövlət olan “Ermənistan”- ermənilik!

Ərdoğan Türklüyə, Türk kültürünə yad, yağı birisidr. Görünür, özünü çox güclü sandığından o, yaxınlarda belə bir çıxışda bulundu: ”Mən türkləri deyil, Suriyalıları sevirəm”. Bunun başqa bir anlamı “mən türkləri deyil, ərəbləri sevirəm” deməkdir. Ərəblərin ingilislərə satılıb Türklərə dönük çıxmalarından sonra Atatürk demişdi: “Bundan belə Türk çocuqlarının ərəb çöllərində qanı axıdılmayacaq”. Ərdoğan hakimiyətə gələndən bunun da tərsini etməkdədir.

Yalançı “darbe” yoluyla Türk ordusuna böyük zərbə vuran Ərdoğan deyirdi: ”Mən 15 min imam hatip yetişdirmişəm, 5 min də yetişdirəcəm, olacaq 20 min, bundan sonra Türkiyədə terrora son qoyacam”. İllər keçib, Türkiyədə imam hatiplərin sayı, bəlkə də, 50 mini keçib, ancaq, hələ indiyədək bircə imam hatip belə, terrorla çatışmaya qatılmayıb. Terrorla çatışmalarda itki verən yenə də Türk ordusudur. Durmadan sayını artırdığı imam hatip oxullarına böyük pullar ayıran Ərdoğanın istəyi Türkiyəni beləcə Türk kimliyinin arxa plana keçirildiyi uzaq xəlifəlik-ərəbçilik dönəminə dönüşdürmək, o çağlar olduğu kimi yenilgən duruma gətirməkdir. Bəlli bilinməlidir: Ərdoğanın da, onun arxasında dayanan ANTİTÜRK güclərinin də başlıca stratejisi elə budur!..

Türkiyəni indiyədək bir çox parametrlər üzrə uduzduran Ərdoğan indi Atatürkün muzeyə çevirdiyi (1934) Ayasofyanı məscidə çevirmək qərarı verib. Bu qərar da Türkiyəni uduzdurmağa yönəlik qərardır. Ancaq bir çox bəlli dövlətlərə meydan oxuyan bu qərarın altını Azərbaycan da çəkməli olacaq…

Bizdəki ərdoğansevərlər, görünür, eləcə də diktatura vurğunları, işin gerisini düşünmədən Ərdoğanın yeni qərarıyla bağlı az qala bayram etməkdədirlər. Olsun, özləri bilərlər, ancaq o yersiz-gərəksiz qərara qarşı çıxanları aşağılamaq nə üçün? Sizə bu hüququ kim verib? Görünür, Türkiyə politikasına rüşvət-korrupsiya, söyüş-təhqir gətirmiş dinçi Ərdoğan.

Konstantinopolu tutandan sonra Sultan Məhəmməd Fatehin məscidə çevirdiyi Ayasofyanı Osmanlının sonuncu sultanı Vəhdəddin 1919-cu ildə İstanbulla birgə ingilislərə buraxıb qaçmışdı. Çörçil komandanlığındakı birləşmiş Avropa ordusuna üstün gələn Atatürk İstanbulu geri qaytarmış, sonralarsa (1934-də) Ayasofyanın muzeyə çevrilməsinə göstəriş vermişdi. Atatürkü-Atatürkçülüyü yenmək üçün “Osmanlıya dönmə” propaqandası yapan Ərdoğan bir yandan din, bir yandan Osmanlı dönəmi nağıllarıyla Türkiyəni uğursuz xəlifəlik dönəminə – qaranlıq din keçmişinə sürükləyir.

Ərdoğan hakimiyətə gələndən Türkiyədə sivil oxullar bağlanır, imam hatip oxulları açılır. Bu yolla Türkiyə durmadan atatürkçü düşüncə sistemindən, demokratik dəyərlərdən uzaqlaşdırılır. Atatürk deyirdi: ”demokratizm Türklərin genindədir”. Ərdoğanın çalışdığı Türkiyəni Türklüyündən-genindən döndərib ərəbləşdirməkdir. Bəlli olduğu kimi, Ərdoğanın çevrəsi H.Əliyevin Azərbaycanda etdiyinə çağırır: Türk anlayışı aradan qaldırılmalıdır! Sözsüz, bu çağırış da bir çox bənzərləri kimi Ərdoğanın özündən qaynaqlanır – qabaqca toplumun reaksiyasını yoxlayır.

KQB generalı H.Əliyev hakimiyətə qayıdandan sonra komunist lider olaraq dünənədək qapatdığı məscidlərin qapılarını xalqın üzünə taybatay açmağa, Bakıda durmadan məscidlər tikdirməyə başladı. Nə üçün? Xalqı Özgürlük, Demokratiya, İnsan hüquqları yolundan döndərib din böyüklərinin cənnət nağılları ilə uyuşdurmaq üçün! Məkkə gedişləri də o sıradan idi. Bu gün dik minarəli məscidlərə bürünmüş ölkədə adamlar əyilmiş, başıaşağı, hüquqsuz kölə durumundadır: Kəbədən keçib gələn biriləri oğurluq milyardlar içindədir, xalq acından köpük qusur…

Rusiya qəzetlərinin yazdığına görə, KQB polkovniki, prezident Putin son iyirmi ildə Rusiyada 20 mindən çox (iyirmi mindən çox!) kilsə, məscid tikdirib, yenidən qurdurub. Doğal qaynaqları aşıb-daşan Rusiyada xalq aclıq, yoxsulluq içindədir (Azərbaycan kimi). Qəzetlərin yazdığına görə, Rusiya seçkilərində Putinə ən çox səs verənlər… ruslar deyil, müsəlmanlardır! Bunlar elə-belə deyil, ortada çox parlaq “dinçi-müsəlman örnəyi” var: Mirtağı məscidinin axundu 9 fevral (2020) seçkisində Rauf Arifoğluya səs verməyə çağırmışdı – hamının yaxşı tanıdığı Rauf Arifoğluya! Sözsüz, müsəlman böyükləri Rusiyada da oxşar çıxışlarda bulunurlar: Allah-din yolunda Putinə səs verin!

Böyük Fransa devrimi dönəmində Robespyer partiyası dini dövlətdən ayıranda onları ən çox alqışlayan Devrim düşərgəsinə keçmiş iki satqın yepiskop olmuşdu: Taleyranla Fuşe. Onlar tezliklə görəvləndirilmiş, Devrim dönəminin ən aktiv allahsızları-ateistləri olmuşdular. Aradan illər keçmiş, hakimiyətə dindən uzaq Napoleon Bonapart gəlmişdi. Demokratik rejimi dəyişib özünün diktatura rejimini quran Napoleon iti, çevik ağlı ilə çox keçmədən anlamışdı: din diktaturanın ən güvənli-dayanıqlı dayağıdır. Bunu anlayan Napoleon tezliklə dini kilsə darlığından qurtarıb dövlətin qucağında oturtmuşdu.

Napoleonun yeni qərarından ən çox sevinən iki satqın idi: biri lakeycəsinə qulluq yoluyla iç işlər baxanı, o biri də eləcə dış işlər baxanı postuna yüksəlmiş Fuşe ilə Taleyran. Yeri gəlmişkən, dış işlər baxanı postunda pul alıb Rusiyaya şpionluq edən Taleyranın kod adı (“kliçkası”) “Anna İvanovna imiş. Bu sayaq faktlar sonralar açılmış arxiv materiallarından ortaya çıxmışdı.

Daha bir yeri gəlmişkən, birilərinin xalqa dönüklüyü üzündən bizdə arxivlər açılmadı…

P.S. Ayasofyanı məscidə çevirmək qərarı son illər reytinqi çox düşmüş Ərdoğanın qarşıdakı çətin seçki ilə bağlı özü üçün yaratdığı başlıca uğur-uduş şansıdır.

12.07.2020

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv